adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ana və heroinli tort

XURAMAN HÜSEYNZADƏ
24627 | 2014-09-20 01:56
Çörəyin, şirniyyatın, xörəyin içində dustaqlara heroin, telefon kimi qadağan olunmuş vasitələrin keçirilməsi getdikcə artmaqdadır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları bu dəfə də belə bir cəhdin qarşısını aldı. Ana həbsdə olan oğluna tortun içində narkotik apararkən tutuldu: "Azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gəlmiş anası Zöhrə Axundovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı ananın gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb".
Bu da 21-ci əsrin ana nümunəsi!
Biz tərəflərdə Mahmud adlı bir oğlan vardı. Uşaq vaxtı qonşunun bağından gilənar oğurlayıb gətirir, anası da mürəbbə bişirərmiş. Bağ sahibi dəfələrlə anaya bununla bağlı xəbər versə də, qadın hay-həşir salıb oğlunun elə iş tutmadığını deyərmiş. Bir yay günü gilənar oğurluğundan əliboş gələn oğula ananın "məsləhəti" belə olur: "Get, ağacın birini kökündən qopar gətir". Mahmud, qaranlıq düşəndən sonra gücü çatan gilənar ağacının birini kökündən qoparıb sürüyə-sürüyə evə gətirir. Ana oğlunun "qoçaqlığından" məmnun olur.
Oğlan böyüdükcə ananın istəkləri də böyüyür, iştahı artır. 16 yaşı olanda o, oğurluq üstə tutulur. Ömrünün ən gözəl illərini həbsxana divarları arasında keçirib geri qayıdır. Bu vaxt ana xəstələnir, savadsız, gəncliyi həbsxanada keçmiş oğul xəstə anasına dərman almağa pul tapmır. Yenə qayıdır köhnə peşəsinə. Bu dəfə də tutulur...g
Üç-dörd il bundan əvvəl Mahmud vəfat etdi. Anası ağzını açanda "Allah baisin evini yıxsın" deyir. Birçəyinin ağlığına hörmət edib deyən yoxdu ki, ay ana, ay bədbəxt qadın, bais elə sən özünsən!
Tort-uşaqlıq illərimizin yaşayan xatirəsidir. Hər zaman doğum günlərimizdə üstünə şam düzülmüş tortlar bizə sevinc bəxş edir. Nəsə tort haqda düşüncələrim, xatirələrim başqa cürdü: ən əsası, gözəldi, maraqlıdı, retrospektivdi. Ömrümüzdən bir ilin ayrılıb getməsini unutduran şirin bir dadır tort...g
Tortun içərisində heroin keçirməklə ana, oğluna ürəyi yandığını, onu istədiyini, ehtiyacını ödədiyini düşünüb yəqin.
Halbuki, bu istəyi ona düzgün tərbiyə verməklə göstərməliydi...
Doğmaq və bəşəriyyətin udduğu oksigenə daha bir şərik qoşmaq şərt deyil...



TƏQVİM / ARXİV