adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7

Seçim düzgün olarsa - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
592 | 2021-12-27 12:52

Təhsil, elm hər bir xalqın, dövlətin ikişafı üçün çox mühümdür. Bu, bir aksiomadır, sübuta ehtiyacı yoxdur. Amma bu barədə qədər çox desək də, yazsaq da  yenə də azdır.  Hələ yüz illər öncə, 12 – ci əsrdə böyük Nizami

 

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz – deyib.

 

Yəni yüz illərdir elmin, savadın önəmindən  danışırıq... və yenə də danışırıq... və hələ də danışırıq. 

 

Amma təhsil və elmlə yanaşı ədalətli seçimin aparılması da çox önəmlidir və deyərdim ki, bu, elm və təhsil qədər önəmlidir. Bunu həm də hər bir sahədə olan seçimlərə aid etmək mümkündür. Voveranq necə deyib... Hələlik boş verək Voveranqı, sizə öz başıma gələndən yazım.


Azərbaycanda yaşadığımız illər idi. Qızım məktəbə getmək yaşına çatmışdı. Dost-tanışdan hansı məktəbdə yaxşı təhsil verilməsi (!?) ilə maraqlandım ki,  uşağı ora aparım. Bir neçə yer sadaladılar, onlardan biri də Bakıxanov qəsəbəsində (nömrəsini unutmuşam)  idi. Dedilər ki, “Lukoil”un prezidenti orada oxuyub deyə həmən məktəbə diqqət verirlər. Uzun sözün qısası, qızımın əlindən tutub getdik deyilən məktəbə. Təbii ki, öncədən direktora zəng etmişdim, yoxsa qəbula düşmək çətin məsələ idi. Direktor dedi ki, gərək uşağı imtahan edək. Edin dedim, arxayın idim. Direktor məktəbin ən yaxşı müəllimi kimi təqdim etdiyi bir nəfəri çağırdı və biz onunla birlikdə bir sinif otağına keçdik. Müəllimə başladı qızımı imtahan etməyə, suallar hamısı siyasi, uşağın yaşına uyğun olmayan suallar idi. Məsələn,  "Ümummilli lider kimdir?," "Ümummilli lider neçənci ildə xalqın xahişi ilə hakimiyyətə gəldi?" və.s. bu kimi suallar.  Uşaq mat-məəttəl üzümə baxdı. Mən də öz-özümə “Ay müəllimə, bu uşaq icra başçısı olmaq istəmir e, birinci sinifə gedəcək” düşündüm, amma susdum (ax bu susmaq, bu yersiz susmaqla, yersiz danışmaq bizi birtəhər edəcək). Bir sözlə, uşaq o məktəbdə oxuyası olmadı. Halbuki qızım bütün hərfləri əzbər bilir, sərbəst kitab oxuyur, 100 - dən yuxarı rəqəmlərə kimi saymağı,  yüngül riyazi hesablamaları bacarırdı...

 

Bir müddət  sonra Niderlanda gəldik. Həmən uşaq üç il müddətinə, onun üçün yeni olan bir dildə, ibtidai məktəbdə (burada ibtidai məktəblər ayrıdır – V.A), həmçinin ibtidai məktəbin yekun  imtahanında  elə yüksək nəticə göstərdi ki, orta məktəbin ən yüksək pilləsinə vəsiqə qazandı. Orta məktəbi bitirəndən sonra isə universitetə imtahansız qəbul olundu. Bu gün həmən uşaq Leiden universitetində (dünyanın ən qədim və yeksək təhsil verən universitetlərindən birində, 1575 – ci ildən fəaliyyət göstərir) hüquq təhsili alır. 

 

Mənə elə gəlir ki, problemlərimizin biri də məhz budur. Seçimi, bir çox sahədə, düzgün aparmırıq. Seçim biliyə, bacarığa görə aparılsa idi, bu gün Azərbaycanda tam başqa mənzərənin şahidi olardıq və əlbətdə ki, seçimi kimin aparması da çox önəmlidir. Biz nə etdik? Kim kimin adamıdır, kim daha çox məddahlıq edir, kim daha çox verir və.s. bu kimi meyarları əsas götürdük...

Hazırda isə savada, biliyə, işini bilən adamlara hər zamankından daha çox ehtiyacımız var. Bu gün bütün sahələrdə ancaq və ancaq savadlı insanlara üstünlük verilməlidir. Bu, bir zərurətdir. Yazının əvvəlində Voveranqın adını çəkmişdim, o da bu yerdə “Zərurət bizi seçim etmək çətinliyindən azad edir” – deyib. Sabahımız naminə zamanın bugünün zəruri tələbinə cavab verməliyik.

 

Vüqar Abbasov.
Niderıand. 
[email protected] 

 

TƏQVİM / ARXİV