adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TƏQDİMAT - Şahnaz Şahin Yazır

Şahnaz ŞAHİN
1135 | 2021-12-22 11:59

Esse

Yaradıcılıq prosesi mürəkkəb və maraqlı olduğu qədər də ağrılı prosesdir. Çəkdiyin zəhmətin nəticəsini görmək isə bir növ əkdiyin ağacın bar verməsi kimidi. Qarabağ münaqişəsi, vətən müharibəsi dövründə qələmimdən keçirdiyim üç kitabımın işığa çıxması əlbəttə sevindirdi məni. Qalırdı bu sevinci bölüşmək...

Necə gündür həm sosial şəbəkələrdə, həm müxtəlif saytlarda bu kitabların təqdimatı ilə bağlı xəbərlər yazılır, dəvətlər edilir. Artıq bu gün o gündür-17 dekabr 2021-ci il... Səhər bir az da erkən oyandım yuxudan, sözün düzü bütün gecəni elə yuxuda bu gün "olacaqları” görmüşəm. Əlbəttə, normal haldır, insanın özündən asılı olmadan beyin hüceyrələri öz işini görür. Zaman olub ki, görülən yuxular ciddi qəbul edilməyib. Yalnız Avstriyalı psixoloq və psixiatr Ziqmund Freydin elmi araşdırmalarından sonra yuxugörmənin səbəbləri öyrənilməyə başlayıb. Sonrakı dövrlərdə də yuxu və yuxugörmənin açarını tapmağa çalışan çoxlu sayda elm adamları, şairlər, psixoloqlar, din xadimləri və digər peşə sahibləri olmuşdur. Amma yenə də bu sual bəşəriyyət üçün açıq qalmaqdadır. Stüartın sözlərilə desəm, "yuxu Allahdan gələn möhürsüz məktubdur.”

Gündəlik adətimə uyğun bu sabahı da üzümüzə sağ-salamat açdığı üçün yaradana təşəkkürlər edirəm. Sonra balkona çıxıb Günəşi salamlayıram, soyuq payız havasını acgözlüklə sinəmə çəkirəm. İri hündür mərətbəli binaların arasından çox uzaqda görünən Xəzərə salam göndərirəm. "Sabahın xeyir, əziz şəhərim” deyib yeni gündə özümlə bərabər tanıdığım və tanımadığım insanlara da uğurlar arzulayıram... Bu gün mənim günümdür, özümə günlərin ən yadda qalanını yaşatmalıyam...

Geyinib evdən çıxıram, vaxta çox var, tədbir keçiriləcək məkana-Azərbaycan Yazıçılar Birliyinə marşurut avtobusla getməyə üstünlük verirəm. Bu mənə müşahidə etməyə, düşünməyə daha çox imkan verir. Beləcə tək adamlıq boş oturacaqların birində yerimi rahatlayıb düşüncələrimlə baş-başa yola çıxıram...

Adətən sürücülər "hamısı bir bezin qırağı” olan, qulaqları mazol, düşüncələri kor qoyan, amma oxuyana yaxşı toy tutmağa imkan verən yüngül, bayağı ritmlərə üstünlük verdiyi bir vaxtda, qəfildən salona əsrarəngiz söz və musiqinin qarışığından ibarət məlhəm kimi, sehirli bir səs yayılır:

-Bu gün elə xoşbaxtam ki,

sanki uçacağam mən,

Elə bil ki, ilk dəfə,

ov vurmuş uşağam mən...

60-cı illərin ən gözəl mahnılarındandı, rəhmətlik xanəndəmiz Ramiz Hacıyev oxuyub. İndi nə qədər düşünsəm də bu səs sahibini tanıya bilmirəm, amma insafən öhdəsindən layiqincə gəlib, oxumağına söz yoxdu. Bəlkə burda da mistika var, bilmirəm, amma mahnı ürək tellərimi çalıb keçir...

İndi dövr başqadı, düşüncə müxtəlif, insanlar da yediyimiz qidalar kimi... Nə yaxşı hələ yaxşıları var bu dünyanın, nə yaxşı tükənməmişik hələ.., yadıma müxtəlif şairlərin müxtəlif səpgidə şeirə gətirdikləri bu el deyimi düşür:

"Yaxşı ki, dünyada yaxşılar varmış,

Dünya tərg olardı yaman əlindən.”

İndiyədək səkkiz kitabım çap olunub, heç birinə "ad günü” keçirməmişəm. Bu, həm işimlə bağlı olub, həm də özümə qarşı tətbiq etdiyim qatı məsuliyyətlə. Bu aralar tədbir keçirəcəyimi bilən dostların bəzisi dedi ki, bu elə toy kimi bir şeydi, yəni borca-borc, getmisən gələcəklər, etmisən edəcəklər...

Təmənnalı dünyada yaşayırıq demək, adını bilmədiyim ictimai-siyasi formasiya hisslərə də təsirsiz qalmayıb. Hərdən bəzi etiraflar dəyir gözümə, üstündən keçə bilmədiyim... Çoxdan dünyasını dəyişmiş şair və yazıçıların, səhnədə yüzlərlə insan obrazı yaradan neçə sənət adamının öz zamanında gənc, hələ addımları bərkiməmiş, yaxşı tanınmayan sənət adamlarının, hətta qapısını kömək məqsədilə açan tanımadıqları insanların çətin günündə onlara dayaq durması, kömək etməsi nostalji duyğularla anılır... Nə gözəl iş görüb o kişilər, Allah onlara rəhmət eləsin... Kimsə kiminsə ev almağına, kiminsə pozulmuş hüquqlarının bərpa edilməsinə, kiminsə ədəbi cameədə tanınmasına səbəbkar olub və s. Əslində özləri də bilmədən bu günə irs qoyub gediblər, yaxşılıq, sevgi, hörmət, diqqət, qayğıkeşlik nümunəsi kimi...

Bu günü yaddaqalan gün kimi tarixə yazmaq qismət oldu bizə. Tədbirə gələn say-seçmə söz adamları ilə baş-başa öz "Qarabağnamə”mi təqdim elədim bu gün. Üç kitabla-"Xocalının Sərvəri” haqqında danışılarkən Xocalıda qətlə yetirilən günahsız insanların, "Sabirabad Şəhidləri”ndən və "Zəfər Nəğmələri”ndən söz açılanda Qarabağın işğaldan azad edilməsindən ötrü canından keçərək şəhidlik məqamına yüksələn övladlarımızın ruhunu şad etdik. Fikrən Fermopil döyüşünü xatırladan Şuşa əfsanəsini andıq, havasını udduq, indi Qarabağda qürurla

dalğalanan Azərbaycan bayrağının ətrini duyduq... Yaralı ikən "mən orda olmalıyam-qardaşlarımın yanında!” deyərək qospitaldan çıxıb birbaş cəbhəyə gedən, yaralı, şəhid olan yoldaşını kürəyinə alıb kilometrlərlə dağ yoxuşunu qalxan qəhərəman oğulları nümunə çəkdik... Yanında şəhid olan qardaşları üçün göz yaşı tökən, sağ qaldığı üçün özünü onlara borclu hesab edən döyüşçünü andıq... 44 günlük müharibənin gətirdiyi fəlakət və acılarla yanaşı, tarix yazan gənc, "ağzından süd iyi gələn” bu mərd oğlanlardan hansı məqamdasa bədgüman olduğumuzdan utandıq, peşimanlıq hissi keçirdik. Həmin oğullar kişilik, mərdlik nümunəsi kimi özündən həm əvvəlki, həm də sonrakı nəslə nümunə oldular. Düşmənləri həmin igidlər boğazladı, "qatlayıb dizinin altına qoydu”... Düşmən ordusu onun qarşısında mat oldu-Azərbaycan əsgərinin!.. Silah-sursatı ilə bərabər papağını da döyüş meydanında qoyub qaçdı... Qarabağ torpağına qanla AZADLIQ yazan hər əsgərin ruhu qarşısında başımız sinəmizə əyildi...

Əsil ziyalı məclisi qurduq bu gün, sözümüz bir-birimizin böğazından ötdü, sözlə boğaz üzmədik!.. Ürəkdən ürəyə sözlə körpü saldıq, sözə yoldaş olduq, sözün başıına ip salmadıq, boynuna qol salıb əzizlədik... Bu gün hər kəs həm yaxşı natiq, həm də yaxşı dinləyici oldu... Vətən qarşısında əsgərin xidməti nə qədərdirsə, söz adamının da məsuliyyəti o qədərdir elə!.. Azərbaycan əsgərinin qədəm-qədəm yazdığı tarixi sözlə yaşatmaqdır bizim işimiz!..Müqəddəs və alicənab SÖZün rəsmini çəkdiyim bu kitablar da mənim tarixin yaddaşına verdiyim töhvələrdi... İnsanın yaddaşı itə bilər, olanları xatırlaya bilməz, tarix isə nə itəndi, nə də batan... Bu kitablarda adına sözlə abidə qoyduğum hər bir oğulun əbədiyyət ömrü də elə söz qədər olacaq... Mən sözün qüdrətinə inanıram, tarixə də arxayınam... Elə məni də müəllif kimi yaşadan Söz olacaq... Tarixin yaddaşı möhkəmdir, buna əminəm!..

Bu günü mənimlə bərabər keçirən çağdaş Azərbaycan şair və yazıçılarına bir təşəkkür borcum var, onlara qəlbiniz söz yuvası olsun, sözünüz heç vaxt dəyərdən düşməsin, deyirəm!..

Sonda bir mesajım da var sizə, əzizlərim, sevgili peyğəmbərimiz buyurur ki, "İnsan öz dostunun dinindədir”. Beləliklə, biz də kiminlə dostluq etməyimizin fərqində olaq...”

TƏQVİM / ARXİV