adalet.az header logo
  • Bakı -°C

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
27933 | 2017-10-04 19:36
A- A+

Cəhənnəm əhlindən birini yanıma çağırıb soruşdum:

- De görüm, sənin də canını alandan sonra bu əziyyətləri verdilər?

Dedi:

- Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm.

Bu binəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib ona içirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı. Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi:

- A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir.

Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin.

Dedi:

- Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm. Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən də çox əziyyət dəyibdir.

Cəhənnəmli məndən soruşdu:

- Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi?

- Görmüşəm. Çox yaxşı görmüşəm. Bir kasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim öz yanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyi getdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahı verib, kəndlini o zalımın əlindən qurtardım.

Cəhənnəmli dedi:

- Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərz eyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlinci göydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindən od çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanınca beş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə. Qabaqca İsfəhtail adlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim. Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bənd olmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma, çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər.

Yazıq kişi söhbətini qurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruq ilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə.

Odabaşı məni heyrətdə görüb dedi:

- Bu günahkar yetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərinin uzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıb çıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qərar atacaq odun içinə.

Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına. Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır. Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəm ayında dəstəbaşılıq üstündə dava düşübdür.

Odabaşıdan soruşdum:

- Bu nə səsdir?

Dedi:

- Cəhənnəm əhli Iblisi arakəsməyə salıblar.

Bunu eşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarını sürüməyə başladı. Yığıncağa yaxınlaşıb gördüm: Iblis ki, cəhənnəmin sədri-idarəsidir, bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafını alıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssir tutur.

Biri deyir:

- Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.

O birisi deyir:

- Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın.

Birisi deyir:

- Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyən sənsən.

Birisi deyir:

- Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəllə qəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana, ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi?

Birisi deyir:

- Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məni yoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşında yazıb ərə verdim. O da gedən kimi öldü?

Birisi deyir:

- Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və "Nasixüttəvarix" də yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurub şeytanın bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər "Lənət sənə gəlsin, kor şeytan"). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişə dolduran ki, camaat elmdən nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Biz də hər bir yolla camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinə hökm edirdik.

Birisi deyir:

- Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun? Biz də camaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavət saldıq?

Birisi deyir:

- Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olar ki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Mən də neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm?

Birisi deyir:

- Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə sən məni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünü də quru yurdda qoydum.

Birisi deyir:

- Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecəgündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər yumşaq olar? Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını, pulunu, var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub, əlimdən getdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm.

Birisi deyir:

- Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim? Sən məni yoldan çıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç birisi cürət edib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun sözünə aldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta palıd udan kimi uddum2.

Birisi deyir:

- Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğum yerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb, günaha batıb, qiyamət əzabına giriftar oldum?

Birisi deyir:

- Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki, insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakı buğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata.

Birisi əlində bir varaq kağızı Iblisə göstərib deyir:

- Ay Allahın lənəti sənə gəlsin, sən deyildinmi mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalnİki Vinokurova ver? Mən də sənin sözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə. Nə qədər özüm yanıram, bu kağıza bir zad olmur.

Bu danışanı mən tanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım. Bu şəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir:

Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var.

Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.

Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri... və i.a. Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə də bəylik təliqəsi veribdir. Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçı Muraddan danışaq:

Ağdam tərəfə yolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kənd hal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahir olduğund an xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bəyin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünədə anası şahzadə olduğundan xan deyilir.

Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdirlər. İndi "pişxurd" ləfzini də bir izah etmək lazımdır. Bu ləfz farsləfzidir. "Pişxurd" - qabaqca yeyilən. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirlər yaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər. Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqca döyüb satırlar. Belə döyülən buğdaya "pişxurd" deyirlər. Yuxarıda dedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndə lazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın bir hissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə. Şəhərdə bir neçə gün evdə əyləşib dərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libas hazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara, kluba, bulvara. Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb, yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla. Çetvorti sort da bəylər var. Bunlara "cır bəylər" deyirlər ki, varyoxlarını qumara, Tiflis və Bakı kefinə verib, İndi dövlətli bəylərin qapılarında sülənirlər. Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeri yırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə də özlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər. Dördü bir yerdə cəm olanda Tiflis qəstinlərində sürdükləri kefdən birbirlərinə söyləyərlər.

Bəli, kağızın əhvalatı belədir:

- Bir gün Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylər bir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində, cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir:

- Sizin ki belə fikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz? Çox gözəl iş görübsünüz. Mən özüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundan bir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qol qoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən burada borclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qol qoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalınca getməyi də öz boynuma götürürəm.

Məclis hamısı bəydən razılıq edib, ərizəni ona tapşırırlar. Bəy ərizəni qoynuna qoyub, bir az söhbət edib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi:

- İnşallah bir həftə çəkməz ki, ərizə hazır olar.

Bəy at üstündə getdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi:

- Bircə siz bu tülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb bir yerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığa bax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin dədəbabanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlib özünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi? Sən adını nə qoyub ortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!.. Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: "Alçaq dağları mən yaratmışam". O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanada yatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağını yumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası qaçaq Qurbanəlinin bacısı deyildimi? İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz. Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Bir belə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək, ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işə sən nə deyirsən? Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-on bambılısı yığılıb bir yerə - nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq! Axır siz nəsiniz adam yıxasınız? İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundan sonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıb qoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər. Mən, əvvələn, gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. O kişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə, yağ müftə, düyü müftə, motal, qatıq... hamısı müftə. Quzudan bir sürü qayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən bir belə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm; qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun.

Bəy bu fikri eləyib, atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə. Vinokurov otaqdan çıxıb bəyə əl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu. Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib. Bəy ədəblə xanıma təzim etdi və xanım da İki barmağının ucunu ona uzadıb dedi:

- Buyurun bir stəkan çay için.

Bəy:

- Çox razıyam, - deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çay töküb verdi.

Bəy çay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindən bir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvət törənən işdən xəbərdar olub tədbir edirdi.

Bəyi xəlvətcə çəkib dedi:

- Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar.

Bəy cavab verib dedi:

- Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdən göyədək razı olacaqsınız.

Naçalnik qalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi.

- Söylə görək, nə xəbərdir?

- Daha nə xəbər olacaq. Getmişdim "Güngörməz" kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflar bir yerə toplaşıb ərizə yazdırırlar.

Soruşdum:

- Bu nə ərizədir?

Dedilər:

- Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdə qalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaat da rahat nəfəs ala.

Vinokurov bu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü. Qışqırıb dedi:

- And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddi var məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidə məndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlar hansılardı?

Bəy ərizəni qoltuğundan çıxardıb qoydu naçalnİkin qulluğuna.

- İzvolte!

Vinokurov sonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıb cəhənnəmə göndəriblər.

Cəhənnəm əhli qışqırdıqca Iblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, onda taqsır yoxdur və deyirdi:

- Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizə veriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur, məndən yaxşı əməl baş verməz, amma yenə size inandırıram ki, dünyada baş verən bəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən?

Bu halda camaat arasından bir şəxs ayrılıb, Iblisə tərəf yeriyib söz demək istəyəndə Iblis qızardı. Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı İki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribə keyfiyyətləri var: mən ancaq birini nağıl edim.

Neçə vaxt bundan əqdəm Qocaqurd mahalının naçalnİki mahalın dörd nəfər dikbaş, artıq-əskik danışanlarından İki yüz altı qazağın qabağına salıb, qovdurub atların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi. Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinə verib, o qədər süründürmüşdü ki, axırda yazığın İki gözü də yerindən pırtlamışdı. Naçalnİkin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatı hər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat bir neçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər. Bəy camaat vəkillərinə üz tutub dedi:

- Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinə görə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətini saxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskik danışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedin öz taytuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın.

Camaat vəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar.

(ardı var)

TƏQVİM / ARXİV