adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 09:00
70
LAYİHƏ
A- A+

HACIQABUL YÜKSƏK İNKİŞAF YOLLARINDA

Bu gün çox sevindirici haldır ki, ölkəmizdə hansı rayona, hansı qəsəbəyə və hansı kəndə yolun düşsə orda birmənalı olaraq böyük quruculuq, abadlıq, tikinti işlərinin şahidi olarsan. Təbii ki, bu məsələləri də həyata keçirmək heç də elə-belə baş vermir. Ən azından ona görə ki, dövlətin, hökumətin və konkret olaraq, ölkə prezidenti cənab İlham Əliyevin qayğısı və köməkliyi olmasa məmləkətimizdə bu qədər möhtəşəm işləri gerçəkləşdirmək mümkün olmaz. Amma Azərbaycan prezidenti cənab İlham Əliyev ölkəmizin bütün regionlarına həmişə doğma münasibət bəsləyib və həmin yerlərdə tikinti-quruculuq, abadlıq işlərinin görülməsi  üçün maddi və mənəvi dəstək verib.

Belə rayonlardan biri də Hacıqabuldur. Hacıqabul digər rayonlarla müqayisədə kiçik olmasına baxmayaraq, onun da öz ərazisi, iqtisadiyyatı və inkişaf yolları mövcud olub. Sovet dönəmində belə bu rayonda kənd təsərrüfatının, xüsusilə taxılçılığın və heyvandarlığın inkişafı ön plana çəkilib. Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələndən sonra bir çox rayonlar kimi Hacıqabula da böyük diqqət yetirirdi. Çünki bir müddət  gözdən uzaq, könüldən iraq olan bu rayonun iqtisadiyyatı, kənd təsərrüfatı və hətta infrastrukturu çox bərbad gündəydi. Təbii ki, Ulu Öndər çox çətin bir vəziyyətdə Azərbaycanın ağır bir günündə hakimiyyətə gəlmişdi. Bir yandan torpaqlarımızın, ərazilərimizin 20 faizinin işğal olunması, digər tərəfdən də iqtisadiyyatımızın çökməsi Ulu Öndərin əsas diqqət  mərkəzindəydi. Və onun uzaqgörən siyasəti nəticəsində qısa zaman kəsiyində iqtisadiyyatımız inkişaf etdi, dirçəldi və yeni mərhələyə qədəm qoydu. Bax, bu zaman ərəfəsində Hacıqabula da xüsusi diqqət yetirildi. Dağılmış, sıradan  çıxmış və bərbad günə düşmüş yollar yenidən inşa edildi, işıq, qaz, su xətləri əksər yaşayış məntəqələrində yeniləri ilə əvəzləndi. Başqa sözlə demiş olsaq, rayonun infrastrukturu və eləcə də iqtisadiyyatı yenidən qurulmağa başladı.

Təbii ki, bunların həyata keçirilməsi üçün külli  miqdarda  vəsait tələb olunurdu və bu vəsait də həmin rayona dövlət tərəfindən ayrılırdı. Əlbəttə, sosial-iqtisadi inkişafı təmin etmək, abadlıq və quruculuq işlərini  həyata keçirmək elə də asan məsələ deyildi. Bunun üçün rayonda bütün qüvvələr səfərbər edildi. Müstəqillik dövründən bir müddət  keçəndən sonra rayon iqtisadiyyatı zaman-zaman dirçəlməyə başladı. Heyvandarlıq, o cümlədən quşçuluq sənayesi yenidən quruldu, taxılçılığın inkişafına xüsusi önəm verildi. Bununla yanaşı, balıqçılıq və digər məhsulların  istehsalı da birmənalı olaraq unudulmadı. 

Əgər bu gün kiminsə yolu Hacıqabula düşsə, orda gedən abadlıq və quruculuq işlərinin şahidi ola bilər. Şahidi ola bilər ki, son illər ərzində rayonda neçə-neçə yeni məktəb, uşaq başçası, xəstəxana və eləcə də digər sosial obyektlər, ictimai iaşı müəssisələri, restoranlar, şadlıq sarayları tikilərək əhalinin istifadəsinə verilib. Heydər Əliyev Parkı, Dədə Qorqud və digər  parklar və xiyabanlar dediklərimizə əyani nümunədir. Həmin yerlərdə bir-birindən gözəl yaşıllıqlar zolağı yaradılmış, ağaclar, güllər-çiçəklər əkilmişdir. Təbii ki,  bu gözəllikləri yaratmaq, bu mənzərəni qurmaq elə də asan məsələ deyildir. Yəni bunun üçün dövlət və hökumət tərəfindən çox böyük vəsaitlər ayrılıb və həmin vəsaitlər də quruculuq və abadlıq işlərinə sərf edilib. 

Onu da qeyd etmək lazımdır ki, bu gün rayonda bir neçə müəssisə və istehsalat sahəsi də  fəaliyyət göstərir. Və həmin yerlərdə yüzlərlə insan işlə təmin edilib, rayonun iqtisadi inkişafı üçün böyük addımlar atılır. Bununla yanaşı, rayonda orta və kiçik sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb. Rayonun icra başçısı Sevindik Hətəmov mütəmadi olaraq rayonun qəsəbə, kənd və yaşayış yerlərində insanlarla səyyar görüşlər keçirir və orda sakinlərin istək və arzuları səsləndirilir, problemlər nəzərə çatdırılır və bundan da sonra mövcud məsələlərin həllinə önəm verilir. 
Aydındır ki, icra başçıları insanlarla sıx təmasda olanda və onlarla səmimi münasibət yaradanda həmin rayonda daha sağlam, daha gözəl bir mühit yaranır. Bu mühitdə hər bir kadr, hər bir vəzifəli şəxs özünü daha rahat hiss edir. Bax, bu gün deyə bilərik ki, Hacıqabulda da belə bir sağlam atmosfer yaradılıb. Vətənpərvər, istedadlı və savadlı gənclər vəzifəyə təyin olunur və onlara böyük etimad göstərilir. Heç şübhəsiz, həmin şəxslər də bu göstərilən etimadı doğrultmağa çalışırlar.

Bu gün deyə bilərik ki, rayonda Dövlət Proqramına uyğun olaraq kənd təsərrüfatının inkişafı önə çəkilib. Xüsusən də balıqçılığın inkişafına daha böyük diqqət yetirilir. Ölkəmizdə 2026-2030-cu illər ərəfsində kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramına Hacıqabulda da böyük önəm verilir. Çünki artıq  insanların rayona, kəndə qayıtması haqqında dövlətimiz çox böyük bir proqram  işləyib hazırlayıb. Həmin proqrama əsasən bütün rayonlarda kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək, yeni iş yerləri açılacaq və rayonların sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcəkdir.
Hacıqabulun böyük ziyalılarından biri olan və uzun müddət müxtəlif məsul vəzifələrdə çalışmış Lətif Novruzov deyir ki, bizim rayonun insanları çox zəhmətkeş və halal adamlardılar. Onlar səhranın ortasında həyat qurmağı, gözəlliklər yaratmağı bacaran insanlardırlar. Mən tez-tez doğma yurduma - Hacıqabula və anadan olduğum Rəncbər kəndinə gedirəm. Demək olar ki, ordakı möhtəşəm abadlıq və quruculuq işlərini görəndə sevincimin həddi-hüdudu olmur. Özü də eşitmişəm ki, yeni icra başçısı Sevindik Hətəmov dövlətə, prezidentə və xalqa sadiq vətənpərvər bir ziyalıdır. Çünki Sevindik müəllim Hacıqabul camaatına, onun ziyalılarına və istedadlı adamlarına çox böyük hörmətlə yanaşır və biz də onun ətrafında birləşərək rayonumuzun günbəgün daha da inkişaf etməsi, gözəlləşməsi üçün əlimizdən gələn köməkliyi əsirgəmirik.

Əlbəttə, əgər dövlət, cənab prezident İlham Əliyev regionlarımıza bu qədər diqqət və qayğı göstərirsə, ordakı insanlar da buna yüksək dəyər verir və bu diqqəti heç vaxt unutmurlar. Hacıqabul camaatı deyir ki, bu gün bizim rayonumuzda vəziyyət çox yaxşıdır, bir-birindən gözəl sosial obyektlər istifadəyə verilir və yeni iş yerləri  açılır. Bu isə bizi doğma yurdumuza -  Hacıqabulumuza daha ürəkdən bağlayır!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.