adalet.az header logo
  • Bakı -°C

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
25065 | 2017-10-04 16:35
A- A+

- Pasport, filan?

Dedi:

- Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur.

Qapını açıb məni içəri saldı. Bəli, vasil olduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin.

Cəhənnəm, nə cəhənnəm! Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoç döyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu, nə qoçular atışması... hamısı bu tamaşanın müqabilində heç yerindədir. Bu tamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib, yanından gözüyumulu ötər.

Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər:

- Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədyanı yazır. Cəhənnəm nədir, tamaşası nə ola?

Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. Inanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır. And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir.

Burada bir haşiyəyə ehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəs şəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm.

1. XAN TÜPÜRCƏYİ

Qarabağ xanı İbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda "Yekəpər" deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imiş ki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtüb yazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandan adlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, it boğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergi verilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saat salamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanın vəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar.

2. TOPAL SEYİD

Bu şəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir; ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəm bizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasına getməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşının xoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər.

Naxoşun qardaşı deyirdi:

- Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarını Topal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzir verməklə salamatlığa çıxar.

Elə də elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib.

Təziyəsinə gedib, qardaşını məzəmmət elədim, dedim:

- Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin.

Dedi:

- Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi.

Əlbəttə, etiqad böyük şərtdir.

3. DEŞİKLİ AĞAC

Bu mücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şax ayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir, övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olan bacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanına gedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadın ağacın deşiyindən keçir. Deyildiyinə görə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsə həmişəlik özündən naümid olub, məyus evinə qayıdır.

4. QAZAQ QƏBRİ VƏ XƏLİFƏLİ OCAĞI

Bu iki müqəddəs məkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdə bayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər. Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını ipliklə bir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilən uşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminən yüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə gülləyiblər. O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur. Amma şəhərin camaatının əksəri Xəlifəli ocağına gedir.

Hətta belə də bir rəvayət var: İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçə gün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşib Şuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbin qabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı o yan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlində bir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı. Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanı İbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrə gedirsə götürüb bu şeri yazıb xana göndərir:

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Düyilə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm məni qoymazlar kəndə.

El batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahib-camalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

Xanın şeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirin danışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbini ona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla Pənah Vaqif edirdi. Ona görə də deyiblər: "Hər oxuyan Molla Pənah olmaz".

5. CINDIRLI PİR

Bu da dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hər bir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladı olmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər. Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər.

6. ÖSKÜRƏK PİRİ

Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündür qayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını o qayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər. Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur.

7. CİCİM OCAĞI

Bu ocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar. Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsi çörək təknəsində, qab-qazanın arasında, taxçalarda qıvrılmış yatıblar. Ocaq sahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin üstündən o yan-bu yana addayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından daxil olanın birinə də ilan dəyməz. Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın. Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaq özünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfa tapacaq. Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur.

Belə andları eşidəndən sonra gərək inanasınız.

İndi keçək mətləbə.

Cəhənnəm yerin yeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın adına Kəmid dağı deyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan adlı bir yerdədir. Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına Cəhənnəm deyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar. İkinci təbəqənin adına Ləza deyirlər; bu təbəqə tərsalar üçündür. Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqə də yəhudilər üçün təyin olunubdur. Dördüncü təbəqənin adına Səqər deyirlər; buraya da əbrləri salırlar. Beşinci təbəqənin adını Səir qoyublar. Bu təbəqə də saibilər üçündür. Altıncı təbəqənin adı Cəhimdir; bura da müşriklər üçündür. Cəhənnəmin axırıncı təbəqəsinin adına Haviyə deyirlər.Bura da münafiqlər üçündür.

Necə ki, görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə yeri var. Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər. Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırdaxırda adamlar: əttar, baqqal, şkola müəllimi və sairləri.

Cəhənnəmin hər təbəqəsində qırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi çuxur yerləri var. Hər çuxurun içi yeddi yüz illik yoldur. Hər ili üç yüz altmış gündür. Hər bir günü dünya illərinin min ilidir. Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adına Veyl quyusu deyirlər. Yetmiş illik yol onun dərinliyidir.

Mən cəhənnəmə daxil olanda həmin quyunun təkindən bir "vay, dədəm vay" naləsi eşitdim. Başımın tükü papağımı götürdü. Odabaşıdan xəbər aldım

- Bu nə səsdir?

Cavab verdi:

- Yetmiş il bundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq İndi quyunun təkinə dəydi.

O adamın kim olduğunu xəbər alanda odabaşı dedi:

- Vallah, bilmirəm hansının adını deyim. Bu quyuya bir adam salmayıblar, İki adam salmayıblar, hədd yox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərini salırlar. Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm İki dövlət arasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbli idi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər. Qərb vəkilləri şərqlilərin təbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropa paytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Bu xanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər. Gündüz vəkillərlə danışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər. Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu. Bu quyuya təpəsi üstündə salınanlar belə vəkillərdir.

Və yenə İki padşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu. Dövlətlərdən biri bir özgə vilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənə parıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzər mülkü İki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz. Belə adamları da Veyl quyusuna salırlar.

Əlavə, qədim hakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra bir böyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclü padşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahın mənə yaranallıq versə, mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq o saat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənə görə, hakim cənablarına yaranallıqdan savay İki stəkan şampanski də veriblər. Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar.

Belə xəyanətkarlar xüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə, oxuyarsınız.

Mən həmişə belə güman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib, hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardan dünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçənd burada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməllərini aydın görür. Əlavə hər bəndənin çiyinlərində İki nəfər kiramülkatibeyn deyilən mələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundların buyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlər çağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, o şahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər bir düşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlib şəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətə cəlb olunacaqdır.

Məsələn, tutaq ki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kabab yeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisi vurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir:

- Bəli, mənim ətim yeyilən vaxt filankəs vurub filankəsi öldürdü.

Mən bu etiqadda olub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətinin advokatlığını edəcəkdir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya göndərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata. Amma belə deyilmiş.

Qiyamətə gələnlərin hamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpünün adına Püli-Sirat və bizim dildə "Qıl körpüsü" deyirlər. Bu körpü qıldan nazik və ülgücdən itidir. Hər qiyamətə gələni gətirib, körpünün başında dayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürüb körpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, İki qədəm qoyduqdan sonra guldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə.

Odabaşı söyləyirdi:

- Bu körpüdən yıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar.

Məsələn, burada bir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namaz qılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndi idi.

Bunu eşidən tək, həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bu kişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Heç bir şey! Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu Molla Ağa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adını ehtiramla çəkirlər. Birdən belə iş? Osmanlılar deyirlər: "Böyük iftizah"

Molla Ağa Fazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub baş yarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə, kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəs vücud. Belə də iftizah?! Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik babam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi:

- Aşura günü mən Təbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbriz əhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscid tutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur. Birtəhər camaatı yarıb özümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatın hönkürtüsü, "ağa vay" naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı.

Fazili-Dərbəndi bu haləti görüb ucadan qışqırdı:

- Əyyühənnas, hər kəs bacarır özünü bu xalis şiə kimi İmam yolunda qurban versin. Onun ruhu bu saat behiştdə peyğəmbərin öz qulluğundadır.

İranın şəhərləri birbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onu istiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzil verirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğə üsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməli oldu. Tehranda bir nəfər İkiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqama yetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcbur oldu. Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib İki əlini ona tərəf uzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünə bir neçə saniyə baxıb buyurdu:

- Qayçı gətirin!

Camaat əhvalatdan bir şey anlamayaraq, dayanıb tamaşa edirdi. Qayçı gətirdilər. Fazil qayçını alıb şaha tərəf yeridi və dedi:

- Sənin bığının qabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninlə mülaqat da haramdır.

Bunu deyib öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsa da, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindən ona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqaya rehlət buyurdu. Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinə yetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığında dəfn etdi.

Odabaşı üləmadan çox adamın adlarını çəkdi. Ancaq bir Fazili Dərbəndidən danışmaq kifayətdir.

Günahkar cəhənnəmə düşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranın üstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrlə vurmağa və zəncir bağlayıb odun içində sürüməyə. Bu məlaikələrin yetmiş min köməkçiləri - türküsü - qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlində yetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə. Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəziləri sümüklərini sındırırlar.

Xülasə, nə ərz edim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndə dedim:

- Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir inqilabçı tutub boğazından asdırsa, İki aydan sonra Rusiyada qurd quzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdi naçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd min manat çıxan deşiklər hamısı tutular.

(ardı var)


TƏQVİM / ARXİV