SON DƏQİQƏ:

"AZƏRBAYCAN"

  17386   |  
Şriftin ölçüsü  
Artıq aprel ayı geridə qalıb. Yəni 2015-ci ilin aprelindən ayrılmışıq. Amma bunu bizim göz və söz yaddaşımızda yaşadan müəyyən məqamlar, səbəblər, hadisələr var. Zənnimcə həmin səbəblərdən biri də aprel ayının 3-cü ongünlüyündə işıq üzü görmüş "Azərbaycan" jurnalının növbəti sayıdır. Bəri başdan qeyd edim ki, jurnalın bu sayı həqiqətən çox maraqlı və oxunaqlı yazılarla zəngindir. Xüsusilə nəsr və poeziya bölümlərindəki əsərlər. Eləcə də publisist yazılar bir oxucu kimi mənim könlümü xoş etdi. Bax, həmin o xoş təəssüratla da jurnalın rubrikaları altında işıq üzü görən yazılara diqqət yetirirəm.
Jurnalın bu sayı millət vəkili Nizami Cəfərovun "Ayrılarmı könül candang" adlı elmi-publisistik məqaləsi ilə başlayır. Müəllif həmin məqalədə azərbaycançılıq ideologiyasını, həmçinin Səməd Vuruğunun azərbaycançılıq idealarının işığında böyük şairin söz dünyasına üz tutur, onu bizə yenidən, həm də daha böyük sevgi və coşqu ilə təqdim edir. böyük Səməd Vurğunun şeirlərindən gətirilən nümunələr, həmçinin onun dram əsərlərindən edilən iqtibaslar ölməz şairimizin Azərbaycana, doğma xalqına olan sevgisinin bitib-tükənmədiyindən, sonsuzluğundan xəbər verir. Təbii ki, hörmətli Nizami Cəfərovun özünün də böyük sevgi ilə təqdim etdiyi bu yazı bizi hamımızın aid olduğumuz Azərbaycana münasibətin formalaşmasında çox əhəmiyyətli bir tutalqadı, vasitədir.
Jurnalın poeziya bölümündə şəxsən bir oxucu kimi mənim ruhumu oxşayan şairlərin bəzilərinin yeni söz çələngləri ilə üz-üzə gəlirəm. Xüsusilə ömrünün müdrik çağını yaşayan Məmməd İsmayılın əyalətdə məskunlaşıb söz məkanında öz yerini birmənalı şəkildə möhkəmlətmiş Ramiz Qusarçaylının mənə doğma olan Yusif Nəğməkarın, Rafiq Yusifoğlunun və eləcə də digərlərinin bir-birindən maraqlı şeirləri oxucunun ruhunu oxşayır, qəlbini sevindirir. Məmməd İsmayıl həmişə olduğu kimi, yenə də özünəməxsus sevgi və hərarətlə yazır:

Bir ildə dörd fəsil torpağın, daşın,
Dördündən birini yaşadın sənsə.
Yellərə sovrulan yetmiş beş yaşın,
Qışı baharından çoxdu nədənsə...

Və yaxud:

İki qurbanıydıq bir təsadüfün
Zərurət anıydıq sirr təsadüfin.
Əgər görə bilsən gör təsadüfün,
Sinəmdə boş qalıb yeri qayıtma.

Bəli, Məmməd İsmayılın düşündürən, duyğulandıran misralarının qanadında Ramiz Qusarçaylını oxuyuram:

Bu qışın qarını duman əritdi,
Əritdi, özü də yaman əritdi.
Bu qış da ürəyim güman əritdi
Gecələr dağlara baxa bilmirəm.

Və yaxud:

Səni basdırmağa gələn az idi,
Çoxunun xəbəri yoxuydu, bəlkə.
Nə şeirin şəhdi var,
Nə sözün dadı
"Şairi" neyləyir bu, şair ölkə...

Mən şeir bölümlərini gözdən keçirdikcə diqqətimi Yusif Nəğməkarın misraları özünə çəkir.

Sinəsində
Həsəd adlı ələm,
Əlində yarımbarmaq boyda
Yarımçıq qələm vardı...
Oğru şeiri-
Və doğru yeri
Aşağıda olduğundan,
Adını
Hamıdan yuxarıda yazdı-
İlahi, aşağı "yuxarılar"
Beləmi dayazdı?!

Aprel ayında işıq üzü görmüş 4-cü sayda Rafiq Yusifoğlu oxucularına bildirir ki:

Altmış dörd qalıb arxada
Altmış beş yaşa gedirəm.
Qəlbimdə bahar havası
Mən üzü qışa gedirəm.

Bəli, jurnalın bu sayında Saleh Qurbanov, Rübai, Nazir Rüstəm, Faiq Hüseynbəyli və Pərviz Axund da oxuculara öz poeziya sovqatlarını çatdırıblar. Maraqlıdır ki, jurnalda çap olunmuş nəsr nümunələri də rəngarəngdi. Onların arasında Azərbaycanın tanınmış və sevilən yazıçılarından biri olan Seyran Səxavətin "Qaçhaqaç" (roman memuar) romanının ardı oxuculara təqdim olunubdu. Yəqin ki, romanın əvvəlki bölümlərini oxuyanlar söhbətin kimdən, hardan, nədən getdiyini artıq bilirlər. Sadəcə onu xatırlatmaq istəyirəm ki, özünəməxsus yazı üslubu olan Seyran Səxavətin bu əsərindəki əsas qəhrəmanlardan biri də hamımızın yaxşı tanıdığı şair Vaqif Bəhmənlidi.
Ümumiyyətlə, nəsr bölümündə Kamil Əfsəroğlunun, Məmməd Namazın, Zemfira Məmmədlinin, Mənsurə Elzaqızının və eləcə də "Ədalət"in oxucularının imzasını yaxşı tanıdığı Əlövsət Bəşirlinin "Etiraf" hekayəsi də işıq üzü görübdü. O ki, qaldı jurnalın digər rubrikalarına, oxucular aprel sayında Mikayıl Rəfilinin 110 illiyi ilə bağlı professor Nizaməddin Şəmsizadənin və böyük türk şairi Nazim Hikmətin Mikayıl Rəfili ilə bağlı fikirləri ilə tanış ola bilərlər. Həmçinin jurnalın bu sayında tənqid və ədəbiyyatşünaslıq bölümündə professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" və Eşqanə Babayevanın "İztirab çəkən ruhun dramı" yazılarını, xatirələr, duyğular bölümündə Qəşəm Nəcəfzadənin "Şəkillər "altı qızın biri Pəri"" adlı yazısı oxucu diqqətinə çatdırılır.
Bəli, baş redaktor İntiqam Qasımzadənin, eləcə də redaktor müavinləri Südabə Ağabalayeva və Əsəd Cahangirin, həmçinin məsul katib Tofiq Mahmudovun oxucuların zövqünü oxşayan bu təqdimatı düşünürəm ki, həm müəlliflərin özlərini, həm də "Azərbaycan"ın yolunu gözləyənlərin ovqatını daha da xoş edəcək. Çünki bu say məhz maraqlı yazıları ilə bizə həm də aprel barəsində azacıq da olsa bir xatirə yaşadacaq. Axı biz 4-cü sayı aprel ayında qarşıladıq.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK