adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yırtıcılar və sadəlövhlər

XURAMAN HÜSEYNZADƏ
28848 | 2014-07-12 06:58
Balzakın çox sevdiyim "Qorio ata" romanında alfonslar, zəhmətə qatlaşmadan dəbdəbəli həyat arzu edənlər haqda fırıldaqçı Votren maraqlı, aktual mətləblərə toxunur. Tələbə Ejen de-Rastinyak bu sözlərdən sonra sanki oyanır. Viktorinanı Ejenə "calamaq" istəyən quldur Votren bu işdən iki yüz min qazanmaq üçün deyir : "Bir qızı özünüzə bənd edərsiniz, evləndikdən sonra özünüzü elə göstərərsiniz ki, guya dərdiniz var, vicdan əzabı çəkirsiniz. İki həftə bikef gəzərsiniz. Sonra bir gecə, bir az nazlandıqdan sonra arvadınızı öpə-öpə deyərsiniz ki iki yüz min borcunuz var, bir də "mənim sevgilim" sözlərini əlavə edərsiniz. Kübar gənclər hər gün bu cür məzhəkə oynayırlar. Gənc qadın tərəddüd göstərmədən, kisəsini dərhal sevgilisinə verəcəkdir. Bəlkə, siz ziyan çəkəcəyinizi zənn edirsiniz? Yox. Siz, hər halda, bir təşəbbüs göstərib bu iki yüz mini qaytarmağı bacararsınız."
Ah, qadınlar, qadınlar! Aldandığını belə düşünməyərək sevgisi uğrunda hər cür fədakarlıq göstərən qadınların sadəlövhlüyü haqda eşitmək çox ağırdır. Votrenin bu sözləri gözlərini sevgi tutmuş yelbeyin qadınları əməlli-başlı ayılda bilər: "Siz dərhal sarsılmaz bir izdivacın möhkəm bünövrəsini qoymuş olursunuz. Belə bir qızın əlinə milyonlar düşərsə, o, bu milyonları çınqıl kimi sizin ayaqlarınızın altına səpələyəcəkdir. O: "Al, mənim əzizim, al, Adolf, Alfred, yaxud Ejen!" deyəcəkdir, bir şərtlə ki, Adolf, Alfred, yaxud Ejen bir fədakarlıq göstərməyi bacara. Fədakarlıq isə köhnə əşyalarını sataraq bir dəfə birlikdə "Göy siferblat" restoranına getməkdən, şampinyonlu kruton yeməkdən və sonra axşamüstü "Ambiq-Komik" teatrına getməkdən ibarətdir. Saatı beh qoyub bir şal da alıb ona bağışlamaq olar. Hələ mən qadınların sevdiyi aşiqanə məktublardan və bu kimi axmaq şeylərdən bəhs etmirəm; məsələn, sevgilinlə görüşmədiyin zamanlar, poçt kağızının üzərinə göz yaşı deyə su səpələmək olar. Lakin mənə elə gəlir ki, siz ürəklərin dilini yaxşı bilirsiniz."
Bugünlərdə bir əhvalat eşitdim. Bir oğlan gənc bir qızdan eynilə Votrenin dediyi kimi "faydalanır". Sonra təzə gəlin oğlanın alfons olduğunu görüb ondan ayrılır. Bir kişinin tamahı və bir qadının sadəlövhlüyü üzündən dünyaya gələn qızcığaz indi yetim böyüyürg Qadın, aldanmağın dəhşətli bir bəla olduğunu deyir. Sevgi onu aldadıbmış. Məhəbbətin gözlərinin kor olduğunu görsəymiş, şükr edərmiş. Çünki korun qoluna girib gəzdirmək olur. "Ayağı şikəstmiş, əlləri yoxmuş, beyinsiz doğulubmuş məhəbbət"-deyir...g
Kim üçünsə ülvi bir duyğu olan hiss, kim üçünsə bədbəxtlik gətirir. Əslində əbədi olan, uğruna neçə insan fəda getmiş sevgini suçlamazdan öncə o hissi paylaşacağın adamı tanımalı! "İtlə dost ol, çomağı əlindən yerə qoyma" misalıg
Aldanmamaq, qarşındakı insanı tanımaq üçün həm də oxumaq lazımmış. Təbəddülatlarla dolu, kübar və yoxsul təbəqənin üz-üzə qoyulduğu, o vaxtkı Paris cəmiyyəti haqda ətraflı bilgi verilən bu romanda eyni zamanda belə bir nüans-yırtıcı xisləti ilə tanış olmaq imkanı yaranıbsa, demək ki, ən böyük həyat həqiqətən də elə kitablardırg Həyat, pisi və yaxşısı ilə oxuduğumuz kitablarda daha dolğun təsvir olunub. Yrtıcıların və sadəlövhlərin menyusu üçün Votren daha sonra bunları deyir: "Şöhrətpərəstlik, dostum, hər kəsin işi deyil. Qadınların hansı kişilərdən xoşlandığını soruşsanız, görərsiniz ki, ən çox şöhrətpərəstləri sevirlər. Şöhrətpərəstin bel sümüyü möhkəm, qanında dəmir çox olar. Ürəyi də başqa kişilərin ürəyindən qızğın olar. Yetişmiş bir qadın isə xoşbəxt və gözəl olar; odur ki qüvvətli kişiləri üstün tutar, belini sındıra biləcəyindən qorxmaz. Sizin arzularınızı bir-bir saymaqda məqsədim sizə bir sual verməkdir. Sualım budur: iştahımız qurd iştahı, dişimiz də iti, bəs indi biz nə edək ki, qazanımız boş olmasın?"
İştahı qurd iştahı olan, dişi iti və qazanının boş olmasını istəməyənlərlə qarşılaşanlar üçün Krılovun "Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki yaltaqlar" misralarından da nəticə çıxarmaq mümkündür...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV