adalet.az header logo
  • Bakı -°C

Yeridin, başına səpələndi qar... - Gülarə Haciyeva yazır

79 | 2025-12-25 09:00
A- A+

Görkəmli alim, pedaqoq, ictimai xadim və millət vəkili Şamil Qurbanovun adı çəkiləndə nədənsə həmişə qeyri-ixtiyari şəkillərdən və canlı xatirələrdən mənə əziz olan, üzünü görmədiyim, sözünün nurunda işıqlandığım Yusif Vəzir Çəmənzəminlini, Əbdülrəhimbəy Haqverdiyevi, Abdulla Şaiqi, Əlyar Qarabağlını xatırlayıram. Bu xatırlanmanın çox təbii və haqlı əsasları var. El içində bir söz var. Deyirlər: “Filankəs işıqlı adamdır”. Uzun illərdən bəri yaxından tanıdığım, şəxsiyyətinə və şəxsi keyfiyyətlərinə dərindən bələd olduğum Şamil müəllimin təbiətində olan zəriflik, zahiri və daxili nurun vəhdəti, əsl ziyalılığa xas olan alicənablıq, xeyirxahlıq, səmimiyyət, onda gördüyüm işıq onu mənə həmişə sevdirmişdir. 

O bir alim kimi heç vaxt hamının bildiyi asan mövzular dalınca qaçmamış, əksinə, ən çox əziyyət tələb edən, ağır zəhmətə və araşdırıcılığa ehtiyacı olan mövzulara qol-qanad vermək, qaranlıqdan işığa çıxarmaq üçün əlindən gələni əsirgəməmişdir. Onun elmi mühitə “Açılmamış səhifələr”lə daxil olması faktı çox ciddi mətləblərdən xəbər verir. Təsadüfi deyil ki, Hüseyn Minasazovun, Rahimbəy Məlikovun, Həmzətbəy Qəbulovun, Sona xanım Axundovanın, Məmməd Qarayevin ömür-gün yoluna ilk dəfə çıraq tutan, onların taleyinə ilk dəfə işıq yandıran şamil Qurbanov olmuşdur. 
Borçalı ədəbi mühitinin yetirməsi olan Şamil Qurbanov təbii ki, Tiflis ədəbi mühitinə dərindən bələd olduğu üçün girişdiyi mövzuların hamısını uğurla başa vurmuş, Azərbaycanın elmi mühitinə bir-birindən qiymətli töhfələr vermişdir. 
Haqqı tapdanan tarixi şəxsiyyətlərin bir çoxunun böyük mənada haqqını qaytarmaq da Şamil Qurbanova nəsib olmuşdur. Onun zəhməti sayəsində

Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, M.Ə.Rəsulzadə, Kərim Yaycılı kimi ziyalılarımızın öyrənilməmiş tərəfləri oxuculara yenidən təqdim olunmuşdur. Əlbəttə, bütün mənalı ömrünü elmi yaradıcılığa, gənc nəslin tərbiyəsinə həsr etmiş bir alim haqqında beş-üç kəlməlik ürək sözündən geniş elmi təhlil aparmağa heç bir ehtiyac duymasam da, iki böyük həqiqəti mütləq qeyd etməliyəm. Şamil Qurbanovun bir alim kimi öz xalqı qarşısında ən dəyərli xidməti böyük vətəndaş Ömər Faiq Nemanzadənin elmi-ədəbi və ictimai taleyi ilə bağlıdır. İlk dəfə Ömər Faiqin əsərlərini toplayıb 30 çap vərəqi həcmində çap etdirmək, haqqında ilk dəfə elmi monoqrafiya yazmaq xoşbəxtliyi də Şamil Qurbanovun adı ilə bağlıdır. Xoşbəxtlik sözünü ona görə işlədirəm ki, Ömər Faiq Nemanzadə kimi bir şəxsiyyəti bütöv və əhatəli şəkildə tanımaq və tanıtdırmaq, sevmək və sevdirmək – onun xalqa, Vətənə, dilə, dinə, etiqada, torpağa, təhsilə, maarifə, mədəniyyətə, gəncliyə, gələcəyə olan dəlicəsinə sevgi və məhəbbətini xalqa çatdırmaq həm Ömər Faiq üçün, həm də Şamil Qurbanov üçün ən böyük xoşbəxtlikdir. Bugünkü qəzetlər bolluğunda hər şey çatır, bircə şey çatmır, Ömər Faiq yanğısı, Ömər Faiq qeyrəti!

Əgər bugünkü gənc jurnalistlər ordusu Ömər Faiqi arzu olunan səviyyədə yaxından tanısaydılar, səviyyəsiz yazılara, söyüşə, təhqirə qətiyyən yer verməz, xalq üçün daha gərəkli ümumbəşəri mövzulara, əxlaqi dəyərlərə, mənəvi keyfiyyətlərə daha dərindən nüfuz edərdilər. Nə isə... Ömər Faiqin yeri görünür. Öz xalqı qarşısında xidmətləri böyük Mizə Cəlillə çiyin-çiyinə irəliləmiş, gözünün nurunu, ürəyinin yağını, ömrünü-gününü xalq üçün kül eləmiş, böyük əzablar görmüş Ömər Faiqi xalq Şamil müəllimin sayəsində bütövlükdə kəşf elədi, sevdi, tanıdı. 

Alimin ikinci böyük elmi uğuru qüdrətli ziyalı-vətəndaş Cəmaləddin Əfqani ilə bağlıdır. Sovet dönəmində haqqında söhbət açmaq qəti qadağan olunan, bütün Şərq xalqlarının cəfakeş lideri kimi tanınan, pantürkizmin, panislamizmin banisi hesab olunan Cəmaləddin Əfqani haqqında 1996-cı ildə monoqrafiya yazmaq əsl qeyrət işi, elmi qəhrəmanlıq hadisəsidir. 

Şamil müəllim son illərdə bir millət vəkili və ictimai xadim kimi də çox səmərəli fəaliyyət göstərir. Onun mətbuat səhifələrində, radio və televiziyada vətəndaşlıq yanğısı ilə dolu çıxışları hamı tərəfindən məmnuniyyət hissiylə qəbul olunur. Çünki onun dövlətimiz və mətbuatımız, problemlərimiz və qayğılarımızla bağlı çıxışları səbrə, təmkinə, ağla, təcrübəyə, savada, mütaliə və müşahidəyə əsaslanır. Dediyinə həm özü inanır, həm də xalqı inandırır. O heç vaxt nə çıxışlarında, nə də yazılarında hökm vermir, hikkəylə danışmır, alim nəzakətli, ziyalı mədəniyyəti ilə danışır, hökmü, nəticəni oxucunun və tamaşaçının ixtiyarına buraxır. Ona görə də elmi və ədəbi ictimaiyyətdə, rəsmi dairələrdə, Milli Məclisdə, xalq arasında onun bir vətəndaş-alim, şəxsiyyət-insan kimi xüsusi yeri, çəkisi və mərtəbəsi var. 

Sevimli alimimizlə bağlı fikrilərimi sevgi və ehtiram dolu beş yarpaq şeirlə tamamlamaq istəyirəm. 

İşığın mübarək

İşığın mübarək Şamil qardaşım, 
Adında şam sözü alışıb yanır. 
Səni oxuduqca ucalır başım, 
Hər sətrin içindən bir şam boylanır. 

İkinci talehi sən bağışladın, 
Yatmış imzalara, batmış adlara. 
Təzə nəfəs verdi ünvanın, adın, 
Yenidən doğulmuş istedadlara. 

Sən fikmrin sünbülü, mən şeirin dəni,
Yolunda hər şeyə hazıram, hazır. 
Haqqında yazdığım beş-üç kəlməni, 
Qələmim yazmır ki, ürəyim yazır.

Nurə bənzədirəm alın tərini,
Önünə dağ çıxdı, qarşına dərə. 
Elmin açılmamış səhifələrini
Çevirdin açılmış səhifələrə1

Yeridin, başına səpələndi qar, 
Baxmadın yolların uzaqlığına. 
Elmin yollarında ağaran çaçlar
Döndü bir millətin uzaqlığına!

İşığın mübarək Şamil qardaşım, 
Adında şam sözü alışıb yanır. 
Səni oxuduqca ucalır başım, 
Hər sətrin içindən bir şam boylanır.

 

Zəlimxan Yaqub
 

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV