adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
21 Iyun 2021 17:32
22761
ANALİZ
A- A+

Aqil ABBAS: ANALAR AĞLATDI KÖÇƏRYANI 

Əli təkcə  bizim xalqımızın deyil, həm də erməni xalqının qanına batmış , cocuq  qatili Köçəryan seçkilərdə Paşinyana 3:1 uduzdu.  Rusiya Köçəryanı  hakimiyyətə gətirə bilmədi.

Səbəb aydındı, artıq  erməni xalqı da yorulub, usanıb. Erməni anaları da övladlarının başqa dövlətin torpaqlarında qırılmasını istəmir. Ona görə də Birinci Qarabağ müharibəsinin «qalibi» Köçəryana deyil, İkinci Qarabağ savaşının məğlubu Paşinyana  səs verdi.

Qrant Matevosyanın əsərlərinin birində belə bir epizod var. Atası  övladına nəsihət verir ki, oğul, bu cığır Kolanı kəndinə gedir. Əgər bu tayfayla dost olsan ömrü  boyu  yaxşılıqlarını görərsən. Yox, əgər düşmənçilik eləsən  başını  çomaqla əzərlər.

 Ermənilərin Qrant Matevosyanı yox, Zori Balayanı və zoribalayanları dinləmələri son nəticədə başlarının «dəmir  yumruq»la  əzilməsinə səbəb oldu.

Ermənistan dörd tərəfdən  türklərin  əhatəsindədi. Gürcüstan  tərəfdən də, İran tərəfdən də  Ermənistan sərhədində yaşayan türklərdi.  Əgər ermənilər bizlərlə adam kimi yaşamaq istərlərsə  yaşaya biləcəklər, əks halda,  nəfəsləri  daralacaq  və boğulacaqlar.

Ağıllı ermənilər bunu bilir. Amma faşist  siyasətçilər bu xalqı  necə xəstə salıbsa, ağıllı ermənilərin onları yola gətirmələri  uzun bir zaman tələb edir.  Deyəsən, o zaman başlayıb.  Və başlarına dəyən «dəmir yumruq» onların  beyinlərini  yaxşı mənada silkələyib.

Bəli, erməni anaları müharibəyə deyil, sülhə, əmin-amanlığa  səs verərək idbar sifətli Köçəryanı  atdılar tarixin  zibilliyinə.

İndi Köçəryan deyir  seçkini  tanımıram.  Dünəndən tanıma. Tumanbağını  bağlamaq  çox gecdir. Seçkiyə qoşulub  barajı keçə bilməyən digər partiyalar da Köçəryanı  dəstəkləmədi, yəni seçkini tanıdı.

İndi Paşinyan  erməni xalqını xarici dövlətlərin nökərçiliyindən xilas edib adam kimi yaşada bilər. Hərçənd ki adam kimi yaşamaq istəməyənləri  adam eləmək çox çətindi.

Digər Xəbərlər