Padşah, qiymət artımları və xalq - Eminquey yazır

EMİNQUEY AKİF
1672 | 2023-07-13 11:37

Biri var imiş, biri yox imiş, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edirmiş, köhnə hamam içində.

Padşah sədrəzəmi ilə vəzirlərini çağırır və “Sarayımın xərcləri artıb, pul çatdıra bilmirik, hər şeyi 10 faiz artırın” deyir.

Sədrəzəm həyəcanla “Sultanım, amanın günüdür, xalq onsuz da güc-bəla ilə dolanır, bu artım aləmi vurar bir-birinə” desə də, padşah onun sözünə məhəl qoymayıb əmr edir ki, dərhal gedin, dediyimi eləyin.

Bir neçə gün sonra padşah sədrəzəmi və vəzirləri yanına çağırır, vəziyyətin necə olduğunu soruşur.

Sədrəzəm və vəzirlər qorxu, təlaş içində “Ay aman, Sultanım, xalq tində-bucaqda bir yerə toplaşır, şikayətlər artır, vəziyyət təhlükəlidir” deyir. Padşah əsəbiləşir, “bu dəqiqə gedin və hər şeyin qiymətini 20 faiz artırın” deyir.

Bir neçə gün keçir, padşah yenə sədrəzəmi və vəzirləri başına yığır, yenə vəziyyəti soruşur. Onlar “Padşahım, küçəyə çıxmağa qorxuruq, xalq qarşısına çıxan hər şeyi yıxıb dağıdır, bağırıb qışqırırlar” deyəndə padşah onların sözünü kəsir və “gedin, bu dəqiqə hər şeyin qiymətini 40 faiz artırın” deyir.

Bir həftə sonra yenə eyni halətlə padşahın hüzuruna çıxan vəzirlər “Padşah sağ olsun, vallah, bir şey başa düşmədik, xalq küçələrdə çalıb-oynayır, yallı gedir” deyirlər.

***

Biri var imiş, biri yox imiş. Bir ölkənin sultanı ağıllı adamlarını çağırır, ölkənin halını xəbər alır. “Xəzinədə pul qalmayıb, xalq pərişan haldadır” deyirlər.

Sultan əmr verir ki, hər şeyin qiyməti 20 faiz artırılsın.

Ertəsi gün sultan adamlarından vəziyyəti soruşanda, ona deyirlər ki, hamı şikayət edir, qəzetlər faizlərdən yazır, xalq hirs içindədir.

Sultan bu dəfə əmr edir ki, qiymətlərə 2 faiz endirim edin.

Bir neçə gün sonra sultan vəziyyəti xəbər alanda ona deyirlər ki, bütün qəzetlər endirimlərdən yazır, yaşayış ucuzlaşdı deyə küçələrdə toy-bayramdır, xalqımız çalıb-oynayır”.

***

İndi marketlərdəki bahalığı və şənbə-bazar endirimlərini görəndə bu iki rəvayət yadıma düşür, çalıb-oynamaq istəyirəm...

TƏQVİM / ARXİV