adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

üsyan hissinin təcəssümü-Fridrix Nitsze

29268 | 2008-01-12 14:23
I məqalə
   
   
   
   Onu hamı tanıyır. Mehdi Hüseynin "Komissar" romanında və Sovet dövrünün bütün dərsliklərində adı "mürtəce alman filosofu" kimi xatırlanır. Amma onun haqqında biz çox şey bilmirik. O, Avropa intellektuallarının sevimlisi Fridrix Nitsşedir.
   
   15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi.
   
   Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkası getdikcə inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç nə demirdi, Nitsşe susqun idi. Və ömrünün axırına kimi belə yaşadı.
   
   Amma Nitsşe 19 yaşında keşiş olmaq üçün Bonn universitetinə girdi. Əlbəttə ki, ailədəki qadınlar əvvəlcədən onun həyatını planlaşdırmışdılar. Lakin Nitsşe bu planı tezliklə pozdu. Şüursuz bir üsyan hissi onun içini gəmirməyə başlamışdı. Bonna gəldikdən sonra tezliklə universitet gəncliyinə qoşuldu, içki içməyə başladı hətta dueldə vuruşub yaralandı da. Bu vaxt artıq Nitsşe üçün "Allah ölmüşdü". Tətildə evə qayıdan Nitsşe artıq dini ayinlərinə icra etmir, kilsəyə getmirdi. Evdən isə Nitsşe Bonna yox Leypsiqə qayıtdı. Klassik filologiya üzrə təhsil almaq üçün. Bu zaman Nitsşe 21 yaşlı bir gənc idi. Leypsiqdə baş verən iki hadisə onun sonrakı həyatına böyük təsir edir. Belə ki, pritonlara ayaq açan Nitsşe burda frengi adlı zöhrəvi xəstəliyə tutulur. Daha sonra bu xəstəlik Nitsşenin yazılarında iz qoyacaqdı. O, "Zərdüşt belə söyləmişdi" əsərində yazırdı: "Qadının yanına gedirsən? Eləysə qırmancını unutma". Deyilənə görə bu hadisədən sonra Nitsşe heç zaman qadınlarla olmadı.
   
   Həyatını dəyişən sonrakı hadisə isə onun Şopenhaueri "Dünya iradə və təsəvvür kimi" əsəriylə tanımasıdır. Bu zaman hər kəsin unutduğu Şopenhauer yenicə vəfat eləmişdi. Şopenhauerin interpretasiyaya açıq üslubu və öldürücü pessimizmi Nitsşeyə dərindən təsir edir. "Burada hər sətir imtina, vazkeçmə, acı gerçəkliklə barışmaq qışqırığı idi; dünyanı, yəni həyatın və insan təbiətinin qorxunc bir möhtəşəmliklə görüldüyü aynaya baxdım... Burda səhhət və mərəzi, sürgünü və sığınacağı, cənnəti və cəhənnəmi gördüm". Nitsşe bu sözləri Şopenhauer haqqında yazıb.
   
   Şopenhaueri oxuyandan sonra Nitsşenin inandığı bir tərəfə dursun, inana biləcəyi heç bir şeyi qalmamışdı. Şopenhauer bədbinliyi ona güc verirdi.

TƏQVİM / ARXİV