ANA SƏHİFƏ / YAZARLAR

Şaxta Babaya şikayət

Qonşu Sənəm xala bığlı-saqqallı qocanın gəlişini hamıdan çox gözləyir

24256    |   2007-12-29 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bilirdim Şaxta Babanın gəlişini həvəslə gözləyənlər ancaq uşaq-muşaqdı. O gün qonşumuz Sənəm xalanın uzun-uzadı şikayətinə qulaq asandan sonra fikrim dəyişdi. Başa düşdüm ki, qarı Şaxta Babanı görmək üçün alışıb-yanır. Sənəm xala yanmağında olsun...
   
   Mən isə onu sizlərlə ətraflı tanış edim. Adı kriminaldan tutmuş şou-biznes xəbərlərinə qədər çəkilən Rəqsanəni də televiziya proqramlarına çağıranda tamaşaçılarla tanış edirlər. Qalmışdı Sənəm xala ola. Yəni təqdimat çox lazımlı bir işdir. Nə isə, mən təqdim edim, görək başımıza nə gəlir.
   
   Sənəm xala qədim adamdır. Qulac saçları ilə oğlanları heyran edəndə proletariatın dahi rəhbəri Lenin yoldaş heç atasının belində olmayıb.
   
   İllər dəyişib, siyasətçilər dünya xəritəsini bizim balacaların qaralama dəftəri kimi dəlmə-deşik ediblər, bəzi dövlətlərin adı xəritədən silinib. Bu arada baş qarışıb, əsrlər də ədəb-ərkanla bir-birini yol veriblər. Amma Sənəm xala durub və dəyişməyib. Belə görürəm ki, heç dəyişmək fikri də yoxdu. Elariz Məmmədoğlu demişkən, 160-da öyrənəndən sintizator çalmağı tələb eləməzlər.
   
   Məhləmizin tarixi abidəsi Sənəm xala dəyişmək məsələsini perspektiv planına yazmayıb. Əvvəllər xasiyyəti necə idisə, eləcə də qalıb. Hər kəsdən, hər şeydən şikayətçidir. Fidel Kastro ilə razılaşmır, sərinləşdirici içkilərin keyfiyyətindən narazılıq edir. Belə hallarda çalış qarşısına çıxma. Çıxdınsa, evdəkilər, iş yoldaşların səni bir də üç gündən sonra görə biləcəklər. Başlayacaq sinəsinin ən isti yerində saxladığı şikayət və təkliflər kitabını əzbər deməyə. Küləyin, yağışın altında gəl qulaq as görüm necə qulaq asırsan. Tərs kimi son vaxtlar böyrəklərim sözümə baxmır, onun-bunun sözü ilə oturub-durur. O gün işlərim tezdən tərs gəldi. Qonum-qonşu yağışın ucundan tutub göyə çıxan vaxtı, yeriniz məlum, Sənəm xalayla üz-üzə gəldim. Başladı nə başladı...
   
   Dedi ki, qoy bir Şaxta Baba gəlsin, görün başınıza nə oyun açıram. Əvvəl elə bildim məni qonşulardan kiminləsə səhv salır. Sonra gördüm ki, yox, Sənəm məni heç kimlə səhv salmır. Məni əməlli-başlı tanıyır, hətta həyat və yaradıcılığımı da əzbər bilir. Nə isə, təsəvvür edin, yağış göydən başımı döyür, Sənəm xalanın sualları yerdən. Yağış dayanmaq barədə fikirləşir, amma Sənəm xala yox: "Axır Şaxta Baba gələcək buralara, bir-iki gün qalıb. Sizin başınıza oyun açacağam. Zibil əlindən tərpənmək olmur. Görərsiniz Şaxta Baba "JEK"in müdirinin başına nə oyun açır. Azərbaycan- Serbiya oyunu bunun yanında toya getməli olacaq. Hələ siz Şaxta Babanı yaxşı tanımırsız. Fikriniz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə getməsin, o, əməlli-başlı ciddi adamdı. Gələn kimi deyəcəyəm ki, "QAZel" sürücülərinə qulaqburması versin. Onlar belə maşın sürsələr növbəti yeni ilə bizdən heç kim qalmayacaq. Belə özbaşınalıq olar, kim nə istəyir yazır, kim nə istəyir danışır. Hələ mən hər istədiyini oxuyanları, ekranda soyunanları demirəm. Qoy Şaxta Baba gəlib çıxsın, onda görəcəksən bəzi müğənni qadınların başına nə oyun açır..."
   
   Söhbətin bu yerində Sənəm xala bir-iki müğənni xanımın adını da çəkdi. Ancaq qanım elə qaralmışdı ki, onların adı yadımda qalmadı. Heç dəxli var, Şaxta Baba gəlib həmin müğənnilərlə nəsə edəcək, mən isə yağışın altında Sənəm xalanın şikayətnaməsinə qulaq asacağam...
   
   Bir neçə saatdan sonra Sənəm xala şikayətnaməsinə fasilə verdi. Necə aradan çıxdığımı heç özüm də bilmədim. İndi məni bir məsələ yaman düşündürür. Şaxta Baba bir-iki günə gələcək. Birdən bizim məhlədən keçəndə Sənəm qarıyla rastlaşdı. Qədimdən qədim Sənəm xala çatışmayan işlərimizin hamısı barədə ona danışsa, qorxuram Şaxta Baba bir də buralara gəlməyə.
   
   Sənəm qarının qarşısına bir də çıxmaqdan qorxuram. Bəlkə "Ədalət" qəzeti vasitəsilə sözümü ona deyim. Ay Sənəm xala, etmə, eləmə. Problemlərimiz onsuz da çoxdu. Yazmaqla, şikayət etməklə bitən deyil. O qədər şikayət edəcəksən, yazıq Şaxta Baba bir də biz tərəflərə ayaq basmayacaq. Heç olmasa ildə bir dəfə gəlib fikrimizi saxlayırdı. Şaxta Baba da küsüb gəlməsə qalacağıq Minsk Qrupu həmsədrlərinin ümidinə. Onların ildə beş-on dəfə əliboş gəlmələrindənsə bir dəfə Şaxta Babanın hədiyyələrlə gəlməyi yaxşıdı...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK