adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yerlə göy arasında... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
753 | 2022-10-25 12:21

...Bəzən insan ömrünün ən çətin, ən ağır anlarında yerlə göy arasında qalır. Bir Allahdan kömək istəyir, bir də onu müalicə edən həkimlərdən. Əgər Allah kömək olsa və Allahın Yer üzünə göndərdiyi mələk sifətində olan həkimlər həmin xəstəni mütləq xilas edə biləcəklər. Amma əgər Allah kömək olmasa çətin ki, kimsə Əzrayılın əlindən xilas ola bilsin...

Mənim müəllimim, Bakı Dövlət Universitetinin professoru, rəhmətlik Qulu Xəlilov nə az, nə çox, düz 14 dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişdi. Və həmişə bizə dərs deyəndə bir fikri xüsusilə vurğulayırdı ki, insan nəfəsinin son anında da Allahdan ümidini üzməməlidi. Allahdan ümidini üzdün, bax, həmin anda özünü ölümə təslim edirsən! Qulu Xəlilov bu əməliyyatlarla bağlı «Yaşamaq istəyirəm» povestini qələmə almışdı və həmin povest biz tələbə olanda əl-əl gəzirdi və mən də Qulu müəllimin bu əsərini birinci səhifədən sonuncu səhifəyədək birnəfəsə oxumuşdum və görmüşdüm ki, hər adamın işi deyil ki, 14 dəfə ağır əməliyyat keçirsin və sağ qalsın!

 

Qulu müəllimi Allah ona görə 14 dəfə əməliyyatdan sağ-salamat çıxarmışdı ki, o, çox əməlisaleh və humanist bir ziyalı idi. Tələbələrini balaları qədər çox istəyirdi, heç kimin, heç kəsin qəlbinə dəyməzdi. Amma buna baxmayaraq, çox tələbkar və ciddi adam idi. Bizə Sovet ədəbiyyatından dərs deyərdi. Hüseyn Cavidi də, Süleyman Rəhimovu da o bizə sevdirmişdi. Hətta «Şamo» romanının bütün hissələrini bizə oxutmuşdu. Deyərdi ki, Süleyman Rəhimovu oxumasanız Azərbaycan dilinin zənginliyini bilməyəcəksiniz. Biz də Süleyman Rəhimovu oxuduq, gördük ki, kişinin oğlu düz deyirmiş. Bu yazıçının çox zəngin, şirin və qeyri-adi bir dünyası varmış. Biz də o dünyadan bir şey götürə bildik...

...Elə bil ki, mətləbdən bir az uzaq düşdüm. Ürəyimdəki narahatlıq məni bir aydan çox idi ki, əməlli başlı üzmüşdü. Hətta yaxın dostum, tibb elmləri namizədi Rafiq Yusifli məni müayinə edib ürəyimin kardioqramasını çəkəndən sonra dedi ki, bir az diqqətli ol! Amma dərmanlarını da qəbul elə! Günlər keçdikcə bir az da vəziyyətim çətinləşirdi. Axır ki, məcbur olub getdim Mərkəzi Klinik Xəstəxanaya. Orda kardiologiya şöbəsinin müdiri, tibb elmləri namizədi, dosent, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Firdovsi İbrahimov məni yenidən müayinə etdi. EXO və kardioqrama olundum. Müayinədən sonra Firdovsi həkim dedi ki, səni belə buraxa bilmərəm. Mütləq anju olunmalısan. Bəli, bu müayinə də keçdi, bəlli oldu ki, ürəyimin əsas damarı 95 faiz tutulub. Ona görə də təcili əməliyyat olunmalı idim. Çox sağ olsun Firdovsi həkim!

Dedi elə edəcəm ki, pulun çox çıxmayacaq. İndi sığorta var, o sığorta ilə olunsan hər şey çox yaxşı bitəcək. Ona görə də mənə yaşadığım Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı Bakı Şəhər Xəstəxanasına tibbi arayış verdi. Və həmin tibbi arayışla da o xəstəxanaya getdim. Xəstəxananın direktoru Azər Məmmədov çox ziyalı bir insandı. Bir neçə dəfə mənə köməklik göstərib. Onun yanına qalxmamışdan öncə kardioloq Gövhər Əhmədova ilə görüşdüm. O da Süsən adlı tibb bacısını çağırıb tapşırıq verdi ki, müəllimi kardioqrama elə. Süsən xanım diqqətlə mənə baxdı, dedi ki, siz mənə tanış gəlirsiz. Məlum oldu ki, biz qonşu olmuşuq. Süsən xanımgil 20 il bundan əvvəl bizim yaşadığımız binadan başqa yerə köçüb. Kardioqrama çıxarıldı, Gövhər xanım tibbi sənədləri hazırladı və mənə «qorxma» dedi. Bu xanımın mədəniyyətinə, insanlığına və xəstələrə olan böyük sevgisinə məəttəl qaldım. Sənədlərimi kompüter otağına verdim və qalxıb xəstəxananın direktor müavini Südabə xanımla görüşdüm. O da mənə hörmətlə yanaşdı, kömək göstərdi və lazımi sənədləri yarım saatın içində həll elədilər. Buna görə həm Azər müəllimə, həm Südabə xanıma, həm də Gövhər xanıma öz minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, belə həkimlərimiz var!

...Oktyabrın 11-də saat 10-da bir daha müayinədən sonra 4-cü mərtəbədəki 3-cü palataya yerləşdirildim. 2015-ci ildə də elə bu palatada yerləşdirilmişdim. Pəncərədən baxanda dəniz görünür, göy üzü görünür və dənizdə uçan qağayılar görünür. Amma bu dəfə başqa bir mənzərə gördüm. Dəniz göm-göy idi, göy üzündə də ağ buludlar vardı. Həmin anda əməliyyata getməli idim. Ancaq təzyiqim çox yüksək olduğuna görə, həkimlər məni ləngidirdilər. Daha doğrusu, bir az da həyəcan keçirirdim! Bu mənim 7-ci əməliyyatım olmalı idi. Və mən 6 dəfə ən ağır cərrahiyyə əməliyyatlarından sağ-salamat çıxmışdım və 6 dəfə də Allahıma şükür etmişdim ki, məni ölümün pəncəsindən xilas edib. Bu dəfə də dua edirdim Allahıma! Dua edirdim ki, müəyyən sıxıntılarım var, mənə ömür yox, möhlət ver! Qurban olduğum da həmişə mənə arxa durub, min şükür!

...Yenidən pəncərədən dənizə baxıram. Bayaq dedim axı, dəniz göy rəngdə, göy üzü də göy rəngdədi. Amma ağ buludlar yavaş-yavaş üzü cənuba doğru hərəkət edir. Elə yavaş-yavaş hərəkət edir ki, sanki mənim özümü də o cənuba doğru, istiyə doğru aparır. Ağ buludları görüb bir az da ürəkləndim və bir az da cəsarətləndim. Düşündüm ki, ağ bulud elə məni ölümün pəncəsindən xilas edəcək, ağ işıqdı...

Birdən bir səs eşitdim:

- Hüseynov Faiq Qismətoğlu, hazırlaş, sizi əməliyyata aparırıq!

Bu, məni əməliyyata aparan tibb qardaşının səsi idi. Gördü ki, fikirliyəm, təzədən dilləndi:

- Müəllim, elə bir fikirlisiniz! Axı dedim, sizi əməliyyata aparıram! Əyləşin arabada, gedirik!

...Arabada əyləşirəm və oğlan məni əməliyyat otağına aparır. Ora çox soyuq olduğuna görə çiynimə bir xalat da atırlar. Amma yenə üşüyürəm. Bəlkə də üşüməkdən çox həyəcanım idi bu. Ancaq buna baxmayaraq, yenə ürəkliyəm. Məndən qabaqda arabada üç nəfər xəstə əyləşmişdi. Onları da ya anju edirdilər, ya da ürəklərinə stend qoyacaqdılar. Düz 15 dəqiqə orda gözləməli oluruq. Bir də gördüm kardiocərrah dostum Firdovsi İbrahimov gəlir. Onu görəndə gözümə işıq, ürəyimə güc, ayaqlarıma təpər gəlir. Və Firdovsi həkim deyir ki, Faiq dayını əməliyyat stoluna aparın. Həkimin gəlişindən sonra həyəcanlarım tamamilə azaldı. Özümü daha yaxşı hiss eləyirəm. Məni əməliyyat masasına uzadırlar. Sol qoluma sistem qoşurlar, sağ qoluma isə əvvəlcə sarı soyuq maye vururlar, sonra isə iynəni sağ qolumdan damarıma yeridirlər.

...Bərk ağrı hiss eləyirəm. Bu vaxt Firdovsi həkimdən soruşuram ki, həkim mənim vəziyyətim necədir? O da deyir ki, ancaq Allaha dua elə! Mən də yenə Allaha dua eləməyə başlayıram. Onsuz da həmişə Allaha dua edirəm. Və şükür edirəm ki, sağ salamatam... şükür edirəm ki, balalarım, nəvələrim ayaq üstədir... şükür edirəm ki, Vətənim sakitdir... şükür edirəm ki, dünyamızı xilas eləyən Ərdoğan və İlham Əliyev kimi dahi Prezidentlər var. Allah onları da qorusun!

Əməliyyat davam edir. Birdən-birə təzyiqim həkimlərin dediyinə görə lap qalxır. Soruşuram ki, həkim, təzyiqim qalxıb, özümü pis hiss edirəm?! Firdovsi həkim də bildirir ki, qorxma, bir neçə dəqiqədən sonra hər şey tənzimlənəcək! Nəfəs almaqda çətinlik çəkirəm, boğuluram! Amma həkimlərin müdaxiləsi nəticəsində yenidən təzyiqim normallaşır, rahat nəfəs alıram. Bir müddətdən sonra Firdovsi həkim gülə-gülə bildirir:

- Faiq dayı, şükür Allaha, stendi çox uğurla ürəyinizdə yerləşdirdik. Hər şey yaxşı oldu. Min şükür!

...Həkim də sevinir, onun yanındakı həkimlər də. Onlardan adlarını soruşuram, demirlər. Amma iki xanım həkim mənim həyatım üçün çox əziyyət çəkdilər. Elə onların çöhrəsindəki xoş gülüş mənə dərman qədər və ondan da çox şəfa verirdi. Ən çox sevinən isə mən oluram. Yenə Allaha şükür edirəm. Deməli, 7-ci əməliyyatdan da uğurla çıxıram. Yenidən məni xərəyə ehtiyatla uzadırlar və həmin tibb qardaşı 4-cü mərtəbəyə 3-cü palataya aparır və məni ehmalca tibb bacılarının köməyi ilə çarpayıya düşürürlər. Bir az əlimi qaldırmaqda çətinlik çəkirəm, bir az da ağrılar incidir. Amma bunlar hamısı ötəri hisslərdir...

...Yenə pəncərədən dənizə baxıram. Elə əməliyyata aparıldığım vaxtda olduğu kimi dəniz də, göy üzü də sakitdi! Yenə göy üzündə ağ buludlar üzü cənuba gedir. Ağ buludlar ağ işıq kimi mənim qəlbimə, ürəyimə, iç dünyama nur səpir. Özümü bir qədər də rahat hiss edirəm. Nə qədər ağrılarım olsa da, bu mənzərəyə baxıb ürəyim tamamilə rahatlanır. Düşünürəm ki, kim nə deyir desin, Allahın qoruduğu adamı heç kəs yıxa bilməz. Allahın da yıxdığı adamı heç kəs qaldıra bilməz. Bu palata mənə 2015-ci ildə də düşmüşdü. 2022-ci ilin okytabrın 11-də də düşür. Yəni bu palatada mən şəfa tapıram...

Əməliyyata gedəndə palata yoldaşım Nazim Səlimov mənə görə çox narahat idi. O, özü də əməliyyat keçirmişdi. Ürəyinə aparat qoymuşdular. Deyirdi ki, ürək döyüntüsü çox aşağı düşürmüş, ona görə də bu aparatı ürəyində yerləşdiriblər ki, döyüntülər normallaşsın. Şükür Allaha, onun vəziyyəti də yaxşı idi, ürək döyüntüsü də 70-80 arasında idi. Nazim müəllim çox ziyalı, çox elitar, çox səviyyəli və çox da humanist bir adamdı. Yevlax rayonunda yaşayır. Müxtəlif vəzifələrdə çalışıb. Və indi də mühüm vəzifədə işləyir. Ən əsası odur ki, Nazim müəllim sözün həqiqi mənasında çox böyük insandı, ürək sahibidi, ailə başçısıdı. Çox tərbiyəli və səviyyəli övladları, nəvələri var. Bu kişinin oturuşuna, duruşuna, danışığına, ünsiyyətinə və sadəliyinə məəttəl qaldım. Az qalırdı mənə ürəyini versin. Bax dünyada belə gözəl, sadə insanlar var.

...Telefonu susmaq bilmir, qohum-əqrəbası onunla maraqlanır, hətta bir neçə nəfər gəlib onu ziyarət edir. Gecə saat 9-da isə çox hörmətli və əziz qudası İsmayıl Ağayev onun yanına gəlir. Özü də əliboş gəlmir, cibində bizə bir pay da gətirib. Onun qudası uzun müddət polis orqanlarında işləyib. Xızı rayonunda polis rəisi vəzifəsində çalışıb. İndi isə təqaüddədi və bizneslə məşğuldur. Öz zəhməti ilə istixanasında yetişdirdiyi xiyarlardan ilk dəfə nübar kim bizə gətirib. 7-8-i Nazim müəllimin masasının üstünə qoyur, 7-8-ni də mənim masamın üstünə! Deyir ki, bir dadına baxın, görün necə ləzzətlidi?! Hər ikimizə bu xiyardan birini yedizdirir. Doğurdan da xiyar çox dadlıdı. Biz də xiyarların bir neçəsini tibb bacılarına veririk. Onlar da götürmək istəmir, Nazim müəllimin təkidindən sonra götürürlər.

...Həmin axşamı mənim vəziyyətim bir az narahatedici olsa da, iki daşın arasında Nazim müəllim gəlib masamı düzəldir, yemək yeməyimdə mənə kömək göstərir. Deyirəm ki, Nazim müəllim, vallah, mənə xəcalət verirsən, utanıram! Deyir ki, ay qardaş, insan insana nə vaxt lazım olur? Bax belə vaxtda gərək adam bir-birinə arxa dursun. Sənə çay içməkdə kömək etməklə xəncərimin qaşı düşməyəcək ha. Min şükür ki, hər ikimiz sağ-salamat əməliyyatdan çıxmışıq.

...Səhərə qədər Sona adlı tibb bacısı hər ikimizin xidmətində olur. Anamızın, bacımızın görəcəyi işi o görür. Allaha and olsun, ordakı həkimlərin, tibb bacıların, xidmətçilərin hər birinə bir yağlı «5» düşür. Çünki insan olaraq onlar bizə çox böyük qayğı və diqqət göstərirlər. Səhər açılanda isə bizim hər ikimizi yenidən müayinə edirlər, təzyiqimizi yoxlayırlar və yemək verirlər. Həmin vaxtlarda səhər saatlarında məni müayinə edən həkim Nüşabə xanım resepti və digər sənədləri səliqə ilə mənə təqdim edir. Deyir ki, müəllim, tay siz saat 10-dan sonra xəstəxanadan çıxa bilərsiz. Amma bir şərtlə ki, sizi burdan gəlib kimsə götürsün. Mən inad edirəm ki, özüm gedərəm, həkim qoymur. Baldızımın oğlu Seymur gəlib palatadan məni götürür.

...Həmin anlarda həkimim Firdovsi İbrahimov bizi ziyarət edir, müayinə olunuruq və deyir ki, hər şey əladır, gedə bilərsən! Mən Firdovsi həkimlə görüşürəm, eləcə də digər həkimlər və tibb bacıları ilə sağollaşıram. Nazim müəllimlə isə qucaqlaşıb öpüşürük. Və hər ikimiz deyirik ki, xəstəxanada yox, bir də toyda görüşək...

...Yenidən pəncərədən dənizə baxıram. Dəniz də sakitdi, göy üzü də! Göy üzündə ağ buludlar var, dənizdə isə sakitlik. Yenə bu ağ buludlar üzü cənuba gedir, işığa doğru hərəkət edir. Sanki içimdə yeni bir dünya yaranır və ağ buludlar və ağ işıq məni o ağ dünyaya aparır...

TƏQVİM / ARXİV