adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Yük maşınının meydan reydi

MEHMAN CAVADOĞLU
778 | 2022-06-19 10:30

Ermənistan müxalifətinin Nikol Paşinyanı devirmək üçün yaratdığı Müqvimət hərəkatının aprelin 18-dən bəri davam eləyən mitinqləri başa çatdı. Mitinqçilər Yerevanın Fransa meydanında saldıqları çadır şəhərciyinı sökərək, 44 günlük müharibədən sonra başlanmış fasiləsiz etiraz aksiyalar zamanı olduğu kimi əli ətəyindən uzun dağılışıb getdilər. İşxan Saqatelyan etirazların bundan sonra da davam edəcəyini, çadırların sökülməsini, sadəcə olaraq, 24 saatlıq etiraz rejiminə son qoyulması kimi izah eləsə də, onun yenidən başlaması, başlasa belə indikindən də qat-qat zəif olacağı şübhə doğurmur.

Saqatelyan Daşnaksütun partiyasının Ermənistandakı rəhbəri olsa da, parlamentə eks-prezident R. Köçəryanın “Hayastan” blokunun sayəsində düşüb. Bu günlərdə isə digər eks-prezident Serj Sərkisyan onu indiki Müqavimət hərəkatının lideri adlandırıb. Sərkisyanın bu komplimenti onun Saqatelyana olan sevgisindən çox Köçəryana olan nifrətindən qaynaqlanır. Çünki hazırda Qarabağ klanının bu iki odioz rəhbərinin əvvəlki məhrəm münasibətlərindən əsər-əlamət də qalmayıb. Üstəlik, onun Venestyanla birlikdə yaratdığı “Şərəfim var” blokunun seçki qanununun verdiyi əlavə imkanlar hesabına birtəhər parlamentə düşməsini nəzərə aldıqda məlum olur ki, adamın liderlik perspektivi birdəfəlik bağlanıb. Belə bir vaxtda isə Saqatelyan ona lazımi anda Köçəryanın qabağına itələnmək şansı olan kötük kimi lazımdır.

Yeni liderin meydanla vida nitqi iştirakçıların yarısının alqışı, yarısınınsa, necə deyərlər, fıştırıqla ifadə olunan qarğışıyla qarşılanıb. Saqatelyan öz çıxışında deyib ki, söhbət aksiyaların başa çatmasından yox, onun başqa mərhələyə qədəm qoymasından gedir. Yəni, 24 saatlıq mitinq və yürüş rejimi həftəlik formata keçir, qalan günlərdə isə başqa vacib işlər görüləcək. O həmin vacib işlərin adlarını da sadalayır və məlum olur ki, söhbət hərəkatın regionlarda təşkilatlanması, kadr bankının yaradılması, diasporla iş, diplomatik korpusla iş, əhalinin geniş təbəqələriylə iş və s. bu kimi mücərrəd fəaliyyət növlərindən gedir. “Bundan sonra Müqavimət hərəkatının əsas məqsədi yeni təslimçi sazişin imzalanması təhlükəsinin qarşısını almaqdan və Nikol Paşinyanın istefa və ya vəzifədən çıxarmaq yoluyla hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaqdan ibarətdir” – deyə Saqatelyan sözü gedən nitqində bildirib.

Bir sözlə, müxalifət 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətin isti izləriylə nail ola bilmədiyini indi əldə etməyə çalışır. Hərçənd, qüvvələr nisbəti arasındakı kəskin fərq bunu apriori mümkünsüz edir. Son etiraz aksiyalarının da miqyası göstərdi ki, müharibədən sonra müxalifətin “təslimçi” ayamasıyla mükafatlandırdığı Paşinyan hələ də xalq arasındakı nüfuzunu qoruyb saxlayır, indiki reytinqi cəmi opponentlərinin birgə reytinqini qat-qat qabaqlayır. Görünür, ermənilər Qarabağ klanının iyirmi illk hakimiyyəti dövründə çəkdiklərini hələ uzun illər unuda bilməyəcəklər.

Odur ki, sual olunur? Bəs, müxalifət Paşinyanı necə devirəcək? Yuxarıdakı sitatdan aydın olur ki, onlar öz məqsədlərinə ya onu istefaya məcbur eləmək, ya da vəzifədən uzaqlaşdırmaq yoluyla çatmaq istəyirlər. Baş nazirin davranışlarından, təhər-tövründən isə görünür ki, son vaxtlar o, istefa yox, əksinə hakimiyyətini daha da möhkəmləndirmək barədə düşünür, müdafiə yox, hücum taktikası seçir. Məsələn, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbərliyi artıq parlament iclaslarına müntəzəm olaraq qatılmayan deputatların mandatdan məhrum ediləcəyinin anonsunu veriblər. Təbii ki, burda söhbət iki aydır ki, başı meydan mübarizəsinə qarışdığına görə öz birbaşa vəzifələrinin icrasını unudan meydan deputatlarından gedir.

Vəzifədən uzaqlaşdırmaq isə vaxtilə Paşinyanın özünü hakimiyyətə gətirən taktikadır ki, onun da həyata keçirilməsi üçün siyasi böhran kritik mərhələyə çatmalıdır. Çünki parlament çoxluğu yalnız ciddi meydan təpkiləri altında öz iradəsinin əleyhinə səs verə bilər. Amma situasiyanı diqqətlə izləyəndə məlum olur ki, müxalifətin iki aydır gecələr gecələdiyi, gündüzlərsə yürüməkdən yağır etdiyi küçə və meydanların özü belə hal-hazırda Paşinyanın tam nəzarəti altındadır.

Bu günlərdə Fransa meydanında baş vermiş bir hadisə deyilənlərə əyani sübutdur. Səhər tezdən bir sürücü idarə etdiyi böyük yük maşınını heç bir maneəsiz-filansız düz Fransa meydanındakı çadırların üstünə sürüb və onların bir neçəsini dağıdıb. Hadisə düz polisin gözü qarşısında və onun lal müşahidəsi altında baş verib. Sürücü nəinki saxlanılmayıb, heç ona formal da olsa etiraz edilməyib, hətta maşının nömrəsi belə götürülməyib. Bütün bunlar da onu göstərir ki, yük maşınının meydan reydi hansısa bir sürücünün şıltaqlığı-zad deyilmiş, ciddi xəbərdarlıq mesajıymış. Çadırların sökülməsi haqqında qərarın elə həmin gün qəbul olunaraq elan edilməsi isə göstərir ki, müxalifət mesajı vaxtında və düzgün dəyərləndirərək “könüllü olaraq” özü haqqında ölçü götürməyə məcbur olub.

Üstəlik, müxalifət nəinki Qərbdən, heç sidq-ürəklə xidmət etdiyi Rusiyanın özündən belə dəstək ala bilmir. Bu günlərdə KTMT-nin Yerevanda keçirilən iclasında iştirak eləyən Rusiya Dövlət Dumasının sədri V.Volodinin onlarla görüşməkdən imtina etməsi göstərir ki, hazırkı aksiyalarda ara-sıra görünməyinə baxmayaraq faktiki olaraq etirazların xaç atası olan Köçəryan artıq dostu Putinə də lazım deyil. Paşinyanın həm şimal, həm də qərb platformalarındakı etimad limiti hələ tükənməyib. Hələ ki o, Kremlin də, Brüsselin də maraqlarına cavab verir.

Göründüyü kimi, ölkədəki aşırı demokratik mühitdə mixalifətin bu qədər aciz duruma düşməsinin səbəbi bir tərəfdən onun elektoral, digər tərəfdənsə beynəlxalq dəstəkdən məhrum olmasıyla bağlıdır. Bir ovuc mariginal siyasətçi və bir dəstə narazı Qarabağ ermənisiylə hakimiyyət dəyişikliyinə nail olmaq illüziyadan başqa bir şey deyil. Yük maşınının Fransa meydanınakı bayaq xatırlatdığımız demarşı göstərir ki, prosesin zor mərhələsinə keçməsi halında da Paşinyan qalib gələcəyi şübhə doğurmur. Çünki təkcə parlament yox, küçə də onun nəzarətindədir.

Qalır üçüncü yol – Paşinyanı, sadəcə olaraq, aradan götürmək. İndi onun siyasi rəqibləri cildinə bürünmüş Köçəryanın özünün, Saqatelyanınsa partiyasının bu sahədə zəngin təcrübəsinin olduğunu nəzərə alsaq, belə bir perspektivi istisna eləmək olmaz. Keçmiş prezidentin hakimiyyətə gəlmək yolunda seçdiyi zorakı taktika, hakimiyyətə gələndən az sonra törədilmiş parlament qətliamı və s. bu kimi faktlar göstərir ki, adam nəinki qonşularının, hətta öz xalqının qanına susamış birisidir. Bu günlərdə onun tapşırığıyla çangüdənlərinin bir hərbiçini döyə-döyə necə öldürməsi barədə hadisənin şahidi olan bir Livan ermənisinin YouTube kanalında danışdığı tükürpədici əhvalat da deyilənlərin növbəti təsdiqidir. Yeri gəlmişkən, işğal dövründə ermənilərin Qarabağda törətdikləri bir çox vəhşiliklərlə, mədəni soyqırımla bağlı olduqca maraqlı faktlar və müşahidələrlə zəngin həmin müsahibəylə burda tanış olmaq mümkündür.

Bütün bu deyilənlər bir daha sübut edir ki, Nikol Paşinyan heç də müxalifət tərəfindən küncə sıxılmış vəziyyətdə deyil. Ona görə də müxalifətin etiraz aksiyalarını bəhanə edib həm Zəngəzur dəhlizinin açılması, həm sərhədlərin delimitasiya və demarkasiyası barədə danışıqları, həm də bütövlükdə sülh prosesini sabotaj etməyə ehtiyac yoxdur. Baş nazir ölkəyə tam olaraq nəzarət eləyir və müxalifətlə hesablaşmadan istənilən addımı atmaq iqtidarındadır. Üstəlik, Qərbdən də, hələlik Rusiyadan da dəstəyi var. Əgər danışıqlar dayanırsa, pozulursa, deməli, özü belə istəyir. Hər nə qədər demokrat olsa da, adam sülh göyərçini-zad deyil. O, Qarabağla bağlı həmişə öz sələflərindən daha aqressiv ritorikayla danışıb. Üzdəniraq respublikanın üzdəniraq prezidentinin inaqurasiyasını Şuşada məhz o keçirmişdi, həmin “respublikanın parlamentini” Şuşaya köçürmək təklifi ondan gəlmişdi. Cıdır düzündə sərxoş halda yallı gedərək əsəblərimizlə oynayan da o idi. “Dağlıq Qarabağ”ın sərhədlərini Kürə qədər genişləndirməyin vacibliyi haqqında da məhz onun müdafiə naziri danışıdı. Nəhayət, kimin tapşırığıyla başlamasından asılı olmayaraq 2020- ci ilin iyul döyüşlərinin müəllifi də o idi.

M. Cavadoğlu

 

TƏQVİM / ARXİV