(Elə-belə xatırlamadım, özünüz nəticə çıxarın)
Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə. Şəhər böyük bir tikinti meydançasına oxşayırdı. Qaynayırdı şəhər. Amma heç kim heç nə tikmirdi. Sökhasök, daşıhadaşı idi. Təkcə Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinin dövlətini deyil, daşını, divarını, taxta-puşunu söküb aparmırdılar, həm də uşaqların sevincini, cavanların sevgisini, yaşlı adamların xatirələrini, göz yaşlarını daşıyırdılar. Küçələr tırlarla doluydu. Qarğa-quzğun kimi darışmışdılar şəhərin canına. Çoxu hansısa başqa bir dildə danışırdı, arada azərbaycanca da sözlər eşidirdi. Maşınların demək olar ki, əksəriyyətinin nömrələri başqa dildə yazılmışdı. Ara-sıra Ermənistan nömrəli maşınlar da gözə dəyirdi.
Fikirləşdi ki, bunlar necə müsəlmandırlar, öz qardaşlarının ev-eşiyini dağıdıb aparırlar. O yorğan-döşəyin içində necə yatacaqlar, o apardıqları televizorda necə futbola baxacaqlar? O apardıqları stol-stulda oturub necə çay içəcəklər, çörək yeyəcəklər? Və fikirləşdi ki, oğruluqla qəhbəlik qırx gün çəkər…
… Amma bunların oğurluqla qəhbəliyi qırx gün yox, otuz il çəkdi…
… Tırların arasından maşını bir təhər sürüb keçdi. Bu da bazar, az qala atom bombası satılan bazar. Vurhavurla bazarı da daşıyırdılar. Vaxtilə səs-küydən qulaq tutulan bazarda indi bir ölü sükut vardı.
**
Bir neçə gündən sonra Aşot yenə şəhərə gəldi. Keçəndə gördü ki, Artuşun evini də dağıdıblar, baxmayaraq ki, üstünə xaç çəkilmişdi, «Artuşun evi» yazılmışdı, amma bunun heç bir xeyiri olmamışdı.
Gəldi gördü ki, Faxıgilin də evini dağıdıblar, nə var söküb aparıblar. Bərk dilxor oldu.
Getdi komendantın yanına:
- Mən burda pulnan ev almışdım, onu niyə satdın?
- Vaxtında gəlib pulunu verərdin, mən də iranlılara satmazdım. Özü də bahalı ev idi, beş yüz dollar verdilər. Həm də məndən asılı deyil, rəhbərlik belə bir qərar verib ki, bu şəhərdə daş-daş üstə qalmamalıdır. Mən kiməm ki?
Aşot qayıtdı Faxıgilin evinə. Üzünü qoydu daşlara və ağladı. Sonra da qayıtdı öz kəndlərinə və anasına dedi:
- Mama, Paxıgilin evini dağıdıflar. Türklər heş vaxt bunu bizə bağışdameyjax. Ordan tut arağı gətir, içim, bir az toxtuyum…
«Tut arağı, donuz kababı və Aşotun məktubu» povestindən bir parça»