Ölümünə inanmadığımız dostlarımız - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1239 | 2022-12-28 12:03

...Dünyada ən ağır və kədərli xəbərlərdən biri yaxın dostunun, qohumunun ölüm xəbərini eşitməkdi. Məncə, bundan ağır, bundan kədərli və bundan sıxıntılı anlar yoxdu... Kədərli də olsa biz belə xəbərləri çox eşidirik; eşidirik ki, filan dostumuz Allahın dərgahına qovuşub... Eşidirik ki, yaxın qohumumuz dünyasını dəyişib... Eşidirik ki, uzun müddət qonşuluq elədiyimiz insan rəhmətə gedib... Bütün bunlar həyatımızın yaşam tərzidir. Amma elə dostlar, elə qohumlar və elə qonşular var ki, onların ölümünü sakitliklə qarşılaya bilmirsən və daha doğrusu, o insanların ölümünə inanmırsan...

...Bizim də uzun müddət dostluq elədiyimiz, çörək kəsdiyimiz və hətta ən ağır gündə bir yerdə olduğumuz dostlarımız dünyasını dəyişiblər. Bu xəbərlər əlbəttə, istər-istəməz ürəyimizə, qəlbimizə bir kədər gətirib. Ən ağır anlarda və çətin məqamlarda həmin dostlarımızı itirdiyimizə görə, uzun müddət özümüzə gələ bilməmişik. O dostlar ki, biz onlarla nə az, nə çox, 20 il bir yerdə işləmişik, çörəyimizi yarı bölmüşük, xeyirimizdə, şərimizdə bir-birimizi tək buraxmamışıq...

O dostlarımızın adını və soyadını bir daha xatırlamaq istəyirəm: Nazim Ağamirov – uzun müddət «Ədalət» qəzetinin baş redaktorunun birinci müavini işləyib, sonra Həmkarlar İttifaqı Konfederasiyasında Mətbuat Xidmətinin rəhbəri olub. Məhəmmədəli Mustafa – düz 20 ilə yaxın qəzetimizdə elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində işləyib. Filologiya elmləri doktou, professoru idi. Lətif Süleymanlı – qəzetimizdə məktublar şöbəsinin müdiri olub, filologiya elmləri namizədi və eləcə də tanınmış jurnalist idi. Sonradan özü qəzet təsis etdi və onun redaktoru oldu. Qələndər Xaçınçaylı – şair-publisist, qəzetimizdə şöbə müdiri vəzifəsində çalışıb. Bizdən ayrılandan sonra «Həftəiçi» qəzetində şöbə müdiri idi və «Tərəqqi» medalına layiq görülmüşdü.

Biz bu dostları tək olum və ölüm günündə yox, həmişə xatırlamışıq və bu gün də xatırlayırıq! Məhəmmədəli Mustafanın qardaşı, elmlər namizədi və kolleclərin birində məsul vəzifədə çalışan Azər Mustafayev bizi – daha doğrusu Məhəmmədəli müəllimin dostlarını arayıb-axtarıb və bir süfrə arxasına yığıb. Bizim ilk görüşümüz Məhəmmədəli müəllimin ildönümü tamam olmamışdan öncə olmuşdu. O görüşdə Asif Talıboğlu, Lətif Novruzov və bu sətirlərin müəllifi iştirak eləmişdi. Bu görüşdən də əvvəl Məhəmmədəli müəllimlə biz üçümüz «Neftçilər» metrostansiyasının yaxınlıqdakı kafedə görüşmüşdük, bir tikə çörək kəsmişdik və demişdik ki, Tovuza gedərik, Lətif Süleymanlının məzarını ziyarət edərik. Amma 10 gün keçmədi ki, Məhəmmədəli qardaşımız qəflətən dünyasını dəyişdi. Yəni, o dərd yaddan çıxdı, bu dərdlə güləşməli olduq.

Azər müəllimlə üçüncü dəfə idi ki, bir süfrə arxasında əyləşirdik. Sözümüzün əvvəli də, axırı da onun qardaşı Məhəmmədəli müəllim, Nazim müəllim, Lətif müəllim və Qələndər müəllimlə bağlı oldu. Onlarla əlaqədar xatirələrimizi yada saldıq, bir az kövrəldik, bir az doluxsunduq və bir az da sakitlik tapdıq. İnsan öz əzizlərini yada salmaqla, xatırlamaqla həm də bir təsəlli tapır. Azər müəllimin son görüşümüzdə dediyi bir söz heç vaxt yadımdan çıxmır və çıxmayacaq. Azər müəllim dedi ki, məndən soruşsalar dost necə olar? Deyərdim ki, dost Faiq Qismətoğlu kimi, Asif Talıboğlu kimi, Lətif Novruzov kimi olar. Çünki bu dostlar mənim ağır günümdə düz 40 gün bizdə oldular, dərdimizə şərik çıxdılar. Mən onları görəndə qardaşım Məhəmmədəli müəllimin qoxusunu alıram. Bax, bu gün də söhbətimizin əvvəli də, axırı da rəhmətə gedən dostlarla bağlı olur. Bir daha aydın olur ki, doğrudan da adını çəkdiyim qardaşımın bu dostları çox sədaqətli, çörəyə hörmətlə yanaşan, ağır gündə insanları tək buraxmayan böyük ürək sahibləridir.

Deyirlər ki, heç bir insan dünyasını dəyişsə də, ölmür. O vaxta qədər ki, ölmür, onu axırıncı xatırlayan sağ qalır. Bu dostları isə nəinki biz, bütün qohum-əqrəbası, yaxınları, əzizləri yada salırlar. Mən çox qardaş görmüşəm, amma Məhəmmədəli müəllimin qardaşı Azər Mustafayev kimi etibarlı qardaş az-az görmüşəm. Bu bir daha təsdiq edir ki, Mustafayevlər ailəsi zəngin tarixə və qədim bir keçmişə malikdir. Hətta onların babasının həyəti ocaq kimi ziyarətə çevrilibmiş. Deməli, bu nəsildə etibar, sədaqət, duz-çörəyə hörmət kökdən gəlir.

Rəhmətə getmiş dostlarımız haqqında bir qədər ətraflı danışmaq istəyirik. Ağamirov Nazim İsmayıl oğlu çox böyük bir ziyalı idi. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. Bir müddət Ərəb ölkələrində tərcüməçi işləmişdi. 1990-cı ildə bizim qəzetdə məsul vəzifədə çalışırdı. Sonradan baş redaktorun birinci müavini təyin edildi. O, bu vəzifəyə təyin ediləndə yaxın dostlarımızdan biri Lətif Süleymanlı dedi ki, Nazim müəllim bu işi bacarmaz. Amma Nazim müəllim bu vəzifəyə keçən kimi sübut etdi ki, o idarəetməni, kollektivdə sağlam mühit yaratmağı çox gözəl bilir. Sonradan Lətif müəllim gəldi onun yanına, dedi bağışla, sənin haqqında səhv eləmişəm. Nazim müəllim də özünəməxsus bir hərəkətlə gülümsədi. Dedi ki, Allah bağışlasın! Ümumiyyətlə, Nazim müəllim bu vəzifədə olanda öz ağayanalığı, gözütoxluğu, ləyaqəti və şərəfi ilə uca bir mövqe tutdu. Oturuşu da, duruşu da, bəy kimi idi. Heç kimin qabağında əyilməz və heç kimin qarşı da ədalətsizlik eləməzdi. Hamını öz dilində danışdırmağı bacaran adam idi. Xəbərçi adamlardan, yaltaqlardan zəhləsi gedərdi və ona görə də hansısa adam onun yanına gedib kimisə «baqaja» qoya bilməzdi. Bir sözlə, o, kişi ömrü yaşadı və kişi kimi də Allahın dərgahına qovuşdu!..

Mustafayev Məhəmmədəli Bayram oğlu isə tam başqa dünyanın adamı idi. Özünəməxsus şirinliyi, yumoru və qeyri-adi xasiyyəti vardı. Qəzetimizə gəlməmişdən öncə hansısa jurnalda işləyirdi və 25 yaşında müdafiə edərək filologiya elmləri namizədi olmuşdu. Qəzetimizin ən çətin, ən ağır günlərində çiynini o yükün altına vermişdi. O qədər sadə, səmimi adam idi ki, hamımız onu çox istəyirdik. Onunla mən 1990-cı ildən dostluq eləyirdim. Evimə, ailəmin yanına mən heç kimi aparmazdım, ancaq onunla gedərdim. O da başını qaldırıb bir qadına belə baxmazdı. Anam rəhmətlik deyərdi ki, bala, bu sənin dostun çox namuslu adamdı, onunla axıra qədər dostluq elə! Və biz axıra qədər də dostluq elədik, nə az, nə çox 30-40 dəfə Füzulidə, Bəhmənlidə olduq. Mən də onların evlərinə, ocaqlarına gedirdim. Böyük bacısı Bacıxanım çox ziyalı qadındı. O da elmlər namizədidi. Biz onlara gedib xəngəl yeyərdik. Xəngəl də elə-belə xəngəl deyildi ey! Hərəyə bir sini xəngəl bişirərdilər. Biz də onu gözümüzə təpərdik! Sonradan Məhəmmədəli müəllim Akademiyada işə düzəldi, elmlər doktoru oldu, professor vəzifəsinə seçildi. Elə gün olmazdı ki, onunla telefonla danışmayaq. Bir sözlə, o tək bir evdən yox, həm də məndən getdi!..

Süleymanlı Lətif Adil oğlu. Onunla da çox yaxın dostu olmuşuq. Qəzetimizdə şöbə müdiri işləyib. Tənqidi yazılarımıza görə, dəfələrlə bizə hücum ediblər, hətta şillə-təpik atıblar, hətta həmin şillə-təpik atanları elə susdurmuşuq ki, dədələrinin toyu yadlarına düşüb. Çünki biz nədən, necə yazmağı yaxşı bilirdik. Lətif həm də filologiya elmləri namizədi idi. 1990-cı ildə Qarabağda vəziyyət gərginləşəndə dəfələrlə Gədəbəydən, Qazaxdan, Tovuzdan, Ağstafadan reportajlar, zarisovkalar və müxtəlif məqalələr yazmışdı. Özü də indikilər kimi gedib şəkil çəkdirməyib və özünü reklam eləməyib. Lətif Süleymanlı Azərbaycan mətbuatı tarixində mülki işlərdən yazmağı bacaran ən yaxşı jurnalistlərdən biri idi. Mənim özüm əvvəllər mübahisəli mülkü məsələlərdən yazmağa cəsarət eləmirdim. Amma Lətifin köməkliyi ilə öyrəndim və yavaş-yavaş o yazıları da yazdım. Qızı Leyla ilə tez-tez əlaqə yaradırıq. Görürəm ki, hər dəfə danışanda gözləri dolur. Deyir ki, atamın yerini heç kəs verə bilmir. Oğlum Məhəmməd, qızım Aytac həmişə onu axtarırlar. Nə yaxşı ki, heç olmasa siz hərdənbir bizə zəng edirsiz. Elə atamın qoxusunu səndən alıram! Bir sözlə, Lətif Süleymanlı çox mərd, işini bilən və heç kəsin qarşısında əyilməyən cəsarətli bir jurnalist idi.

Xaçınçaylı Qələndər İslam oğlu çox istedadlı şair, publisist və jurnalist idi. Çoxlu sayda kitabları çıxmışdı. Mən dünyada onun qədər əzabkeş, zəhmətkeş, cəfakeş adam tanımıram. Çünki qardaşı rəhmətə gedəndən sonra onun da ailəsini Qələndər dolandırardı. Bir dəfə otaqda əyləşmişdik, Lətif Süleymanlı da orda idi. Gördüm ki, Qələndər gəldi və gözü dolmuş halda yanımızda əyləşdi. Dedi ki, çox əziyyət çəkirəm. Ayaqqabısını çıxarıb, ayaqlarının qabarını göstərdi. Piyada gəzməkdən və ora-bura qaçmaqdan ayaqlarım bu günə düşüb. Lətif Süleymanlı onun ayaqlarına baxıb kövrəldi və çıxarıb cibinə pul qoydu ki, apar, qardaşın balalarına xərclə! Aqil Abbas da həmişə Qələndərə arxa dururdu və maddi cəhətdən çox köməklik göstərirdi. Və Qələndər də özünəməxsus bir şirinliklə deyərdi: «Sizi verənə şükür!». Qələndər Xaçınçaylı ən gözəl şeirlər yazırdı. Onun şeirlərindən iki misrası hələ də yadımdan çıxmayıb:

 

Sapanda qoyulmuş bir daş kimiyik,

Bizi hara gəldi atıblar, qardaş!...

 

Şeirləri kimi özü də sadə və səmimi idi...

...Nə isə... Allah hər dörd dostumuzun günahını bağışlasın və məzarları nurla dolsun! Bu xatırlamalar həm də Yeni il qabağı dostlarımızın ruhunun sevinməsi deməkdir. Heç kim ruh haqqında tam təsəvvürə malik deyil. Ancaq müqəddəs «Qurani-Kərim»də buyurulur ki, ruh var və onun haqqında Allah-Təala Peyğəmbərimizə az bilgi verib. Biz varıqsa, dostlar varsa, qohumlar varsa, Nazim Ağamirov da yaşayacaq... Məhəmmədəli Mustafa da yaşayacaq... Lətif Süleymanlı da yaşayacaq... Qələndər Xaçınçaylı da yaşayacaq... Yazımızı dostumuz və qardaşımız, istedadlı şair Asif Talıboğlunun bir şeiri ilə bitirmək istəyirik:

 

Kamil insan, xəyala dal,

Taleyinlə baş-başa qal.

Külüng çaldın misqal-misqal,

Nə qopardın bu dünyadan?!

Nə qopardın bu dünyadan?!

 

Yalandandı hayı-huyu,

Gülə-gülə tutur toyu.

Axtarsaydın ömrün boyu,

Nə tapardın bu dünyadan?!

Nə tapardın bu dünyadan?!

 

Gəl atını əylə görüm,

Getmə belə göylə görüm.

Talıboğlu, söylə görüm?!

Nə apardın bu dünyadan?!

Nə apardın bu dünyadan?!

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV