adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ZARAFATSIZ, MÜDİR, BU İRAN BİZDƏN NƏ İSTƏYİR? - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
2967 | 2022-11-18 17:36

Bizim müdir oxumuş adamdı. Özünün yazdığı kimi, «Tarixi-Nadir»i də axıradək oxuyub, Yunus Oğuzun «Nadir şah» romanını da iki dəfə oxuyub. Hələ bu azmış kimi Eminqueyin şeirlərini də əzbər bilir.

O gün aparıram Milli Məclisə, maşında da məni danlayır ki, sürücü deyilsən, yavaş sür, sağa dön, arxadan gələn maşına yol ver… Həmişə belədi. Mən də söhbəti fırlatmaq istədim. Dedim:

- Zarafatsız, müdir, bu İran bizdən nə istəyir?

Hirsləndi:

- Ə, zəhləmi tökmə, maşınını sür.

- Yox da, müdir, bir sözdü soruşuram da, oxumuş adamsan. Özü də iki dəfə öz maşınınla çerez İran Naxçıvana getmisən.

Yaralı yerinə toxunmuşdum. Bilirdim ki, hər iki səfərində İran sərhədçiləri ona çox əziyyət vermişdilər. Hətta dalaşmaq istəmişdi.

- Ə, İran canına azar istəyir. Görür ki, şimaldakı azərbaycanlılar adam kimi yaşayır, qorxur ki, cənubdakı azərbaycanlılar da adam kimi yaşamaq istəyər, ayağa qalxıb haqlarını tələb eləyər. Görürsən də indi qalxıblar , qarşısını ala bilmirlər. Özü də təkcə azərbaycanlılar yox, kürdlər də, farslar da day işgəncə altında yaşamaq istəmirlər. Peyğəmbər deyir ki, ya Əli, cənnət ananın ayaqları altındadı. Nə peyğəmbəri eşidirlər, nə də Əliyə biət edirlər. Anaların ayaqları altındakı cənnəti cəhənnəmə çeviriblər. Mollalar da Sovet liderləri kimi özləri kefdədi, əxlaqsızlığın adını da siğə qoyublar.

- Yox ey, müdir, bunları bildim. Bizdən nə istəyirlər?

- Ə, indicə dedim də. Bizim adam kimi yaşamağımızı gözləri götürmür. Görürlər ki, Azərbaycan gündən-günə inkişaf edir, dünyada söz sahibinə çevrilir. Görürlər ki, Qarabağı öz gücümüzə azad etdik, onların narkotrafikini bağladıq. Qarabağın sərvətlərini daşımağa mane olduq. Bacıları Ermənistanı məhv elədik. Day Ermənistana, Qarabağa silah-sursat daşıya bilmir.

- Müdir, İran müsəlman dövləti deyil?

- Xalq müsəlmandı, amma xalqı idarə edənlər müsəlmançılıqdan çox uzaqdı. Bir dövlət ki özünün nəinki müsəlman qardaşlarını, hətta məzhəb qardaşlarını qoyub Yezidin, Şümürün tərəfini saxlayırsa ona müsəlman demək olmaz.

- Müdir, bizdə bir çıqq olan kimi Amerika, Fransa tumanını çırmayır, gəlir üstümüzə. Niyə İrana da bir söz demirlər?

- Ə, dedim yavaş sür. Bir az kitab oxu da, tarix oxu. Xomeyni hakimiyyətə Fransadan gəlməmişdi? Şahı İrandan Amerika qovmamışdı? Üzdə düşmən olduqlarına baxma, gecə Amerikayla, Fransaylı bir yerdə yatırlar.

Çatdıq Milli Məclisə. Maşından düşəndə dedim:

- Müdir, icazə ver bir söz də soruşum.

- Ə, səfeh, guya əvvəl soruşduqlarından icazə istəmişdin ki? De görüm nə istəyirsən.

- Müdir, sən oxumuş adamsan da. De görüm İran dağılacaq, yoxsa yox?

- Dağılır dana. Amerika, Fransa, Rusiya mane olmasa lap bu yaxınlarda İran beş yerə parçalanacaq. Sovet hökuməti yetmiş il yaşadı, İran da uzağı qırx dörd il yaşaya biləcək. Qırx dörd ili də gələn il tamam olur.

P.S. Müdir özünəməxsus tərzdə, müdiri tanıyanlar yaxşı bilir o tərz nədi, danışırdı, məcbur olub ya gərək nöqtələr qoyardım, ya da redaktə edərdim. Ona görə də mən də belə oğlanam da, müdirin danışdığını redaktə elədim.

  • May:
  • 3

TƏQVİM / ARXİV