adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Yanvar 2021 11:27
50732
ƏDƏBİYYAT
A- A+

Gözünə gün düşən adam

Elçin Hüseynbəyli keçən əsrin 80 – ci illərində ədəbiyyata gələn və öz əsərlərində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanların real surətini yaradan, onların vətənpərvərliyini, zəngin daxili aləmini, yüksək mənəvi keyfiyyətlərini təbii boyalarla təsvir edən sənətkarlarımızdan biridir. Həyatda baş verən hadisələrə vaxtında müdaxilə edən yazıçı müxtəlif xarakterli insanların qarşılaşdığı problemləri önə çəkməklə, obrazların hərəkət və düşüncə tərzini inandırıcı şəkildə açıb göstərmiş, onları psixoloji təhlildən keçirərək bu günümüzün reallıqlarını doğru – dürüst əks etdirməyi bacarmışdır. Onun yaradıcılığında vətəndaş yanğısı o qədər güclüdür ki, o, öz dövrünün, zamanının hadisə və münasibətlərinə vaxtında müdaxilə edə bilmişdir. Yazıçı qələmə aldığı hər hansı bir obrazı real, inandırıcı situasiyalara salır, hər situasiya obrazın bir cəhətini açır və əsərin sonunda biz bu obrazı bütün mahiyyəti, varlığın bütün çalarları ilə görürük. Çünki ədibin böyük məhəbbətlə qələmə aldığı qəhrəmanlar bizim həyatda yaxından tanıdığımız insanlardır. Məhz buna görə də ədibin təhkiyə üslubunda yazdığı hekayələr öz orjinallığı ilə diqqəti cəlb edir. Bu baxımdan yazıçının “Gözünə gün düşür” (“Ulduz” 11.2020) hekayəsi Qarabağ mövzusunda yazılmış ən gözəl əsərlərdən biri kimi xüsusi yer tutur.

Hekayənin əsas personajı 53 yaşlı onkoloq – həkimdir. O, ağır xəstədir. Hər gecə nisgilli yuxular görür. Onun həyatda yalnız bir arzusu var: işğal altında olan kəndlərinə gedib, orada bir “sülh ağacı” əksin və atasının məzarı yanında öz əllərilə qəbrini qazıb əbədiyyətə qovuşsun. Bu məqsədlə o, evdə bir məktub yazaraq stolun üstünə qoyur, kimsə görməsin deyə sübh tezdən evdən çıxıb yola düşür. O, axşama yaxın qəsəbəyə gəlib çatır. Qəsəbənin yaxınlığında erməni postunun olduğunu nəzərə alaraq çayxanada oturub axşamın düşməsini qərara alır. Axşam düşən kimi o, ayağa qalxıb yaxınlıqdakı çaya doğru addımlayır.

Yazıçının böyük məhəbbətlə qələmə aldığı bu obraz ömrünün son günlərini yaşasa belə, öz məqsədindən əl çəkmir. Onkoloji xəstə olmasına baxmayaraq, onun qəlbi həyat eşqilə döyünür. O, öz məqsədinə çatmaq üçün hər cür ağır məhrumiyyətlərə dözərək tutduğu yolun düzlüyünə, doğruluğuna inanır. Çünki

onun qəlbində Vətən sevgisi o qədər güclüdür ki, o, həyatını belə onun yolunda qurban verməyə hazırdır. Bütün bunların hamısı onun daxili aləminin saflığından, təmizliyindən, xarakterinin kamilliyindən irəli gəlir.

O, çayın sahilinə çatıb çantasını yerə qoyur. Oturub bir anlığa xəyala dalır. “Balıq tutduğu, futbol oynadığı” günlər yadına düşür. Sonra “çantasındakı balaca “sülh ağacı”nı çıxarıb baxdı. Hər şey qaydasındaydı. Ağacı bazardan almışdı. Satıcıya demişdi ki, ona hər iqlimə uyğunlaşan bilən yaşıl ağac növü lazımdır. Yaşlı və təcrübəli bağban bu balaca ağac – kolu məsləhət bilmişdi.” Bir azdan həkim ayağa durub yoluna davam edir. Bu ağır və əziyyətli yolçuluq onun ağrılarını daha da artırır. Buna dözə bilməyən həkim özü ilə götürdüyü iynələrdən birini buduna vurub yoluna davam edir: “ O, iki kəndi ötmüşdü. Ancaq kəndlər yox idi. Onların kölgələri qalmışdı. Evlərin çardaqları, divarları sökülüb aparılmış, talan edilmişdi...” O, çayı tutub irəliləməkdə davam edir. Çünki bu çay onu yaşadıqları evin yanına aparıb çıxaracaqdı. Yazıçı öz qəhrəmanını tanış cığırlardan, döngələrdən keçirir. O, gah “Maralyan bağı” nı, “Düşker” i, “Çayağzı”nı, “Quzuqulağı dərəsi” ni keçib “Kürdü” deyilən yerin üstünə qalxır, gah da “Yalova” ya çıxıb kol – kos basmış cığırla evlərinə inamla addımlamağa başlayır. “Mahmudlu” bağı meşəyə çevrilmiş, “Kələsərlik” yox olmuşdu. O, evlərinə gəlib çatır. Onun “ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixi xatırladırdı.Həyətlərinə girdi. Çobustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütov qalmışdı. Sanki onu muzey üçün saxlamışdılar. Həyəti hasarlayan piltələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı. Qəlbindəki həyəcanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizlərindəki qəzəbi soyutmaq üçün ağladı...”

Hekayədə təsvir olunan hadisələr, poetik fikrin istiqaməti bu obrazın bəşəri xarakter olmasına yol açır. Onun gəlişilə gözləri yolda qalmış kənd sakini kövrəlir. Evlərini, o cümlədən bütov bir kəndi dağılmış halda gördükdə onun qaysaq bağlamış yaraları qövr edir: düşdüyü ağır vəziyyəti, ürəyində qübar bağlamış dərdləri, çəkdiyi mənəvi iztirablar o qədər böyükdür ki, oxucu onun bu kədərinə biganə qala bilmir. Bir tərəfdən müharibənin vurduğu ağır yaralar digər tərəfdən qəlbi Vətən eşqilə döyünən bir insanın yurd həsrəti, torpağa bağlılığı əsərdə bütün təfərrüatı ilə təcəssüm edir.

Yazıçının bütün varlığı ilə sevərək yaratdığı bu obraz özünün kamilliyi, xarakterinin bütövlüyü ilə fərqlənir. O, işğal altında olan ata – baba yurduna gedəndə dərin daxili psixoloji sarsıntılar keçirir, ancaq öz məqsədindən geri dönmür. Çünki o, tutduğu yolun doğruluğuna inanır. Həyatın doğurduğu bütün çətinliklərə mərdliklə sinə gərən həkim özü ilə gətirdiyi “sülh ağacı”nı həyətdə əkməyi qərara alır. “Nəhayət, çöl darvazasının yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı. Həmin dəmirlə bağçanın ortasında köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir xeyli əlləşdi...Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı ehmalca çantasından çıxardı, salafanını açıb köklü – köməcli və torpaqqarışıq çalaya qoydu. Bircə qalırdı çaydan su gətirmək...” Bu zaman iki əlisilahlı erməni əsgəri onu əsir alıb aparır. Ədib öz qəhrəmanını çətin sınaqlar qarşısında qoyur. “Əslində, burada anlaşılmaz bir şey yoxdur, əvvəlcədən də bunu təxmin eləmişdi…” Zastavda onu cavan bir erməni zabiti qarşılayır. Həkim gəlişinin məqsədli olduğunu bildirir və tezliklə öləcəyini söyləyir: “Mənim vaxtım azdır, ölümümə bircə gün qalıb, - dedi və şalvarının balağını yuxarı qaldırıb, şişmiş dizini göstərdi...” O, bura təkcə “sülh ağacı” əkməyə yox, həm də “ölməyə gəldiyini” söyləyir. Erməni zabiti onun dediyinə deyəsən, inanır. Müəllif hər iki obrazın dialoqunu mahir psixoloq kimi o qədər canlı və inandırıcı vermişdir ki, oxucuda buna zərrə qədər olsa da, şübhə yeri qalmır. Çünki burada həyat həqiqətlərinin reallığı, psixoloji gərginlik, obrazın daxili aləminin ən qaranlıq guşələri bütün detallarına qədər canlandırıla bilmişdir. Zabit əvvəlcə xəstəni Yerevana göndərəcəyini bildirir. Lakin onun pulu olduğunu biləndə fikrini dəyişir. Telefonla yuxarıya zəng edib, əsir düşmüş şəxsin öldüyünü bildirir. Onlar, nəhayət razılığa gəlirlər: erməni zabiti onu təpədəki qəbiristanlığa – atasının dəfn olunduğu məzarın yanına aparacaq, əvəzində xəstə ona pulun yerini söyləyəcəkdi: “Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirafdır. Təkcə “sülh ağacı” ilə iş bitmir. Qoy onlar görsünlər ki, bu müharibə uzandıqca hələ çox adam özünü diri – diri basdırmağa hazır olacaq...”

Yazıçı hər şeydən öncə, müharibəni insanları ölümə sürəkləyən bəşəri bir fəlakət kimi dəyərləndirir. Çünki onun törətdiyi dağıntılar, dəhşətli faciələr

gerçəkliyin məntiqi təzahürü kimi dərin fərdi sarsıntılara gətirib çıxarır. Bəşəri fəlakətlərin əks – sədası kimi özünü göstərən fərdi əzab bəzən fəlakətdən də qüvvətli olur, onu qabaqlayır və öz varlığını fərdi sarsıntının daşıyıcısı olan şəxsin ölümü ilə başa vurur.

Bu hekayədə həyat bütün mürəkkəbliyilə təcəssüm edir: işğal olunmuş torpaqlarımız, oda qalanmış şəhər və kəndlərimiz, dağıdılmış məscid və türbələrimiz, talan olunmuş memarlıq abidələrimiz, əcdadlarımızın uyuduğu qəbirstanlıqlar belə zəbt olunaraq erməni qəsbkarları tərəfindən yerlə - yeksan edilmişdi. Hekayənin əsas qəhrəmanı isə yazıçı təxəyyülünün məhsulu deyil, o, həyatdan götürülmüş və bizim yaxından tanıdığımız, qəlbi Vətən həsrətilə döyünən yüz minlərlə insanların ümumiləşdirilmiş bədii obrazıdır. Çünki bu obrazın taleyi bir insanın taleyindən deyil, bütöv bir nəslin, cəmiyyətin, xalqın taleyindən keçir.

Müəllif qəhrəmanın xarakterini açmaqla onun hərəkət və düşüncə tərzinin doğurduğu əks – sədanı bütün təfərrüatı ilə göstərməyə çalışır. Obrazın düşdüyü dözülməz şərait, vəziyyətin ağırlığı, xəstəliyin törətdiyi acı fəsadlar onu çətin sınaqlar qarşısında qoyur. Ancaq o, bu sınaqlara mərdliklə dözərək, onları dəf etməyi bacarır. Həkim zabitlə “kilometrdən bir az artıq olan yolu” Allah bilir neçə saata getdilər. Artıq o, yeriyə bilmirdi: “...Cibindən bir kağız çıxardı.

– Həyətimizdə gizlətmişəm, tövlənin yanındakı əncir ağacı dibində... Ağaca su verməyi unutma...” Zabit: “Tapmasam, bəs necə olsun?” Həkim: “ Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir.” – deyə cavab verir. Xəstə zabitin köməkliyilə qəbirstanlığa gəlib çatır. Ancaq qəbirstanlıqdan əsər - əlamət qalmamışdı.” Qəbirstanlıq tanınmaz olmuşdu. Uçulmuşdu, bəzilərinin baş daşları çıxarılıb aparılmışdı…”

Müəllif xəstənin düşdüyü acınacaqlı vəziyyəti, keçirdiyi daxili sarsıntıları, onun əhval – ruhiyyəsini o qədər real bir şəkildə təsvir etmişdir ki, oxucu bu obrazın qarşısında öz heyranlığını gizlədə bilmir. Biz bu əhval – ruhiyyədə insan qəlbini yandıran, onu sözsüz açıb göstərən kədər dolu bir hüzn görürük. Yazıçı həyatın ən tipik cəhətlərini ümumiləşdirərək, onu gözlər önündə sərgiləyir. O, öz kədərli təhkiyəsilə nəinki oxucunu yormur, əksinə, onu arxasınca çəkib aparmağı bacarır. Həyatda müxtəlif dünyagörüşə, psixologiyaya, düşüncə tərzinə malik olan

oxucu dərin həyəcan hissi keçirir, qəhrəmanın halına ürəkdən acıyır, onun dərdlərinə şərik olur.

Həkim “sürünə - sürünə atasının qəbrinə çatır. Qəbirin yalnız yeri qalmışdı, özü uçulmuş, “övladlarından yadigar” sözü yazılmış mərmər daşı yoxa çıxmışdı... Daha qəbir qazmaq lazım olmayacaqdı...”

Göründüyü kimi müəllif hekayənin süjet xəttini şaxələndirir, əksinə burada yığcamlığa səy edərək psixoloji dəqiqliyə və dərinliyə xüsusi diqqət yetirməklə hekayəni daha da oxunaqlı edir. O, əsərdə sözləri seçib yerli – yerində işlətdiyi üçün oxucunu yormur, onu obrazın arzu və düşüncələrilə baş – başa buraxır və ən çətin anlarda belə obrazla birlikdə hərəkət edir. O, qəhrəmanın uşaqlıq illərindən söhbət açmaqla əsəri yeni çalarlarla zənginləşdirir: “O sürüşüb çalaya düşdü... Qəbir istiydi. Həkim ağrıları hiss eləmirdi. Onun bədəni sanki ölmüşdü, amma yaddaşı diriydi. O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı...Gözlərinin önünə güllü – çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutmağı yadına gəlirdi. Hər şey gözəl idi... İndi bu gözəlliyin və itkinin yerimi acı bir boşluq doldururdu... Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi. Ölərkən hiss elədi ki, gözlərinə gün düşür...”

Oxucu qəhrəmanın ölümünü dərin təəssüf hissilə qarşılayır, onun vaxtsız ölümünə ürəkdən acıyır, göz yaşlarına hakim ola bilmir...Yazıçı da bütün varlığıyla sevdiyi bu obrazın ölümünə inanmaq istəmir, sükut içində ağlayaraq “gözlərini ovuşdurur,” onun ölümünə yas tutur. O eyni zamanda obrazın düşdüyü bu çətin vəziyyəti, onun ağrı və əzablarını, daxili sarsıntılarını söz və ifadələrin psixoloji təsirilə önə çəkərək onun mənəvi dünyasını ülviləşdirir. Bir maraqlı cəhəti də qeyd etmək lazımdır ki, vaxtı ilə dahi rus yazıçısı Lev Tolstoy “Anna Karenina” romanını yazıb qurtardıqdan sonra otaqda yazı masası arxasında oturub öz qəhrəmanının ölümünə hönkür – hönkür ağlayırmış.

Buradakı oxşarlıq mövzu və ya hadisə oxşarlığı kimi deyil, daha dərin mənada arzu və ideyalar uğrunda mübarizənin oxşar tərkib hissəsi kimi götürülür və müxtəlif zaman və məkanlarda yaşayan insanların əks – sədası kimi özünü göstərmiş olur. Hər iki halda biz gerçəkliyin adi hallarda əks olunan

paradoksallıqla qarşılaşırıq və fərdi düşüncə ictimai problemin tərkib hissəsi kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, ədibin yaradıcılığında hər bir obraz yazıçı ömrünün bir parçasıdır. Çünki obrazla yazıçı arasında heç bir sədd, heç bir sərhəd yoxdur, bu obraz sənətkarın özüdür, onun varlığı və düşüncəsidir, duyğusu və hissiyatıdır.

Hekayənin ümumi ahənginə, ruhuna uyğun olaraq kövrək təhkiyə üsulu seçməsi yazıçının ən böyük uğuru sayıla bilər. Çünki bu üsul hekayədə dərin psixoloji effekt yaradır. Əsərdə sözlərin yaratdığı ahəng emosionallıqdan uzaq olub, məntiqi ardıcıllığa söykənərək fikrin dərinliyinə, daşıdığı məna yükünə, onun bütövlüyünə və tamlığına zəmin yaradır. Bu hekayə eyni zamanda ağır kədər və fərdi sarsıntılarla yanaşı geniş oxucu kütləsinin ürək çarpıntılarını özündə birləşdirən bəşəri bir haraydan xəbər verir.

Bu əsərdə zaman və məkan anlayışları da müxtəlif qütblərdə kəsişərək gerçəkliyin bədii inikası kimi təzahür edir. Burada cərəyan edən hadisələr obrazın düşdüyü şəraitdən asılı olaraq, daim dinamik inkişafda və hərəktdə təsvir olunmuşdur. Zaman həmişə öz axarındadır, məkan isə zamanın tələblərinə uyğun olaraq, həyatda baş verən hadisələrin coğrafi anlamda təsfir olunduğu yerdir. Bütün bunların hamısı yazıçı təxəyyülünün zənginliyi və dəqiqliyi, obrazın həyatiliyi, onun psixologiyasının dinamikliyilə bağlı olmasındadır.

Yazıçının uğur qazanmasının əsas səbəblərindən biri də onun seçdiyi mövzuya yaxından bələd olması, onu dərindən bilməsi, şahidi olduğu hadisələrin mahiyyətinə nüfuz etməyi bacarmasında və eyni zamanda gözəl söz düzümü olmasındadır. Müəllifin böyüklüyü və onun sənətkarlığının sirri də məhz bundadır.

Müəllif: Vəliyulla Novruz