adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Səsindən öpəsən...Yaxud darıxdığım adamlar...- Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
699 | 2022-08-09 12:12


...Dünyada nə yaxşı ki, heç kimə bənzəməyən, içi, qəlbi, ürəyi sevgi ilə dolu olan insanlar var. Və o insanlarla görüşəndə heç vaxt darıxmırsan, əksinə, onları on gün, bir ay, lap iki ay görməyəndə darıxırsan. Tək onların özü üçün yox, həm də təmiz qəlbləri, isti ürəkləri, şirin-şəkər və bal kimi söhbətləri üçün də qəribsəyirsən. Və bu qəribsiliyi o vaxta qədər hiss edirsən ki, nə vaxtsa onlarla görüşürsən, bir masa arxasında əyləşirsən, çörək kəsirsən, bir stəkan çay içirsən...


Bax, o darıxdığım adamlardan biri də böyük ziyalı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, tələbə yoldaşım və dostum Məhərrəm Qasımlıdır. Onunla bir stəkan çay içmək, bal kimi şirin söhbətinə qulaq asmaq və iç dünyasını, qəlbini duymaq şəxsən mənim üçün ən gözəl anlar, ən gözəl məqamlardı. Biz təkcə öz tələbəlik illərimizdən, dostluğumuzdan, unudulmayan müəllimlərimizdən söhbət açmırıq. Və biz həm də uzun müddət dostluq elədiyimiz, çörək kəsdiyimiz və bu gün haqq dünyasına qovuşmuş yaxın dostlarımızı, qardaşlarımızı, çiyindaşlarımızı yada salırıq. Yada düşən həm də onların xatirələri və bu gün də qulağımızda cingildəyən səsləridi...


...Bir stəkan çay içirik, yenə həmin dostlarla olduğumuz günlərə qayıdırıq. Yadımıza filologiya elmlər doktoru, professor Məhəmmədəli Mustafa, filologiya elmləri namizədi Lətif Süleymanlı, istedadlı yazıçı-publisist, jurnalist və hüquqşünas Rafiq Hacıyev düşür. Bu dostlar Allahın dərgahına qovuşsa da, amma bizim yadımızdan heç vaxt çıxmırlar. Ən azından ona görə ki, həmin dostlarla düz 40 ilə yaxın bir yoldaşlığımız olub, zarafatımız, deyib-gülməyimiz, xeyir-şərdə bir yerdə olmağımız yenidən xatirələrdə baş qaldırır. Sanki elədiyimiz söhbət zamanı onların isti nəfəsini, səsini, ürək döyüntülərini və qəlb pıçıltılarını eşidirik. Elə bil ki, əyləşdiyimiz otağın qapısı açılacaq, bu dəqiqə Lətif Süleymanlı içəri girəcək. Məhəmmədəli Mustafa otağa daxil olacaq. Rafiq Hacıyev bir şirin, duzlu zarafatı ilə bizim qaralmış qanımızı duruldacaq...


...O insan xoşbəxt adamdır ki, Allahın dərgahına qovuşandan sonra doğmalarının, dostlarının yadından çıxmırlar. Yəni onlar bir insan olaraq çörək kəsdikləri, dostluq elədikləri insanların qəlbində, söhbətlərində, ən nəhayət xatirələrində yada düşürlər, xatırlanırlar. Adını çəkdiyimiz bu dostlar inanın nə Məhərrəm müəllimin, nə də mənim yadımdan çıxır. İndiyə kimi yaxşı yadımdadır, Lətif Süleymanlı ötən əsrin 90-cı illərinin axırında namizədlik dissertasiyası müdafiə edirdi. Amma onu kimlərsə incidir, müdafiəsini ləngidirdi. Günlərin birində dedi ki, gedirəm Məhərrəm Qasımlının yanına. Bəlkə o, mənə kömək edə! Bəli, Məhərrəm Qasımlının yanına getdi, o da bütün maneələrə baxmayaraq hamısını dəf elədi və Lətifin müdafiəsində sinəsini qabağa verərək ona böyük köməklik göstərdi. Allaha and olsun, mən hər şeyi yaxşı bilirəm, Məhərrəm müəllim bu çətin və həlli müşkül məsələni yoluna qoyanda Lətifdən bir stəkan çay da ummadı, yəni təmənnasız olaraq ona arxa durdu...
Biz həmin anları yenidən bir-bir xatırlayırıq. Məhəmmədəli Mustafa ilə Məhərrəm müəllimin Tovuza getməsi, orda gözəl yerləri, məkanları gəzməsi və istirahət etməsi yenidən yada düşür. Məhərrəm müəllim deyir ki, Məhəmmədəlinin yoldaşlığına və dostluğuna söz ola bilməzdi. O qədər sadə və səmimi adam idi ki, hamıya inanırdı. Hətta balaca uşaq onu aldada bilərdi. Yenə bir-bir xatirələr yada düşür. Lənkərana və eləcə də digər yerlərə getməklərini yada salır...


Rafiq Hacıyevlə bağlı Məhərrəm müəllim çox zəngin xatirələr danışır. Deyir ki, tələbəlik illərində universitetin yataqxanasında dostluq eləmişik. Sabılcada o qədər kartof qızardıb yemişik ki. Hələ də o yeməyin dadı damağımdan getməyib. Axı tələbəlik illərinin öz şirinlikləri, gözəl anları olur. Rafiq çox istedadlı jurnalist idi, yazıçı idi, publisist idi. Həm də onda gözəl rəssamlıq qabiliyyəti və bir də gözəl bir muğam səsi vardı. Əgər Rafiq musiqi sənəti ilə məşğul olsaydı, bəlkə də xalq artisti olmuşdu. Amma gəldi jurnalistikaya, nə ona fəxri ad verdilər, nə də mənzil. Heç Rafiqin dünya malında gözü də yox idi. Amma sadəcə olaraq haqqını alsaydı həm özü, həm də ailəsi çox rahat olardı. Rafiq elə bir dost idi ki, onun yerini heç kim verə bilməz.

Ölümündən bir neçə gün qabaq Aşıqlar Birliyinə gəlmişdi. Yeni çapdan çıxmış kitabını mənə verdi və dedi ki, mənim 70 illiyimdə aparıcılığı sən edərsən, duxun var eləmə! Bizim Rafiq ilə çox səmimi və şirin zarafatlarımız vardı. Və bəzən gözümü yumub o sehirli dünyada özümü hiss edirəm. O dostlarımızın səsini, söhbətini və ürəyinin döyüntüsü eşidirəm...


...Bu kədərli notlardan sonra bir balaca özümüzü nikbin ovqat üstündə kökləyirik. Axı Məhərrəm Qasımlı həm də gözəl şairdir və Orxan Paşa imzası ilə çox gözəl, poetik və yadda qalan şeirlər yazıb. Neçə-neçə şeirlər kitabı işıq üzü görüb. Hər bir şeirində belə Orxan Paşanın fəlsəfi dünyagörüşü, poetik təfəkkürü və lirikası oxucunun əlindən tutub onu uca bir zirvəyə aparır. Oxucu o zirvədən özünün dünyasını və arzularını görür. Onun bu yaxınlarda qələmə aldığı və xoş ovqat üstündə, daha doğrusu sevgi, məhəbbət aurasında kökləndiyi «Səsindən öpəsən bunun» şeiri ilə yazımızı və söhbətimizi bitirmək istəyirəm:

Ədasına canım qurban,
Nazından öpəsən bunun.
Nərgiz-bənövşə qoxulu
Yazından öpəsən bunun.

Qəmzəsi müdam oyaqdı,
Bizi intizar qoymaqdı.
Kəlməsi baldı-qaymaqdı,
Sözündən öpəsən bunun.

Qarmaq atasan gölünə,
Könül bağlaya könlünə,
Girəvə düşə əlinə –
Üzündən öpəsən bunun.

Doğulub yaz yağışından,
Göy qurşağı naxışından.
Axıb gedən baxışından –
Gözündən öpəsən bunun.

Sarsılma sevda qəmindən,
Keçmə könül həmdəmindən.
Gül səpilir qədəmindən –
İzindən öpəsən bunun.


Orxan Paşa, yenə nəsə,
Uyub qaldın ovsun səsə.
İşdi əlin yetişməsə –
Səsindən öpəsən bunun.


 

TƏQVİM / ARXİV