adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yaxzı nədir, pis nədir?

33011 | 2008-11-08 00:09
Bu suala ayrı-ayrı cəmiyyətlərdə müxtəlif cavablar ola bilər və bu cavablar arasındakı fərqdən asılı olaraq həmin cəmiyyətlər də bir-birindən fərqlənəcək. "Cəmiyyət" deyəndə bu və ya başqa ölkədə mövcud olan həyat tərzi, əxlaqi dəyərlər, qanun və qaydalar üzrə yaşayan toplunu nəzərdə tutmuram. Hətta bir ölkə daxilində də cəmiyyətlər müxtəlif ola bilər. Mənim yaşadığım, təmasda olduğum, özümə bərabər saydığım, yaxud məni özünə bərabər sayan insanların yaşadığı tamam fərqli bir cəmiyyət var. Bu cəmiyyət üçün "yaxşı və pis nədir" sualına cavab başqadır. Lakin onlarla yanaşı yaşayan, amma varına-dövlətinə, təsir dairəsinə görə xeyli fərqlənən cəmiyyətdə yaşayan adamlar üçünsə eyni suala cavab tamam başqa, tamam fərqli olacaq.
   
   Bəzən insan heç özü də bilmir ki, əslində hansı cəmiyyətdə yaşayır. Belə məlumatsızlıq daha çox bu günümüz üçün xarakterikdir. Bizdə insanların əksəriyyətinin əslində hansı cəmiyyətə məxsus olduğu haqqında bilikləri həddən artıq aşağıdır. Gəlin məsələyə üzdən yanaşmamaq üçün "təbəqə" sözündən istifadə etməyək. Çünki "təbəqə" sözündə əsasən maddi imkan önə çəkilir. "Cəmiyyət" anlayışına isə təkcə maddi imkan yox, həmçinin, bəlkə də daha çox, hansı mədəniyyət, hansı ənənələr, hansı etiketlər və sair ölçülər daxil olur. Yaxşı olar ki, insan özü hansı cəmiyyətə məxsus olduğu barədə düşünsün, onu anlamağa çalışsın və nəhayətdə buna uyğun hərəkət etsin. Onda əsəbləşməyəcəksən. Çünki birdən-birə kimsə sənə yerini göstərəndə onda çox acınacaqlı bir hal alınır. Az qala özünü təhqir olunmuş hiss edir.
   
   Biz bir qədər əvvəldə qoyduğumuz sualdan uzaqlaşdıq. Mənim yaşadığım və mənsub olduğum cəmiyyət üçün yaxşı nədir? Yaxşı odur ki, heç kimə möhtac olmayasan, heç kimdən asılı olmadan, heç kimin sifarişini yerinə yetirmədən öz fikirlərini bildirəsən, dünyanı necə görürsən, onun haqqında necə düşünürsənsə, övladına da buna uyğun olaraq tərbiyə verəsən və narahat olmayasan ki, belə tərbiyə ucbatından uşaq böyüyəndə əziyyət çəkəcək, bədbəxt olacaq. Çünki həyatda yaşamaq üçün qaydalar daha sərt tərbiyə, daha sərt xarakter tələb edir. Yaxud da dəyişkən, sürüşkən olmaq, yeri gələndə yaltaq olmağı da bacarmaq lazımdır. Gərək övladını öyrədəsən ki, öz fikri olmasın. Baxsın, görsün, yuxarılar ondan hansı fikri gözləyir, ona uyğun olaraq danışsın, "fikir" yürütsün. Yaxşı odur ki, dost bildiyin şəxsin qazancı artanda səndən üz çevirməsin, yaxud sən ona paxıllıq etməyəsən və yaxud da o, belə güman etməsin ki, sən ona paxıllıq edirsən. Yaxşı odur ki, belə bir vəziyyət alınanda səhv qərar doğru kimi qəbul olunmasın. "Ən yaxşısı budur ki, bir-birimizdən uzaqlaşaq, səninki səndə, mənimki məndə".
   
   Xeyr, bu, yaxşı deyil, bu, pisdir. Pis, unutmayaq ki, həmişə yaxşının böyründə gizlənir. İmkan düşən kimi özünü büruzə verir. Pis odur ki, günlərin bir günü sənin yadına mənsub olduğun cəmiyyəti salanda bundan qeyzlənirsən. Əsəbləşib özündən çıxırsan. Burda, sənin ünvanına deyilən sözlərdə daha böyük niyyətlər, gizli maraqların olduğundan şübhəyə düşürsən. Yadından çıxarırsan ki, qarşındakı da öz mədəniyyəti uğrunda çarpışır. Amma buna qarşı əks mövqedən, yəni sənin mənsub olduğun cəmiyyətdən, bu cəmiyyətə xas olan mədəniyyətdən, ölçülərdən, dəyərlərdən ona qarşı çıxış edə bilmirsən. Öz mədəniyyətini başqa mədəniyyətə qarşı qoymaqda acizlik çəkirsən. Çünki ondan uzaqlaşmısan, birdən-birə əlinə gələn məbləğlər səni öz mədəni mənsubiyyətindən üz çevirməyə məcbur edib. Belə olanda başlayırsan cığallıq etməyə. Əyri yolla hücuma keçirsən. Qarşındakını erməni ilə həmrəy olmaqda ittiham edir, onun fikirlərini cəmiyyətimiz üçün (hansı cəmiyyət nəzərdə tutulur?) ziyanlı hesab edirsən.
   
   Niyə? Axı sənin dediklərinin məsələyə heç bir dəxli yoxdur. Sənin qarşındakı mənsub olduğu cəmiyyətdən və onun mədəniyyətindən çıxış edərək düz deyir. Tamamilə doğrudur, Bakı şəhəri Sovetin son dövrlərinə qədər beynəlmiləl şəhər idi. Burda cəmiyyətlər müxtəlif olurdu. Sovetin son illərinə qədər müsəlman, dağlı məhəllələri, yaxud qonşu kəndlərdən olan adamların nə vaxtsa gəlib məskunlaşdığı məhəllələr vardı. İçərişəhər və içərişəhərlilər vardı. Burda yaşayan, bu cəmiyyətə mənsub olan gənclər gedib Karina adlı qızla gəzib kef edə, məktəbdə bir yerdə oxuduğu Raçiklə bir-birinə təzə anekdotlar danışa bilərdi. Əlbəttə, onlara boylarından azca da olsa yuxarı tullanmağa imkan verməmək şərtilə. Amma bütün bunlarla yanaşı, mənsub olduğu cəmiyyət, məhəllə, ev də vardı. Həmin o gəncin evə qayıdanda nə hünəri vardı ki, namaz qılıb içəri otaqdan çıxan atasının yanında bir qız adı çəkəydi. Daha onu demirəm ki, erməni, yaxud başqa millətdən olan, yəni qeyri-müsəlman qızlardan söhbət salmaq, qan düşməyinə bərabərdi. Mən bütün bunları qarışıq nikahların əleyhdarı kimi xatırlamıram. Sadəcə, qarışıq nikahlar bakılılar üçün istisna idi, nəinki qayda. Qarışıq nikaha gedən oğlan əvvəl gərək bununla mənsubiyyətindən dönmədiyini və dönməyəcəyini sübut edəydi. Aman Allah, onun bu addımı, qeyri-müsəlman qızla evlənməyi nə qədər söz-söhbətlərə səbəb olardı...
   
   Həmin "geri qalan", vaxtilə "köhnənin, cəhalətin qalıqları" dediyimiz adamlar əslində öz cəmiyyətlərinin, öz mədəniyyətlərinin qayğısını çəkirdilər. Həmin o "cəhalət" içində yaşayanların cəmiyyətində "çuşka" ifadəsinə qarşı daha şiddətli səslənən "matışkə" ifadəsi vardı.
   
   Bəli, Bakıda "matışkə" mədəniyyəti mövcud idi. Özü də o mədəniyyət ölməyib, indi də var. Sadəcə onları - bu mədəniyyətin daşıyıcılarını belə gözəl ifadə ilə adlandıracaq adamlar artıq yoxdur. Varsa da, səsləri çıxmır. Bu adamların səsini özümüz-külər, sözsüz ki, daha qüdrətli fiqurların köməyi ilə elə alıblar ki, onları elə əziblər ki, bir də nə vaxtsa dirçələyəcəyinə inanmaq olmur. Bunun üçün gərək tufan, aramsız, sonu olmayan Bakı küləkləri qopsun...
   
   Hərənin öz fikri ola bilər. Demokratiya deyil məgər? Amma burda məni "vəkillik" eləyənlərin mövqeyi daha çox narahat edir. Əvvəla, "elita" ziyalı, yaxud "intelliqensiya" demək deyil. Əgər söhbət elitadan gedirsə, onda məsələnin müzakirəsi tamam başqa şəkildə və yalnız siyasi müstəvidə aparılmalıdır. İkincisi, Azərbaycanda ziyalı təkcə Qərb mədəniyyətinə inteqrasiyaya meylli adamlara deyilməyib. Ziyalı öz mədəniyyətini, mənəvi dəyərlərini təhriflərdən qoruyan, onların saflığına çalışan, tarixini, əxlaqını, dinini daha dərindən öyrənən və öyrədənlərə deyiblər əsasən. Bu da bir yana dursun... Amerika kinoakademiyasının "Oskar" mükafatı ya filmin yaradıcılarından birinə, məsələn, rejissora, aktyora, rəssama, ssenaristə, operatora və digərlərinə verilir, ya da bütövlükdə hər hansı bir əcnəbi filmə. İkinci halda mükafatı başı üzərinə qaldırmaq, bu adı daşımaq səlahiyyətinə daha çox filmin rejissoru malik olur, nəinki ssenari müəlliflərindən biri. Bununla belə... Məgər kiminsə başqa ölkələrdə tanınması, lap belə on beş dəfə Nobel mükafatı alması, "Biləcəridən o yana" dağı götürüb dağ üstə qoyması və əlbəttə ki, bununla öz vətənini tanıtması o deməkdir ki, onunla heç kim mübahisə edə bilməz? Belə çıxır ki, hətta söhbətin nədən getdiyini anlasan belə, gərək ağzına su alasan, kiminsə qarşısında "nüfuz sahibidir" deyə susub heç nə deməyəsən? Biz artıq zəhlətökməyə başlayan bu avtoritar düşüncədən nə vaxt azad olacağıq?
   
   Amma yenə də... Daha maraqlı qeyzlənənlərdir. Siz, ey elita barədə uğurlu atmacadan qeyzlənənlər! Hansı mənsəbə yetsəniz də, hansı səviyyədə varlı olsanız da, qərbləşə bilməyəcəksiniz. Kendinizə dönün, türklər demişkən. Bir daha özünüzə sual verin: yaxşı nədir, pis nədir? Cavab verməyə isə tələsməyin.
   
   

TƏQVİM / ARXİV