Rəşad Sadıqovun görünməyən tərəfləri

İNTİQAM VALEHOĞLU
83767 | 2013-12-07 00:48
"Ədalət" qəzeti bu həftədən etibarən hər dəfə bir tanınmış idmançı haqda sizə geniş yazı təqdim edəcək. Bu yazılarda sözügedən idmançının karyerası, şəxsi həyatı, mənfi və müsbət keyfiyyətlərindən söz açacağıq.
İlk "hədəf"imiz son illər Azərbaycan futbolunun ən tanınmış simalarından, bəlkə də ən tanınmış siması hesab olunan futbol üzrə milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovdur.
Təbii ki, bu futbolçuyla bağlı yetərincə maraqlı məqamlar var. Məsələn, hələ də indiyə kimi bir çox idman yazarları onun soyadının "Sadıqov", yoxsa, "Sadıxov" olduğunu aydınlaşdıra bilməyiblər. Amma həm "Qarabağ" klubunun saytında, həm də futbolçunun sənədlərində onun soyadı "Sadıqov" kimi göstərilir.
Rəşad həm də Azərbaycan musiqi sənətində müstəsna xidmətləri olmuş bir şəxsin nəvəsidir. Amma bu barədə yazının növbəti hissəsində.
Rəşad Sadıqov 1982-ci ilin iyun ayının 16-da Bakıda anadan olsa da, əslən şuşalıdır. 1989-cu ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbə gedib və bir il sonra təhsilini 34 nömrəli məktəbdə davam etdirib.
Futbola 10 yaşında başlayıb, ilk müəllimi özünün də dediyi kimi tanınmış futbol mütəxəssisi Vaqif Paşayevdir.
Həvəskar karyerası ərzində "Şərur", "Real" Bakı, "Hava qüvvələri" komandasında oynayan gənc istedadın ilk peşəkar klubu hazırda güclülər dəstəsini tərk etmiş Tovuzun "Turan" komandası olub. O, bu klubda iki mövsüm - 1999-2001-ci illər ərzində cəmi 9 oyun keçirib və qol vurmayıb. "Turan"ın heyətində əsas heyətə düşməsə də, 2001-ci ildə "Neftçi" rəhbərliyinin diqqətini çəkib və klubun heyətinə cəlb olunub.
"Neftçi"də cəmi 24 oyun keçirdikdən sonra legioner karyerası yaşamaq eşqinə düşən 20 yaşlı oyunçu İranın "Fulad" klubuna transfer olunur.
Onun İran karyerası o qədər də uğurlu alınmır. Elə bəlkə buna görədir ki, əksəriyyət Sadıqovun İranda çıxış etməsindən demək olar ki, xəbərsizdir.
2003-cü ildə yenidən flaqmanın sıralarına qoşulan gələcəyin ulduzu bu dəfə "Neftçi"də 66 oyuna 2 qol vurur. Çempionlar Liqasının cavab qarşılaşmasında Belçikanın "Anderlext" komandasına Bakıda 1:0 hesabı ilə qalib gəldikdən sonra klubundan ayrılır. Həmin vaxt Rəşad karyerasının pikinə doğru irəliləməkdə idi. Elə bu səbəbdən ölkə xaricindən mərkəz müdafiəçimizə yetərincə təkliflər gəlirdi.
Sadıqov bu təkliflərdən yalnız Türkiyə "Kayserispor"una "hə" dedi. Ərtoğrul Sağlamın istəyi ilə komandaya cəlb olunan Rəşad ilk günlərdən bu mütəxəssisin rəğbətini və əsas heyətdə yeri qazanmışdı. Amma qış fasiləsində zədələnən müdafiəçi "Netçi"yə icarəyə verilir. Oyunçunun paytaxt təmsilçisinə icarəyə verildiyi mövsümdəcə "Kayserispor" Türkiyə super liqasının bürünc medallarını qazanır. Altı aydan sonra Türkiyəyə qayıdan Rəşadın Sağlamlıqla münasibətləri artıq sağlam deyildi. Baxmayaraq ki, mütəxəssis Rəşadın mərkəz müdafiəçisi kimi oyununu bəyənmişdi. Amma maraqlıdır ki, o futbolçumuzu cinah müdafiəçisi qismində sınamağa başlayır və millinin kapitanı buna etirazını bildirir.
Belədə yetərincə nüfuzu olan bir oyunçu ya ehtiyatda qalmalı, ya da komandadan ayrılmalıydı ki, Rəşad da ikincini seçdi.
Geriyə dönüşdə Sadıqov üçüncü dəfə flaqmana üz tutur cə 2005-cı ildə bağladığı müqavilədən sonra 58 oyunda meydana çıxaraq 7 dəfə fərqlənməyi bacarır. Bu arada qeyd edim ki, Rəşad ümumilikdə bu klubun heyətində 135 dəfə meydana çıxıb və 9 qol vurmağı bacarıb.
Ardınca isə nəinki Rəşad Sadıqovun, həmçinin də "Neftçi"nin Hans Yurgen Gedeli günləri başlayır. 2008-ci ildə komandaya gələn alman "çalışdırıcı" komandanın əsas heyət üzvlərinin bir qismini, o cümlədən də Rəşadı əvəzedici komandaya göndərir. Rəşad növbəti və hələlik sonuncu dəfə "Neftçi"dən gedir. Flaqmandan Gedenin tələbi ilə qovulan oyunçunun bir müddət İspaniyanın "Valyadolid" komandasına keçəcəyi ilə bağlı xəbərlər də dolaşdı. Çünki həmin ərəfədə Sadıqov bu klubun ikinci heyətində məşq edirdi.
İspan klubunun düşərgəsindən "Kocaelispor"a yollanan Rəşad müqavilə ilə "Neftçi"yə məxsus olduğundan flaqman kapitana problem yaratdı. Səbəb "Neftçi"nin Rəşada görə Türkiyə klubundan təzminat tələb etməsi idi. Bu arada maraqlı bir faktı qeyd edim. Rəşad "Kocaelispor"la 6 aylıq müqavilə imzalayaraq burda 1 nömrəli formada çıxış etməyə başladı.
Elə Rəşad 2008-2009-cu illərdə bu klubda çıxış edərkən Türkiyə mətbuatı ona maraqlı bir ləqəb verib - Terminator.
"Kocaelispor" mövsümü 17-ci pillədə tamamladığından komanda ikinci liqaya yuvarlanır və Rəşad da klubla yollarını ayırır. Belədə "Qarabağ" futbolçuya sahib çıxır. Rəşadın Ağdam klubuna dəvət olunmasının digər bir zəruri səbəbi də var idi. Həmin vaxt "Qarabağ"ın əsas mərkəz müdafiəçisi hesab olunan Aftandil Haqcıyev zədələnmişdi və ağdamlılar UEFA Avropa Liqasında çıxış edirdilər. Belə olan halda futbolçuyla 2 oyunluq razılaşma əldə olundu. Bir müddət sonra klub futbolçuyla bir illik müqavilə imzaladı.
Yəqin ki, Rəşadın "Qarbağ"ın heyətində Norveçin məhur "Rusenborq" klubuna vurduğu möhtəşəm qol xatirinizdədir. Bax, bu qol Rəşadın yeni komandasında ilk qolu idi.
Rəşad bu dəfə də komandasını məğlubiyyətdən sonra tərk edir. Belə ki, ağdamlıların Almaniyanın "Borussiya" Dotmund klubuna 0:1 hesablı məğlubiyyətindən sonra o klubdan ayrılaraq Türkiyənin "Eskişeherspor" komandasına keçir.
2011-ci ilin ilk ayında yenidən "Qarabağa"a qayıdan Sadıqov hələ ki, klubla bir yerdədir.
Rəşad Sadıqovun milli karyerası da yetərincə uğurlu alınıb. Belə ki, 2001-ci ildən ölkənin əsas komandasının heyətində çıxış edən Sadıqov 80-dən artıq oyun keçirib. Hazırda bu göstərici rekord hesab olunur. Bundan əvvəl isə Aslan Kərimov yığmada 74 oyun keçirmişdi.
Onun yığmada debüt oyunu 2001-ci ildə Dünya Çempionatı 2002-nin seçmə mərhələsi çərçivəsində İsveç millisinə qarşı olub. Yığmada ilk qolunu isə 2004-cü ilin mart ayının 28-də yoldaşlıq oyununda Qazaxıstan millisinə vurub.
Rəşad Sadıqovla bağlı başqa bir maraqlı detal var. Belə ki, o futbol millimizin sabiq baş məşqçisi, hazırda "Rəvan"ı çalışdıran Şahin Diniyevlə yola getməyib. Daha doğrusu, Şahin Diniyevin milliyə rəhbərlik elədiy dövrdə 2006-cı ilin avqustunda millimiz Ukraynayla yoldaşlıq oyunu keçirərək 0:6 hesabıyla məğlub oldu. Elə hər şey də bundan sonra başladı. Belə ki, məhz bu oyundan sonra 1 il 3 ay Rəşadın yığma komandaya yolu bağlandı. Bunu hər kəs öz istədiyi kimi yozsa da, əsl həqiqəti bu iki şəxs bilir.
Bəzi mənbələr iddia edir ki, Rəşad Sadıqov Şahin Diniyevi söydüyündən mütəxəssis belə bir addım atmağa məcbur olub. Başqa bir versiyada bildirilir ki, Rəşad millidə heyətin qurulmasında iştirak etmək istədiyindən mütəxəssis onu cəzalandırıb. 2007-ci ildə Şahin Diniyev millidən gedəndən sonra baş məşqçi funksiyasını yerinə yetirən Coko Hacıyevski Rəşadı yenidən ölkənin bir nömrəli komandasına dəvət elədi. Rəşadın Diniyevlə bağlı o vaxt verdiyi açıqlamadan sitat:
"Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi". Rəşad artıq 6-cı ildir ki, millidə kapitan sarğısını daşıyır. Futbol millimizdə 4 qol vuran futbolçu bir mövsümü basketbola həsr edib. Belə ki, 2006-cı ildə "Kayeserispor"dan ayrılan oyunçu "Neftçi"yə qayıtmaq istəsə də müəyyən səbəblərdən bu baş tutmadı. Əslində həmin səbəblərdən biri futbolçunun ANS telekanalına verdiyi müsahibə idi. Belə ki, o vaxt futbolçu yerli futbolu bataqlıq adlandırmışdı və AFFA-nın o vaxtki rəhbərliyi də bunu cavabsız qoymayaraq oyunçuya hər cür mane olmağa çalışırdı.
Nəticədə Sadıqov yerli NTD Servis Devon basketbol kubunda müdafiəçi kimi oynamağa başladı. Bu klubda ilk oyununu Xəzər-BDU komandasına qarşı keçirib, bu oyunda komandası 105-53 hesabı ilə qələbə qazanıb. Rəşad bu oyunda 13 xal toplayıb.
İndi isə əvvəldə söz verdiyim kim Rəşadın hansə mədəniyyət xadiminin nəvəsi olması barədə bir neçə kəlmə. Rəşad Sadıqov çoxlarının bilmədiyi kimi əslən şuşalıdır və tar alətinin ən mahir ifaçılarından hesab olunan Sadıqcanın nəvəsidir. O Sadıcqcanın ki, tarı ilk dəfə 11 simli edib.
Sadıqov futbol mütəxəssisləri və oyunçuları arasında da yetərincə böyük nüfuza sahib olan biridir. Hətta onun oynadığı klublarda bir sıra gənc oyunçuları yaxşı mənada himayə elədiyini də deyənlər var. Məsələn, Əfran İsmayılov, Bədavi Hüseynov kimi oyunçular məhz onun dəstəyi ilə əsas heyətə düşməyi bacarıblar. Təbii ki, özlərinin çalışqanlığı da öz yerində.
Millinin əvəzolunmaz üzvü haqda zaman-zaman müxtəlif şayiələr dolaşıb ki, onlardan biri də Sadıqovun vəhabi dini qruplaşmasının üzvü olmasıyla bağlıdır. Hətta bu barədə bir neçə dəfə ölkə mətbuatında da məlumatlar yayılıb. Bilinən odur ki, Sadıqov ibadət əhlidi, namaz qılır, oruc tutur.
Hansı dini qruplaşmanın üzvü olması isə bizim işimiz deyil.

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV