adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

PROBLEMİN TƏN YARISI...

BABƏK YUSİFOĞLU
39893 | 2015-04-23 13:45
Hər kəs bilir ki, qardaş Türkiyədə yaşanan sevinc bizlər tərəfindən də eyni sevgiylə qarşılanır, kədərlərinə də onlar qədər üzülürük. Bu o elə təbii, o dərəcədə inkaredilməzdi ki, bu gün onun nədənlərini danışmaq, həmin münasibətləri uzun-uzadı isbat etmək mənasız bir işdi. "Görünən dağa nə bələdçi?"...
Bu mənada son dönəmlərdə, xüsusən də hələ də davam edən AKP hakimiyyəti zamanında baş verən olumsuz proseslər, hadisələr Azərbaycanda da dərin narahatlıqlar yaradır. Amma mən indi Türkiyənın qüdrətli ordusunu sındırmağa yönəlmiş qərəzli əməliyyatlardan - uydurma Ergənəkondan, Balyozdan, vətənsevər insanların həbslərə atılmasından bəhs etməyəcəyəm.
Bununla yanaşı, bu yazımda Ermənistanla sərhədlərin açılmasına yönəlik addımlardan, bədnam Sürix protokollarından, ermənilərə vəzifələrin verilməsindən, biabırçı futbol diplomatiyasından, sərhəddə yaxın ərazidə nəhəng erməni-türk dostluğu abidəsindən, Hrant Dink adlı türk düşməni üçün kosmopolitlıərin Türkiyənin göbəyindəki şəhərlərin küçələrinə çıxaraq "həpimiz erməniyiz" bağırtılarından, on minlərlə erməninin Gürcüstan ərazilərindən keçərək qanunsuz şəkildə Türkiyədə para qazanmalarına göz yumulmasından və digər anti-milli davranışlardan da bəhs etməyi düşünmürəm.
Ona görə yox ki, bunları önəmli və ya aktual hesab etmirəm. Qətiyyən yox! Onlar əslində nəinki Türkiyə əleyhinə, eləcə də bütövlükdə türk dünyasına qarşı olan hərəkatın tərkib hissləridir. Və bunlar mütəmadi olaraq deyilməli, xatırlanmalıdır. Amma mən indi zamanı olduğu üçün vacib bir məqama diqqət çəkmək istəyirəm.
Aprel ayının sonu yaxınlaşdıqca türkün əski düşməni ermənilər ənənəvi olaraq Qərbdəki himayədarlarının dəstəyi ilə başda Roma Papası olmaqla üzərimizə səlib yürüşünü gücləndirirlər. Hər yerdə cürbəcür tədbirlər keçirərək dövlət başçılarına təsir göstərməyə çalışırlar ki, uydurma "soyqırım"ı qəbul etdirsinlər. Və məlum olduğu kimi Qərbin bir sıra təşkilatları, bəzi dövlətlər artıq bu bədnam sənədi tanıyacaqlarını bildirirlər. Çox maraqlıdır ki, Ankara isə bu proseslərə "xala xətrin qalmasın" etirazlarını bildirən bir tövr ortaya qoyur.
AKP iqtidarındakılar həmin dövlətlərdən incidiklərini göstərməklə kifayətlənir, heç hara sığmayan davranışlar sərgiləyirlər. Dünən baş nazir Əhməd Davudoğlu açıq şəkildə bildirib ki, 24 aprel günü ermənilərin xatirəsi anılacaqdır. "Birinci Dünya müharibəsi şərtlərində fərqli etnik və dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatlarını itirən məsum osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığımızı diləyirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir vəzifədir. Bu mənada bu il aprelin 24-də erməni patriarxlığında təşkil ediləcək dini mərasimlə osmanlı erməniləri bütün dünyada olduğu kimi Türkiyədə də anılacaq". (anspress.com)
Buyurun bu, torpaq tələb edilən, "soyqırımı" qəbul etməsini israrla istənilən, ərazisində türklərin qətliamı gerçəkləşdirilən bir dövlətin baş nazirinin söylədikləridir.
Türkiyə baş nazirinin müavini Bülənt Arıncsa lap ürəyiyananlıq edərək əcaib sözlərdə bulunub. Bildirib ki, onlar heç zaman, heç kimə xəyanət etməyiblər: "Bilərək, qəsdən və istəyərək soyqırım etməmişik. Dünyada soyqırım edənlər bəllidir. Türkiyədə 1915-ci ildə yaşananlar BMT-nin soyqırımı anlayışına daxil deyil". Guya, BMT-nin soyqırım anlayışına daxil olsaydı türklər törətmədikləri cinayətləri etiraf etməliydilər??? Bu, bir nazirin sözlərinə yox, suç üstündə yaxalanan bir uşağa verilən "bunu sənmi etdin" sualına çocuğun - "qəsdən, bilərəkdən etmədim" cavabına oxşayır...
Əlbəttə, bu sayaq açıqlamalar, bəyanatlar verib Türkiyədə böyük yalan üçün düzənlənmiş tədbirlərə qatılan iqtidar nümayəndələrinin sonradan qalxıb kimlərisə qınaması həqiqətən gülünc görünür. Bu gün bir ovuc erməninin təzyiqləri nəticəsində qosqoca Türkiyənin çox dişsiz, aciz, mağmın davranışları hər kəsi çox mütəəssir edir. 77 milyonun babalarına yalançı qatil damğası vuranların qarşısna belə çıxılarmı? Əslində problemin tən yarısı kənarda deyil, daxildə axtarılmalıdır...
AKP-nin iqtidarda olan başbilənlər illərlədir ermənilərə meydan verərkən, onların gizli yollarla Türkiyəyə keçib yaşamlarını saxlamasına göz yumarkən, Yerevan-İstanbul avia-reysini açarkən, erməni-türk dostluğundan dəm vurarkən, Xocalı soyqırımını törədənləri evinə aparıb qonaq edərkən... elə düşünürdülər ki, ermənilər düşmənçiliklərini yerə qoyacaqlar. Amma xəbərsiz idilər ki, düşməni daha aqressivləşdirirlər. Və bu gün üçün hələlik "paylarını" alırlar...
Amma bütün bunlara rəğmən, kimsə elə zənn etməsin ki, bu yollarla, belə təzyiqlərlə, törədilən düşmənşiliklərlə Ulu türk ulusunu nəyəsə məcbur qoya, çökdürə biləcəklər. Türklər tarix boyu bütün sınaqlardan, bütün çətinliklərdən üzü ağ, alnı açıq, ayaqda çıxıblar. Və bu gün də babalarından gələn həmin qüdrəti göstərməyə qadirdilər...

TƏQVİM / ARXİV