adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

...QIŞDA QAR TAPILMAZ YAD QAPILARDA...

VAHİD ƏLİFOĞLU
15265 | 2010-03-06 04:51
Anam deyirdi ki, Stalin öləndə qırx gün kənddə ağlaşma-şivən oldu. Qasım kişi gözünün ağı-qarası madar inəyini kəsib doldurdu ehsan qazanlarına. Amma doğma dədəsinin "üçü"nü, "yeddi"sini qəndsiz çayla yola verdi...
   
   ... Halva həqiqətən elə gözəl, elə dadlı yemək növüdür ki, onu nəinki hoza ilə, lap paya ilə də yemək olar... Bişirildiyi məkanın uzaqlığının, yaxınlığının nə fərqi var ki... Təki halva olsun...
   
   ... Biz qonşu kənddə yaşayan doğmaları yad, çəpərin o üzünüdəki yadları doğma hesab etmişik həmişə... Elə Qasım kişi də o vaxt inəyi kəsib buzovu ona görə mələr qoydu ki, ehsanını verdiyi "kişi" milyonların anasını ağlar qoymuşdu...
   
   ... Kimsə və ya kimlərinsə bədbəxtçiliyi, göz yaşları üstə saray tikmək, şan-şöhrətə çatmaq əxlaqın hansı bəndinə uyğun gəlir, görəsən?...
   
   ... Qarabağ faciəsini mətbuat səhifələrində real, inandırıcı boyalarla bədiiləşdirən müəlliflərin müsabiqəsi keçirilir və mükafat fondu da müəyyən olunub. Təşkilat komitəsi bildirir ki, bir I yer, iki II yer, üç III yerlə bərabər iki həvəsləndirici yer üçün mükafat ayrılıb. Müsabiqəyə təqdim olunan əsərlər bir ay müddətinə qəbul olunur. Birinci yeri tutan əsərin həcmindən və keyfiyyətindən asılı olaraq, müəllifə əvvəlcədən nəzərdə tutulmamış əlavə mükafat da verilə bilər...
   
   ... Dəli dəlixanadan anasına belə bir məktub göndərir:
   
   - "Ana, mən tamam sağalıb ağıllanmışam. Hər gün uşaqlarınan hovuzda çimirik. Baş həkim deyir ki, özünüzü yaxşı aparsanız hovuza su da buraxacağıq"...
   
   ... Dərdi bütövlükdə qiymətləndirmək, olduğu kimi çəkmək çətinliyi var. Dağı dağ kimi yada salmaqdansa xırda-xırda xatırlamaq yaxşıdı... Dərədən başlayırsan, çıxırsan qayalara, dırmaşırsan yoxuşa, aşırıma... Və nəhayət dağı tapırsan... Elə Qarabağ "dağı" da ibarətdi Meşəlidən, Xocalıdan, Malıbəylidən, Daşaltıdan, Cəmillidən...
   
   ... Müsabiqədə I, II, III yeri tutanlar peşəkar dərd çəkənlərdi. Yəni onlar Qarabağın dərd-sərini mütəxəssis kimi anlayanlardı... Bir də var həvəsləndirici mükafata layiq görülənlər... Bu zümrədən olanlar Qarabağın dərdini elə-belə həvəskar səviyyəsində , xırda-xırda çəkənlərdi...
   
   ... Biz hamıya və hər kəsə oxşamışıq. Yüz illərdi ki, özümüzə oxşaya bilmirik...
   
   ... Arxivimdə (arxiv deyəndə bir çay yeşiyidi. İçərisinə qəzet sərmişəm. Otuz ildə nə yazmışamsa üst-üstə yığmışam ora - V.Ə). Salvador Alyende, Lermontov, Yesenin, Nelson Mandela, vyetnamlı uşaqlar, Qarsia Lorka və s. haqqında xeyli şeirlər var... Bu, şeirlər heç yerdə çap olunmayıb. Bu gün onları bir daha gözdən keçirəndə qəribə fikirlər gəlir ağlıma... Yaman çox təəssüfə və xəcalətə oxşayır düşündüyüm vəziyyət...
   
   
   
   ... qırmızı bayraq olmağa tələsirdi,
   
   Salvador Alyendenin
   
   damarında darıxan qan...
   
   ... kəsilmiş başlar,
   
   Əsgər çəkmələrinin burnunda,
   
   futbol topu kimi diyirlənməkdə...
   
   ...saxta təyin edilmiş
   
   on bir metrlik zərbəni
   
   vurmağa hazırlaşan futbolçunun.
   
   həyasız təbəssümü var,
   
   hökumət tribunasında əyləşmiş,
   
   Pinoçetin dodaqlarında...
   
   ***
   
   ... Sahibindən kötək yemiş,
   
   köpək kimi,
   
   zingildəyirdi cənab Martınov.
   
   ... Lermantovun anasının
   
   ayaqlarına yıxılıb
   
   bağışlanmaq diləyirdi,
   
   Qafqaz dağları...
   
   
   
   ***
   
   ... qaçıb buz bağlamış
   
   xaraba Ryazanın çöllərindən,
   
   Yeseninin mavi gözlü ruhu
   
   əbədi rahatlıq tapdı,
   
   mavi Xəzərin sahilində...
   
   
   
   ***
   
   ...mən yüz yol ölüb-dirilmişəm,
   
   Vyetnam cəngəlliklərində
   
   güllələnən süd qoxulu,
   
   gözləri yarı yuxulu,
   
   vyetnamlı uşaqların arasında...
   
   
   
   ...Təqdim etdiyim fraqmentlər bəlkə də aldandığım günlərin, ayların itkilərini bir daha yaşamaq və çəkdiyim xəcalətdən ləzzət almaq cəhdidi... Belə cəhdlər çoxmu, görən?...
   
   ... Bu tip "əsərlərlə" tarixə düşənlərin cəhdi, nə?...
   
   ... Stalinin ölümü, Bağırovun güllələnməsi cild-cild kitabların, palaz-palaz "əsərlər"in dəfn günü deyildi ki?... Bəs tozu-torpağı göylərə dirəklənmiş Sovet imperiyasının xarabalıqları altında qalan ədəbiyyat necə?...
   
   ... Mən Xocalıda güllələnən, Malıbəylidə yandırılan uşaqlara şeir yazan fyetnamlı görməmişəm... 366-cı polkdakı tankların sürücüləri Lermontovun, Yeseninin nəvələri, nəticələri olmaya, qərdeşim?... Bilmirsiniz, erməni soyqırımını Çilinin, İspaniyanın parlamentləri qəbul etməyib ki, hələ?...
   
   ... Şadlıq saraylarımızın tüstüsünü təpəsindən çıxaran tamada şairciyəzlərin səviyyəsindən, istedadından nə qədər yüksəkdə durur Lermontovun, Yeseninin cızma-qaraları?... Hər iki "dahini" Qafqaza çəkib gətirən nəyidi, axı?... Heç şübhəsiz yerlilərin mədəniyyəti, mənəviyyatı deyildi...
   
   ... Mavi gözlü, sarışın saçlı bacıları qafqazlı kişi üçün dəli-divanə olan şair nə axtarırdı qara gözlü İran gözəllərində?...
   
   ... Türk qardaşlarımızın bir duzsuz, şit serialına baxmışam. Yunan oğlanla türk qızı arasında yaşanan əbədi məhəbbətdən, ilahi sevgisindən danışır. Lap bizim "Əsli və Kərəm"ə oxşayır. Bir az fərqlidi bizimkindən... Axırda qızın babası da oğlanın nənəsinə müştəri çıxır... Dəhşətdi, əfəndim...
   
   ... Ələsgər əminin atası vəfat etmişdi. Yas mərasimində kənddən xeyli adam iştirak etmirdi. Ələsgər əmi dərdinə şərik olanların baş sağlığını qəbul edib, axırda dedi:
   
   - Məni sayıb gəlməyənlərə deyin ki, onların atasının yasında qapıdan qəbristanlığa kimi "ay dayı hey" deyib ağlamışam. Barı onlarda "ay əmi hey" deyəydilər, heç olmasa bircə ağız... Axı onların çoxunun anasına atalarıynan yarıbayarı ərlik edib, mənim atam...
   
   ... Dərdini mükafatınan, ənamınan qələmə aldıran millətim...
   
   ... "Qara qızdırma" içində alışıb yanan uşağa həkim əlindəki dərmanı verib dedi:
   
   - Al, oğlum. Al at, xəstəlikdən canın qurtarsın. Uşaq həkimin əlini kənara itələyib dedi:
   
   - Bir konfet ver, atım...

TƏQVİM / ARXİV