ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR - XIV (DAVAMI)

Detektiv roman

29702    |   2017-02-20 14:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

***

Kriminalist evə qalxmadı:

- Elə həyətdə otursaq yaxşıdı - dedi.

Ev yiyəsi Kriminalistə də, özünə də çay süzdü, mürəbbə çəkdi və həyətdəki çiyələkliyi göstərdi:

- Öz həyətimizdəndi.

Kriminalist gülümsədi və başı ilə təşəkkür etdi:

- Sağlığınıza qismət, yaxşı həyət-bacanız var.

- Özüm baxıram. Bilirsiz bu ağaclar da, çiyələk də adamdan da betərdi, gərək nazını çəkəsən. Nazını çəkməsən küsər, sonra nə qədər yalvarsan da xeyri yoxdu, qupquru quruyar.

- Ağsaqqal, mənim də şəhərdə bir bağtəhərim var. Nə qədər meşə torpağı da gətirib tökmüşəm xeyri yoxdu.

Ev yiyəsi güldü:

- Tökdüyün meşə torpağı üzlükdü, gərək astar da bərəkətli torpaq olsun, axı. Çayını iç, soyutma.

Kriminalist mürəbbədən bir qaşıq qoydu ağzına, doğrudan da çox dadlıydı.

Ev yiyəsi:

- Hə, qardaş, qonaqdan soruşmazlar, nəyə gəlmisən, amma sən elə-belə qonaq deyilsən, elə-belə də gəlməzsən, ona görə də bağışla, xeyirdimi?

Kriminalist çaydan bir qurtum da alıb stəkanı qoydu nəlbəkiyə:

- Ağsaqqal, neçə dəfə kəndinizdə olmuşam, bilirsiz ki, Polkovnikin ölümü ilə bağlı hadisəni araşdırıram. Sizin qızınıza bir neçə sualım var. Onu prokurorluğa dəvət etmək istəmədim, kənd yeridi, ona görə özüm gəldim. İcazə versəydiniz...

Ev yiyəsi istehza ilə:

- Yoxsa, Polkovniki mənim qızım vurub?!

Tarixdə belə hadisələr çox olmuşdu. Qadınlarda intiqam hissi kişilərə nisbətən daha güclü olur. Onlar intiqamlarını almaq üçün bir anda dişi aslana çevrilə bilərlər. Filosoflara inansaq, qadının qəlbində nə gizləndiyindən Tanrı da xəbərsizdi.

İndi Kriminalistin soruşmaq istədiyi qızın öz sevgilisinin intiqamını alması mümkün idi. Kriminalistdə də bu evdəki silah və qızın da çox sərrast güllə ata bilməsi haqqında dəqiq məlumat vardı. Və qızın gecələr sevdiyinin qəbri üstə getdiyindən də xəbərdar idi. Onun şübhələndiyi adamlar çox olsa da, qız şübhələndikləri sırasında deyildi. İndiki zamanda hansısa bir qızın öz sevgilisinin intiqamını almaq üçün kimi isə öldürə biləcəyinə heç cürə inana bilmirdi. Amma baş vermiş cinayəti ən kiçik detallarına qədər öyrənməliydi.

Kriminalist başını buladı:

- Xeyr, ağsaqqal, qətiyyən. Qapınıza da bu məqsədlə gəlməmişəm. Dedim axı, elə bir məqsədim olsaydı qızınızı prokurorluğa çağırardım. Məsələni incəliyinə qədər araşdırmaq mənim vəzifə borcumdur. Mən sizin qızınızdan rəsmiyyət üçün bir-iki suala cavab almaq istəyirəm. İcazə versəydiniz elə sizin yanınızda söhbət edərdim. Və bir də sizin silahınızı ekspertizadan keçirməliyəm, tezliklə qaytaracam.

Ev yiyəsi bir söz demədən qalxdı evə, əlində silah qayıtdı, qızı da ardınca.

Silah həmişə dolu olardı, lülədəki gülləni çıxartdı, sonra üzünü göyə tutub tətiyi çəkdi və qoydu stolun üstə:

- Buyurun.

Qız da əyləşdi.

Kriminalist qızın haqqındakı bütün məlumatları qarşısındakı sənədə qeyd edəndən sonra soruşdu:

- Xanım, siz Akademikin qulluq etdiyi hərbi hissədə olmusunuzmu?

- Xeyr.

- Hərbi hissənin harada yerləşdiyini bilirsinizmi?

- Hansı rayonda yerləşdiyini bilirəm, amma yerini dəqiq bilmirəm.

- Hərbi hissə komandirini tanıyırsınızmı?

- Xeyr, amma adını-familyasını qəzetlərdən oxumuşam, şəkilləri də vardı.

- Hadisə baş verən gün harda olmusuz?

- İş yerində.

- Bunu kimlər təsdiq edə bilər?

- Ata-anamdan başqa, həmin gün dərsə gedən bütün uşaqlar və müəllimlər. Kitabxana məktəblə üzbəüzdür.

- Silahdan istifadə edə bilirsiz?

- Bu kənddə balaca uşaqlar da güllə ata bilir.

Kriminalist sənədi doldurduqdan sonra dedi:

- Xahiş edirəm, oxuyun və imza atın.

Qız sənədə yazılanları oxudu, sonra imza atıb Kriminalistə qaytardı.

- Məndən şübhələnirsiz?

- Mənim vəzifəm hamıdan şübhələnməkdi. Amma sizdən şübhələnmirəm. Atanıza da dedim, aldığım izahat rəsmiyyət üçündür.

Qız bir atasına baxdı, bir Kriminalistə baxdı:

- Bir söz deyə bilərəm?

- Buyurun.

- Gücüm çatsaydı, onu özüm öldürərdim! - dedi və qalxıb getdi.

Kriminalist silahı götürüb baxdı bir sanballadı, qədim, əla bir beşaçılan idi, çox xoşuna gəldi, dedi:

- Satmazsız?

Ev yiyəsi:

- Vallah, lap bağışlayardım, amma mənə ata-babadan qalıb. Babam bu tüfənglə erməni-müsəlman davasında bu dağlarda düşmənin qabağını kəsib. Qundağındakı işarələr isə babamın necə düşməni gəbərtdiyini göstərir.

Kriminalist tüfəngin qundağını sığalladı və silahı qaytarıb qoydu stolun üstə:

- Götürün.

- Aparası olmadız?

- Xeyr, cinayət on iki kalibirli tüfənglə törədilib, bu otuziki kalibirdi. Mən gedim, bağışlayın narahat etdim.

Ev yiyəsi:

- Olmaz qardaş, bu darvazadan içəri girən hər kəs mütləq bir qismət çörək kəsməlidi. Bizim arvad da yaxşı çığırtma bişirib. Buraxmaram.

Ev yiyəsi elə səmimiyyətlə dedi ki, Kriminalist qayıdıb oturdu:

- Nə deyirəm ki!

Çörək yeyə-yeyə Kriminalist soruşdu:

- Ağsaqqal, rəhmətlik Akademikin atası necə adamdı?

- Hansı mənada?

- Elə hər mənada.

- Qardaş, mən başa düşürəm, bu sənin vəzifəndi, bayaq özün dediyin kimi hər kəsdən şübhələnməlisən. İtki bir yerə, güman min yerə. İgid adamdı, yüz ilin ovçusudu, gözəl insandı. Bu kəndi davada böyük oğluyla o qoruyub, səngərdən çıxmırdı. Quşu gözündən vurur. Yaxşı da ustadı, əlləri də qızıldı. Müharibə vaxtı Allahın qaz trubasından top düzəltmişdi, dayandoldurum düzəldib kəndin cavanlarına paylamışdı.



***

Müstəntiqlə Kriminalist üzbəüz oturmuşdu, qarşılarında da çay, bir az da mer-meyvə.

Kriminalist otağa göz gəzdirib:

- Gözəl kabinetin var - dedi.

- Sağ ol. Allah mənim prokurorumun balasın saxlasın, hamısı onun sayəsindədi.

Kriminalist duruxdu, Müstəntiqlə öz prokurorunun arasındakı dava bir ara qəzetlərin manşetindən düşməmişdi, təəccüblə soruşdu:

- Səni orqandan prokuror xaric etdirmədimi?

Müstəntiq güldü:

- İşi məndən alıb başqa müstəntiqə verəndə, düzü istefa ərizəsi yazmışdım, təqaüdə getmək istəyirdim. Amma prokuror ilan kimi quyruğunun üstə qalxıb məni xaric etdirdi. Təəssüflənmirəm. Özü də doğru sözümdü, həqiqətən də bu gördüklərinə görə prokurora borcluyam. Kriminalistin çaşqın-çaşqın ona baxdığını görüb: - Prokuror məni kabinetdən qovanda dedi ki, müstəntiqliyi bacarmırsan, get kartof sat, göy-göyərti sat. İndi həqiqətən göy-göyərti satıram. Moskvaya göyərti vururam. Heç prokurorun özünün də bu işdən xəbəri yoxuymuş, yoxsa özü də çoxdan prokurorluğu atıb göyərtiyə girişərdi. Pul göyərtidəymiş. Maaşdan-maaşa zorla çatdırırdım, arada olan çax-çuxa da o qədər göz dikən vardı ki, özün bilirsən də, nə deyim. İndi vəziyyətimi görürsən də! Sənin işlərin necə gedir?

- Soruşma, çox pis.

Müstəntiq yenə güldü:

- Dostum, at getsin, çıx gəl bəri. Sənə şirkətdə bir iş verim kef elə. Yaxşı mısmırığını sallama, zarafat edirəm. Amma hər zarafatda bir həqiqət var. Nə isə. İndi de görüm mənə görə nə qulluq. Sənə nə köməyim dəyə bilər. Hadisələrdən xəbərim var.

- Mən bu zəhrimar ölüm işini aça bilmirəm, ona görə yanına gəlmişəm.

Müstəntiq:

- Mən sənin yerinə olsam bu işi heç açmaram. O qədər açılmayan işlər var ki, bu da olsun onlardan biri. Kim vurub əlinin içindən gəlib. Elə bilməki o Polkovnikə görə xaric edildiyim üçün belə deyirəm. Əsla. Mən o Polkovniki həbs edəcəkdim, divlər qoymadılar, yoxsa indi sağ idi. Onu həbsdən xilas edib güllənin qabağına verdilər.

- Yaxşı ey, bunları bildik, indi de görüm sən mənə nə kömək edə bilərsən.

Müstəntiq katibəsini çağırıb çayı təzələtdi.

Kriminalist:

- Bu böyüklər yaşıl çayda nə görüblər ey.

- O biri çaylar girdirmədi, hamısı rəngdi. Sən də keç yaşıla, ürəyə də xeyirdi, - dedi Müstəntiq və sonra bir siqaret çıxarıb yandırdı. Kriminalistə də təklif etdi.

- İstəmirəm, sağ ol.

Müstəntiq:

- Yaxşı eləyirsən, mən də atacam. İndi qulaq as. Bayaqdan bəri sənə ağzımda bir quranlıq söz danışdım. Dedim ki, mən bu cinayətin açılmasını istəmirəm. Səni də başa düşürəm. Mən qətlə yetirilən əsgərlərin cinayət işini aça bilmədiyimə görə, onların qanı yerdə qaldığına görə hələ də vicdan əzabı çəkirəm. Əslində bu işin açılmamasının günahı məndə deyil, mən açmışdım qoymadılar. Amma yenə vicdan əzabı çəkirəm.

Kriminalist:

- Onda razı olmaki mən də cinayəti aça bilmədiyimə görə vicdan əzabı çəkim.

Müstəntiq qalxıb mebelin bar gözünü açdı, iki qədəh götürdü, konyak götürdü və gətirib qoydu stolun üstə, butulkanın ağzın açıb:

- İçirsən? - dedi və cavab gözləmədən qədəhlərə konyak süzdü.

- İçirəm.

Müstəntiq:

- Götür, - dedi və sağlıqsız-filansız konyakı çəkdi başına, üstündən bir qıça meyvə yedi. - Yaxşı, qulaq as. Onda əvvəlcə mənim başa çatdırmağa qoymadıqları işimi götür, oxu. O sənin üçün açar rolu oynaya bilər. Amma inanmıram o işi arxivdə saxlasınlar. Məni orqandan qovdurmağa gücü çatanlar üçün işi arxivdən götürüb yandırmaq nə çətin işdirki?! Surətini çıxarmışdım, ümumi işin xətrinə surətini sənə verərəm. Amma bir şərtim var. Mənim tamamlaya bilmədiyim işi də tamamlayacaqsan, o Polkovnikin də cinayətlərini ortaya çıxaracaqsan. Onda həm ölən uşaqların da, o Akademikin də qanı yerdə qalmaz, həm də Polkovniki öldürənin də cəzası yüngülləşər.

- Deməli, sənin Polkovnikin ölümündə şübhələndiyin kimsə var?

Müstəntiq yenidən qədəhləri doldurdu və yenə sağlıqsız-filansız içdi, amma bu dəfə meyvə yemədi, siqaret yandırdı:

- Dostum, özünü nə dağa-daşa salmısan. İş açıqdı. Öldürən də məlumdu. Mənim apardığım cinayət işi ilə tanış olanda görəcəksən ki, bütün yollar Romaya gedir.

- Roma Akademikin ailəsi deyil ki?

- Əlbəttə odur!

- Çox fırlanmışam o Romanın ətrafında, ortaya bir şey çıxara bilməmişəm. Hamısının daşdan keçən alibisi var.

- Sən məntiq keçməmisən?

- Qardaşım, deyirəm ortada bircə dəlil də yoxdur, yapışmısan məntiqdən.

- İndiyədək elə bir cinayət olmayıb ki, cinayətkar hansısa bir iz buraxmasın. Ən peşəkar killer belə bundan sığortalanmayıb. Polkovniki də killer öldürməyib. Ondan intiqam almaq istəyənlərin də nəinki killer tutmağa, heç killer axtarmağa pulları yoxdu, imkansız adamlardı. Sən onu bilirsənmi ki, Akademikin qardaşı desantçıdır.



(Ardı var)


Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-23
14:53 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK