SON DƏQİQƏ:

Qərib MEHDİ: NİZAMİŞÜNAS ALİMİN «XƏMSƏ»Sİ

  356   |  
Şriftin ölçüsü  

(təəssürat)

Yeni kitab

 

2021-ci il həm də ölkəmizdə dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə tarixin yaddaşına köçür. Bu ilə hərə öz töhfəsi ilə gəlir: şairlər şeirləri, incəsənət adamları fırçası və tişəsi, alimlər elmi axtarışları ilə qiymətli əsərlər yaradırlar. Hərə öz təfəkkürü, baxışı ilə Nizami xəzinəsinə – «Xəmsə»sinə nüfuz edir. Bu sahədə qələm çalan, səmərəli nəticələr ərsəyə gətirən alimlərimizdən biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bayram Apoyevdir. O, Gəncə Dövlət Universitetində çalışır, pedaqogika fakültəsinin dekanıdır. Elmi istiqaməti ilə vəzifə fəaliyyəti uyarlıq təşkil edir.

Bayram müəllim elə bir ədəbi-bədii xəzinənin tədqiqi ilə məşğuldur ki, onun qeyri səmtə yön almağa ehtiyacı qalmır. O, elmi cameəyə «Nizami Gəncəvinin pedaqoji görüşləri» (monoqrafiya), «Nizami irsinin sistemi» (dərs vəsaiti), «Nizami Gəncəvinin pedaqoji görüşləri» (dərslik), «Heydər Əliyev və Nizami Gəncəvi» (monoqra­fiya), «Nizamidə özünütərbiyə» (monoqrafiya) – cəmi beş əsər təqdim etmişdir. Bu beşlik təbii bir uyarlığa söykənir. Bununla da axtarışlar aparmaqdan yorulmayan alimin beşliyi – «Xəmsə»si Nizami Gəncəvinin beşliyi – «Xəmsə»si ilə uyarlıq təşkil edir.

B.Apoyev sıradan olan alim deyil. O, indiyədək müxtəlif miqyaslı konfranslarda iştirak etmiş, Nizami dünyası ilə bağlı əsərləri Rusiyanın, Türkiyənin, İsveçin, Kanadanın nüfuzlu elmi jurnallarında ingilis, rus, fransız, portuqal dillərində çap olunmuşdur. İndi də beşliyini – «Xəmsə»sini tamamlayan «Nizamidə özünütərbiyə» monoqrafiyasına nəzər salaq.

Azərbaycan elmi fikrini möhtəşəm əsərləri ilə zənginləşdirən dahi Nizami onu öyrənib təhlil edənləri daim öz yaradıcılığının elmi zənginliyi ilə də heyrətləndirir. Nizami Gəncəvi bədii sözü ən yüksək zirvəyə qaldırdığı kimi, elm xəzinəmizə də qiymətli töhfələr bəxş etmişdir.

Alim-pedaqoq Bayram Apoyev artıq bu xəzinəyə dəfələrlə baş vuraraq dəyərli elmi nəticələrə gəlmişdir. «Nizamidə özünütərbiyə» adlanan yeni kitabda o bu dahinin hərtərəfli elm dəryasında bir qəvvas kimi üzərək elə qiymətli fikirləri üzə çıxarmışdır ki, əsrlərin dərinliyində söylənən elmi mülahizələri bugünkü pedaqogika, psixologiya elmimizin gəldiyi nəticələrlə müqayisə edəndə heyrətlənməyə bilmirsən. Hər sözü, hər sətri bədii sözün qüdrətindən nişanə olan bu əsərlərdə toplanan elmi nəticələr əsrlərdir onu oxuyanları, öyrənənləri tərbiyə edir.

Dosent Bayram Apoyevin bu növbəti kitabı giriş, 3 fəsil, nəticə hissələrindən və əlavələrdən ibarətdir.

Hər bir elmi əsərdə olduğu kimi, bu əsərində də Bayram müəllim mövzu ilə bağlı özündən əvvəl aparılmış təhlillərə, söylənilmiş fikirlərə nəzər salır. Müəllif Nizami irsinin pedaqoji elmlər baxımından öyrənilməsində daha çox rolu olan alimlərdən M.Muradxanov, Z.Qaralov, Y.Talıbov, S.Quliyev, T.Kərimli, N.Kazımov və başqalarının Nizami əsərlərində özünütərbiyə məsələləri ilə bağlı mülahizələrinə nəzər saldıqdan sonra özünün bu barədə təhlillərinə başlayır.

Kitabın «Nizami Gəncəvinin özünütərbiyənin pedaqoji və psixoloji şərtləri haqında» adlı I fəslinin ilk bölümündə müəllif qeyd edir ki, sadəlik və təvazökarlıq dahi şairə görə özünütərbiyənin pedaqoji şərtlərindən biridir. Və öz fikrini sübut üçün dahi şairin «Xəmsə»sində ilk növbədə «Sirlər xəzinəsi» əsərinə müraciət edir. Burada o yeri gəlmişkən, qeyd edir ki, bu əsəri – «Sirlər xəzinəsi»ni nizamişünas alim, professor Xəlil Yusifli «Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poemanın ən qiymətli nümunəsi» adlan­dırmışdır.

Poemanın 8-ci söhbətində («Xilqətin gözəlliyi və kamalın qüdrəti») şair insanı Allahın yaratdığı ən ülvi varlıq adlandırır, onu sadəliyə, təvazökarlığa, özünü tərifləməkdən uzaq olmağa səsləyir:

Təkəbbür meydanında döyüşə girmə əbəs,

Dünyanı zərrə sanıb, özünü öymə əbəs,

– deyir.

Nizami Gəncəviyə görə cəsarətli və hünərli, səbirli və iradəli olmaq da özünütərbiyənin mühüm şərtlərindəndir (III fəsil, 2-ci bölmə).

 

Fələklərə yüksəldər hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar əsarət səni

– deyən şair «Yeddi gözəl» əsərində oğluna nəsihətində:

 

Təbim kölgələrdən görsə də xətər,

Salır kölgəsini üstümə hünər,

– deyərək paxıl, xəbis insanların hər cür maneəsinə, kölgəsinə baxmayaraq hünərlə bu çətinliklərin öhdəsindən gəldiyini oğluna nümunə göstərir.

Hünəri, cəsarəti ilə irəli getməyi şair bu və ya başqa dərəcədə bütün əsərlərində təbliğ edir. Bayram Apoyev «İsgəndərnamə» əsərində də bu mövzunun əhəmiyyəti yer tutduğunu bildirir və bir sıra epizodları misal göstərir. Məsələn, o qeyd edir ki, İsgəndərin müəllimi Niqumas ona «ağla nur verən» şahanə tərbiyə ilə yanaşı, ürəyə qüvvət bəxş edən hünər də aşılayır.

Nəhayət, İsgəndər öz vəsiyyətində də belə deyir:

 

Ömrümü qəflətlə vurmadım başa,

Ağılla, hünərlə mən doldum yaşa.

 

Bayram müəllimin təhlillərindən öyrənirik ki, dahi şair hünəri yüksək qiymətləndirsə də, ağıla xüsusilə böyük əhəmiyyət verir, axı mənfi hissləri cilovlamaqda ağılın rolu çox böyükdür (II fəsil, 3-cü bölmə).

«Sirlər xəzinəsi» poemasının 17-ci «Tapınma və təcrid bəhsi»ndə hər şeyi qamarlamağa çalışan, nəfsinə uyan insanları kəskin tənqid edir, onları başa salmağa çalışır ki, «göy qübbəsi kimi» bütün dünyanı qucaqlamağa çalışanlar heç nəyə nail ola bilmirlər. Həmin poemanın 7-ci söhbətində («İnsanın ülviyyəti») nəfsini boğmaq bacarığını bəşər övladının ülviyyətini şərtləndirən keyfiyyətlər sırasında xüsusi vurğulayır:

 

Öz nəfsini mələdən, ləlidən oğul ol sən,

İblisə qul olunca, məsləkinə qul ol sən.

 

Müəllif «Sirlər xəzinəsi»ndən sonra Nizaminin «Xosrov və Şirin», «Yeddi gözəl», «İsgəndərnamə» əsərlərindən də bu mövzu ilə bağlı sitatlar gətirib təhlillər aparır.

Kitabın ikinci – «Özünütərbiyənin mərhələləri – dahi Nizaminin pedaqoji baxışları güzgüsündə» adlı fəslinin ilk bölməsində özünəinam əsasında məqsəd və fəaliyyət proqramını müəyyənləşdirməkdən özünütərbiyənin ilk mərhələsi kimi bəhs olunur.

Müəllif bildirir: Nizami «Xəmsə»sinin pedaqoji təfəkkür baxımından tədqiqi göstərir ki, şair özünütərbiyənin pedaqoji şərtləri ilə bərabər onun mərhələləri haqqında da heç vaxt öz dəyərini itirməyən hikmət dolu fikirlər irəli sürmüşdür.

Nizami Gəncəvinin fikirlərinə əsaslanan müəllif özünütərbiyə işini bir-biri ilə sıx bağlı olan 3 mərhələyə ayırmaq mümkün olduğunu deyir:

1. Özünəinam, öz qəlbinin və vicdanının səsinə qulaq asmaq əsasında fəaliyyət proqramını müəyyənləşdirmək.

2. Özünü öyrənib tanımaq və özünü dərk etmək.

3. Özünü dəyərləndirmək və qiymətləndirmək.

Nizami Gəncəvidən:

Özün çıxarmasan mədəndən gövhər,

Gövhər axtarma ki, müftə verməzlər.

Və ya:

Heç salma altına özgə kilimi,

Öz dərin üstündə yat aslan kimi.

 

və sair misallar gətirib təhlillər aparan müəllif, özünəinamın və öz gücünə güvənməyin qələbə çalmaqda vacib şərt olmasından danışarkən, ölkəmizdə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünəinama söykənən «Dəmir yumruq» hərəkatını, qazanılan qələbəni əyani nümunə kimi göstərir.

Bu bölmədə müəllif insanın hər bir hərəkətinin «daxili nəzarətçisi» olan vicdanın özünütərbiyə işində əhəmiyyətli rol oynamasından söz açan Nizamidən çox qiymətli sitatlar da gətirir:

 

Ol öz vicdanın, sirrinə açar,

Çünki bu mərifət qəlbə nur saçar.

 

Həmin fəslin 2-ci bölməsində özünü öyrənib tanımaq və özünü dərk etməyin Nizami Gəncəviyə görə özünütərbiyənin əsas mərhələlərindən biri olduğunu deyən müəllif göstərir ki, özünütərbiyənin əsas mərhələlərindən birinin özünüdərk etmək olduğuna dair pedaqoq və psixoloqların müasir dövrdə gəldiyi nəticəni Nizami Gəncəvi hələ XII əsrdə öz «Xəmsə»sində irəli sürmüşdür. Burada Bayram müəllim professor Xəlil Yusiflinin Nizaminin «Yeddi gözəl» poemasının yeni nəşrinə yazdığı müqəddiməyə də, Ə.Əlizadə və Z.Şirinovanın birgə müəllifi olduğu «Nizami Gəncəvinin psixoloji görüşləri» əsərlərindəki fikirlərə də müraciət edir.

«Sirlər xəzinəsi» əsərindən, xüsusilə onun 9-cu və 15-ci söhbətlərindən yenə bu bölmədə ətraflı danışan müəllif «Gənc şahzadə və onun qoca düşmənlərinin hekayəti»ndəki əhvalatlardan çıxan nəticəni bu sitatla yekunlaşdırır:

 

Özünü dərk edənin öz könül vaizi var,

Ən gözəl öyüdləri qulağına pıçıldar.

 

«Leyli və Məcnun», «Yeddi gözəl» poemalarından danışarkən B.Apoyev göstərir ki, «Yeddi gözəl» əsərində bu məsələ əsərin əsas mövzusunu təşkil edir. O, dahi şairdən özünüdərki Xızır peyğəmbərə əbədi həyat bəxş etmiş dirilik suyu ilə müqayisə edən bu misraları sitat gətirir:

 

Tanı Xızır kimi özünü gəl sən,

Dirilik suyundan, bəlkə, içəsən.

 

Özünütərbiyədə özünü dəyərləndirməyi və qiymətləndirməyi əsas nəticə hesab edən, dahi şairin görüşlərini onun əsərlərindən çıxış edib təhlillər aparmaqla izah edən (III fəsil və 3-cü bölmə) müəllif bir neçə mühüm nəticə çıxarır. Göstərir ki, Nizaminin görüşləri dərin konseptual xarakter daşıyır, müasir pedaqogika və psixologiya elmlərinin müddəaları ilə üst-üstə düşür.

Müəllif əminliklə bildirir ki, Nizami nəzəri fikirlərini özünün şəxsi həyat və əbədiyaşar yaradıcılığı nümunəsində yerinə yetirmişdir. Nizami özü öz yaradıcılığına da ən dəqiq qiyməti vermiş, onun qəhrəmanları da özlərini düzgün dəyərləndirməyi bacaran insanlardır.

Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında bir sıra qiymətli fikirlər irəli sürmüşdür ki, Bayram Apoyevin «Nizamidə özünütərbiyə» kitabında III fəsil məhz bu mövzuya həsr olunmuşdur.

III fəslin 1-ci bölməsi belə adlanır: «Özünə öyüd, nəsihət, məsləhət və tapşırıq vermək – «Xəmsə»də ən çox istifadə olunan üsullar kimi».

Müəllif bu bölmədə də öz fikirlərini əsaslandırmaq üçün çox tədqiqatçıların «didaktik əsər» adlandırdığı «Sirlər xəzinəsi»nə müraciət edir və dahi şairin öz ilham pərisindən aldığı nəsihətləri sadalayır.

Bu nəsihətlər müasir dövr üçün aktuallığını saxlayan öyüd-nəsihətlərdir. Bu, qaytara biləcəyin  qədər borc almaq, öz ilhamını hərisliyə, tamahkarlığa qurban verməmək, qəlbini heyvani instinqtlərdən qorumaq, ülvi məqsədlərə xidmət etmək və sairdən ibarətdir.

Nizami Gəncəvinin əsərlərini təhlil edən tədqiqatçı onun «başqalarının eyiblərini açmağa cəhd etmə», «öz eybinə göz yumma», «dünyada hər bir şeyin eybi olduğu kimi gözəlliyi də olduğunu görməyə cəhd elə» kimi onlarla qiymətli fikirlərini oxucuya təqdim edir. İnsanları yerin-göyün sirlərini öyrənməyə çağıran sadə və təvazökar olmaq, ancaq heç kəsə boyun əyib yaltaqlıq etməmək kimi tövsiyələrə diqqəti cəlb edir.

III fəslin 2-ci bölməsində Nizami Gəncəvinin özünü ruhlandırmaq, özündə nikbinik hissi yaratmaq, həyat hadisələrindən ibrət dərsi almaq haqqında fikirlərinə diqqət yönəldilir.

«Bu dünyanın üstündən qələm çəkib şad yaşamaq lazımdır» («Sirlər xəzinəsi», on birinci söhbət – «Dünyanın vəfasızlığı»), «Şad ol öz qismətin, öz nemətinlə» («Leyli və Məcnun»), «Bəd əməllərə uyan insanlardan uzaq dur, «mələk» xislətli varlıq olduğunu unutma» («Yeddi gözəl») deyən şair insanları həm də həyatdan, hadisələrdən ibrət almağa çağırır:

 

İbrət gözlərimiz olarsa tələf,

Nə bilək bu güldür, ya da bir ələf?

 

III fəslin «Dahi Nizami özünütənqid, özünə düşmənin gözü ilə baxmaq, öz nöqsanlarını etiraf etmək haqqında» adlı 3-cü bölümündə isə müəllif dahi şairin öz günahını görüb, vaxtında anlayıb etiraf etməyin insan həyatında necə önəmli rol oynadığını, özünə kənardan – düşmənin gözü ilə baxmağın əhəmiyyətini təsvir edir:

 

Özünə düşmənin gözlərilə bax,

Onda yaxşı-pisi görərsən ancaq.

 

«Nəticə» bölməsində müəllif dahi Nizamini pedaqogika və psixologiya elmləri üzrə dərin biliyə malik alim kimi xarakterizə edir və göstərir ki, şair-pedaqoqun özünütərbiyə ilə bağlı fikirləri inandırıcı və əsaslı olması, ardıcıllığı, müntəzəmliyi, tamlığı ilə diqqəti cəlb edir. Mütəfəkkir şairin pedaqoji və psixoloji baxışına əsasən, özünütərbiyə işinin ən vacib şərtlərindən biri – cəsarətli və hünərli, səbirli və iradəli olmaqdır.

Özünütərbiyənin mühüm şərtlərindən biri mənfi hiss və emosiyaların əsirinə çevrilməmək, onları ağılın idarəsinə tabe etdirməkdir.

Özünütərbiyənin mərkəzi halqasının özünüdərk olmasını irəli sürən dahi şair özünüdərk zamanı öz nöqsanlarına kənardan baxmağın rolunu irəli sürür.

Kitaba əlavələrdə dahi şairin yaradıcılığına daim yüksək qiymət verən Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvi haqqında müdrik kəlamlarından seçmələr və Nizami Gəncəvinin özünütərbiyə ilə bağlı müdrik fikirlər xəzinəsindən seçmələr də verilmişdir ki, bu, mövzunun daha dərindən öyrənilməsi üçün şərait yaradır.

Monoqrafiyaya Xəlil Yusifli (əməkdar elm xadimi), Fərrux Rüstəmov (əməkdar elm xadimi) və Kamal Camalov (əməkdar müəllim) müsbət rəy vermişlər.

Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimlidir. Redaktor B.Apoyevin kitab üzərində apardığı səmərəli işi belə səciyyələndirir: «Nizaminin yaradıcılıq xəzinəsindən səbirlə, böyük zəhmət bahasına, sevə-sevə seçilərək, dahi şairin öz obrazlı ifadəsi ilə desək, qiymətli incilər kimi sapa düzülərək oxucuya təqdim edilmiş bu kitab, təbii ki, təkcə lokal səviyyədə Azərbaycan oxucusuna deyil, həm də ümumilikdə dünya oxucusuna, təhsil sisteminə, kamil insan tərbiyəsi yolunda Nizaminin göstərdiyi misilsiz xidmətləri daha geniş auditoriyada təbliğ etməyə ünvanlanmışdır».

Əsərin faydalılığını nəzərə alan T.Kərimli arzusunu da önə çəkir: «…Bayram Apoyevin kitabının nəşr edilməsi həm də şairin 880 illik yubileyinə gözəl hədiyyə olmaqla yanaşı, eləcə də yaxın gələcəkdə onun heç olmasa, ingilis və rus dillərinə tərcümə edilərək nəşr edilməsi də məqsədəuyğun olardı».

Gözəl arzudur. Biz də B.Apoyevin elmi və bədii kitablarının (o, həm də beş şeir kitabının müəllifidir) oxucusu olaraq bu arzuya qoşuluruq.

Noyabr, 2021.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-27
2021-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK