SON DƏQİQƏ:

VƏRƏQLƏNƏN YADDAŞ

  39995   |  
Şriftin ölçüsü  

Həm uzaq, həm də yaxın

İnsan öz kimliyini, öz yerini və dünyasını müəyyənləşdirib qura biləndə onda yaşamaq nisbətən asan olur. Yəni, mən kim olduğumu, yerimi və nəhayət, hansı dünyaya nüfuz etdiyimi bildiyim andan öz sözümə, öz qələmimə rahatlıqla söykənə bilmişəm. Anlamışam ki, yerim də, kimliyim də, mənim dünyam da ən azı on nəfərə bəllidi… ən azı on nəfər məni, yerimi və dünyamı qəbul edir. Deməli, bu məntiqlə yanaşanda insanın ən güclü fəaliyyət proqramının ana xətti yaddaşdan keçir. O yaddaşdan ki, oradan özünə də, yerinə də, dünyana da baxa bilirsən. Üstəlik, bu yaddaş səni həm dünənə bağlayır, həm sabaha aparır. Dünənlə sabahın arasında özün həm körpü olursan, həm də körpüdən keçən…

Bax, bütün bu söylədiklərimin mənə etdiyi nüfuz nə vaxtdan bəri yazı masamın üzərində olan və demək olar ki, gündə ən azı iki dəfə əlimi toxundurub səhifəsini çevirdiyim kitab-albomdu. Tam səmimiyyətlə etiraf edirəm ki, həyatımda xüsusi bir səhifə olan, yaddaşımın qan damarında hər gün dövr edən bir zaman kəsiyi var ki, mən onun barəsində hamıyla, hər kəslə danışıram. Necə deyərlər, xeyirdə də, şərdə də… avtobusda da, çayxanada da, redaksiyada da… Çünki yaşadığım həmin o zaman kəsiyi mənim təsəvvür etdiklərimi gerçəkləşdirdi. Arzuladıqlarımı mənə göstərdi və mən də yaşadığımı, gördüyümü həm könüllü, həm də qeyri-ixtiyari özümə köçürdüm. Özümünkülləşdirdim, özəlləşdirdim. Oxuculardan da, eləcə bütün hər kəsdən icazə almadan etdiyim bu hərəkətə görə, yəqin ki, məni suçlamazsınız. Bəzən insan ya hissə qapılır, ya məcbur olur, ya da heyrətlənib hansısa bir hərəkət edir, addım atır. Bunu məhkəmə zamanı nəzərə alırlar. Adını da "anlaqsız qoyurlar. Mən qanıma, canıma hopdurduqlarımı bircə, anlaqsız etməmişəm. Amma onun əvəzində anlaya-anlaya, sevə-sevə etmişəm, kövrələ-kövrələ etmişəm!


Bəli, yazı masamın üzərindəki kitab-almanax belə adlanır: NAXÇIVAN Şərqin Əfsanəsi!

Bu kitab-albomu mənə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən hədiyyə ediblər. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Hüseynalı oğlu Əsgərov bu kitab-albomu mənə təqdim edəndə bir anlıq düşündüm və o düşüncəmi indi dilə gətirirəm. Onda mən düşündüm ki, mənə hədiyyə edilən bu kitab-albom onun özünün əsəridi. Adətən müəlliflər kitablarını bağışlamağı xoşlayırlar. Amma mən sonra kitab-albomu vərəqləməyə başlayanda anladım ki, Bəxtiyar müəllim mənə bağışladığı bu hədiyyə ilə məni bütünlüklə və özü də həmişəlik Naxçıvana bağlamaq təşəbbüsündə olub.Və inanın ki, indi bu təşəbbüsə görə, mən ona minnətdaram. Görünür, məndən yaşca çox gənc olmasına baxmayaraq, o, qarşımda əyləşən insanların ürəyini oxuya bilirmiş. Mən iki günlük Naxçıvan səfərim zamanı az qala bir ömürlük zaman yaşadım və bu zaman mənim həyatımın barlı, sünbülləri dan üzü pıçıldaşan bir zəmi kimi yazılıb qaldı. Əgər fikir vermisinizsə, yenicə saralan zəminin sünbülləri elə həzin pıçıldaşır ki, satlarla dayanıb ona qulaq asmaq adama rahaitlıq gətirir, əsəblərini dincəldir. Uşaq vaxtlarında, gənclik illərində doğulduğum Dağlıq Qarabağın Tuğ kəndinin taxıl zəmilərinin kənarlarında o qədər oturub bu pıçıltılara qulaq asmışdım ki, indi də hərdən qulaqlarımda səslənir…

Qarşımdakı kitab-albom Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunub. Onun işıq üzü görməsinə məsul Muxtar Respublikanın Ali Məclisidi. İlk səhifəsi maraqlı bir foto ilə açılır oxucunun üzünə. Burada Ulu Öndər, sağında ölkə prezidenti cənab İlham Əliyev, solunda Ali Məclisin sədri cənab Vasif Talıbov. Təbii ki, mən oxucunun şəklə baxdığı və gördüyü vəziyyəti təsvir edirəm. Naxçıvanda çəkilmiş bu şəkil adamı bir anlıq düşündürür. Çünki şəklin çəkildiyi nöqtə və ümumiyyətlə, arxa planda görünən mənzərə o qədər mükəmməl seçilib ki, orda həm saflıq, aydınlıq, müdriklik, həm tarix var, həm də böyüklük var, əzəmət var. Mən altı hissədən ibarət olan və hər hissəsi də Naxçıvanın dünənini, bugününü ifadə edən bu kitab-albomun sehrinə düşürəm. Səhifələri çevirdikcə elə bilirəm ki, yenidən bu qədim məkana Nuhun izi qalan bu cənnət dünyasına qədəm qoyuram. Hər şəkil mənimlə danışır. Özü də o qədər rahat, o qədər səlist və məntiqli danışır ki, mən susmaqla həm razılaşıram, həm heyrətlənirəm, həm də sevinirəm. Razılaşıram ki, deyilənlər hamısı bir gerçəkdi. Heyrətlənirəm ki, bütün bunların hamısı mənim xalqımındır, mənim aid olduğum məmləkətindir. Sevinirəm ki, mən də bu məmləkətə, bu torpağa ayaq basıb, onları öz gözlərimlə görə bildim, onlara öz əllərimlə toxuna bildim. Və bu üç halın toplusunu yaddaşıma köçürdüm.

Adətən deyirlər ki, çox gəzən çox bilir. Mən bu kitab-albomu vərəqlədikcə həmin fikirlə yüzə-yüz razılaşdım. Üstəlik, həm də bu şəkilləri övladlarıma, ətrafımda olanlara göstərib özüm də şərhlər, izahatlar verməyə başladım ki, bax, bu yerdə, bu nöqtədə mən də olmuşam, bu yer, bu nöqtəni mən də gəzmişəm. Məsələn, Batabatı, Üzən adanı, Əlincəni, Nuh peyğəmbərin məqbərəsini, Əshabül-Kəhfi. Və yaxud Hüseyn Cavid muzeyini, Möminə Xatunun türbəsini, Duz dağını, Bayraq meydanını, Naxçıvan qalasını, Zor bulağı…

İndi özünüz təsəvvür edin, biri var nəyisə eşidəsən, nəiynsə barəsində oxuyasan, biri də var həm eşidəsən, həm oxuyasan, həm də haqqında oxuduğun, eştidiyin nədir, onu gözlərinlə görəsən. Görün sonuncu an nə qədər mükəmməldir. Məhz bu mənada mən vərəqlədiyim kitab-albomun az qala tən ortasında düz 130-cu səhifəsində bir fotonu seyr edirəm. Bu Naxçıvanın bir gecəsinin foto görüntüsüdü. Və mən bu görüntünü seyr edə-edə özümü həmin gecənin içərisində, yəni bu ilin sentyabr ayının 10-u və 11-ci günlərinin gecəsində hiss edirəm. Və az qala and içə bilərəm ki, bu foto görüntüdəki məhz həmin gecədi. Mən onu Naxçıvan qalasından da izləmişəm, Təbriz mehmanxanasının 13-cü qatından da. Deməli, o xoşbəxt gecəni mən də yaşamışam. Və mənə həmin o yaşadığımı bu kitab-albom bir də yaşadır.

Nəhayət, bu kitab-albom mənə həm də bilgi verir. Çünki burada konkret, yığcam, anlaşıqlı şərhlər də var. Verilən məlumatlar az-çox duyumu olan oxucunu Naxçıvan sevdası ilə kökləyir. Adamı həvəsləndirir ki, gedib gerçəyi yerində gözləriylə görsün. Və mən Allah qarşısında etiraf edirəm ki, yazdığım, kağıza köçürdüyüm bu fikirlərin hamısı kimlərəsə xoş gəlmək üçün deyil. Bu, kitab-albomun mənə həm yaşatdığıdı, həm də yaddaşımı səhifələməsidi. Vərəqlərin çevrilməsi ilə mən bu kitab-albomda fotogörüntüləri ilə üz-üzə qaldığım hər bir ünvan təkcə Naxçıvan kimi yox, həm də Naxçıvanın dəyərli insanları kimi - orada yaşayan məğrur, zəhmətkeş ziyalı, sadə əmək adamı, qətiyyətli dövlət məmuru, yurdsevər torpaq övladları kimi mənə doğma oldu. Bir daha hiss etdim ki, məhz canıma-qanıma hopan, yaddaşımda yaşayan, dilimdən düşməyən bu ünvan, yəni Şərqin əfsanəsi olan Naxçıvan mənə son dərəcə əzizdi. Bu ünvanın Batabat adlanan yaylasının bir üzündə mənim süddən gələn bir and yerim, güman yerim, bir Dərələyəzim də var...

Demək, uzaq və yaxın olan hər kimdirsə, hər nədirsə, o, yaddaşda yaşayanda səni də yaşadır. Bax, mənə hədiyyə olunmuş bu kitab-albom da, ona hər dəfə toxunanda məni Naxçıvana aparır, o günləri məndə yaşadır.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK