adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

"Facebook"dakı bikəxanımlar

XURAMAN HÜSEYNZADƏ
26171 | 2014-08-30 01:55
Hər şey ondan başladı ki, Bikəxanım arvad Facebook-da qeydiyyatdan keçdi. Profilinə də bacısı qızının "photoshop"un süzgəcindən keçmiş ehtiras fışqıran fotosunu qoydu.
Bikəxanım arvada el arasında "calaş firması" deyirdilər. Kimin nəfsi bazlıq çəksəydi, Markesin Rosa Kabarkası kimi hökmən onu axtarırdı.
Bikəxanımın son vaxtlar "biznesi" ölmüşdü. Polis imkan vermirdi. Dolanışığın çətin olduğunu görüb falçılığa başladı. Amma bu variant keçmədi: adamlar aldandığını başa düşüb ona ümid yeri kimi baxa bilmədilər. Aktiv Facebook istifadəçisi olan bir "müştəri"si ona bu məkana gəlməyi tövsiyə etdi. Və tapşırdı ki, profilinə seksual bir qız şəkili qoysun. Üstəlik bu gəlişin bir məqsədi də olmalıydı. Çox fikirləşmədən bu məsələ də həllini tapdı. Bikəxanım şeir yazacaq və ətrafına "oxucular" yığacaqdı. Budur, Şairə Bikə Xanım artıq fb-dədir. Qısa vaxt ərzində Şairə Bikə Xanım bütün fb-ni lərzəyə saldı. Hamı ondan danışırdı. Profili evinin və ürəyinin qapısı kimi bütün istifadəçilərin üzünə açıq idi. Şairə Bikə Xanım "nik"i kabus kimi dolaşırdı fb-də. Onu virtual aləmdə məşhurlaşdıran nəvəsi yaşda oğlana yazdığı "Boğulacağam"şeiri idi:

Gözlərin dəniz tək dərindir, dərin,
Sənin gözlərində boğulacağam.
Xilas etməyəcək məni əllərin,
Sənin gözlərində boğulacağam.
Sevgin ürəyimə salıb vurhavur,
Məndən aralı gəz, uzaqlarda dur,
İnsafın yoxdumu sənin ay gavur,
Sənin gözlərində boğulacağam.

Vuruldum sənintək xoşsurətlimə,
Sözü şəhdi-şəkkər, bəlağətlimə,
Gözlərin ki fərman yazıb qətlimə
Sənin gözlərində boğulacağam.

Adamlar Bikəxanımın divarında bir-birinə sürtünə-sürtünə ağızlarına gələni yazırdılar. Şeir haqqında "suuuperr" yazan kim, paylaşan, oxuyub kədərlənən kim, eşqə düşən kim... Ağsaqqal bir tənqidçinin bu şeiri bədii cəhətdən təhlil etməsini, məna yükü, poetik tapıntı-zad axtarmasını görən Bikəxanımın fanatlarından biri elə beləcə də yazmışdı: "Ahahahah! Ala, get hoppan də! ))))))))"
Bilən bilməyənə xəbər etdi, Bikəxanımsevərlər ordusu profilin limitini doldurdu, abunəçi sayı aşıb-daşdı. Belədə Yazar Bikə Xanım elə bu adla "fan-page" də açdı. "Like"lar vedrə-vedrə, maşın-maşın gəldi. İstedadlı şair Xankişi Aslanın bir şeirinə 3-4 "like" gəldiyi, şərh yazılmadığı halda Yazar Bikə Xanım "like"ları yığıb-yığışdıra bilmir, şərhləri oxumağa vaxt tapmırdı. Fanat və fanatkalar onun üçün əlavə "fan-page"lar açırdı. Sonra o, qadın azadlığı, feminizm və maskulizm, habelə, seksual həyatın incəlikləri haqda köşə yazıları yazmaq üçün saytlara, qəzetlərə dəvət aldı. Yazdıqca məşhurlaşır, məşhurlaşdıqca "müştərilərinin" sayı artırdı.
...Bəli, həmişə olduğu kimi meydan yenə bikəxanımlarındı.

TƏQVİM / ARXİV