Müqəddimə
İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yer üzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığına gedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?" Bu sədanı eşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəri başımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir "ismi-əzəm" oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya Iskəndəri-Zülqərneynlə zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasını səyahət edib və Avropaya İndi də məlum olmayan günbədidəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür.
Mən bu adamların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm. Oraya İndiyədək milyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindən bir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də.
Bu yerdə məni bir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? Insan gərək ölsün ki, cəhənnəmə getsin. Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi. İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var.
Bizim şəhərimizdə Musa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Yetimlər böyüyüb ondan hesab istəyəndə deyirdi: "Bala, qəbiristana gedən ölü dala qayıtmaz". Ondan bu söz bizim şəhərdə zərbülməsələ olubdur. Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçə illiyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan.
Yenə gördüm xəyalımdan səs gəldi:
"Naümid olma, Xortdan! Naümid şeytandır ki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa, orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur. O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar". Bu səsi eşidib, özüm də "axtaran tapar" deyib Yevlax mövqifinə rəvan olub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək.
Dedilər:
- On beş ildən sonra bəlkə gedə.
Dedim:
- Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir.
Dedilər:
- Onla gərək faytonla gedəsən.
- Çox gözəl, - deyib faytonçu çağırdım.
Yəni əslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir, işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi, dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım:
- Bala, faytonun sazdımı?
- Belə faytonum var ki, avtamabel onun yanında heçdir!
- Məni Şuşaya neçəyə aparacaqsan?
- Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin çənə-bazarla da aran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm...
- Əlbəttə, qurtaran söz yaxşıdır.
- Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram...
- Məni nə vədə Şuşaya yetirərsən?
- Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan.
- Yəqin?
- Bəlkə bir az da tez... Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saat ona şəkkin olmasın.
- Xub, get qoş, gəl.
Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırım kimi stansiyaya tərəf çapır. Çıxıb əyləşdim. Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətlə yola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminən iki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə. Gördüm bu yerişlə iki günə məni mənzilə aparıb çıxartmayacaq.
Dedim:
- Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxt Şuşaya çatacaqsan?
Bu dəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi:
- Vaxtında çatarıq.
Beş saatdan sonra "Bərdə bazarına" varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır. Bərdə bazarında gördüm aclıq mənə əl verib, faytonçudan xəbər aldım:
- Burada çörək yeməyə bir yer tapılmayır?
Dedi:
- Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var. Orada nahar eləyə bilərsən.
Restorana tərəf gedib, gördüm qapının ağzında İki dənə samovar qoyublar, rəngləri qapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər?
Faytonçu gülüb dedi:
- Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir.
Təəccüb eləyib restorana daxil oldum. Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənarda kürə qurulub. Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir.
Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx sinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampa kəndli ilə mübahisə eləyirdi:
- Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram. Pavestka gətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi, budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub haraya gedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənim balalarımın cavabını sən verəcəksən.
Hampa deyir:
- Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu, inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başım yarılsın. Məgər mən işin olanını deməmişəm? Soruşdu: uçtel haraya gedib, mən də dedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərs gətirməyə?
- Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məni çıxartmağa çoxdan bəhanə axtarırdı!
- Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm.
- Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllim gəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə, nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndən sonra gələni necə yola aparacaqsınız!
Mən heyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim. Bunları mübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib.
Mən nahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı. Axır müəllim nəlbəkiyə bir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi və ocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutub dedi:
- A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Bircə qulaq as, gör mənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir. Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir, İki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy, haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə. Bir gün bir neçə ağsaqqal yığılıb getdik işkolaya ki, görək "dərs gətirmək" nəyə deyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı:
- Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib, sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdan sonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına bir az qalmış "Qarğa dolanmaza" çatdım. Sürdüm birbaş Çərkəz bəyin qapısına. Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər. Özümüz getdik otağa, əyləşdik.
Çərkəz bəy dedi:
- Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm.
Dedim:
- Mən ov ətindən dolma eşitməmişəm.
Dedi:
- Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızı bağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm. Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngi götürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarın yarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm. Yanında da yaxşı təzə qatığı. Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıb günortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım...
Xülasə, uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonra üzünü tutdu uşaqlara:
- Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər?
Uşaqlardan bir neçəsi barmaq qaldırdılar.
- Qeydarov, söylə görək.
Uşaq durdu ayağa:
- Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana...
- Nə günü idi?
Uşaq dayandı.
- Qasanov, sən de!
- Mirzə, şənbə günü.
- Hə, barakallah! Qeydarov, dalını söylə!
- Şənbə günü... Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz. iki saatdan sonra gördünüz ki, atını göndərib.
- Kimnən göndərib?
- Öz nökərinən.
- Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm.
Bu növ uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər. Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, İki həftədən sonra təzə dərs gətirirdi!.. Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdan çıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölük çoluqçocuğu var, yazıqdır!
Çığırtmanın pulunu verib çıxdım. Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm fayton qoşulub. Minib yola düşdük. Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içində tikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaq nə qədər baxdım, kəndi görə bilmədim. Faytonçu burada dayanmayıb adladı. İki saat sonra yetişdik Qərvəndə. Burada faytonçu faytonu karvansaraya sürüb dedi:
- Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan. İnşallah gecə yarısı, Ay doğanda yola düşərik.
Qərvənddə camaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını... dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur. Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediklərinə görə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on İki oğlu da səf çəkib, qulluğunda durub onun əmrini gözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib. Faytonçudan nömrələrin yerini xəbər aldım, qabağa düşüb dedi:
- Buyur!
Məni İkimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı divara, dedi:
- Nömrə lazımsa buyurun, çıxın yuxarı.
Soruşdum ki:
- Məgər bu nömrələrin yolu yoxdur?
Dedi:
- Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanı götürürük.
Yadıma Tiflis düşdü. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adı da Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndi var idi və İki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özü də sərtib xaric əz fevc idi.Q olovinskiyə çıxanda paqonları günkimi parlayırdı. Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm və axırda da aramızda bir dostluq əmələ gəlmişdi. Tiflisdə onun bir işi yoxdu. Məhz bir qədər kef aparmaq üçün buyurmuşdu. Özü buyururdu:
- Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüd qalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik.
Mən hər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə də saat İkidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim.
Bir sübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir:
- Befərma!
Daxil olub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğri papaq, ağlayır:
- Xan, nə vaqe olub?
- Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımı qoyublar.
Qayıdıb evdən öz libaslarımdan bir dəst gətirib xana verdim. Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi:
- Mən Qolovinskidə paqonsuz görünə bilmərəm.
Əgər Tiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənzilini yarmazdılar.
Yuxarı mərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrin birində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər:
- Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçək çıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir.
Bu da mənim çox xoşuma gəldi. Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəf yola düşdüm. Üç-dörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu, Ağdam bazarı idi. Ağdam bazarı böyük bir meydançada vaqe çargül tİkilmiş, içərisi, çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar. Bir yanda çuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır.
Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançıların da alış-verişləri öz qaydası ilə. Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen. Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq.
Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar. Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindən qalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir.
Məsələn, orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona
borcludurlar. Puluna da ildə altmış faiz alır.
İndi yuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-iman oldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən də xəbər aldım. Dedilər ki, hacı burada hiyleyi-şəriyyə eləyir.
Hiyleyi-şəriyyə Həzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahiş eləyən oxuya bilər ki, xudavənditəbarəkə və təala Həzrət Əyyub əleyhissəlamı imtahana çəkmək istədi. Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəni yara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrət ancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbi tutub buyurdu:
- Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım gün sənə yüz çubuq vuracağam.
Həzrət imtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəf etdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü. Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərə aldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandan qəsəm yad eləmiş olardı.
Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməl edib həqiqətdə arvada yüz çubuq vurdu. Hiyleyi-şəriyyə budur.
İndi görək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir. Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir:
- Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz?
Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır.
Hiyleyi-şəriyyə belə də olur:
Məsələn, bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manat mədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada da hiyleyi-şəriyyə imdada gəlir. Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüz manata qiymət edib, anasının südü kimi yeyə bilər.
(ardı var)


Bakı -°C
