SON DƏQİQƏ:

AYRILIQDAN ÖNCƏKİ AYRILIQ...

  76377   |  
Şriftin ölçüsü  
... Elə bil dünya dağımışdı... elə bil göy qopub düşmüşdü yerə... elə bil yer də harasa çıxıb getmişdi... Amma hara? Bunu fikirləşmək, bunun cavabını axtarmaq halında deyildi. Bircə dərk etdiyi o idi ki, yerin çıxıb getdiyi, göyün uçduğu məqamda havasızlıqda qalmışdı. Nə əli bir yana çatırdı, nə səsini kimsə eşidirdi...
Belə bir durumda, belə bir bənzəri olmayan yaşamın içində nə edəcəyini də, hara gedəcəyini də kimə üz tutacağını da qərarlaşdıra bilmirdi. Bu, onun qərarsız, qətiyyətsiz olmasından irəli gəlmirdi. Sadəcə, gedəcəyi yer də yox idi, duracağı yer də yox idi. Sözünü eşidəcək, sözünü dinləyəcək adam isə indi onu elə suallarla ittiham etmişdi ki, daha heç nə deməyə, etirazını bildirməyə, nəyi isə araşdırmağa, nəyin isə çözümünü tapmağa taqəti də qalmamışdı. Sanki kökündən baltalanmışdı. Ayaq üstə dayansa da güclə nəfəs alırdı. Yaşadığı, varlığı hiss olunmurdu. Duyulan yalnız onun ayaq üstə olması, onun qurumuş ağac kimi gözlərini bir nöqtəyə zilləyib qalması idi...
Hər şey sadəcə bir məqamdan, bir hadisədən başladı. Elə bir hadisədən, elə bir məqamdan ki, onun üstündən görmədən də keçmək olardı. Özü də dəfələrlə olmuşdu və heç biri də bu görməməzliyə görə, bu qədər bir-birinin üstünə getməmişdilər, bir-birlərini üzməmişdilər. Sadəcə, olsa-olsa bir xatırlatma etmişdilər, gördüklərinə işarə vurmuşdular. İndi isə elə bil qəzəbə tuş gəlmişdilər... elə bil barıt çəlləyinə dönmüşdülər, partlayırdılar, od püskürürdülər. Bir-birini dinləmək istəmədən bir-birlərinin sözünü kəsirdilər...
Kənardan baxan və yaxud dinləyən olsaydı, onların bir-birinə nə qədər yad olduqlarını və bu yadlıqlarının içərisində necə üz-üzə dayana bildiklərinə inanmazdı. Çünki inanılası mümkün olmayan bir mənzərə yaranmışdı. Onların səsi təkcə od püskürmürdü, həm də ağlayırdı. Onların nəfəsi təkcə tıncıxmırdı, həm də hönkürürdü, amma nədənsə göz yaşları görünmürdü. Heç birinin kipriyinin ucu belə nəmlənməmişdi, islanmamışdı. Lakin ağlayırdılar, ürəklərinin içində ağlayırdılar, ruhları ilə birlikdə ağlayırdılar. Ağlayan ruhları da baş götürüb qaçmışdı. Özlərinin də dediyi kimi, ürəkləri, içləri büsbütün boşalmışdı, heç nə qalmamışdı onların içində boşluqdan başqa. Və bu boşluğu doldurası nəyinsə qaldığına da inanmaq istəmirdilər. İçərisində olduqları məqam bunu ortaya qoymuşdu və onlar elə sadəcə bir-birlərinə baxıb, bir-birlərini qınayıcı, əsəbi, bir az da soyuq baxışlarla ayaqdan-başa, başdan-ayağa yad adamlar kimi süzürdülər...
Bu mənzərə bir gerçəklikdi. Mən onu kənardan müşahidə edib və təsadüfdən şahidi olduğum həmin o yaşamı yazmaq zorunda qaldım, yazmaya bilməzdim. Ən azı ona görə ki, onda elə mənim üçün də göy yerindən qopmuşdu, yer də harasa çıxıb getmişdi və mən yalnız misralara söykənib pıçıldamaq istəyirdim.

Ən doğma adamlar da
hərdən
qatil olurlar
bir-birilərinə
soyuq bir baxışla
acı bir sözlə...
Qara buludlar
çökür
təbəssüm yerinə
çöhrələrinə
o vaxta qədər ki
cəsarət tapırlar
bağışla!
-deməyə
kövrələ-kövərələ...
sarılıb bir-birlərinə...


***

Hər bir acının şirini olduğu kimi, hər bir ağrının da ən azı bir anlıq unudulması, uyuması, dincəlməsi məqamları olur. O ağrının dayandığı, toxdadığı məqamda özümü o qədər rahat, o qədər qayğısız hiss edirəm ki, onu dilə gətirməyə, ifadə etməyə çətinlik çəkirəm. Elə bilirəm ki, həmin o an bütün dünyanın, bütün insanların diqqəti məndə olur. Necə ağrısız, necə qayğısız yaşadığıma həsəd aparırlar və mən də bu həsədin xoşbəxtliyini yaşayıram...
Ömür boyu nəyinsə uğrunda, kiminsə və bəzən də kimlərinsə yolunda çarpışmaq, mübarizə aparmaq insanın alın yazısı, bir növ məqsədi olur. O məqsəd dağdan-dərədən də keçir, düzdən, ormandan da, çaydan, dənizdən də, oddan, alovdan da. Amma usandırmır adamı. Təbii ki, yorulanlar, yarı yolda qalanlar və yaxud da usanıb nədənsə imtina edənlər də olur, fikrini, məramını, məqsədini dəyişənlər də. Lakin insan sözün bütün mənalarında özünü tanıyıb, özünə güvənib özündən özünə baxa biləndə o son dərəcə güvəncli, son dərəcə dəyanətli olur. Bu mənada indi xatırladacağım məqam bəlkə də kimlər üçünsə tam mənasında anlaşılıb qəbul edilməyəcək. Amma bu həyatın gerçəkliyidir...
Rus-sovet ədəbiyyatında çox möhtəşəm bir imza olub. Onun yazdığı və şəxsən mənim də təkrar-təkrar oxuduğum "Polad necə bərkidi" əsərinin müəllifi yəqin ki, hər kəsin yadındadı. Bu yazıçı təkcə sovet məkanına, sovet aləminə yox, bütün dünyaya özünü yazıb tanıtdı. Öz həyatını, öz ömürlüyünü möhtəşəm bir nümunə kimi ortaya qoydu. Və o, sovet dönəmində, elə indinin özündə də çoxlarımızın idealı oldu. Mübarizə, əzm, dözüm baxımından bu bir məqam.
İkincisi, Azərbaycan ədəbiyyatında dözümü ilə, poeziyası ilə dünyanın heç kimin olmayacağına hökm verən Məmməd Araz oldu, yaşadı və yaşayır. Lakin "Atamın kitabından" dərs alan Məmməd Arazı biz dünyaya ən azından "Polad necə bərkidi"nin müəllifi kimi tanıda bilmədik... Biz həyatı, dözümü, yaradıcılığı və nəhayət bütövlüyü ilə çox böyük olan bir şairimizi öz içimizdə sevməklə (bəzilərimizi çıxmaq şərti ilə - Ə.M) kifayətləndik. Görünür, bizim hələ böyük sevgiyə çox böyük ehtiyacımız var. Ona görə də ayrılandan sonra ən azı ayrıldığımıza bir addım kənardan baxandan sonra kimdən, hardan, nədən ayrıldığımızı dərk edirik. Amma heç onda da dərk etdiyimizə yeni, müasir, davamlı və bütöv sevgi sərgiləməyə böyük önəm vermirik...
Bax, bu dediklərim, daha doğrusu, yazdıqlarım sözün yaxşı mənasında bizim acımızdı. Elə bir acımızdı ki, biz ona əlac edi bilərik. Amma biganəliyimiz, lap çılpaq desəm, özümüzü sevməməyimiz həmin acının şəfa tapmasına, sağalmasına açıq-aşkar mane olur. Biz də heç nə olmamış kimi, daha doğrusu, elə belə də olmalıyımış - deyə,düşünüb bacardığımız kimi yaşayırıq, təəssüf ki...
Hə, mən dünyanın acılı-şirinli səhifələrinin özümə bəlli, daha doğrusu, özümün oxuduğum cümlələrini, sətirlərini öz içimdən, öz süzgəcimdən keçirib bu qənatə gəlirəm ki, bizim, lap elə mənim yaşantılarım hamının qəbul edəcəyi mərtəbədə olmasa da, bir həyat gerçəkliyidir. Elə bir gerçəklik ki, onun üstündən sükutla keçmək də biganəlikdi. Əgər keçilirsə.

Məni keçə bilmədin
Mən yolunda divardım...
Çatlamış dodağımı -
Göz yaşımla suvardım...

Məni seçə bilmədin
Mən işıqsız yuvaydım...
Dilinin unutduğu -
Pıçıltıydım, duaydım...

Məni heçə bilmədin
Vardım axı önündə...
Bir qəmli xatirə tək -
Yaşayacam ömründə!..

***
Həmin gün özümə yer tapa bilmədim. Şahidi olduğum mənzərənin təsiri altında mən də budandım, mən də kökümdən baltalandım. Gerçəyi öz gözlərimlə görmək, onu hiss etmək, onu duymaq məni də sarsıtmışdı. Çünki bu zərbələr mənim içimdən keçirdi və mən də onu yaşamağa məhküm idim...
Ağlayanın göz yaşları olur... kövrələnin göz yaşları olur. Hətta içində ağlasa da, içində kövrəlsə də... mən göz yaşları görmədim. Anladım ki, bu göz yaşları çoxdan quruyub... bu göz yaşları sadəcə səsdə, sözdə, hərəkətdə yaşayır... Deməli, bu ayrılıq çoxdan baş veribmiş... onların xəbəri yox imiş... onlar ayrılıbmışlar... onlar bir-birlərini çoxdan itiriblərmiş. Ona görə də ayrılıqdan öncəki ayrılıqdan xəbərləri olmayıb. Xəbərsiz yaşayıblar. Ayrılıqdan sonrakı ayrılığa qədər. Və....
İndi bu qarışıq dünyada fikirlərin də qarışıq düşdüyünü zənn edəcəksiniz. Yazımın birinci və ikinci bölümünün bir-biri ilə uyğun gəlmədiyini düşünəcəksiniz. Amma bir həqiqəti xatırlatmaq istəyirəm... Dünyadakı həqiqət bundan ibarətdir ki, özünü, ailəsini, millətini sevməyən təbii ki, ona sevgi ilə də yanaşa bilməz. Söhbət bütün növ sevgilərdən gedir. Bax, bizim söz adamımıza, ziyalımıza, müdriklərimizə, sevdiklərimizə, lap elə bir-birimizə böyük hərflərlə yazılan böyük sevgimiz olmayana qədər, elə belə də olacaq. Necə ki, bu gün var.
Bu gün var deyəndə, yadıma həmin o kövrək notlar düşdü. O notlar ki, mənə bu misraları yazdırmışdı.

Gəlib döydüm qapını
Açmadın, canın sağ olsun
Həmişəki tək üstümə
Qaçmadın, canın sağ olsun...

Mənə açılmayan qapı
Qırılan bir ömrün sapı
Xəncərsiz tökdün bu qanı -
Sancmadın, canın sağ olsun...

Susub qurudum yerimdə
Ağrıdı canı yerin də!
Qəm etmə, günün birində -
Deyərlər, başın sağ olsun...

Təziyəni qəbul etməyə hazır olun!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK