adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
04 Dekabr 2021 13:58
471
SİYASƏT
A- A+

Ceyhun Bayramovla Mirzoyanın görüşünün keçirilməməsinin səbəbi... - XİN-dən AÇIQLAMA

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb.

Bunu Adalet.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib.

İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.

Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir.