adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2021 12:44
14145
MƏMLƏKƏT
A- A+

MÜHARİBƏ VETERANI İŞ AXTARIR

Xanoğlan Rza oğlu Cabbarov vətənpərvər, yurdsevər gəncdir. Bakıda fizika-riyaziyyat və informatika təmayüllü liseyi yüksək qiymətlərlə bitirib. Hərbi xidmət keçib. Azərbaycan Dövlət Neft Sənaye Universitetinin mexanika fakültəsinin materialşünaslıq mühəndisliyi ixtisasına bakalavr kimi yiyələnib. Di gəl ki, ali təhsilli gənc neçə illərdir nə ixtisasına uyğun, nə də başqa bir babat iş tapa bilmir, bacarığını, potensialını göstərsin. Yalnız özəl sahədə xırda-para işlərdə çalışıb, ailəsinə çörəkpulu qazanıb.

İkinci Qarabağ Vətən Müharibəsi başlayan kimi Xanoğlan dərhal Ali Baş Komandanın, Müdafiə Nazirliyinin və vicdanının səsinə səs verib. Könüllü olaraq cəbhə bölgəsinə yollanıb. İki ayacan hərbi hissədə olub, müxtəlif tapşırıqların öhdəsindən uğurla gəlib.

Şübhəsiz, torpağımızın azad olunması, bütövləşməsi Xanoğlan Cabbarov kimi cəsur övladlarımızın sayəsində baş verib. İnsafən, indi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev daim şəhid ailələrinə, qazilərimizə, əsgərlərimizə diqqət göstərir, problemlərin həllinə göstəriş və sərəncamlar verir. Bundan dövlət orqanları da nümunə götürür. Axı, ordumuz həqiqətən bu müharibədə can qoyub, qələbə qazanıb.

Xanoğlan təvazökar və istiqanlı gəncdir. Baxmayaraq ki, yüksək hazırlığı, biliyi var, ən adi işin qulpundan da yapışmağa hazırdır. İngilis, rus dillərində oxuyub-yazmağı, danışmağı bacarır, kompüter biliyi yüksək səviyyədədir, “BC” kateqoriyalı sürücüdür.

Sənədlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Neft Şirkətinə yollasa da, hələ ki, ona cavab verən yoxdur. Bizcə, bu səmimi müraciətdən sonra Xanoğlan Rza oğlu Cabbarovla maraqlanan tapılar. Kömək etmək, imkansıza əl tutmaq, qapı açmaq lazımdır, cənab məmurlar, iş adamları, səlahiyyət sahibləri!

 

1. Adil Cəmil - şair-publisist, Respublikanın Əməkdar jurnalisti

2. Əbülfət Mədətoğlu - - şair-publisist, Respublikanın Əməkdar jurnalisti

3. Ağacəfər Həsənli - şair-publisist

4. Elçin Hüseynbəyli - yazıçı-publisist, Əməkdar incəsənət xadimi

5. Tofiq Nurəli - həkim-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

6. Balayar Sadıq - şair, “Yurd” jurnalının baş redaktoru

7. Maarif Soltan - “Qobustan” jurnalının baş redaktorunun müavini, Prezident təqaüdçüsü

8. İslam Qəribli - filologiya elmləri doktoru, professor

9. Oqtay Abbasov - pedaqoji elmlər namizədi, dosent

10. Ümumilikdə 30 imza