adalet.az header logo
  • Bakı 16°C
09 Noyabr 2020 12:21
120818
MƏMLƏKƏT
A- A+

Hədəf olan yurdlarımız: 2 gündə 675 mərmi düşən Mahrızlı kəndindən REPORTAJ

30 ilin yekunu! 30 ilin həsrəti! 30 ilin sıxılıb qalmış sevinci! Azərbaycan xalqı, Azərbaycan dövləti bu gün 200 ildir yaşamadığı bir sevinci yaşayır! Bəli, Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da qələbə ilə başa çatdı. Azərbaycanın bu qələbəsi ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan xalıq və Azərbaycan Ordusu birlik oldu, həmrəylik göstərdi, qalib oldu.

Bu gün ağır müharibə dövrünü başa çatdırmış ölkəmiz erməni xislətinin vurduğu ziyanı müzakirə edir. Ordumuza gücü çatmayan ermənilər dinc əhalinin yaşadığı əraziləri, insanların sıx məskunlaşdığı yaşayış məntəqələrini iri çaplı silahlardan, ağır artilleriyalardan raket atəşinə tutaraq dinc insan itkisinə və şəxsi təsərrüfatlara böyük məbləğdə ziyan vurub. Bu müddət ərzində ermənilərin törətdiyi təxribatlar nəticəsində 93 dinc sakin həlak olub, 407 dinc sakin yaralanıb. Həmçinin 3326 yaşayış evi, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış evi yararsız hala düşüb.

 

Ağdamın bombardman olan Mahrızlı kəndi

 

Təbii ki, müharibənin ən qaynar nöqtələrindən biri də Ağdam ərazisidi. Xüsusən, 27 ildir ki, ordumuzun gücünə-qüdrətinə güvənərək təmas xəttində yağı düşməndən qorxmadan –çəkinmədən yaşayan, işləyən ağdamlılar bu dəfə də əsl cəsarət nümayiş etdirərək kəndindən, doğma evindən uzaqlaşmadı, çaxnaşma yaranmasına, düşmənin sevinməsinə şərait yaratmadı. Belə kəndlərimizdən biri olan Mahrızlının əvvəllər döyüş mövqeyi ilə arasındakı məsafə 2 km –dən də az olub.

Əvvəlcə qeyd edim ki, rəsmi məlumatlara əsasən, Mahrızlı Ağdam rayonu ərazisindəki Zəngişalıkəndiylə bir sayılır. Kəndin təxminən 1800 sakini var. Azərbaycanlılardan ibarət olan kənd əhalisi qədimdən əkinçilik, maldarlıq və toxuculuqla məşğul olublar. Kəndin ərazisində eramızdan əvvələ aid kurqanlar tapılmişdır ki, bu da Mahrızlının ta qədimdən yaşayiş məskəni olduğunu sübut edir.

Sovet dönəminin məktəblilərinin yadında olar: Mahrızlının adı hələ SSRİ dövründə, bu kəndin 20 yaşlı gəncinin misli görünməmiş qəhrəmanlığı ilə dünyaya tanınıb.Beləki, 1967-ci il təvəllüdlü Mahrızlı kənd sakini Rahib Məmmədov qonşu Gürcüstan Respublikasında SSRİ Silahlı Qüvvələrinin tərkibində xidməti vəzifəsini yerinə yetirirdi. 1987-ci ildə Gürcüstanda baş verən təbii fəlakət nəticəsində Xobi rayonunun Çaladidi kəndi suyun altında qalır. Kəndin mülki sakinləri isə selin caynağında əsirə çevrilir. Həmin vaxt 20 yaşlı Rahib Məmmədov 28 nəfər gürcünün həyatını xilas edib. Təəssüf ki, son anda Rahib Məmmədov qarşıdakı körpüyə qalxmaq istəyərkən heyəti olduğu "ZDM"-i sel itələyir. O, texnika ilə dəmir maneə arasında qaldığından ölümün caynağından xilas ola bilmir, qəhrəmancasına həlak olur. 

Bu gün Mahrızlı kənd orta məktəbi həmin əfsanəvi qəhrəman Rahib Məmmədovun adını daşıyır. Məktəb binasının yanında isə Rahib Məmmədovun adı verilmiş Döyüş Şöhrəti Muzeyi fəaliyyət göstərir. Məktəbin tarix müəllimi İntiqam Əsədov erməni terrorçularının dinc əhalini hədəfə almasından danışarkən həmin məktəbə də atılan mərmilərdən, vurulan ziyandan danışdı. Ağdərə ərazisindən atılan mərmilər nəticəsində 292 şagirdin təhsil aldığı, 35 müəllimin pedaqoji fəaliyyətlə məşğul olduğu Mahrızlı kənd tam orta məktəbi bərbad vəziyyətə düşüb.

İntiqam müəllimlə birlikdə ən çox dağıntıya məruz qalmış evlərə və yardımçı tikililərə baş çəkdik. Həmsöhbətimiz kənd sakini I Qarabağ müharibəsi veteranı Qalib Gərayevin şəxsi evi demək olar ki, darmadağın olub. Q. Gərayevsöylədi ki, 8 noyabrda 5 nəfər ailə üzvümlə birlikdə evimdən xeyli aralıda olan şəxsi təsərrüfatımla məşğul idik. “Kəndə mərmi düşəndə elə bil ürəyimə damdı ki, dağılan bizim evdi. Hissim məni yanıltmamışdı. Baxmayaraq ki, bu evi minbir əziyyətlə tikmişdim, başa gətirmişdim, amma qətiyyən kədərlənmədim. Əsas o idi ki, ətrafdakı evlərə də zərər dəysədə insan itkisi olmamışdı. Vallah, bu gün sabah bundan da yaxşı ev tikəcəm!Quracam!Min evim olsun, mini də qurban olsun əsgərlərimizə! Təki əsgərlərimiz sağ-salamat valideynlərinə qovuşsun!”

-Siz hərbçisiniz , sizcə, belə böyük dağıntıya səbəb hansı artilleriya qurğusu ola bilər ?

ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi) gəlib mərmiləri təmizlədi və bildirdi ki, bu mərmilər 152 mm-lik (OF-45) top mərmisidir.

2 gün ərzində 675 mərmi düşdü...

Mahrızlı Ərazi Bələdiyyə sədri Camal Əsədovla söhbət əsnasında o dedi ki, ermənistan silahlı qüvvələrinin namərdliyinə şahid olduğumuz ilk dəfə deyil:” 1990-cı ildən bu günə qədər ermənilərin qətlə yetirdiyi uşaqların, qadınların, qocaların nəşi gözlərimiz önündən getməyib. Ermənilər hər zaman belə olub. Torpaqlarımıza köçürüldükləri zamandan türk qanına. Insan ölümünə susayıblar! Təsəvvür edin, bizim kəndə 2 gün ərzində 675 mərmi düşdü. 15-ə qədər ev tamamilə ev dağılaraq yararsız vəziyyətə düşüb. 50-yə yaxın ev, obyekt və yardımçı tikili qismən zərər çəkib. Ordumuzun başına dönüm, yaxşı verdilər bu qaniçənlərin cavabını...

Əli İlyaszadə hələ avqust ayında Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək qeydiyyata düşmüşdü. O, deyir ki, hər gün çağırış vərəqəsini gözlədim. Mən də əsgərlərimiz kimi tarix yazmaq arzusundaydım.

Heyf, yaşım düşsə də müharibəyə çağrılmadım. Amma hesab edirəm ki, mübarizə tikinti meydanlarında başlayacaq, bu qədər tikilib-qurulası yurdlarımız var, bunları mütləq biz gənclər inkişaf etdirməliyik, tikib-qurmalıyıq!

Ədalət Qaraşov söhbətinə 2016 cı il Aprel döyüşlərindən başladı:” Əslində ermənilər axmaq adamlardılar. Soruşun niyə? Gərək onlar 4 günlük müharibədən sonra kirimişcə bu torpaqlardan uzaqlaşaydılar. Uzaqlaşmadılar ki..? Di, cəsarətləri çatır, qaçmasınlar. Sağ olsun cənab Prezidenti, var olsun xalqımız və ordumuz !İti qovan kimi qovdular erməniləri...(gülür)

Sonda Mahrızlı camahatının Ali Baş Komandana və Ordumuza təşəkkürlərini, minnətdarlığını dinlədik. Mahrızlılar xahiş etdilər ki, qəzetiniz vasitəsilə bizim arzu-diləklərimizi, sevgimizi, ehtiramımızı ünvana çatdırasınız! Məmnuniyyətlə -deyib, sağollaşıb oradan ayrılıram!

Yoluma düzələndə isə öz-özümə söz verdim: Yaxın günlərdə başlayacaq tikinti-quruculuq işlərində yenidən bir reportaj hazırlamaq boynumun borcu olsun!

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri