adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YALANLARIN MÜƏLLİFLƏRİ

BABƏK YUSİFOĞLU
36494 | 2015-05-07 08:42
Dünyanın super gücləri tərəfindən istehsal edilən yalanların şahidi olduqca mən belə düşünürəm ki, dilçi alimlər, bu sahəni bilən digər mütəxəssislər mütləq "yalan" kəlməsinin daha təsirlisinin, daha böyüyünün, daha dəhşətlisinin mahiyyətini anlatmaq üçün yeni bir söz yaratmalıdırlar. Çünki bu gün yalan siyasət maşınının əməlləri elə bir mərhələyə yüksəlib ki, hazırkı "yalan" kəlməsi təxminən tərifə bənzəyir.
Əlbəttə, bu istək çox bəsit görünə bilər, sadəlövh arzu təsiri bağışlaya bilər - bunun mən də fərqindəyəm - amma belə bir neologizm dilidə öz həllini tapsa daha məqsədəuyğun olar. Yəni, onda maşını olmayan bir adamın "mənim maşınım var" yalanını, günahsız insanları qırmağı, uşaqları məhv etməyi, yaşayış məntəqələrini xarabazara çevirməyi, separatizmi "xalq öz müqəddəratını təyin edir" kimi iyrənc yalanlardan fərqləndirmək mümkün olacaq. İnsanlara cəhənnəmi bu dünyada yaşadan xalqlar öz müqəddaratlarını təyin etmirlər.
Dağlıq Qarabağda günahsız insanları kütləvi şəkildə, özüdə vəhşicəsinə qırmağın müqəddəratın təyin etməsiylə nə əlaqəsi var?! Necə ola bilər ki, bir "xalq" öz müqəddəratını təyin etmək üçün digər xalqın nümayəndələrini kütləvi şəkildə qırsın? Yoxsa qətlə yetirilənlərin müqəddərartları yoxdur?!.
Çeçenistanda böyüklərin, qadınların, qocaların məhv edilməsini heç demirəm, on minlərlə az yaşlı uçağın qətlini həyata keçirənlər həmin müqəddəratı niyə yaddan çıxarmışdılar. Hansı ki, Çeçenistan torpaqları dünya yaranandan heç vaxt Rusiya torpaqları olmamayıb.
İnsanlara həqiqəti çatdırmalı olan, baş verənləri cəmiyyətə düzgün söyləməyin yolunu seçən bir sıra jurnalistlər, yazarlar, söz adamları nə yazıq ki, siyasətin əlində alətə çevirilərək çox iyrənc təbliğatla məşğul olurlar. Separatizmi, quldurluğu, insanlara faciələr yaşatmağı bir qəhrəmanlıq kimi təbliğ edənlər çox yəqin ki, əvvəlcə öz vicdanlarını satırlar (əgər o da varsa), sonra isə mənim "yalan"dan da betər axtardığım adı üzərlərlərinə götürüb pul-para qazanırlar. Və mən istəmirəm ki, belələri yalançı, yazdıqları isə yalan adlansın. Çünki, dediyim kimi, onların yazdıqları vicdanı olan normal insanlarda ən azı ikrah hissi yaradır. Ona görə də iyrəncliyin üst səviyyəsini özündə ehtiva edən yeni bir söz tapılmalıdır...g
Dağlıq Qarabağda olduğu kimi Ukraynada da iki ildir ki, eyni xəyanət oyunları aparılır. Və adını hələ tapa bilmədiyim həmin iyrənc yazarlar yenə öz "işlərindədi". Belələrindən biri olan Vladimir Skaçko 2015-ci il, aprelin 30-da Ukrayna prezidenti Petr Poroşenkonun Ukraynanın STB telekanalındakı çıxışından bəhs edən bir "yazı" çap etdirib. (regnum) Ukrayna prezidenti orada müharibənin bundan sonra nə qədər davam edə biləcəyi məsələsinə aydınlıq gətirərkən bildirib ki, bu müharibə o zaman sona çatacaq ki, Ukrayna Donbası və Krımı özünə qaytaracaq. "Buna nə qədər vaxt lazım olacaqsa, o qədər. Biz uzun müddətli müharibəni də göz önünə alırıq. Bunun dünyada örnəkləri də var. Elə ölkələr var ki, uzun illər müharibə şəraitində yaşayırlar. Məsələn, Cənubi Koreya on illər boyu özünün şimal qonşusuyla müharibə şəraitində yaşayır... İsrail öz ərazisini müdafiə etmək üçün 30 ildən çoxdur ki, müharibə vəziyyətindədir".
Müəllif yazısında ölkəsinin parçalanmasına qarşı çıxan, bundan ötrü hətta müharibə aparmağa hazır olan, bütün çətinlikləri günbəgün yaşayan, heç nədən qorxmayan bir ölkə prezidentini bildiyi bütün üsullarla lağa qoyur, Poroşenkonun bu cür qətiyyətli mövqeyini hakimiyyətdə qalmaq oyunu adlandırır. Onun sözlərindən, yazısından belə çıxır ki, ölkənin prezidenti tarixi torpaqlarını separatçılara, yaxud onların himayədarlarına peşkəş etməlidir.
Skaçko belə hesab edir ki, öz doğma torpaqları daxilində digər ölkənin işğalçı qüvvələrinə qarşı döyüş aparan Poroşenko militarisdir. Buna söz tapmaq mümkündürmü? Belə bir iddiada bulunan adam əslində yazı yazmaq, təhlillər aparmaq əvəzinə mütləq psixatra müraciət edib ciddi şəkildə müalicə almalıdır. Bir də həkimlərdən, mütəxəssislərdən öyrənməlidir ki, onda vicdan duyğusu əvvəldən yoxmuş, yoxsa onu sonradan itirib?! O, qonşu ölkənin ağır texnikasının, xüsusi əsgərlərinin Ukrayna ərazisində separatçılarla niyə brilikdə vuruşmasına toxunmadan Qərbin Kiyevə dəstəyini ağ-qara tənqid edir. Sən demə, belə arzu edirmiş ki, heç bir ölkə Ukraynanı müdafiə etməməli, yardım göstərməməlidir?
Onun yazısındakı belə yanaşmaları sadalamağa gərək yoxdur. Riyaziyyatda olduğu kimi, toplananların yerini dəyişəndə cəm dəyişmirg
Nə isə...
Silahlı separatizm çox qorxulu bir "hərəkatdır". Çünki özüylə olmazın bəlalarını, faciələrini gətirir, dağıntılar, xarabalıqlar, xəstləliklər, qaçqınlar ordusu yaradır. Skaçko kimi separatizmi təbliğ edənlər, bu ideologiyaya xidmət göstərənlər, başqa xalqların torpaqlarını özününküləşdirənlərə haqq qazandıranlar əslində əlində silah olan separatçılardan da qorxunc adamlardı. Belələri olmasaydı yəqin ki, Azərbaycan vaxtında öz haqq səsini beynəlxalq ictimaiyyətə daha tez, daha asan çatdıracaqdı, diqqəti yaşanan faciələrə cəlb edə biləcəkdi.
Onda skaçkoların yazdıqlarına, dediklərinə sadəcə "yalan" demək nə dərəcədə doğrudur ki?..

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV