adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Ağlar qalan erməni qadınlar

XURAMAN HÜSEYNZADƏ
29168 | 2014-08-09 03:16
Son hadisələrdə ölən erməni hərbçilərinin və onlar üçün göz yaşı tökən erməni qadınların fotolarına baxdıqca müharibənin dili olmadığını bir daha başa düşürsən. Müharibələrdə fəryad, qan, ah-nalə, dağılmış, viran olmuş evlər və silahlar danışır.
Onlar da gəncdir. Anaları, bacıları ağlar qaldı...
Öz şəhidlərimizi, gözü yaşlı qalan ana-bacılarımızı göz önünə gətirir və erməni qadınları qınayırsan: ey qadın, axı sənin oğlunun, qardaşının, sevgilinin... mənim torpağımda nə işi vardı ki, indi gözünün suyunu axıdırsan?
Ay həmin əsgərin, hərbçinin anası, bacısı, sevgilisi! Vaxtında başqasının torpağına soxulmağın cinayət olduğunu bildirmək üçün səsini ucaltdınmı?
İndi yoxluğu ilə barışa bilmədiyin qatil balana, qardaşına, sevgilinə nəyin uğrunda vuruşduğunu izah etdinmi?
O torpaqlarda yaşayanları şəhid, didərgin edib oralarda məskunlaşmağın günah iş olduğunu bilmirdinmi?
Bilmirdinmi ki, özgə atına minəni tez düşürürlər?
Sənin o göz yaşı axıtdıqların gəlib bizim torpaqlarda balalarımızı, qardaşlarımızı şəhid edir, niyə bunu düşünüb bir az toxdamırsan?
Ölən əzizlərinin qatil, quldur olduğunu bilmirsənmi?
Ağlar qalan erməni qadınların həmin şəkillərinə baxdıqca Xocalı faciəsini, Zori Balayanın balaca uşaqlarımızı necə qətlə yetirməsini həvəslə danışmasını xatırladım.
Bu qədər itkilərimizi, faciələrimizi kimin ayağına yazaq bəs?
Terrorçunun vətəni olmur, deyirlər. Bu vətənsizlər nə düşünürdülər? Bizim cavanları qıracaqlar, qanlarına qəltan edəcəklər, biz də durub baxacağıq, eləmi?
Onlar öz terrorçularına o cür ağladığı yerdə biz öz günahsızlarımız üçün nə edək bəs?
İlk dəfəydi ki, qadının göz yaşının belə iyrənc olduğunu görürdüm.
Rəhmsiz, soyuq sifətlərdəki qəddar baxışlar, murdar göz yaşları...
Gözünün ağı-qarası-bircə balası ermənilərə əsir düşən Firəngiz ananın oğlunu səsləyə-səsləyə canını tapşırması yadıma düşdü.
Bizim Firəngiz analar erməni analardan fərqli olaraq qatil böyütmür...
Qeyrətli, vətənini sevən oğulla başqasının torpağını işğal edib o torpağın sahiblərinə silah qaldıran terrorçu ilə müqayisə etmək də mümkün deyil.
O gözlər fərqli idi...
O göz yaşları da...

Xuraman Hüseynzadə

TƏQVİM / ARXİV