adalet.az header logo
  • Bakı 12°C
10 Iyun 2021 10:56
52426
ƏDƏBİYYAT
A- A+

" Qanqsterlər və “Canavarlar" - Vüsal Bağırlı yazır...

Amerika 20-ci əsrin əvvəlləri


Amerika kapitalizminin böhranı baş verir.


“Böyük depressiya” pul kütləsinin kəskin çatışmazlığı, borcların
artması və digər iqtisadi çətinliklər və problemlərlə yadda qalır.
Monopoliyaların iqtisadi prosesləri ləngitməsi, aclığın kütlələri öz
məkrli caynağına keçirməsi, dəhşətli işsizlik, dilənçilik fonunda
mafiyalar tərəqqi edir, cinayətkarlıq sürətlə çiçəklənir.


Alkoqolun istehsalına və daşınmasına məhdudiyyətlər qoyan
“Quru Qanun” adlı milli qanun qüvvəyə minir.
Kontrabanda və qeyri-leqal istehsalla məşğul olan Amerika
mafiyası dövlətə meydan oxuyan güclü qüvvəyə çevirilir.
Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda qan-qan deyən
qanqsterlər, irland, italyan və yəhudi klanlar arasında müharibə,
savaş tüğyan edir. Küçə atışmalarında yüzlərlə dinc, günahsız
sakin çarpaz güllənin hədəfinə tuş gəlir.
Butleger dəstələri, kriminal qruplar Amerikanın ölüm kabusuna
çevirilirlər.


Al Kaponenin, Karlo Qambininin, “sısqa” Merlinonun, “Xoşbəxt”
Lüçanonun, “Çapıqlı” Mİkkinin kolt, karabin və vinçesterlərlə,
dinamitlərlə silahlanmış mənfur bandaları həm bir-birlərini, həm
də atışmaların məzlum, günahsız qurbanına çevirilən dinc
insanları öldürür, qətlə yetirir, amansızlıqla məhv edirlər.

Mafiya sıralarına qəbul edilən, onun sprut caynağına keçənlərə ilk
olaraq bu sual verilir: “Sən bilirsənmi, bu işlə məşğul olanların
əksəriyyəti heç qırx yaşına çata bilmir?”.

Bakı, 21-ci əsrin əvvəlləri


“Traffik canavarı” hər il yüzlərlə can alır.
Yolllarda, küçələrdə, şosse və sürət trassalarında baş verən
nəqliyyat qəzaları insanların həyatına amansızlıqla son qoyur.
İnformasiya saytlarında yol - nəqliyyat qəzaları haqqında gedən
gündəlik statistik məlumatlar o qədər çoxdur ki, artıq adi qarşılanır
və həyəcan doğurmur.
Qəzalar, avtomobillərin piyadaları vurması, toqquşmalar, sərt
döngədən burulan yuxulu maşının dərəyə aşması kimi dəhşətli
hadisələr yalnız trafikin bol olduğu, tıxacların əsəb gərginliynə
çevrildiyi paytaxtın küçə və prospektlərində deyil, rayon, kənd
yollarında da baş verir.


Yol-hərəkət qaydalarından xəbərsiz, ibtidai savada malik
olmayan, mindirəcəyi sərnişindən ötrü didişən taksi, avtobus və
digər sərnişindaşıma nəqliyyatı sürücüləri əlinə “Tompson
pulemyotu” almış qanqsteri xatırladırlar.
Yollarda şütüyən, ötüşən, öz sürətinin hədd-hüdudunu bilməyən
brend markaların, “sport car”ların -“Porsche”, “Gelandewagen”,
“Maserati”, “Bugatti”lərin günahı üzündən insanlar səkilərdə,
şosse kənarlarında, asfaltın üzərində can verir, həyatlarını itirirlər.

Piyada keçidləri, yolüstü körpülər, asfalta çəkilən zebr-cizgilər və
işıqforlar, çoxsaylı qadağa, məhdudiyyət nişanları belə onları xilas
etmək gücündə deyil.
Bu qəzaların ucbatından, gəzintiyə, yollara, küçələrə çıxan
vətəndaşlarımızın əksəriyyəti qırx yaşına belə yetişə bilmir.


Vüsal Bağırlı