- Elə də oldu. Sənin bankda nə qədər pulun var idi, hamısını baxtaladı. Ondan sonra evlər, paraxodlar, karvansaralar hamısı birbəbir getdi. Istəyirdi ki, içində oturduğu evi də satsın. Qohum-əqrəba yığılıb, onu evdən qovdular, qaldı küçədə.
- Acından öldü?
- Yox, toxundan öldü. Onun arvadından savay bir rus qızı da aşnası var idi. Sənin sağlığında da o qız var idi; səndən xəlvət saxlayırdı. Sənin pullarından ildə neçə min manat o aşnasına xərc eləyirdi. Axır vaxt oğlunu bir naxoşluq tutmuşdu ki, həkimlər o naxoşluğa "it aclığı" deyirlər. Sübhdən axşamadək yeyirdi, doymayırdı. Evindən qovulandan sonra aşnası onu yanına apardı, orada ölənədək... yedi öldü.
Hacı bunu eşidən tək tarap, dəydi yerə. Ürəyi getdi. Mələklər odlu taziyanələrlə onu döyüb özünə gətirdilər. Ayağa qalxıb mənə yalvardı:
- Atam sənə qurban, burada deyəsən sənin hörmətini saxlayırlar. Deginən mənə bir belə əziyyət verməsinlər.
Dedim:
- Hacı əmi, bu yerdə mənim sözüm keçməz. Ancaq sənə bir tədbir tökə bilərəm. Bu yaxında Dəsturov adında bir kişi var. Ərizə yazmaqda çox qoçaqdır. Ona deginən Allaha bir ərizə yazsın. Bəlkə bir fayda verdi.
- Afərin! Yaxşıca tədbir tökdün. Rəhmətlik oğlu, keçəl dərman bilsə öz başına yaxar. Dəsturov qoçaqdır, çalışsın öz canını qurtarsın. Mənə onun ərizəsindən fayda olmaz. Özgə əlacın varsa, söylə.
- Özgə əlac bilmirəm. Ancaq, hacı əmi, sən böyük oğlunla da nainsaf rəftar elədin. Yaxşı iş görmədin.
- Necə? Nə elədim?
- Daha nə eləyəcəksən. O yazıq özünü öldürəndən sonra gedib, onun öz əli ilə tikdirdiyi əmlaka, öz zəhməti ilə qazandığı mala sahib olub, onun arvadını, uşaqlarını ac küçəyə buraxdın.
- Necə? Yoxsa mən xilafi-şər iş görmüşəm? Şəriətin hökmünə əməl eləmişəm. Get hansı molladan xəbər alacaqsan al. Oğul ki, atanın qabağında öldü, onun malı atasına keçər. İkincisi, onun uşaqları rus qızından olmuşdular. Ac qaldılar, cəhənnəmə qalsınlar. Amma kiçik oğlum əlimə keçsə onun atasına od vuracağam!
Mələk kürədən bir kürək dolusu qızarmış pul çıxardıb hacının qabağına atdı və kürəklə də bir dəfə başından vurub dedi:
- Bura boş danışıq yeri deyil, işinə məşğul ol.
Hacı yenə əli yana-yana pulları saymağa məşğul oldu.
Biz getdik.
Odabaşı ilə bir qədər getdikdən sonra gördük bir nəfər ağsaqqal kişi əlində oddan bir süpürgə cəhənnəmin küçələrini süpürür. Hər dəfə yorulub dayanmaq istəyəndə mələklər odlu gürzlərlə təpəsindən vurub işləməyə məcbur edirlər.
Odabaşı dedi:
- Bu şəxsi ki, görürsən, mənim həmşəhərlilərimdəndir. Bizim yerlərdə buna müctəhid deyərdilər. "Carubkeşlər" (süpürgəçilər) küçəyə çıxanda məlum olurdu ki, ağa bir yana buyuracaq və küçələri süpürtdürməkdən məramı budur ki, özünün və məiyyətində gedən şəxslərin ayaqlarının altında qarışqa qalar. Qalıb qırılmasınlar.
Məyazar muri ki, danəkəşəst
Ki, can darədu cani-şirin xoşəst.
Mən cavabında dedim:
- Yəqin ağa bir şeyi ya unutmuşdu, ya xalqın gözünə pərdə çəkirdi. Özün fikir elə. Ağanın özünün və yanınca gedənlərin ayaqlarının altında çox qırılsaydı bir-İki yüz qarışqa qırılacaqdı. Amma onun carubkeşlərinin hər süpürgəsinin altında neçə yüz qarışqa qırılırdı.
Odabaşı mənim sözümü təsdiq etdi.
- Belədir ki var. Odur ki, ona cəhənnəmdə süpürgə çəkdirirlər.
Bəli, elə ki bunun xüsusi süpürgəçiləri küçəyə çıxardılar, tamam əhali ağanın ziyarəti üçün küçəni o yan-bu yan tuturdular. Bir də görürdün, ağa bir məxmər çullu uzunqulağın üstündə göründü. Camaatdan "salavat" səsi asimana bülənd olurdu. Ağa ağ ləbbadə, ağ əmmamədə hər İki tərəfə camaata baş əyərək, həzin səslə deyirdi:
- Salaməleyküm, əleykəssalam; salaməleyküm, əleykəssalam!
Xalq dalınca yüyürüşüb, uzunqulağının ayaqlarının izindən torpaq götürüb, tutiya kimi evlərində saxlayırdılar. O torpağı suya salıb, vəzi həmli çətin olan qadınlara içirdirdilər, sancılanmış uşaqların qarınlarına sürtürdülər və sairə, habelə yerlərdə işlədirdilər. Uşağı olmayan qadınlar gedib, qarınlarını ağanın qapısının dabanlığına sürtərdilər. Bu gördüyüm şəxs belə bir müqəddəs vücud idi.
İndi qulaq verin bundan sizə bir keyfiyyət nağıl eləyim.
Dedim:
- Buyur.
Odabaşı başladı.
ODABAŞININ HEKAYƏSİ
Bizim qonşuluğumuzda İbrahim adında kasıbca bir baqqal olurdu. Bir yaxşı fəqir, təmiz qəlbli, heç kəsə əziyyət verməyən, qonşuların xeyir-şərinə həmişə qabaqca gələn xoşsifət bir kişi idi.
Bunun gözünün ağı-qarası Fərman adından bircə oğlu var idi. Fərman gözəl, qoçaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan keçən və atası tək təmiz, pak qəlb bir oğlan idi.
İbrahimin Hacı Kamyab adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zəngin tacir sayılırdı. Onun ticarəti nəinki öz məmləkətində, hətta əcnəbi ölkələrdə də işləyirdi. Istanbulda, Bakıda, Tiflisdə, Batumda onun amilləri var idi. Rusiyanın hər şəhərinə onun malı işlərdi. Ildə bir dəfə hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına bələd olmaq üçün Rusiyanı, Türkiyəni gəzib qayıdardı. Həştaddan çox kəndi var idi. Bir böyük xalı, gəbə fabrİki var idi. Neçə yüz əmələ fabrİkində və kəndlərində işlərdi. Vaqonlar dolusu Hacı Kamyabın səbzəsi, kişmişi Rusiyaya gedərdi.
Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Hər il məhərrəm ayının birindən onunadək İmam ehsanı verərdi. Şəhərin hamı tüccarı, üləma və saldatı onun ehsanında cəm olurdular. Aşura günündən başlamış İmamın qırxınadək təkyə saxlardı. Təkyələrində çay və qəndab sel kimi axardı. Bununla belə, Hacı Kamyab qardaşı İbrahimin əlini tutmaz idi; deyərdi:
"İkimiz də bir atanın, bir ananın uşaqlarıyıq. Atamız İkimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qazanan kimi o da qazansın".
Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Xeyr, İbrahim və oğlu Fərman tez-tez onun evinə gedib-gəlirdilər. Hətta bir para işlərinə də gedərdilər, evində ehsan ya təkyə olanda İbrahimi də oğlu ilə bərabər çağırardı. Çağırmasaydı da yaramaz idi, çünki xalq eyib tutub deyərdi ki, hacı qardaşı və qardaş oğlunu bəyənməyib ziyafətlərinə çağırmır.
Hacı Kamyabın Gövhərtac adında bir gözəl qızı var idi. Fərman və Gövhərtac İkisi bir yerdə böyümüşdülər və həmsinn idilər. Bu İki cavan uşaq da bir-birinə bir bacı-qardaş məhəbbəti yetirmişdilər. Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb, axırda başqa bir surət aldı.
Belə ki, Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bilmirdi. O səbəbdən Fərman hər gün səhərdən axşamadək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara səbzə doldurmaq, torbalara kişmiş basmaq, arabaları, ulaqları yükləmək... Bu zəhmətlərin hamısını Fərman mükafatsız çəkirdi. Onun mükafatı gündə bir neçə dəfə Gövhərtacı görmək idi.
Hacı Kamyab əhvalatı gözəlcəsinə anlamışdı. Ancaq bir şey büruzə verməyərək, Fərmanın zəhmətindən istifadə edirdi.
- Müftə hambaldır, qoy işləsin. Onun xəyalından mənim qızımı almaq keçir. Qoy xəyal-plovdan nə qədər yeyəcək yesin. Mən qızımı ərə vermək istəsəm, özümə yaraşan bir şəxsə verərəm, nəinki acın birisinə. Çox da mənim qardaşım oğludur.
Bir gün Hacı Kamyab qardaşı İbrahimi və Fərmanı çağırıb xəbər verdi:
- Sabah Xudayar xan mənə qonaq gələcək. Gərək İkiniz də burada olub, onun özünə və atlarına qulluq edəsiniz.
Ata və oğul "baş üstə" deyib getdilər.
Xudayar xan ətrafın ən zəngin, ən güclü xanı hesab olunurdu. Beş min nəfər rəiyyət nə bağlarının məhsulunu, nə taxılını, nə qoyununun yununu xandan biizn heç yana çıxarda bilməz idi. Malını kimə və neçə qiymətə xan buyursa idi, elə də satardı. Yun, pambıq, xüşkəbər, buğda almaq istəyən tacir gərək qabaqcadan xanla görüşəydi. İkilikdə malın qiymətini qət edəndən sonra xan malın haman müəyyən olunmuş qiymətə satılmasına əmr verərdi. Söz yox ki, burada İki qiymət təyin olunurdu. Biri xanla tacirin, o birisi, rəiyyətlə tacirin aralarında. Xudayar xanın rəiyyətinin məhsulunu həmişə Hacı Kamyab alardı. O idi ki, belə qonağı layiqincə qəbul etmək lazım gəlirdi.
***
Sabahı günü Hacı Kamyabın özü və əmələsi sübhdən durub, əziz qonağın gəlməsinə hazırlaşırdılar. Hacı talvarda əyləşib əmr verirdi. Əmələ itaət edərək işləyirdi. Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Döşlüklü, başında araqçın, qol çırmaqlı məşhur aşpaz usta Rəsul qazanları su ilə doldurub, altından od vurub, qaynamasını gözləyirdi. Şagird yerdə əyləşib ət doğramağa, soğan doğramağa, məğzi-badam, badımcan, albuxara təmizləməyə məşğul idi. İbrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi; Fərman saatda bir bazara qaçıb, lazım olandan alıb qayıdırdı. Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa kimi qaynamaqda idi. Su gətirən kim, odun yaran kim, qazan altına tez-tez odun atan kim, düyü yuyan kim...
Hamıdan artıq ürək və həvəslə işləyən Fərman idi. Onun qəsdi, özünün çapuq və karkün olmasını həm əmisinə və həm tez-tez pəncərə qabağına gəlib, ona baxıb şirin gülən Gövhərtaca göstərmək idi. Fərman yəqin etmişdi ki, əmisi onu oğulluğa götürüb, Gövhərtacı da ona verəcək. Gövhərtac da bu fikirdə idi. Hacı Kamyabın da ki, ürəyindəkini ərz elədim.
Günorta zamanı plov hazır olub dəmə vuruldu. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Hacı bir dəstə də şəhərin ən məşhur sazandalarından xanın naharında oxuyub çalmaq üçün hazırlamışdı. Böyük talvarda süfrə salınmışdı. Ənvai-şərbət, mürəbbə, halviyyat süfrənin üzərinə düzülmüşdü. Hacı Kamyab şəhərin əyan və tüccarlarından da iyirmi-otuz nəfər xanın naharında iştirak üçün dəvət etmişdi. Günorta namazından sonra qonaqlar yığılmağa başladılar. Bir azdan sonra şəhərin darvazasında qoyulmuş xüsusi adam yüyürərək özünü yetirib, xanın gəlməyinin xəbərini gətirdi.
Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Az keçmədi ki, xan dalınca iyirmi beş nəfər müsəlləh və qoçaq atlı olaraq, varid oldu. Fərman qabaqca yüyürüb xanın atının başından və üzəngisindən yapışdı. Fərman artıq xanın xoşuna gəldi. Hacı Kamyabla əl tutub xəbər aldı:
- Hacı, bu oğlan kimdir?
- Qurban, bu mənim qardaşım oğludur.
- Afərin! Yaxşı və qoçaq oğlana oxşayır. Çox xoşuma gəldi.
- Nökərinizdir, qurban!
Xanın atlıları da atlarından endilər.
Xan bir neçə saniyə Fərmanın üzünə baxıb, hacı ilə bahəm içəri daxil oldu. Xanın adamlarından bir nəfəri əlində bir mürəssə mücrü xanın dalınca, həmçinin, içəri girdi. Mücrünü gördükdə Fərmanın bir qədər ürəyi düşdü. Xan talvara daxil olanda qonaqlar hamısı ehtiramla ayağa qalxdılar. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə qərar tutub əyləşdi. Qonaqlar qabaqca şirin çay verilib, dalınca əl suyu gəldi.
Nahar başlandı. Böyük məcməyilərdə plov gətirilib, süfrəyə qoyuldu və xuruşlar birbəbir gətirilməkdə idi. Xalq yeyib-içməyə məşğul olub, sazandaların oxuyub-çalmasından həzz aparırdılar.
Məclislə əndərunun arasında dolanan Fərman idi. Tez-tez əndəruna girib, oradan qonaqlar üçün qəndab, qəhvə və qəlyan gətirirdi. Əndəruna daxil olub, Gövhərtacın üzünə baxanda ürəyindən bir dərin ah çəkirdi. Gövhərtac bu haləti ondan görüb, anasının yanında səbəbini soruşmağa cürət edə bilmirdi.
Nahar axşam azanınadək uzandı. Axır qonaqlar bir-bir "xudahafiz" edib evlərinə getdilər. Xan o gecə Hacı Kamyabın evində yatıb, sübh getməli oldu.
***
Axşam xanla Hacı Kamyab birlikdə qalxıb, bir qədər alış-veriş və haqq-hesab söhbətinə məşğul oldular. Axır xan dedi:
- Hacı Kamyab, bizim aramızda budur, neçə müddətdir rəfaqət var. Bu neçə ildə sən mənimlə və mənim rəiyyətimlə əlaqədarsan. Sənin bizimlə gözəl rəftarın, rəiyyətə göstərdiyin insaniyyət hamının ürəyini sənə bənd edib. Bu gün buraya gəlməkdən mənim məqsədim səninlə buğda, pambıq hesabı çəkmək deyildi. Özgə bir məramla mən buraya gəlmişəm.
Hacı hərçəndi xanın məqsədini mücrüdən duymuşdu, yenə diqqətlə qulaq asıb, "bəli, bəli" deyirdi.
- Biz İndiyədək dost olmuşuq. Bundan sonra da gəl qardaş olaq. Mənim oğlum Gəray xan böyüyüb, evlənmək vaxtıdır. Sənin də evində bir qızın var. Gəl, sən mənim oğlumu özünə oğulluğa götür. Mən də sənin qızını qızlığa götürüm. Mən çox fikir edib gördüm ki, səndən savay heç bir kəslə mənim qohumluğum tutmayacaq. Ümid edirəm ki, sən də mənim xahişimi qəbul edib bu mücrünü mənim qızıma verərsən.
Bu izdivac hər İki tərəfin əqidəsincə faydalı idi. Xudayar xanın, doğrudur, dövlətinin, malının hesabı yox idi. Hacı Kamyabın da vəfatından sonra, pulu, əmlakı xanın oğluna keçsə, daha da sərvəti və qüvvəti artar. Hacı Kamyab üçün də Xudayar xan kimi şəxslə qohum olmağın ticarətinə mənfəəti aydın idi. Hacı mücrünü qəbul edib dedi:
- Xan, mən sizin kəmtərin nökərinizəm; qızım da kənizinizdir. Mənim sizin xahişinizdən boyun qaçırmağa ixtiyarım yoxdur.
Xan "Allah mübarək eləsin" deyərək hacı ilə öpüşdü. Hacı mücrünü əndəruna aparıb, gülər üzlə arvadına verib dedi:
- Arvad, həm bizim üçün, həm Gövhərtac üçün belə xoşbəxtlik yuxumuza da girməz idi. Xudayar xan kimi şəxsin qohumu olmaq bizim üçün böyük başı ucalıqdır. Mənim tay-tuşlarımdan heç biri belə səadətə nail olmayıblar. İndi cəmi şəhər bu əhvalatı danışacaq. Bazarda məni barmaqla göstərəcəklər. Böyük səadətdir! Çox böyük səadət!
Arvad da sevinə-sevinə mücrünü alıb dedi:
- Bəs sən bunu demirsən ki, mən Gəray xanın qayınanası oluram.
O günü hamamda başıma su tökürəm, gördüm bir nəfər arvad yanımdakına deyir:
- O başına su tökən kimdir? Ona deyin bir az kənara çəkilsin. Suyu üstümə sıçrayır.
Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamyabın arvadıdır, dedi:
- Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İbrahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin.
- Sonra baxam görəm kim? Ac Kamran xanın arvadı.
- O Kamran xan ki, mənə iki min tümən borcludur? İndi verməyə də pulu yoxdur.
- Haman özüdür. Dəvədən yıxılıb "höt-hötünü" əldən qoymur. Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona özüm çimib çıxınca hamama girməyə izn verməyəcəyəm. Qoy desinlər:
- Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir.
Hacı dedi:
- Çox gözəl. Bunlar sonranın işidir. Mən geyirəm xanı yola salam. Sən də qızını çağır, özün xəbər ver.
Hacı Kamyab çıxandan sonra arvad qabaqca mücrünün qapağını açıb tamaşa elədi. Mücrü qiymətli cavahiratla dolu idi. Hacı Kamyabın evində də cavahirat az deyildi. Amma arvadının zənnincə bu mücrüdəki cavahirat hacının cəmi dövlətinə bərabər idi. Mücrünün özü də ziqiymət idi. Arvad Gövhərtacı çağırdı.
- Qızım, bax gör, Xudayar xan sənə nə gözəl peşkəş gətiribdir.
Bunu deyib mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Qız mat dayanıb, bir şey anlamayaraq anasının üzünə baxdı.
- Niyə sevinmirsən, qızım? Sənə böyük bəxt açılıb. Bundan sonra cavahirat gölündə üzəcəksən. Tezliklə on min can rəiyyətin xanımı olacaqsan.
Qız heç vaxt güman etməzdi ki, atası onu Fərmandan savay başqa adama versin. Anasından aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Anasının axırıncı sözləri onu ayıltdı.
Qız bircə bunu dedi:
- Yox... ana... can!
Gözlərindən sel kimi yaş axdı...
Anası qızına acıqlandı:
- Çəkil get, dinməz otur yerində! Qız uşağısan, sənin üçün eyibdir. Atan gəlib səni bu halətdə görsə, bil ki, başını it qibləsinə kəsər. Get öz mənzilində otur. Qotur Fərman İndi Xudayar xanın oğluna tay olacaq? Get, bala, ağlını başına cəm elə və otur yerində. Adam tanrısına təpik atmaz.
Qız gözü yaşlı getdi. Bizim yerlərin rəsminə sən bələdsən. Ata istəsə ki, qızını yoldan ötən avaranın birinə versin, gərək qız tabe olub danışmasın. Kişinin xahişinin müqabilində arvad səsini çıxarda bilməz. Gövhərtacın anası yəqin ki, qızının xoşbəxt olmasını istəyirdi. Ancaq nə ərinin qarşısında bir söz deyə bilərdi, nə də şəhərin sair arvadlarının qarşısında özünü çəkməkdən geri dura bilərdi. Ürəyində deyirdi:
- Qızdır, bir-İki gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə dünya yadından çıxar.
Gövhərtac o günü axşamadək ağladı. Ondan sonra anasının yanında qız özünü şad, xürrəm göstərib, xəlvətə çəkiləndə göz yaşı axıdırdı.
Bir-iki gündən sonra əhvalat cəmi şəhərə yayıldı. Tacirlər, əyan, haman bu süpürgəçəkən Mirzə Əhməd ağa Hacı Kamyabı təbrik etdilər. Hətta Mirzə Əhməd ağa bir ədəd ibrə şalından canamaz, bir "Cameüddəvat", bir təsbihi-səddanə və bir möhür qız üçün ənam göndərdi.
Şəhərdə ancaq iki nəfər qəmgin və başı aşağı gəzirdi. Biri İbrahim idi, o birisi də oğlu Fərman. Fərman evdə əyləşib dost-aşna arasına çıxmaqdan xəcalət çəkirdi.
Axır bir gün atasına dedi:
- At
a, doğrusu, mən bu namusu yeyə bilməyəcəyəm. Mən məgər Xudayar xanın oğlundan əskik oğlanam? Mənim namərd əmim onun nəyinə susadı? Dövlətinəmi? Məgər mənim əmimin dövləti azdır? Onun var-yox bircə qızı var. Insafı necə yol verir ki, mənim kimi, ona satın alma qul tək qulluq edən qardaşı oğlunu buraxıb, qızını xan oğluna verə? Və sonra özü də gedib, haman xan oğlunun qapısında əli bağlı durub, icazə verməyincə də içəri daxil olmağa cürət eləməyə. Mənim İndi heç bir yolum qalmayıb. Mən əmim qızının fəraqına davam eləyə bilməyəcəyəm. Gərək Gəray xanı da, əmimi də, özümü də öldürəm. Qoy mənə qismət olmayan, heç kəsə qismət olmasın.
(ardı var)


Bakı -°C
