adalet.az header logo
  • Bakı -°C
22 Iyun 2026 10:03
67
ƏDƏBİYYAT
A- A+

...Əvvəli yox sonu bitməz bir nəğmə!!

Bu sözlərin müəllifi əsərlərinin müdafiyə zirehi doğma xalqı olan və müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri Hidayətdir. Eyni zamanda o, diplomatiyamızın,  nəsrimizin, dramaturgiyamızın və jurnalistikamızın da tanınmış nümayəndəsidir. Gözəl tərcüməçi, teatrşünas, jurnalist, səlnaməçi və ictimai-siyasi dövlət xadimidir.

Onun yaradıcılığında poeziya ilə nəsr qarışıq halda, həm də çox uğurla yarım əsrdən çox uğurla bir yol keçmişdir. Hidayətin əsərləri, həyat və yaradıcılığı haqda (əldə edə bildiyim qədər) tanış oduğum əsərlər məndə çox rəngarəng fikirlər yaratdı. Bunlar öz yerində, lakin bir həqiqət məni daha çox heyrətləndirdi; insan nə qədər əzmkar olar ki, onun qəlbindən və qələmindən bu qədər gözəl və dəyərli əsərlər çıxsın?  Bəlkə də şairin həyatında yaşayış məskənini dəyişməsi olmasaydı, didərginliyi və qəlbinin sızıltıları olmasaydı, Qərbi Azərbaycan dərdi, 20 yanvar və Xocalı faciələri, Dağlıq Qarabağ həsrəti olmasaydı inanmaq olardı ki, o daha çox əsərlər yazardı. 

Ancaq bu narahat sənətkar ömürdə (bu narahatlığı şair üçün zaman və onun adamları yaratmışdı) bu qədər məhsuldar işləmək həm də istedadın nəticəsidir. O, yeri gələndə çıxışları ilə, yeri gələndə yazıları ilə özü də ürəyinin qanı ilə yazdığı yazılarla həmişə öndə getmişdir və ömrünün sonuna kimi belə oldu. 

Ona görə də Hidayət Azərbaycanın ictimai fikrinin yüksəlişindəki xidmətlərinə görə əsərləri ilə də, şəxsiyyəti ilə də, dövlətçilik mövqeyində sabit və qərarlı durması ilə də tək və bənzərsizdir.

Onun hissləri də, fikirləri də həmişə orijinal olmuşdur və indi də belədir: bu haqda şairin əsərlərindən, həm bədii, həm də elmi əsərlərindən yüzlərlə misal gətirmək olar. Fikrimizcə bu misal da bəs edər:  

Biri köhnə yolları 
Köhnə arabasıyla 
Başa vurmaq istədi – 
uğur - dedilər,
 
Biri sıldırım qayaları 
Qəlpə - qəlpə qoparıb 
Özünə bir yol açdı –
cığır dedilər.

(«Qiymət»)
    
Və yaxud,
                                
İki dəfə ikin.. altı elədi
İki dəfə ikin dörd eləsəydi, 
Allahın özü də olmazdı inan. 
(2 x 2 = 6)

... Bəh - bəh- bəh!....
 
Bu nümunələrin sayını çoxaltmaq fikrindən daşınıb şairin möcüzəli söz yaratmaq fikrinə nəzər salsaq daha yaxşı olar! Görün nə yazır?

...Mən həmişə möcüzəyə inanmışam! 
Özüm də bir xoş möcüzə yaratmaqçün 
Taleyimin başına çox dolanmışam.

Möcüzəli söz yaratmaq istəyi, həvəsi Hidayətin şerlərinə düşüncəli fikir və özünə məxsus dilini gətirdi və köhnə standartlardan çıxdı. Həmçinin bu fərqlənmə onun əsərlərinə yeni ruh, yeni məna, yeni oxucu sevgisi gətirdi. Ona görə də,  mənim qənaətimə görə Hidayət ən çox oxunan və bəlkə də zamanında az dərk olunan şairlərimizdən biridir. Bu da uzunömürlü şerin öz xüsusiyyətindən irəli gələn bir ənənəvi amildir.

Gələcəyin şerləri indi çətin qavranılır, ... həmin bu məqamların orijinallığı əsas verir deyək ki, Hidayətin əsərləri bədii olmaqdan başqa həm də gələcəyimizin tarix dərsliyidir, Vətəndaşlıq dərsliyidir. «İrəvana 7 məktub», «Burdan min atlı keçdi» toplusunda, «Doxsanıncı il» kitabında «Heydər Əliyev və Azərbaycanda milli siyasət» monoqraiyası, «Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər» və «Şəxsiyyət haqqında söz demək məsuliyyəti» adlı məqalələr həmin tarix dərsi verəcək böyük kitabın rəmzi mənada ayrı-ayrı fəsillərini təşkil edir. Ona görə də «İrəvana 7 məktub» kitabı gənclərimizin həmişəlik yaddaş kitabı olmalıdır. Çünki bu kitablardan gələn zəfər çağırışını unutmağa heç birimizin haqqı yoxdur ! 

Hidayətin yaradıcılıq yolu haqda ətraflı tədqiqat aparmaq üçün onun əsərlərini xronoloji cəhətdən bir neçə mərhələyə, həm də janrına görə bir neçə yerə və janra bölmək olar. Lakin məqsədimiz şairin yaradıcılıq yolunu bütövlükdə tədqiq etmək deyil, yalnız bu mənalı ömrün bəzi məqamlarından bəhs etməkdən ibarətdir. Çünki, onun əsərlərinin mövzusu və orada qoyulan məsələlərin aktuallığı; ən azı dramaturgiyası, şer yaradıcılığı, nəsri, publisistikası, jurnalistlik və teatr fəaliyyəti, ictimai-siyasi görüşləri, siyasi fəaliyyəti, Qarabağ və Qərbi Azərbaycanla bağlı olan tədqiqat və ideyaları, əsərlərindəki vətənpərvərlik və vətən həsrəti, düşmənə nifrət hissi tərbiyəsi, təlim tərbiyə məsələləri və bütün cəhətləri özündə əks etdirən Azərbaycançılıq və ən böyük Azərbaycanlı olan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olmuş əsərləri, Respublikamızdan Qərbi Azərbaycanda yaşamış insanlar haqda olan dəyərli  fikirləri, görkəmli elm, təhsil, musiqi, maarif və teatr xadimləri, əmək adamları haqda olan fikirləri və s. Hər biri ayrıca bir elmi tədqiqat işinin mövzusudur. 

Hesab edirəm ki, mədəniyyət tariximiz üçün çox vacibdir ki, Hidayətin həyat və fəaliyyəti indi olduğundan daha yaxşı gələcəkdə də hərtərəfli və fundamental qaydada tədqiq olunmalı, neçə-neçə qiymətli əsərlər meydana çıxarılmalıdır.

Bütün yaradıcı insanlar kimi, Hidayətin də yaradıcılığında fərdilik və özünəməxsusluq var. Bu fərdilik ona görə qiymətlidir ki, о, milli düşüncəyə və milli təfəkkürə söykənir, dərdini şerlə bölüşür, öz özünə belə hesabat deyir: 
                
...İllərlə silmişəm alın tərimi
Nə rahat yatmışam nə dincəlmişəm.
Cavan qardaşımın,cavan qəbrini, 
Bir dağ ətəyində qoyub gəlmişəm.

Bu fikirlər təkcə şairinmi nisgilidir? Xeyr, bu yanğı bütün dədə- baba yurdlarından qovulmuş azərbaycanlıların səsidir, qaçqın və köçkünlərin səsidir. Mənim, sənin, sizin, bizim-bütövlükdə hamımızın harayıdır, Vətənə qayıdış harayıdır! Haq bağıran səsimizdir. 

Hidayət həm də zamanın şairidir. O, öz təbiriylə desək, arzularının baş şəhəri olan Bakıya şöhrət dalıyca gəlməyib, əgər Migri- İrəvan-Bakı taleyinin yaxın yoludursa, əsərlərinin gələcəkdə keçəcəyi min illik şərəfli yolu müəllif dilə gətirmir. Bu da sadəlik, təvazökarlıq və müdriklikdir. Onun əsərlərinin uzaq yoludur. Şairin məlum şəxsiyyətindən yaranan xarakterinin büruzə formasıdır.

Şair Hidayətin şəxsi keyfiyyətlərindən biri də sözünü istənilən şəraitdə birbaşa, üz-üzə, göz-gözə deməsidir. Yəqin elə buna görədir ki, onun yaradıcılığında çox ciddi və hər vaxt zamanın və ictimai fikrin fövqündə dayanan ideyalar və milli psixologiya silsilə təşkil edir və tarix də bu fikirlərin doğruluğunu təsdiq edir: 

...Çağlayan ümmanam,.
Büllurdan duruyam.
Şaxəli bir tarixəm,
Dibsiz bir quyuyam,
Uludan uluyam.

    
«Bulanıq bir çay» olmayan, «arabası sınıq-salxaq» olan yolçulara tay olmamaq istəyi şairin poeziyasına hələ XX əsrin 60-cı illərindən hakimdir. Ona görə də janrından asılı olmayaraq qələmindən çıxmış bütün əsərlərində şairin arzuları da, fikirləri də bütöv və səmimidir. O, öz yaşayışını da belə təsvir edir: 

 Sevinclə kədərin qarışığında, 
Umu-küsülərin barışığında 
Qövsü-qüzehlərin yaraşığında 
Zirvəyə qalxıram, dağ aşıram mən, 
Belə yaşayıram,.. yaşayıram mən!.

Hidayətin şer dili aydın, anlaşıqlı, axıcı, sadə, duzlu, ümumiyyətlə, Azərbaycan dilinin bütün lacivard gözəlliyini özündе əks etdirir. Demək olar ki, şair Azərbaycan şerinin bütün janrlarında yazmışdır və əsasən hamısı da yaxşı alınmış və istəyinə nail olmuşdur. 
 
Lakin sənətkar hər şeydən yazmaq üçün bir insan ömrünün azlığından gileylənərək belə qeyd edir:

Yağışda, yağmurda keçdi çox ay, gün, 
Gözümü açdım ki, ötüb neçə il, 
Bu qoca dünyanı anlamaq üçün
Görünür bir ömür kifayət deyil.

Hidayətin yaradıcılığının çoxşaxəliliyi onun oxucularının da müxtəlif qruplarını yaratmışdır; uşaqlar, gərclər və yaşlı nəsil müxtəlif yaş qurupunda olan şer həvəskarları, tarixi məqamları izləyən oxucular, dövlətin mövqeyində dağ vüqarı ilə əbədi dayanan şəxsiyyət və ən vacibi əqidəsində əbədi və qəti dönməzlik olan ədəbi qəhrəmanlar... 

Hidayətin çoxşaxəli yaradıcılığında milli pedaqoqika və psixologiyanın bütün komponentləri, xüsusilə milli özünüdərk, azərbaycançılıq, milli mənlik şüuru, milli təlim-tərbiyə və tərbiyənin ən gözəl əxlaqi keyfiyyətləri də əsas yer tutur.

Şair istər şerlərində və dramaturgiyasında, istərsə də nəsrində və publisistikasında qarşıya qoyulmur ki, kiməsə vətənpərvərlik hissi tərbiyə olunsun, lakin onun əsərlərindən hamı vətənin və ananın müqəddəs və əbədiliyini hər zaman duyur, hiss edir, qavrayır və bu sevgidən həzz alır:

 Bu ev baba ocağı,
Bu ev ata qucağı, 
Alnımı qırışdırdı
Anamın qocalığı.

Mənə görə Hidayətin əsərlərində həzz və iztirab qoşadır. O, bu məqamda şerlərində Füzuliyə, Nəsimiyə, Xətaiyə, Vaqifə, Səməd Vurğuna yaxınlaşır, tarixi-analitik publisistik yazılarında isə A.Bakıxanov, M.C.Adgözəbəyə, Ə.B.Cavanşirə, N.Nərimanov (bəzi tədqiqatçılar haqlı olaraq onun həyat və yaradıcılıq yolunun N.Nərimanovla oxşarlığını qeyd edirlər) H.Hüseynovun fikirləri ilə eyniyyət təşkil edir.

Hidayətin yaradıcılığı ilə ətraflı tanış olduqdan sonra məndə belə bir sual yarandı. Bu qədər məhsuldar işləmək də Allahın insana verdiyi xoşbəxtlik və fitri istedaddır. Hidayətə ulu tanrı bir neçə fitri qabiliyyətlər, şairlik, zəhmətsevərlik, sadəlik, müdriklik, səbirlilik və dözümlülük vermişdir. Buna əlavə olaraq yüksək səviyyədə rəhbərlik etmək qabiliyyəti, təşkilatçılıq bacarığı, hansı sahədə işləməsindən asılı olmayaraq, məsuliyyətli olmaq və dövlət orqanlarında öz xalqına vicdanla xidmət etmək!...

Elmi bəddi yaradıcılığı ilə Hidayətin xarakteri oxucular qarşısında iki cür açılır. Şair, yazıçı və dövlət xadimi. Onu yaxından tanıyanlar yaxşı bilir ki, şairliyinin incəliyi qədər də dövlət xidmətində qətiliyi var.

Hidayət dünya və Vətən tarixini, xüsusilə də müasiri olduğu XX və XXI yüzilliklərin tarixi hadisələrini bəzi tarixçilərdən çox yaxşı bilir və bu haqda çəkinmədən fikirlərini istənilən yaxın və uzaq xarici dövlətlərdə deməkdən və müsahibələrində söyləməkdən çəkinməmişdi. Belə məqamlarda onun xarakterinə xas olan əqidə dönməzliyi v qətiyyət önə keçir, fikirləri öz siyasi dürüstlüyü, müdrikliyi vе doğruluğu ilə seçilir.

Bunun canlı cavabı onun «İrəvana 7 məktub», «Burdan min atlı keçdi», «Heydər Əliyev və Azərbaycanda milli siyasət» kitablarında və çoxlu sayda məqalə, çıxış və müsahibələrində öz geniş əksini tapmışdır. Birlikdə işlədiyimiz illərdə şairin iş rejiminə nəzər salsada görərdim ki, gün ərzində onun düşüncələri bir neçə dəfə dəyişərək, müxtəlif formalara düşür; dövlət işi, rəsmi yığıncaqlar, müsahibələr, bədii yaradıcılığı və gündəlik qayğılar, doğma kollektivi və s., bu anlarda o həm sərtliyi həm də sadəliyi yaşayırdı. Hər dəfə də onun tədbirliliyi, uzaqgörənliliyi, istedadı və digər bilik, bacarıq və vərdişləri özünü daha qabarıq şəkildə büruzə verirdi.

Hidayət həm də uzun müddət Azərbaycanın kitab mədəniyyətinin beşiyi başında duran  və onun inkişafı üçün həmişə çalışmış şəxslərdən biri olmuşdur. Onun rəhbərliyi ilə neçə illər rus «qlavlit»inin əksinə Azərbaycan həyatının müxtəlif sahələrinə aid minlərlə nüsxə kitablar nəşr olunmuş, onlardan bir çoxlarına ön söz yazmış və bəzilərinin ilk dəfə olaraq nəşrinə nail olmuş, onlara yeni həyat vermişdir. O, bu istiqamətdəki işlərini ömrünün sonuna kimi müvəffəqiyyətlə davam etridmişdi. Həm respublikamızda həm də xaricdə yaxşı bilirlər ki, Hidayət həm də görkəmli dövlət xadimidir.

Məlum olduğu kimi 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri təyin olunub və 1993-cü ilden isə Azərbaycan Respublikasının milli Siyasət məsələləri üzrə Dövlət müşaviri təyin olunub və bu çətin həm də şərəfli vəzifədə 2006-cı ilin avqust ayına kimi müvəffəqiyyətlə fəaliyyət göstərmiş, Dövlətin və ümummilli liderimiz H.Əliyevin bu sahədə müəyyənləşdirdiyi Milli siyasət məsələlərinin həll olunmasında bütün bilik və bacarığını əsirgəməmişdir. Bu illərin qazanılmış təcrübəsi nəticəsində XX əsr Milli siyasətimizin tarixi, nəzəriyyəsi və inkişaf perspektivlərini özündə əks etdirən və həm də Hidayətin dövlət adamı kimi siyasi baxışlarını özündə əks etdirən çox qiymətli bir əsər.- «Heydər Əliyev və Azərbaycanda Milli siyasət» əsəri meydana gəldi. Həmin illərdə verdiyi yüzlərlə müsahibələri, yazdığı məqalələri və keçirilmiş görüşləri də bura əlavə etsək yaxşı mənada insanı heyrətə gətirəcək bir nəticə göz önündə canlanır. 
 
Hidayət 2006-cı ilin iyul ayından hörmətli prezidentimiz İ.Əliyevin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə rəhbərlik etmişdir. O, bu müddət ərzində Dövlət Komitəsinin işində çox ciddi yeniliklər etmişdir. Az bir vaxtda Dövlət Komitənin maddi-texniki bazası möhkəmləndirilmiş, ciddi kadr dəyişiklikləri edilərək peşəkar kadr təminatı yaradılmış, Dövlət - din münasibətləri təkmilləşdirilmiş, dövlətin dini siyasətinin strategiyası hazırlanmış, RİH başçılarının yanında dini komissiyalar yaradılmış və onların əsasnaməsi təspiq edilmişdir. Respublika üzrə 350-ə yaxın dini icmaların işi yenidən qurulmuş, 50-ə yaxın yeni dini icma dövlət qeydiyyatına alınmış, dini təhsillilərin, məscidlərin, ziyarətgahların, məlumat bankları yaradılmış və digər əhəmiyyətli işlər görülmüşdür. 

Dövlət Komitəsinin xətti ilə 2007-ci ilin aprel ayının 3-4-də Bakı şəhərində keçirilən Beynəlxalq Konfrans burada görülən işlərin yekun zirvə oldu. O, bu beynəlxalq konfransda təşkilatçı olmaqla yanaşı həm də «Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər» adlı çox əhatəli bir məruzə ilə çıxış etmiş və burada «Milli-mənəvi dəyərlərə qayıdış», «Dini dözümlülük ənənələrinin qorunub saxlanılması», «Tarixi dini abidələrimizin bərpası» və «Heydər Əliyev İslam dünyasının tarixi şəxsiyyətlərindən biri kimi» məsələlərdən ilk dəfə olaraq ətraflı bəhs etmiş, həmin məsələləri demək olar ki, ilk dəfə elmi təqdiqata gətirmişdir. 

Hidayət yorulmaz mədəniyyət işçisi və peşəkar teatr xadimidir. O, 16 il İrəvan Dövlət Azərbaycan Dram teatrına rəhbərlik etmiş, burada dünya və Azərbaycanlı müəlliflərn 100-lərlə əsərlərinin tamaşaya qoyulmasına nail olmuşdur və «Məhəbbət yaşayır hələ...», «Məni qınamayın» və «Bu dünyanın adamları» adlı üç dram əsərini  də özü yazmışdır. 

Mövzu baxımından onun dram əsərləri də özünəməxsusluğu ilə seçilir. Bu əsərlər haqda çox görkəmli insanların, xüsusilə də mütəxəssislərin yaxşı fikirləri vardır. Lakin «Hidayət» adlı biblioqrafik göstəricinin müəllif və tərtibçisi Bəybala Ələsgərovun bir fikri daha maraqlıdır: «Hidayət bu pyesləri ilə həyat hadisələrinə, insanlara, duyduğu, anladığı dünyaya münasibətini özünəməxsus şəkildə əks etdirən nasir kimi, şair və dramaturq kimi yetişdiyini göstərir». 

Hidayət Ümummilli liderimiz Heydər Əliyevin qızıl kadr fondunun ən layiqli üzvü və onun ideyasının yorulmaz tədqiqatçısı, təbliğatçısı və onları həyata keçirmək üçün bütün imkanlarından istifadə edən bir şəxsiyyət olmuşdur. O, bu mövzuda bir neçə samballı əsərin müəllifi və bir neçə də fundamental kitabların tərtibatçisidir. Ən önəmli cəhət budur ki, Hidayət Heydər Əliyevin siyasi kursunu çox mükəmməl öyrənib, bilir və onu XXI yüzillikdə çox müvəffəqiyyətlə davam etdirmişdir. O bütün varlığı ilə H.Əliyev ideyalarına sadiqdir və onun ən etibarlı silahdaşı kimi müasir dövrdə təqdir olunmağa və nümunə göstərilməyə layiqdir. 

Hidayət Azərbaycan ədəbiyyatı ilə yanaşı elmimizin də inkişafına öz dəyərli töhfələrini vermişdi və ömrünün sonuna kimi həmin istiqamətdə çox geniş yaradıcılıq imkanlarına malik olmuşdur. 

Mədəniyyət tariximizdən, teatrdan, ədəbiyyatdan, siyasətdən, mətbuatdan, nəşriyat və poliqrafiya işindən, tanış insanlardan Hidayət çoxlu-soxlu dəyərli əsərlər yazmışdır. Lakin, Hidayətin yaradıcılığında Ermənistan Azərbaycan və Dağlıq Qarabağ mövzusu artıq tam bir silsilə təşkil edir: problemin tarixi kökləri, inkişaf xüsusiyyətləri və müasir vəziyyəti haqda onun çox qiymətli fikirləri vardır və həmin ideyalar Azərbaycan Dövlətinin bu məsələ haqda olan siyasi tələbləri ilə eynilik təşkil edir. 

Dövlət adamı Hidayət heç zaman nə çıxışlarında nə yazılarında, nə də adi danışıqda ümummilli liderimiz Heydər Əliyev haqda keçmiş zamanda danışmırdı. Özünü də, hamını da bu mənada haqlı olaraq Heydər Əliyevə mənən borclu bilir və dəfələrlə xatırladır ki, Heydər Əliyevin fiziki yoxluğu onun mənəvi yaşayan ömrünə heç bir xələl gətirmir. Bu mənada o, Heydər Əliyevlə işlədiyi illəri ömrünün ən əziz illəri kimi xatırlayır və «H.Əliyev və Azərbaycanda milli siyasət», «Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz», «Şəxsiyyət haqda söz demək məsuliyyəti» adlı elmi cəhətdən çox aktual olan əsərləri bu cəhətdən diqqəti daha çox cəlb edir. 

Hidayətin əsərlərində şifahi xalq yaradıcılığımız, klassik ədiblərimiz və ədəbiyyatımızın müasirləri haqda, dünya ədəbiyyatı və onlardan etdiyi tərcümələr, milli-mənəvi dəyərlərimiz haqda, xüsusilə də İslam dini haqda qiymətli yazıları - kitabları, məqalələri və müsahibələri var. Onlar da Azərbaycançılıq ideyasına xidmət edir və müəllifinin mövqeyini - Azərbaycançılıq və Dövlətçilik işinə həmişə sədaqətini bir daha oxuculara çatdırır.

Hidayətin vətəni Azərbaycan qarşısındakı xidmətləri xalqımız, ümummilli liderimiz Heydər Əliyev və hörmətli prezidentimiz İlham Əliyev tərəfindən həmişə yaxşı qiymətləndirilib və ona yetərincə fəxri adlar və mükafatlar verilmişdir. Doğrudur onun əməyinə başqa dövlətlər tərəfindən verilmiş təltifləri də var, lakin şair vətənin mükafatlarını bütün mükafatlardan üstün və əziz tuturdu.

Hidayətin yaradıcılığında salnaməçilik də ayrıca bir xətt olaraq formalaşmışdır. Onun yaradıcılığının bu istiqaməti Azərbaycan ədəbiyyatı üçün çox vacib olan bir amildir. Öz milli köklərindən ayrılmasınlar. 

Hesab edirik ki, Hidayətin xoşbəxt şəxsiyyəti də, xoşbəxt gələcək günləri də milli kökə və milli şüura bağlı olduğuna görə əsərləri də uzunömürlü olacaq, müəllifinin işıqlı ideyaları kimi əbədi yaşayacaqdır.

Tarixlə müqayisədə insanların ömrü çox qısadır, lakin insanın yaratdığı sənət əsərləri zamanla ayaqlaşa bilir və əsrlərlə xalqının tarixində yaşayır. Bu mənada Hidayətin adı «Doxsanıncı il», «Şahidlər», «Didərginlər», «Sözün vaxtı», «Burdan min atlı keçdi» və «İrəvana 7 məktub» əsərləri ilə birlikdə ədəbiyyat karvanımızla çox əsrlər yola salacaq. Nə yollar, nə də zaman bu uzunömürlü kitablara pis baxmayacaq, əksinə onlarla yoldaşlıq edəcək, illərin çiynində gələcək nəsillərə bir Azərbaycan şairindən ərmağan aparacaq. Müəllif ürəyinin bütün hiss, həyacan və çırpıntıları ilə yazılan əsərlərin ömrü zamanla qoşadır və onun ömrü bitmir.

Böyük yaradan HidayətOrucovdan  heç nəyi əsirgəmişdi: şux qamət, gözəl boy-buxun, ləngərli yeriş, işıqlı təfəkkür, əməksevərlik, məhəbbət dolu ürək, iti zəka və istedad. Buna görə də o, siyasətdə də, bədii yaradıcılıqda da, diplomatiyada da, dövlət idarəçiliyində də, - bir sözlə insan fəaliyyətinin bütün sahələrində yüksək peşəkarlıq və bilik nümayiş etdirə bilirdi.

Bütün əsl şairlər kimi Hidayətin də yaradıcılığında məhəbbət mövzusu ayrıca yer tutur. Doğrudur, Hidayətin bədii yaradıcılığının başqa mözularına nisbətən məhəbbət şerləri azdır. Lakin onlar o qədər səmimi, təbii, axıcı, milli kolaritlidir ki, oxumaqdan doymaq olmur. Onun lirik qəhrəmanı bəzən qəmli, bəzən şən, bəzən də gözləri yollara boylanan, həsrətli tərənnüm olunur:

Bu məktubu verirəm bu çapara, 
Çatıb atsın o ötüşən qatara, 
Göz yaşımda əks olubdu aypara-
Səhər tezdən sənə yetsə, yaxşıdır.

Şairin lirik qəhrəmanı vəfalı olması və sədaqətilə fəxr edir. Bu məhəbbətdən bezmir, ömrünü ondan kənar hiss etmir: 

Gəl heç görüşməyək, belə yaxşıdır, 
Sən qal xəyalımda su sonası tək.
 Hünərli, qeyrətli, ismətli, göyçək... 
Aylardan ap-arı, sulardan duru,
Qəlbimə nur salsın gözünün nuru.

Hidayət haqda bu qeydlərimi edərkən mən də xəyalən bir şair ömrünün yolu ilə irəliləmək istədim və nələr gördüm? Mehridəu başlanan ömür karvanı Bakıya, İrəvana, yenə də Bakıya səfər edir. Daha sonralar dünyanın bir çox irili-xırdalı dövlətlərinə olan səfərləri...

Lakin hər yerdə onu doğma ana qucağı olan Azərbaycan özünə çəkir və şair də öz təsəllisini həmişə doğma Bakıda tapır. Ömür yolu həyatın çox sərt dolaylarından keçmiş şair-dramaturq hələ məlum Ermənistan Azərbaycan və Dağlıq Qarabağ hadisələrindən neçə il əvvəl uzaqgörənliklə yazmışdı:

Zəngəzurda doğuldum, 
İrəvanda yaşadım, 
Bakıda öləcəyəm !

Mən də deyirəm: Xeyr, şair, Siz əbədisiniz, dünən olmusunuz, bu gün varsınız və gələcəkdə də olacaqsınız! Çünki, əsərlərinizin ölməzliyi, əbədiliyi, bu nəticəni verir. Siz xalqımıza və vətənimizə öz yazılarınızla hələ çox xidmətlər edəcəksiniz.

Hidayətin şerlərinə çoxlu musiqilər bəstələnmişdir. Xoştbəxtlikdən onlar da uzunömürlüdür və gözəl nəğmələrdir. 

Şair Hidayət öz ədəbi fəaliyyətində başqa sahələrdən fərqli olaraq şer yaradıcılığına üstünlük verir. Fikirlərimi də elə onun bu misrası ilə tamamlayıram:


..Dünyadan şeyrlə götürün məni.. ! 
Budur əvvəli yox sonu bitməz bir nəğmə ömür -Hidayət ömrü 

Əlizadə Nəcəfov-tarix elmləri namizədi 
30.08.2007-ci il