adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Unudulmuş qələbəmiz: Uğurlu Çaykənd (Halqa) əməliyyatı - 33

886 | 2024-04-30 10:10

36 illik Qarabağ münaqişəsi tarixində 30 aprel ən şanlı tarixlərdən biridir. 33 il öncə bu gün – 30 aprel 1991-ci ildə “Halqa” (“Çaykənd əməliyyatı”) başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki Göygöl) və Goranboy rayonlarında qeyri-qanuni Ermənistan silahlı birləşmələrinin silahsızlaşdırılması idi.


Adalet.az xəbər verir ki, 30 aprel 1991-ci ildə səhər saatlarında Goranboy və Xanlar rayonlarından “Çaykənd” əməliyyatı (başqa adı “Halqa” əməliyyatı ) başlandı. Əməliyyat nəticəsində dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edildi. 

May ayının 4-də tamamlanan əməliyyatda o zaman Azərbaycan Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD-OMON) qüvvələri ermənilərin baza rayonlarına qarşı yeridilmişdi. Əməliyyatda Azərbaycanın Milli Qəhrəmanı mərhum Riad Əhmədovun rəhbərlik etdiyi o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı dəstəsi, əməliyyat işçilərindən qrup, eyni zamanda, Gəncə şəhərində yerləşən hərbi qüvvələr də iştirak ediblər.

"Terrorçuların məhv edilməsi" - Halqa əməliyyatının iştirakçılarından biri həmkəndlim Adil Qarayev bildirir ki, Çaykənd əməliyyatında OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak edirdi. Aprelin 30-da 4-cü Ordunun hərbçiləri, onların ardınca isə omonçular Çaykəndə və Qarabulağa girdilər.

O zamankı Moskva rəhbərliyinin də razılıq verdiyi Çaykənd əməliyyatı antiterror məqsədli, yəni sözügedən ərazidə yerləşən erməni separatçılarının təmizlənməsi niyyəti ilə keçirilirdi. Pasport rejiminin yoxlanılması xarakterli əməliyyatda qeyri-qanuni yollarla Azərbaycana gələrək Çaykənddə məskunlaşmış terrorçular, axtarışda olan cinayətkarlar tərksilah edilib, zərərsizləşdirildi.

Yeri gəlmişkən qeyd edək ki, Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü özlüyündə şübhəsiz ki, "sovet dövrünün ilk və son vətəndaş müharibəsi" idi, çünki Sovet Ordusunun hissələri elə sovet ərazisində hərbi əməliyyatlar aparırdılar. Anatoli Şabad qeyd edirdi ki:" Əlbəttə ki, Mütəllibov Qorbaçovu inandıra bilmişdi ki, orada fədailərin güclü partizan hərəkatı baş qaldırıb, onların hərəkətləri erməni əhalisinin yaşadığı ərazilərin Azərbaycandan ayrılması ilə nəticələnə bilər, və əmin etmişdi ki, onlar quldurdurlar və onlan məhv etmək lazımdır.

Qorbaçov isə - bu, əlbəttə ki, onun tərəfindən böyük ağılsızlıq idi - bu əməliyyata razılığını verdi. Bəlkə də, o, indi başa düşür ki, bu növ əməliyyatın axırı yox idi, bu, mümkün deyildi. Çaykənd əməliyyatının icrası məhz rəsmi Moskvada artmaqda olan siyasi hərcmərcliyə görə mümkün oldu. Mixail Qorbaçovu devirmək niyyətində olan güc strukturlarının rəhbərləri bu əməliyyata dəstək verdilər

Əməliyat çərçivəsində erməni döyüşçülərinin başçısı Tatul Krpeyan məhv edildi. Azərbaycan SSR DTX-nin məlumatına görə, məhz Krpeyan Ermənistandan olan silahlı birləşmənin başçısı idi.

.

Halqa əməliyyatı erməniləri bu günə qədər yandıran ən dərin "yaralardan" biri olub. Erməni təbliğatının 32 il ərzində Çaykənd əməliyyatının erməni əhalisinə qarşı guya qəddarlıqla müşayiət edildiyini iddia etməsinə baxmayaraq, bütün bu təqsirləndirmələr həqiqətə uyğun deyil.Onlar özləri də bilirdi ki, Azərbaycanın hədəfi dinc əhali yox, terroristlərdi.

Buna baxmayaraq, 2006-cı ilin iyununda, İrəvan şəhərində "Tale"  filmi nümayiş etdirildi. Film Qor Vardanyan tərəfindən Çaykənd əməliyyatı ətrafında qurulan uydurma hadisələrə əsaslanırdı. Bu, Ermənistanın Qarabağ müharibəsi haqqında çəkdiyi ilk filmdir və filmin büdcəsi $3,8 milyondur.


Məlumatlara görə, Çaykənd əməliyyatının keçirilməsi aşırı zəruriyyətdən irəli gəlirdi – Göygöl ( Xanlar) və Goranboy rayonlarının erməni əhalisinin yaşadığı kəndlərdə Bakı və Gəncə arasında hərəkət edən dinc sakinlər və abtobuslara hücumlar həyata keçirən yaxşı silahlanmış erməni döyüçüləri yerləşdirimişdi.

Etiraf etmək lazımdır ki, bu əməliyyat Azərbaycan OMON-u, SSRİ DİN Daxili Qoşun bölmələri və Sovet ordusuun birgə cəhdləri ilə yüksək səviyyədə həyata keçirildi. Cinayətkarların yaxalanması və həbsindən cəmi bir neçə ay sonra Qarakənd səmasında faciəvi şəkildə həlak olan respublika prokuroru əməliyyatda şəxsən özü fəal iştirak edib.

Əntiqə Rəşid

 Məqalədə şahid söhbətlərindən və vikipediya materiallarından istifadə edilib.

TƏQVİM / ARXİV