adalet.az header logo
  • Bakı -°C

ÖLÜM UÇURUMU

BABƏK YUSİFOĞLU
50270 | 2015-04-28 14:46
A- A+

Onlar könüllü olaraq seçdikləri qorxunc səfərə on nəfər yola düşmüşdülər. Çəkinmədən, tərəddütsüz... Qarşıdakı yolları aşıb keçməyin asan başa gəlməyəcəyini, hər cür əngəllərin, müxtəlif maneələrin boy verəcəyini, önlərinə keçilməz sədlərin çıxacağını bilsələr də.

Söz vermişdilər ki, məqsədlərinə çatmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Nəyin bahasına oursa-olsun, nə özlərini, nə də onların bacaracaqlarına inananları, yaxınlarını, doğmalarını "bacarmadılar" peşimançılığına uğratmayacaqdılar. Axı gənc, inadcıl idilər, qarşıda hələ onları nə qədər sınaqlar gözləyirdi...

Amma onlarıdan heç biri bilmirdi ki, başladıqları bu səyahət dillərdə dastana çevriləcək, həm də insanlıq üçün çözülməsi mümkün olmayan bir tapmayaca çevriləcək, on illər boyu üzərində baş sındırılsa da həqiqəti özündə əks etdirən bir məntiqi cavab tapılmayacaq. Hər şey ortada olsa belə yarım əsrlik müəmma elə müəmma olaraq qalacaq.

Onlar on nəfər yola düşmüşdülər, amma heyətdən bircəciyi geri döndüyü üçün hər şey doqquzunun başına gəldi...

Bilmirəm, bu haqda eşitmisinizmi? Mən məşhur Dyatlov qrupunun yürüşündən bəhs edirəm...

***

Hər kəs yaxşı bilir. Həyat çox gözlənilməz, maraqlı, həm də inanılmaz, qəribə hadisələrlə doludur. Nə vaxt, nələrin baş verəcəyini, insanın önünə necə sürprizlərin çıxacağını kimsə dəqiqliklə təxmin edə bilməz. Elə Dyatlov qrupunun üzvləri kimi. Haqqında söz açdığım ayaq xizəkçiləri qrupundakılarıın hər biri başqa-başqa yerlərdə dünyaya göz açsalar da, müxtəlif şəraitdə böyüsələr də, fərqli arzulara, fərqli amallara sahib olsalar da həyat onlara eyni aqibəti yaşatdı...

                                 BAŞLANĞICDA ONLAR ON NƏFƏR İDİLƏR...

Zinaida Kolmoqorova 1937-ci il, 12 yanvarda Sverdlovck vilayəti, Kamensk rayonu, Çeremxova kəndində; İqor Dyatlov 1936-ci il, 13 yanvarda texnik-ixtiraçı ailəsində, Pervo-Uralsk şəhərində; Rustəm Slobodin 1936-cı il, 11 yanvarda, qulluqçu ailəsində, Moskvada; Lyudmila Dubinana 1938-ci il, 12 mayda, Arxangelsk vilayəti, Keqostrov şəhərində, qulluqçu ailəsində; Aleksandr Kolevatov 1934-cü il, 16 noyabrda, Sverdlovsk şəhərində, qulluqçu ailəsində; Nikolay Tibo-Brilolya, 1935-ci il, 5 iyunda, Kemerovada, fransız kommunistinin ailəsində; Semyon Zolotaryov 1921-ci il, 2 fevralda Krasnodarın Udobnaya qəsəbəsində; Yuriy Doroşenko 1938-ci il, 29 yanvarda, Kursk vilayəti, Polyana Streletsk rayonu, Dvoretsk kəndində; Georgiy Krivonişenko 1935-ci il, 7 fevralda, Ukraynada Stalinsk vilayəti, Zuqres şəhərində; Yuriy Yudin 1937-ci il, 19 iyulda, Solikamsk şəhərində anadan olmuşdular. Amma həyat onları bir araya gətirmişdi...

Bu insanları birləşdirən ixtisaslarından, seçdikləri peşələrdən, ali təhsil ocağından başqa, həm ayaq xizəkçiliyini yaxşı bacarmaları, həm də Uralsk Politexnik İnstitutundakı (UPİ) turist klubunun fəal üzvü olmalarıydı. Sverdlovsk şəhərindəki UPİ-nin dördüncü kurs tələbələri Zinaida, Yuriy Doroşenko, Lyudmila, Aleksandr, Yuriy Yudin, eləcə də həmin İnstitutunun məzunları olan Rustəm, Georgi, Nikolay və Kourovsk turist bazasının təlimatçısı Semyon İnstitutun 5-ci kurs tələbəsi İqor Dyatlovun rəhbərliyi altında toplanaraq səyahətə qərar vermişdilər.

Əslində UPİ Turist klubunun töhvə xarakterli planı vardı ki, Sovet İttifaqı Kommunist Partiyasının XXI Qurultayının (1959-cu il 27 yanvar - 5 fevral) şərəfinə Sverdlovck vilayətinin şimal istiqamətində Ural dağının şimalında yerləşən Otorten və Oyko-Çakur məkanlrına yürüş keçirilsin. Və sonralar Dyatlov qrupu adlandırılacaq bu dəstə məhz həmin yürüşü öz üzərinə götürdü. Tərəddüd üçün heç bir səbəb yox idi. Toplanan 10 nəfərin hər birinin bu işdə kifayət qədər təcrübəsi, bacarığı vardı.

                                                   URAL DAĞINA DOĞRU

Plan belə idi: 350 kilometr məsafə qət edilməli, 16 gün ərzində yürüş başa çatmalıydı. Təxminən KP-nin XXI qurultayı da o ərəfələrdə başa çatacaqdı.

Bu, səyahət o dövrdəki turist yürüşlərinin klafikasiyası üzrə 3-cü dərəcə mürəkkəblik kateqoriyasına aid idi. Və hər kəs də səfərin yüksək səviyyəli çətinliklərlə müşayət olinacağını bilirdi. Elə bu səbəbdən də qrup hazırlıqlarını diqqətlə həyata keçirmişdi. Artıq yola düşmək üçün bütün işlər yekunlaşmışdı.

Dəstə yanvarın 23-də qatarla Sverdlovskdan çıxıb ertəsi gün Serova çatdı. Yudinin gündəliyindən bilmək olur ki, həmin sutka ərzində qeyri-adi heç nə baş verməmişdi. Plana görə, onların növbəti istiqaməti şimala doğruydu. Elə o gün yenidən həmin istiqamətə hərəkət edən başqa bir qatara minib İvdelə yola düşdülər. Şəhərə girdikdə artıq gecə yarısıydı. Səhərə kimi dincəlməyə macal tapan qrup 25-i sübh tezdən avtobus vasitəsiylə marşrutlarında nəzərdə tutulan Vijaya çataraq gecəni mehmanxanada keçirdilər. Hələlik hər şey yaxşı gedirdi.

Dyatlovçular bilirdilər ki, artıq yürüşün bundan sonrakı yolları çətiinləşəcək. Çünki daha qatarlar, avtobuslar olmayacaqdı. 26 yanvarda səhər tezdən yola çıxan qrup bir təsadüfü yük maşının açıq kuzovunda sonuncu yaşayış məntəqəsinə irəlilədilər. Bura meşə ağaclarının kəsilib yığıldığı kiçik bir yer idi. Orada kürək çantalrını götürərək ayaq xizəkləri vasitəsiylə yola başlayıb bir neçə saatdan sonra artıq kimsənin yaşamadığı 2-ci Şimal mədən qəsəbəsinə çatdılar. Və burada ilk gözlənilməz qərar qəbul etməli oldular.

                                                 DƏSTƏ DOQQUZ NƏFƏR QALDI

Belə ki, ara-sıra bel xəstəliyindən əziyyət çəkən Yurinin otraq sinirində kəskin ağrıları başlamışdı. Görünür çox soyuq, şaxtalı havada açıq kuzovda getmək Yudini ciddi xəstələndirmişdi. Onun dostlarıyla səyahəti davam etdirməsi mümkün görünmürdü. O özü yürüşü yarımçıq buraxmağa razı olmasa da dəstənin qərarıyla geriyə dönmək məcburiyyətində qaldı. Yolda lazım olacaq bütün əşyalarını qrup üzvlərinə paylayan Yudin 28 yanvarda sonuncu dəfə dostlaıyla təntənəli şəkildə sağollaşıb əskəri salamla onlardan ayrıldı. Və beləliklə haqqında yarım əsr danışılacaq həmin 9 nəfərlik sirli dəstə yoluna davam etdi.

Qəribədi, deyilmi? 10 nəfərin içərisində baş verəcək dəhşətləri yaşamayacaq bir nəfər seçilməliydi. Adi bir oturaq sinir ağrısı... Həmin vaxt çox peşiman şəkildə yoldaşlarından ayrılmaq məcburiyyətində qalan Yuriy şansına bərk açığı da tutmuşdu. Lakin həmin an ağlına da gəlməmişdi ki, tale əslində ona rəhm edir...

Yürüşün artıq yüksəkliklərdəki yollarla, qarların üzəriylə davamı demək olar ki, ciddi hadisələrlə müşahidə olunmadı. Onlar tələsmədən, hərəkət xəttinə ciddi əməl edərək, irəliləyirdilər. Müəyyən etdikləri zamanlarda yürüşə ara verir, söhbətləşir, məsləhətləşir, hər tərəfi bürümüş qar örtüyünün üzəriylə, qayalıqların arasından keçərək səhvə yol verməməyə çaışırdılar. Əlbəttə, dəstə üzvlərinin, xüsusən də başçıları İqor Dyatlovun təcrübəsi imkan verirdi ki, əlavə çətinliklərdən, təhlükəlilərdən özlərini qorusunlar.

İrəlilədikcə isə yol tədricən daha da yüksəkliyə qalxır, addımlamaq çətinləşirdi. Və hiss ounurdu ki, havanın temperaturu da getdikcə aşağı düşür. Hardasa 16-17 dərəcə şaxta və çoxda güclü olmayan şimal küləyi əvvəlki sürətlərini azaltmışdı. Onlar Lozva çayının sahiliylə bir xeyli irəlilədikdən sonra nəfəslərini dərmək üçün dayandılar. Belə görünürdü ki, həmin gün üçün qət etdikləri məsafə ilə kifayətlənməlidirlər. Çünki yavaş-yavaş hava qaralmağa, soyuğun şiddəti artmaqdaydı. Belə qərar verildi ki, elə çayın kənarında, münasib bir yerdə düşərgə salıb gecələsinlər. Və belə də etdilər.

                                       TƏHLÜKƏNİN BİR ADDIMLIĞINDA...

29 yanvarda dəstə yenə adi qaydada irəliləyərək münasib bir yerdə çayı keçdi. Bir xeyli getdikdən sonra Mansi cığırına çıxıb bu dəfə qarşıdakı Ayspii çayın sahiliylə sanno-oleney cığırıyla irəlilədilər. Artıq onların hesablamalarına görə, yolun böyük bir hissəsi arxada qalmışdı.

30-31-i yanvarda da eyni qayda ilə irəlliləyən xizəkçilər nəhayət Xolatçaxl dağına çatdılar. Buradan dağın döşüylə getmək lazım gəlirdi. Lakin yollarını davam etdirmək mümkün olmadı. Çünki həmin vaxt həm güclü külək qalxdığından, həm də kürək çantlarındakı ağırlıq üzündən dəstə üzvləri irəliləyə bilmirdi.

Belə qəra verdilər ki, Ayspiinin vadisinə yaxın bir yerdə əşyalarını saxlamaq üçün talvar (labaz) qurub yüklərini ora qoysunlar və bundan sonra önlərindəki qarla örtülmüş yamacı keçərək mənzil başına yaxınlaşsınlar. Zahirən bu heç də pis plan deyildi. Belə ki, əlavə yüklərdən xilas olmaqla rahat hərəkət edə biləcək, həm də burada əşyalarından arxayın olacaqdılar. Amma bilmirdilər ki, bir təhlükə qarşıda onları gözləməkdədir...

(Ardı qəzetin 3 may sayında)

[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV