PARLAMENTDƏKİ ÇIXIŞIMI BAŞQA YERƏ YOZANLARA - Aqil ABBAS yazır

AQİL ABBAS
1819 | 2024-11-03 18:00

Mənim parlamentdəki son çıxışım müzakirələrə səbəb olub. Məsələnin məğzindən xəbəri olmayanlar məni az qala Möhtərəm Prezident İlham Əliyevə asi çıxarmağa çalışırlar. 

Amma xalqımız bilir ki, mən həmişə  Möhtərəm Prezidentin daxili və xarici siyasətini, apardığı islahatları dəstəkləmişəm. Bunu həm köşə yazılarımda, həm də verdiyim  müsahibələrdə görə bilərlər.

Əvvəla, Ali Baş Komandan Qarabağı təkcə qarabağlılar üçün yox, bütün Azərbaycan  xalqı üçün azad edib.  İmkanı olan kim istəyirsə azad olunmuş ərazilərdə sərmayə qoya bilər. 

Hazırda Qarabağda  böyük quruculuq işləri gedir. Hər il dövlət büdcəsindən bu quruculuq işlərinə külli miqdarda pul ayrılır. Bunun nəticəsində  Laçın şəhəri yenidən tikilib, Xocalı yenidən  tikilib, Kəlbəcər yenidən qurulur, Füzuli şəhərinə qayıdış başlayıb, Ağdamda tikinti işləri elə sürətlə gedir ki, hətta sonuncu dəfə bu şəhərdə olarkən yolu azdım. 

Bərpa olunan şəhər və kəndlərə qayıdan əhali işlə təmin olunur. Bunu  hər gün televiziyadan və mətbuatdan izləyirsiniz.

Qarabağ azad olunsa da hələ ki minalardan tam azad  ola bilməyib. Ona görə də nə qədər dinc əhali minaların qurbanı olur. ANAMA tam gücü ilə fəaliyyət göstərir. Amma məsələ ondadır ki, Ermənistan torpaqlarımızda elə minalar  basdırıblar ki, onu aşkar etməkdə çətinliklər var. 

Qaldı mənim çıxışıma, əslində yeni qəbul olunan «Torpaq icarəsi haqqında” qanun layihəsində elə mənim dediklərim nəzərdə tutulub. Geri qayıdan  əhalinin əkin-biçin, bağ salmaları üçün torpaqla  təmin olunması. 

Bu qanun qəbul olunandan sonra yerli əhalinin torpaqla  təmin olunması və ya  icarəyə götürməsi yüz faiz asanlaşır. 
Çıxışımdan sonra Milli Məclisdən aldığım  arayışda mənim dediklərim təkzib olunur. 

Mənim çıxışımı başqa yerə yozmağı qəbul etmirəm. Telefonum açıqdır, kim istəyirsə məsələyə bir daha aydınlıq gətirə bilərəm. 
 
 

TƏQVİM / ARXİV