adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Şair etirafı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
681 | 2022-12-05 13:37

Və yaxud ilahidən istək

 

Adətən dostlarımın, tələbə yoldaşlarımın barəsində nəsə yazmaq istəyəndə xeyli götür-qoy edirəm. Bu da səbəbsiz deyil. Çünki az qala özüm qədər tanıdığım bu adamlar həyatımın bir parçasıdı. Və deməli mən də həmin yazılarla elə özüm haqda da yazmış oluram. Bax, bu məsuliyyət həmin yazılara tərəf üz tutmaqda daha çox düşünməyə, daha çox götür-qoy etməyə məcbur edir. Amma elə ki, sözün qapısı açıldı. Onda ürək öz pıçıltılarını bir-birinin ardınca düzür və son nöqtəyə gəlib çatanda bir daxili rahatlıq yaşayıram.

Bu gün daha çox qarşılaşıb, daha çox «küsüb-barışdığım» və daha çox da iradlarımı bildirdiyim şair dostum, tələbə yoldaşım Vaqif İsaqoğlu ilə bir araya gəlmişəm. Hələ 1980-ci ildə yaradıcılığına bələd olduğum, az qala ilk yazılarının oxucusuna çevrildiyim Vaqifin hər bir uğuru, hər bir kitabı gözümün önündədir. Elə gözümün önündə olan kitablardan birini əl uzadıb götürürəm. Kitabın adı həm qəribədi, həm də bir növ etirafdı. Vaqif İsaqoğlu yazıb ki, «Darıxıram...».

Bəli, Vaqifin niyə, hara və nə üçün darıxdığını yozmayacam. Çünki bildiyimi bilirəm. Amma həqiqətən bu kitabda onun darıxdığını ifadə edən, bir növü oxucuya çatdıran kifayət qədər fikirlər, misralar, bəndlər var. Onları oxuduqca elə az qala özüm də darıxıram və bir də görürəm ki, Vaqif deyir:

 

Mənim baharımdı, mənim yayımdı,

Gündüz günəşimdi, gecə Ayımdı.

Özün göndərdiyin tale payımdı,

İlahi, qoru sən bu məhəbbəti.

İndi siz də bir anlıq düşünün, görün mən yanılmıram ki?! Bu bəndi oxuyandan sonra necə darıxmayasan. Axı şair bu sevgini və onun qəhrəmanının ömrünün baharı, yayı, günəşi, ayı, taleh payı kimi dəyərləndirir, həmin ucalığa qaldırır. O ucalığı qorumaq üçün Allaha üz tutur. Zənnimcə, bundan gözəl istək və etiraf ola bilməz. Və bir də onu da vurğulayım ki, Vaqif İsaqoğlunun bu etirafı onun özü də gözümdə bir pillə ucaldır. Demək hələ o sözünün hamısını deyib qurtarmayıbdı. Ona görə də ona səs vermək, ona qoşulmaq istəyimi kökləyir. Mən də həmin o həvəslə qoşuluram Vaqifə və yazıram ki:

 

Bir telefon zənginə bənd olub qaldım,

Gözlərim yoldadı, qulağım səsdə.

Üz tutdum gəncliyə, xəyala daldım –

Qayıtdı o keçmiş eşq də, həvəs də!

 

Təbii ki, keçmişlə baş-başa qalmaq, onu yenidən göz önünə gətirmək, o günləri yenidən yaşamaq xoş olduğu qədər də adamı ağrıdan onun gah gunahları ilə, gah uğurları ilə üzləşdirən bir haldı. Təəssüf ki, keçmişdə – yəni xatirələr dünyamızda bəzən günahlar daha çox önə çıxır. Yol verdiyimiz səhflər bizi daha çox ağrıdır. Bax, həmin o ağrıların, o göynərtilərin içərisində özümüzü durulamaq, təmizə çıxarmaq istəyimiz də hərdən işimizə yarayır. Necə ki, Vaqif öz etirafında bu məqamdan məharətlə istifadə edib və yazıb:

 

Çəkilməz dərdləri göndərmə mənə,

Eşqin sevincini çox görmə mənə.

Gözümü açandan bağlıyam sənə,

İlahi, qoru sən bu məhəbbəti.

 

Şeirin iki bəndində Vaqifin ifadə etdiyi fikir onun dərdlərdən yorulduğuna işarə olsa da, amma digər bəndlərində isə o, hər şeylə razılaşdığını da deməyi unutmur. Hətta gözünü açandan bəri bağlı olduğu ünvanın adını da dilinə gətirir. Bu da məhəbbətdi. Onu qorumaq üçün ilahidən yardım uman, yardım istəyən Vaqif sevginin sevincini qorumağa hazır olduğunu bir aşiq kimi, bir gənclik atəşi ilə yanan şair kimi də deməyi unutmur. Bax, bu da əvvəldə dediyim o etirafın özəl çalarıdı. Mən də öz şeirimdə həmin özəlliyi elə xatirələrin işığında yazmağa üstünlük vermişəm:

 

İllərini dumanı dağıldı sanki,

O səs varlığımı titrətdi yaman.

Keçdi ürəyimdən elə bir an ki,

Bizi qovuşdura – ayıran zaman!

 

Görürsünüz, eyni dövrün, eyni zamanın şinelindən çıxdığımız üçün həyata baxışımız da, sevgiyə münasibətimiz də, umacağımız da, etirafımız da bir-birinə bənzəyir, bir-biri ilə çiyin-çiyinə dayanır. Və mən də az qala Sənə və Allaha bəlli olan, hamının bilməsi üçün səsimi qaldırmaq istəyim dilə gətirirəm. Ürəyimdən keçəni təbii ki, birlikdə olmağı xüsusi vurğulayıram.

Bu məqamda etirafın yeri xüsusi görünür. Amma etirafı da gərək elə edəsən ki, o, gerçəyi özündə ifadə edə bilsin. Əks halda köhnə kişilərin dediyi «qaş düzəltmək əvəzinə göz tökmək» məqamı yaranmasın. Bunu Vaqif İsaqoğlu yaxşı bildiyindən elə etirafını da ustalıqla dilə gətirib:

Sən məni çarmıxa çəksən də yenə,

Gözümün yaşını töksən də yenə.

Mənim can evimi söksən də yenə,

İlahi, qoru sən bu məhəbbəti.

 

Yəqin ki, oxuduğunuz bənddəki xatırlatmalar, yəni şairin çarmıxa çəkilməsi, göz yaşı axıtması, can evinin sökülməsi... bütün bu və ya digər yaşananlar onun üçün məqbuldu, qəbulediləndi. Çünki bütün bunlar hamısı məhəbbət naminə edilib. Bu dözümü də elə ona məhəbbət veribdi. Vaqif də sevdiyi üçün öz məhəbbətinin bütün şıltaqlıqlarına dözüb. Üstəlik ona bu dözümdən bir az da çox verməyi Allahdan istəyibdi.  Mən də elə Vaqifsayağı bir az yerdən qopub göy üzünə üz tutmuşam. Mən də talehi, sönmüş ocağı, gözlədiyim bir zəngi xatırlaya-xatırlaya öz xəyal dünyamda fikirləri misralara çevirmişəm:

 

Nə bilim taledi, qismətdi hərdən

Sönmüş ocaqda da od tapmaq olur.

Bir zəng səsi ilə bu gün səhərdən –

Qocalmış könlümə bir sevgi dolur.

 

Əvvəldə dediyim kimi, xatirələrin səsi də, rəngi də, mühiti də, ovqatı da, bir sözlə, xatirə dünyasının bütövlüyü də o zaman insanı olduğu aləmdən alıb aparır ki, o, həqiqətən ömrün bir hissəsidi, həyatın bir parçasıdı. Mən yüzə-yüz bilirəm və yazıram ki, mənim xatirələrim mənim təkcə dünənim deyil, həm də bugünümdü. Elə Vaqif də öz məhəbbətində əmindir ki, o dünəndə qalmayıb, bu gün də həmin məhəbbət onunla birlikdədir. Həmin əminliyi də şeirləşdirən Vaqif sevdiyinin, sevgisinin böyüklüyünü ifadə etməklə yanaşı, həm də o sevginin boynuna bir minnət də qoyub. Necə deyərlər, şair ərki ilə ona bir az yumşaq məzəmmət də edibdi. Xatırladıb ki:

 

Kim duyar Vaqifi sən duyan kimi,

Kim oyar qəlbimi dərd oyan kimi.

Ana balasını qoruyan kimi,

İlahi, qoru sən bu məhəbbəti.

 

Zənnimcə, bu bənddən sonra bir anlıq susmaq və düşünmək daha ağıllı qərar olar. Mən də çalışdım ki, elə belə edim və sonra öz-özümə bu şeirin son bəndinə görə Vaqifə, daha doğrusu müəllifə içimdən bir təşəkkür gəlib keçdi. Axı ana balasını qoruyan kimi məhəbbətini qorumaq hər aşiqin işi deyil. Üstəlik hər aşiq də bu fikrə düşmür. Amma Vaqif məhəbbətinin böyüklüyündən, necə deyərlər, özəlliyindən və gözəlliyindən fərəhlənərək fəxarət hissi ilə bu məhəbbətin ilahi tərəfindən ananın balasını qoruduğu kimi qorunmasını istəyib. Mən həmin o istəyin içindən öz şeirimə tərəf baxdım, gördüm ki, mən də bir istəyi dilə gətirmişəm. Vaqifin istəyindən fərqli olaraq, mən də Allaha bir dəli istəklə əl açmışam:

 

Mən öz hisslərimə əsir bir dəli,

Bağlanıb qalmışam telefon zənginə.

İnsaf et, gəl məni – Tanrı gözəli

Atma ayrılığın acı cənginə!

 

Gördünüzmü, mənim də istəyim gözlədiyim bir telefon zəngi və bir də o zəngi edəcək bir Allah bəndəsidi. Yekunda, yəni son nəticədə bu da sevginin, məhəbbətin qorunması üçün, yaşaması üçün ilahiyə əl açmaqdı!..

Bəli, mən Vaqif İsaqoğlu ilə bir dövrdə, bir zamanda, amma ayrı-ayrı notlarda ilahiyə əl açıb diləyimizi dilədik. Necə deyərlər, dilək bizdən, kömək Allahdan. Özdə təkcə bizə yox!!!

TƏQVİM / ARXİV