adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Tamaşanın ortasında durub namaz qılası deyilsiniz - Eminquey yazır

EMİNQUEY AKİF
1320 | 2021-11-16 16:18

Deməli, tamaşamızın premyerasıdı. Tamaşa hələ başlamayıb. Həyəcanımı dağıtmaq üçün dostlara müşahidələrimdən birini danışıram ki, teatrların birindəyəm, obrazlar xarici, əsər xarici. 

Tamaşa başladı, biraz keçdi, ən həzin, kirimiş yerində zalda kiminsə telefonunda Azan oxunmağa başladı. İndi təsəvvür edin, aktyorun həmin an səhnədə nə hisslər keçirtdiyini. 

Azan oxunur, adam kimdirsə, yüz faiz qurcalanır, telefonu açıb səssizə atmaq üçün vurnuxur, zalda pıçhapıç, nırçanırç düşür, aktyorun gözlərinin dərinliyində "ey Azan sahibi, kömək ol" yalvarışı oxunur. 

Ardınca bir başqasının telefonunda Azan oxunmağa başlanır, bu dəfə pıçhapıçların, nırçanırçların arasına bir yekə "əəəəə" də qatılır. 

Birinci Azan "Əşhədu ənla Muhəmmədən Rəsulallah"da kəsilir. İkincisi isə deyəsən təcrübəlidir, dördüncü "Allahu Əkbərdə" telefonu səssizə ata bilir. Elə bu məqamda telefonun sahibi (çox güman ki) asta səslə:

- Tamaşadayam, yığma, özüm yığacam. 

Sən demə, bunun telefon zəngi Azan imiş.

Bunu danışdım, gülüşdük. Azana yox ha, tamaşaçı etikasının olmamasına. 

Tamaşamız başladı, öz-özümə deyirəm ki, şükür, nə yaxşı, Azan-zad yoxdu. 

Arvadlar yığışıb Dərviş, cadü-pitik barədə danışan məqam zaldan Azan səsi gəldi. Mən də şair adam, tez beynimdə yozdum ki, yəqin bu, Allahdan işarə-zaddı. Deyir, utanın, ey insanlar, Azan oxunur, dayandırın cadu-pitik söhbətini, imana gəlin! Ara-xəlvət arxaya çönüb dostlarıma baxıb güldüm. 

Heç nə.

Bir sözlə, deməm bu ki, əziz tamaşaçılar, teatra gedəndə, tamaşa başlayanda telefonlarınızı səssizə atın, ya da heç olmasa, Azan proqramını söndürün, tamaşanın ortasında durub namaz qılası deyilsiniz

TƏQVİM / ARXİV