Vəkillər gedəndən neçə gün sonra, həmin bəy bir belə zülm edən naçalniki yüzədək adamla evinə qonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərinin hamısı bir yerə yığışsaydılar bacarmazdılar. Qocaqurd mahalının camaatı bəyin bu hərəkətini öz əleyhinə açıqaçığına bir ədavət sayıb sözü bir yerə qoydular ki, onu "bayquş" eləsinlər (Qocaqurd mahalında bir molla var "bayqota" "bayquş" deyir).
Bir müddət camaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi:
- Müsəlmandırlar, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr?
Bazarda ət satmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğda satmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı. Atına arpa, saman vermədilər, yazdı, qazaq əfsəri göndərdi.
Beləliklə, neçə müddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəm dayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökərini qovdu, dedi:
- Get ağana degilən başımdan rədd olsun.
Yavan çörəklə də iş keçmədi.
Axırda bəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi.
Bəy bir damın üstünə çıxıb üzünü camaata tutub dedi:
- Camaat! Siz məni bayqot edibsiniz. Bu sizin işinizdir, sizin məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izn verin sizə ikicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlik oturum evimdə.
Camaat qışqırtı salıb bəyə söz vermək istəmədi.
Ağsaqqallardan biri xalqa üzünü tutdu:
- Camaat! Qoyun sözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək.
Hər yerdən səs gəldi:
- İstəmirik, danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb.
Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra dedilər:
- Danışsın. Ancaq uzun eləməsin.
Bəy dedi:
- Mən necə ki, dedim, sizə ikicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdən götürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənim sözüm.
Bəy bunu deyib damdan endi və getdi evinə.
Camaat səs-səsə verib dedi:
- Bəy əcəb söz danışdı! "Gedib rus olaram", cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsən bəy nə buyuracaq?!
Yenə həmin ağsaqqal ortalığa çıxdı.
- Camaat! Siz bəyin sözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan söz danışmaz. Yəqin sözünün canı var. Amma məlumdur ki, bunun hiylələrinin müqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də gərəkdir qorxaq. Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib, əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindən eşiyindən əl çəkib, arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz.
Camaat bir az fikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər:
- Bəy, biz bayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə!
İblis dedi:
- Camaat! Şeytan mən deyiləm, bu kişidir, İndiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpa ola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Belə şeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən.
İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) verib qulluqdan çıxsın. Amma buna bir şey mane oldu. Nagah havadan bir mələk göründü və mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncər tutmuşdu. İblis mələyi camaata göstərib dedi:
- Baxın görün, o havadakı nədir? Mənim gözüm əməlli görmür.
Cəhənnəm əhli qoçu görən tək əzabı yaddan çıxardıb:
- Ay camaat, qoç döyüşdürəcəklər! - deyə qışqırıb qoça tərəf yüyürüşdülər.
Iblis də bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi. Qoça tərəf gedənlərin lap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır, eşqabadlılar... Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savay hamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər:
- Qardaş, qoç döyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzət apara!
Bu halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim:
- Ədə, nöşün qayıtdın?
İçərişəhərli sözümə cavab verib dedi:
- Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən? Məgər sənin başında ağıl yoxdur? Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz, meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat verib bir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpək qalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini İki rəs qovdu. Kəblə Meydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki, İki dal qıçları üzüldü... Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pul verib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm. Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən də buraya gəlmişəm. Xeyir a... nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvə güləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır. Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantal elədi...
İçərişəhərli nitqini qurtardı və yığıncaq hamısı onun köpəyinə "afərin" dedi.
- Ax, a namərd oğlu! O gülləni köpəyə vurunca mənim bircə oğlumun ürəyinə vuraydın!
Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Cəmi əhli-cəhənnəm sakit olub qulaq asdılar.
Mələk deyirdi:
- Bilin, ey əhli-cəhənnəm! Buynuzundan yapışdığım qoç ölüm qoçudur. Nə qədər ki bu qoç sağdır, insan üçün ölüm var. İndi mən bu qoçun boynunu vuracağam, ondan sonra insandan ölüm götürüləcək.
Cəhənnəm əhli hamısı ağız-ağıza verib mələyə yalvardılar ki, qoçun boynunu vurmasın. Amma uzaqdan bir səs gəlirdi; o səs də mələkdən, qoçun tezliklə boynunu vurmağı xahiş edirdi. Məlum oldu ki, uzaqdan eşidilən səs, behişt əhlinin səsidir. Mələk cəhənnəm əhlinin yalvarmasını qəbul etməyib, qoçun boynunu vurdu. Cəhənnəm əhli çox məyus geri qayıtdı və hər kəs getdi öz məkanına.
Şeytanı əhatə edib, öz günahlarını onun boynuna atanların kim olduqlarını oxucular, mən deməsəm də, aydıncasına anladılar. Bu şəxslərin dünyada da düşmənləri çoxdur. Çox işlərdə onları müqəssir görürlər. Amma bəzi ovqat onlar da işə yarıyırlar. Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım.
1909-cu ildə mən Bakıda bir paraxodstvada müfəttiş idim. Bir gün idarə işi üçün bir yoldaşla Eşqabada getmək lazım oldu. Bir gəmiyə əyləşib,
Krasnovodsk tərəfə rəvan olduq. Sərnişin gəmidə biz İki yoldaş idik və palubada da yüzə yaxın İran fəhlələri əyləşib vətənlərinə gedirdilər.
Bakıdan biz yola düşəndə hava gözəldi və tufan əlaməti görünməyirdi. Nəhayət, beş-altı saat yol gedəndən sonra bir xırdaca külək başladı əsməyə,
külək getdikcə güclənib, axırda tufan halətini aldı. Göyün üzü tutuldu, dərya qaraldı, suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Birdən gəminin bir ucunun dağın başına qalxmağı hiss olunurdu. Dalınca guya gəmini qəflətən bir quyunun təkinə salırdılar. Gəmi titrətmə tutmuş adam tək uçurdu və onun cəmi mıxçaları səsə gəlirdi. Hər bir dəqiqədə gəminin qərq olması gözlənirdi. Fəhlələrin dilindən "ya Allah" səsi göyə dirəklənirdi. Çoxusu ölümlərini göz qabaqlarına alıb "kəlməyi-şəhadət" oxuyurdular. Bir nəfər Məkkədən qayıtmaqda olan hacı, xurcundan bir torba torpaq çıxarıb suya atdı və dedi:
- Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Əlbəttə, bu saat dərya sakit olacaq.
Sərnişinlər hamısı hacıdan razılıq etdilər və dəryanın yatmasını gözlədilər. Çifayda, dərya, daha da şiddətlə gəmini atıb-tutmağa başladı. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Lövbər atdılar. Gəmi dayandı. Ancaq dayandığı yerdə atılıb-düşməkdə idi. İki gün İki gecə gəmi suyun üzündə bu halətdə qaldı. Üçüncü günü dərya bir qədər sakitləşdi. Gəmi də yola düşdü.
Bakı ilə Krasnovodskın arası ancaq on altı saatlıq yol olduğundan, fəhlələr bir gecəlik azuqə götürmüşdülər. Olan azuqələrini yeyib, axırıncı gün
aclığa davam gətirə bilməyib, kapitanın üstünə tökülüb ondan çörək istədilər.
Kapitan onlara suyun üzündə çörək tapmağın mümkün olmadığını və Krasnovodska ancaq altı-yeddi saat yol qalmasını hərçi deyirdisə də, fəhlələr
ona inanmayıb çörək istəyirdilər.
Axır yazıq kapitan bizə tərəf gəlib dedi:
- Siz bunların dilini bilirsiniz, bunları inandırın ki, altı-yeddi saatdan sonra sahilə çıxacağıq.
Mən və yoldaşım durub getdik fəhlələrin arasına, hərçi nəsihət etdik, inandırdıq, kar etmədi. Sözlərinin üstündə möhkəm dayanıb, bir dillə çörək
istədilər.
Bir də baxdım kənarda bir molla sakit, başını aşağı salmış, mütəfəkkir əyləşibdir. Mən mollaya tərəf getdim və dedim:
- Cənab axund, bu adamların etibarı sizə bizdən çoxdur. Mən sizi inandırıram, siz də bunları inandırın ki, altı-yeddi saatdan sonra kənara
çıxacağıq.
Molla qulaq asıb dedi:
- Canım, özünüz bilirsiniz ki, ac qılınca çapar. Bu adamlara çörək lazımdır. Mən onları sakit eləyə bilərəm?
- Yenə bir fikir edin.
Molla bir qədər fikrə gedib dedi:
- Bunlar acdırlar. Nəsihət-filan onlara kar etməz. Yaxşısı budur ki, bu camaata bir mərsiyə oxuyam.
- Çox gözəl, Allah atana rəhmət eləsin.
Molla bir mərfəşin üstünə çıxıb "Səlləllahü əleykə ya Əba Əbdüllah" deyən kimi tamam sərnişinlər aclıqlarını yadlarından çıxarıb, cəm oldular
mollanın ətrafına. Molla qabaqca bir uzun vəz başladı. Belə ki, vəzi əqəllən saat yarım çəkdi. Vəzdən sonra keçdi mərsiyəyə. Bir azdan sonra baxdım ki, camaat aclıqdan və ağlamaqdan bihalət olub, hamısı yan-yana tökülübdür. Bir qədər getdikdən sonra Krasnovodskın dağları göründü və camaat da xatircəm oldu. İndi mollalara düşmən olanlar, mollaları bəyənməyənlər, bilsinlər ki, lazım olan yerdə molla da kara gələr.
Camaat arasında gəzərkən keçmiş dostlardan, tanışlardan, aşnalardan birbir görürdüm. Amma bizim həftə bazarında alış-veriş eləyən Məşədi Sünbəni hamıdan yaman gündə gördüm. Bu şəxsin adı özgə idi. Amma xalq onu ləqəbi ilə tanıyırdı. Ona Məşədi Sünbə ləqəbi verilməsində bir qəribə nağıl var:
Bir gecə məşədi evində yatdığı yerdə eşidir ki, darvaza döyülür. Durub darvazanı açıb görür ki, şəhərin üç nəfər məşhur oğruları qapıda durublar.
- Bala, bu gecə xeyirdimi?
- Xeyir olmamış nə var? Xoca Hamparsumun dükanını yarıb, budur mallarını gətirmişik. Əgər müştərisən girək içəri?
Məşədi oğruları salır içəri.
- Qadanızı alım, açın, görüm mətaınız nədir?
Oğrular çiti, məxməri, ay-ulduzu, zərli parçaları, firəng qanovuzunu... açıb tökürlər məşədinin qabağına, məşədinin gözləri məşəldar pişiyin gözləri kimi başlayır parıldamağa. Deyir:
- Sizə qurban olum, qiymət deyin!
Çitin arşını bir şahıdan, ay-ulduzu İki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Və məşədiyə deyirlər ki, arşını gətirib ölçüb götürsün. Məşədi gedib arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini ki, uzunluğu İki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir ki, bu sünbə nəinki tamam arşındır, hətta arşından İki verşoq da azdır. Haman tüfəng sünbəsi ilə oğurluq parçaların hamısını ölçüb alır. O səbəbə onun adı da "Məşədi Sünbə" qalmışdı. Məşədi Sünbənin İki ayaqlarını sifətinə bağlayıb cəhənnəmdə aşağı yuxarı sürüyürdülər. (Odabaşının dediyinə görə cəhənnəmdə bu tənbehi ribaxorlara eləyirlər).
Bu kişinin, necə ki yuxarıda ərz olundu, həftə bazarında dükanı var idi. Dükanında artıq mal saxlamazdı. Amma yanında həmişə nəqd pul olardı və cəmi ətraf kəndlərdə dara düşənlər atlarını minib birbaş Məşədi Sünbənin yanına gedərdilər. O da kimə əlli manat, kimə yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi. Odabaşının vasitəsi ilə mələkdən təvəqqe etdim ki, İki dəqiqəliyə məşədinin ayaqlarını açsın. Ona bir-iki deməli sözüm var. Mələk təvəqqemi qəbul edib məşədinin ayaqlarını açdı. Məşədi ayağa qalxıb, məni görəndə başladı hönkürüb ağlamağa. Gözlərindən yaş yerinə ərinmiş qurğuşun axdı.
Dedim:
- Məşədi, bu nə işdir?
Dedi:
- Ax Xortdan, sən Allah, dərdimi soruşma. Mənə hər nə eləyirlərsə, haqqında eləyirlər. Mənə deyən gərək: ay həpənd, pulun var, qoy cibində qalsın. Nə borcundu bu kənd camaatının qeydinə qalırsan? Acından ölür, qoy canı çıxsın, ölsün! Yəqin Allahın məsləhəti belədir; yəqin Allah məsləhət bilib ona yetirməyir... Nə borcundur gedib onun əlini tutub pul verirsən? Bir şəxsi ki, Allah ac eləyə, insanın nə haqqı var ki, deyə mən gedib onun qarnını doyuzduracağam! Odur ki, adamı bu günə salırlar.
Məşədi bu yerdə başına İki əlli, tutarlı bir qapaz saldı. Dedi:
- Di, canın çıxsın, yan! Öləndən bir neçə gün sonra oğlumun vaqiəsinə girib dedim: - Bala, olmaya-olmaya fəqir-füqəranın əlindən tutub, pul borc verərsən! Nə borcundur. Qoy Allah özü yaratdığı bəndəsinin fikrini çəksin.
Soruşdum:
- Məşədi, verdiyin pullara insafsız müamilə almayırdın ki?
Dedi:
- A kişi, and olsun yediyimiz çörəyə (hərçəndi mən onun evində çörək yeməmişdim), and olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin, gecə Allah evimi dağıtsın, əgər veksel kağızının pulunu da öz cibimdən verməmişəmsə.
Bu halda bir mələk yetişib məşədinin sinəsinə bir yumruq nə təhər çırpdısa, yumruq İki kürəyinin arasından çıxdı və əlində bir parça kağız tutub əmr etdi:
- Oxu, naməyi-əmalını!
Məşədi dedi:
- Ay qurbanın olum, naməyi-əmalımı mənə daldan göstərirsən, mənim ki, başımın dalında gözüm yoxdur.
O vaxt bir ayrı mələk, gəlib onun boynunu şaqqıltı ilə sındırıb, üzünü dala çöndərdi və dedi:
- İndi oxuya bilərsən!
Məşədi oxudu. O kağızda yazmışdılar: "Ribaxor".
Bu söhbətdən sonra məşədinin ayaqlarını yenə sifətinə bağlayıb sürüyə-sürüyə üzüqoylu apardılar.
Mənim qonşum hacını gözlər olsun görməsin! Yaman gündə gördüm gəlir, boynundan neçə ədəd, hər biri bir pud vəznində qara daşlar asılı, cəhənnəm mələklərindən neçəsi əllərində odlu taziyanə döyə-döyə cəhənnəmi gəzdirirlər. Məni görən tək hacı İki əlləri ilə üzün bərk örtdü. Daşları onun boynunda görəndə ona verilən əzabın mənasını anladım.
Hacının şəhərdə parçaçı dükanı var idi. Bahar fəslində böyük oğlunu dükanda qoyub, kiçik oğlunu da özü ilə götürüb kəndlərə yağ almağa gedərdi. Hacı tərəziyə çəki ölçüsü yerinə, çayın daşlarından qoyardı. Daşın birinə girvənkə, o birisinə beş girvənkə, ya on girvənkə adı qoyub, onların çəkisi ilə kəndlilərdən yağ alardı. Bizim kəndlilərin hər birisinin evində bir əyar qabı olar ki, onun içinə nə qədər yağ tutması birdəfəlik müəyyən edilər. Bir dəfə bir kəndli öz hesabı ilə on girvənkə yağ satmaq üçün hacının yanına gətirir. Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub, o biri gözünə də yağı qoyub deyir:
- Bala, sənin yağın tamam yeddi girvənkədir.
Kəndli təəccüb edir:
- Hacı əmi, mənim bu qabım tamam on girvənkə yağ tutur. Həmişə də peşəm aparıb satmaqdır. İndi nə olubdur ki, sənin tərəzində yeddi girvənkə gəlir? Hacı əmi, sənin bu daşın yeddi girvənkəyə oxşamır. Yeddi girvənkənin daşı xırda olar, bu böyüklükdə olmaz.
Hacı cavabında deyir:
- Getdiyim Məkkəyə and olsun, çayda bu daşdan böyük daşlar çoxdur. Götürmədim.
Bununla belə, hacının kəndlilər arasında böyük etibarı var idi. Etibarı da, qulaq verin, görün nə qoçaqlıqla qazanmışdı. Yuxarıda dedik ki, hacının parçaçı dükanı var idi; hacı, Məkkə ziyarətindən qayıdandan bir az sonra, bir gün neçə nəfər kəndli parça almaq üçün hacının dükanına gəlirlər. Hacı bunlara istədikləri parçadan satıb yola salır. Kəndlilər gedəndən bir saat sonra hacı qalxıb onların dalınca yüyürməyə üz qoyur. Şəhərdən bir-İki vers aralanmış, kəndlilər daldan çığırtı eşidib, dönüb dala baxıb görürlər ki, budur, hacı nəfəsini ağır alaraq tər basmış, dili ağzından bir qarış çıxmış:
- Ay qardaşlar, dayanın, - deyə sürətlə gəlir.
Kəndlilər ayaq saxlayırlar:
- Hacı əmi, nə xəbərdir? Yoxsa pulunu əskik vermişik?
Hacı deyir:
- Yox, hacı əmin dərdini alsın. Siz gedəndən sonra mən daxılımı hesabladım. Baxdım gördüm ki, sizin beş manatınız məndə artıq qalıbdır. Mən Məkkədən neçə gündü gəlmişəm. Elə onsuz da öz malıma haram qatmaram. Əgər o beş manat mənim cibimdə qalsa, əvvələn tamam qazancım it qanından murdar olar, İkinci, haman beşlik qiyamətin günündə bir parça od olub mənim bədənimə yapışar. Alın pulunuzu. Sizə mənim bu canım qurban. Bunu deyib hacı, kəndlilərə beş manat verib və onları heyrətdə qoyub dala qayıdır.


Bakı -°C
