adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SEYRAN SƏXAVƏTİN QARABAĞ SƏFƏRİ - Aqil ABBAS yazır

AQİL ABBAS
1840 | 2023-05-20 12:00

Seyran Səxavətlə doğma Qarabağımızı səfərə getmişik. Kürdəmir Regional Mədəniyyət İdarəsi ustadın Beyləqan rayonunun ziyalıları və yaradıcı adamları ilə görüşünu planlaşdırıb. Gecəni Füzuli rayonunun Arayatılı kəndində, vaxtilə şan-şöhrəti bütün Sovetlər Birliyinə yayılmış, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın kəndində, bütün qarabağlıların «Ana» dediyi Şamama Həsənovanın kəndində gecələdik.

Gözəl bir yaz sabahı açılır. Tut da yetişib. Görməmiş kimi daraşırıq tuta. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Füzuli Mədəniyyət Mərkəzinin direktoru Anar Ağayev da gəlir. Ağzımızdan tut gələnədək tut yeyirik. Səhər yeməyinə yer qalmayıb. Elə ayaq üstə bir çay içirik, Beyləqana gedəcəyik.

Seyran Səxavət deyir ki, şəhid Səid Rəşidzadənin ruhundan icazə almamış görüşə başlamaq olmaz. O Səid Rəşidzadənin ki Vətən müharibəsində Hadrutun azad olunmasında misilsiz qəhrəmanlıq göstərmiş və Hadruta ilk dəfə müqəddəs bayrağımızı sancandan sonra düşmən gülləsi ilə şəhadətə yüksəlmişdi. Məzarı da Arayatılı kənd qəbiristanlığında Şəhidlər Xiyabanındadı.

Üz tuturuq Arayatılı kənd qəbiristanlığına. Bu da Səidin və Qarabağın azadlığı uğrunda Vətən müharibəsində həlak olmuş arayatılıların məzarları.

Seyran və sonra da hamımız Səidin və şəhidlərin məzarları önündə baş əyirik. Seyran Səidin ruhundan icazə istəyir və içimizdə ağlaya-ağlaya qəbiristanlıqdan ayrılırıq. Yolumuz Beyləqanadı.

Şəhərdə Heydər Əliyevin adını daşıyan gözəl bir park var. Tarix Diyarşünaslıq Muzeyi də bu parkda yerləşir. Görüşün başlanmasına xeyli vaxt qalsa da park adamla doludu. Beyləqanlılar sevimli yazıçılarını dövrəyə alırlar. Əslində görüş elə parkda başlayır. Gözəl bir yaz havasında Qarabağın xarakterini, balını, duzunu, istiotunu həm yazılarında, roman və povestlərində, həm də özündə daşıyan Seyran Səxavətlə elə səmimi, mehriban bir söhbət alınır ki. Nəhayət, camaat muzeyin zalına yığışa bilir. Və görüşün rəsmi hissəsi başlayır. Əslində buna rəsmi hissə demək olmazdı. Həm Seyranın səmimiliyi, həm də görüşə gələnlərin səmimiliyi rəsmi görüşü qeyri-rəsmi bir vəziyyətə gətirir.

Hiss olunur ki, görüşə gələnlər yazıçının əsərlərini az qala bitdə-bitdə oxuyublar.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Seyran Səxavətin yaradıcılığına həsr olunmuş hazırladığı film də yazıçını çox geniş təqdim edir. Arada film dayandırılır, kimsə qalxıb Seyranın gənclik illərindəki şeirlərindən birini söyləyir və Seyrana naqolay bir sual verir. Seyran onun naqolay sualına çox qolay bir cavab verir və görüş iştirakçılarının üzünə təbəssüm qonur. Sual verənlər də, Seyran da o qədər səmimi idilər ki, adam vaxtın necə keçdiyini bilmir. Görüşə gələnlərin əksəriyyəti Seyrandan şeir istəyir. Seyran da açır şeir boğçasını və hətta gənclikdə sevdiyi qızın itinə yazdığı şeiri də oxuyur.

Ümumiyyətlə, Kürdəmir Regional Mədəniyyət İdarəsi və Füzuli rayonunun Mədəniyyət Mərkəzi bu görüşə ciddi hazırlaşmışdılar.

İştirakçılardan biri Seyrana sual verir ki, Aqil Abbas da, sən də Qarabağdan çox yazırsınız, sən istedadlısan, yoxsa Aqil Abbas? Məni gülmək tutur. Deyirəm ki, o sualın cavabını mən verərəm. Düzdür, Seyran da cavab verir, təbii ki, məni lazım olduğundan artıq tərifləyir. Söz mənə veriləndə deyirəm:

- Seyran Səxavət mənim ustadımdır. Və Seyran bütöv Qarabağdır.

Faiq Xudanlı Seyran Səxavətin yaradıcılığı və şəxsiyyəti haqqında geniş bir məruzə edir. Sonra da yazıçıya Mədəniyyət İdarəsinin adından bir xatirə bağışlayır. Xatirə də rəssam tərəfindən çəkilmiş Qarabağın gözəl bir mənzərəsidir.

Nəhayət, görüş başa çatır. Zaldan çıxırıq, amma heç kəs Seyranın söhbətlərindən doymayıb, onu buraxmaq istəmir. Şəkil çəkdirirlər, evlərinə dəvət edirlər, amma biz üzü güləbədinə – Bakıya qayıtmalıyıq. Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov 7-ci sinifdə oxuyan bir uşağı Seyranla tanış edir və deyir ki, onun çox gözəl səsi var. Xahiş edirik ki, bir oxusun. Uşaq şirin Qarabağ avazı ilə necə oxuyursa hamımız valeh oluruq. Seyran deyir ki, görüşün ən gözəl hissəsi bu idi.

Onu da qeyd edim ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi əhatə etdiyi rayonlarda müxtəlif şair və yazıçılarla belə görüşləri ayda bir dəfə, ya iki dəfə keçirir. Eyni zamanda regionda yaşayan şair və yazıçıların əsərlərini Mədəniyyət Nazirliyinin büdcəsi hesabına çap etdirib kitabxanalara paylayır, bizə də həmin kitablardan beşini bağışladılar.

Və Beyləqandan ayrılırıq.

Mənlə də şəkil çəkdirənlər oldu.

TƏQVİM / ARXİV