adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Möhtəşəmliyin 135 yaşına - Kəmalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
174974 | 2020-09-18 10:15

Üzeyir bəy Hacıbəyli (Hacıbəyov)

Üzeyir Hacibəyov istisna qabiliyyəti, görünməmiş fədakarlığı, gözəl təhsili, erudiyası, vətənpərvərliyi, fəal ictimai- siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir.

HEYDƏR ƏLİYEV

Tarix yazan, tarixə yazılan şəxsiyyətlərdən olan Üzeyir bəy Hacıbəyli (Hacıbəyov) həm Azərbaycan, həm də dünya musiqisinə bir töfhə idi. Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli musiqişünas – alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisidir. Azərbaycanın profesional musiqi tarixi 1885 - 1948 – ci illərdə yaşamış bu böyük bəstəkarın adı ilə bağlıdır. Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1935), SSRİ-nin xalq artisti (1938), Stalin Mükafatı Laureatı (1941), "Lenin ordeni”, "Qırmızı əmək bayrağı” ordeni laureatı, Azərbaycan EA-nın akademiki və bir çox titulların sahibi Üzeyir bəy Hacıbəyli bədii yaradıcılığa publisitikayla başlayıb. O, "Kaspi”, "Həyat”, "İrşad”, "Tərəqqi”, "Yeni iqbal”,”İqbal” qəzetlərində və "Molla Nəsrəddin” jurnalında "Ordan-burdan”, "O yan, bu yan” və s. başlıqlar altında "Ü”, "Filankəs” və başqa gizli imzalarla ictimai-siyasi, maarifçilik mövzusunda bir çox məqalə, felyeton, satirik miniatürlər dərc etdirmişdir.

Üzeyir bəyin felyetonlarının onun publisistik yaradıcılığında xüsusi yeri var. Şərq aləmində ilk operetta olan”Ər və arvad” komediyasının, eləcə də "O olmasın, bu olsun”, "Arşın mal alan” kimi komediyaların da mətnini yazması təsadüfü deyildi. Təkcə "Arşın mal alan” musiqili komediyasının dünyanın müxtəlif ölkəsinin 100 - dən artıq teatr səhnəsində tamaşaya qoyulması, səksəndən çox dilə tərcümə edilməsi Üzeyir bəyin bədii gücünün, dramuturq məharətinin, böyük istedadının nəticəsi idi.

Əməkdar İncənət xadimi, musiqi sənətinin görkəmli tədqiqatçılarından biri olan prof. Aidə Tağızadə yazır: "Üzeyir bəy Hacıbəyov nəinki Azərbaycan musiqi mədəniyyətinin bünövrəsini qoymuş, eləcə də milli bəstəkarlıq məktəbinin, təkcə Azərbaycan müsiqi tarixində deyil, bütün Şərq aləmində operanın banisidir”. ("XX əsr Azərbaycan musiqisi” elmi məqalələr toplusu, 2011).

İlk operasının liberrettosunu da klassik poeziyamızın zirvəsi sayılan Məhəmməd Fizulinin "Leyli və Məcnun” poeması əsasında özü yazmışdı. Şeirləri olduğu kimi saxlamaqla orta əsr Şərqinin ziddiyyətli mühitini daha qabarıq şəkildə verə bilmişdir. "Leyli və Məcnun” həm də muğam ilə Avropa operasının üzvü vəhdətindən yaranmış yeni opera janrının - muğam operasının ilk nümunəsidir. Sonuncu pərdənin antraktı "Arazbarı” zərbi muğamı üstündə simfonik əsərdir. Bununla Üzeyir bəy Azərbaycan simfonik musiqisinin ilk nümunəsini yazmış və simfonik muğam janrının yaranmasına zəmin hazırlamışdır. Opera 1908 –ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulub. İlk tamaşaya istedadlı aktyor və rejissor, Azərbaycan müsiqisində xüsusi yeri olan Hüseyn Ərəblincki quruluş verib. Tamaşanın ilk dirijoru yazıçı dramaturq Əbdürrəhimbəy Haqverdiyev olur. Operanın ilk tamaşasında Üzeyir bəy orkestrdə skripka ifaçısı kimi çıxış edir. Sonrakı tamaşalarda Üzeyir bəy və yaxın dostu olmuş gözəl bəstəkarımız "Şah İsmayıl”, "Nərgiz” kimi operaların müəllifi Müslüm Maqomayev dirijorluq edir. Azərbaycanda opera müsiqisinə maraq oyatmaq üçün milli opera yaratmaq qərarına gələn Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Zöhrab” (1910), "Şah Abbas və Xurşudbanu” (1912), "Əsli və Kərəm” (1912), "Harun və Leyla”(1915) və s. kimi muğam operalarını yazır. "Ər və arvad", "O olmasın, bu olsun”, "Arşın mal alan” kimi dünya şöhrətli musiqili komediyaların, onlarla instrumental xor əsərlərinin, romans və mahnıların müəllifi Üzeyir bəyin daha bir ecazkar operası olan "Koroğlu” 1937- ci ildə səhnə ömrünü yaşamağa başlayır. Həmin ildə AOBT-da tamaşaya qoyulur. "Koroğlu” operası 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti dekadasında(ongünlüyündə) böyük uğur qazanır. Məhz bu operaya görə Üzeyir bəy Hacıbəyli 1941-ci ildə Stalin mükafatına layiq görülür.

Bəstəkar, publisist, dramaturq, pedaqoq Ü. Hacıbəyov haqqında nə qədər tərif desək, necə təqdim etsək az olar. Bu böyük ictimai xadim hər sözü, hər yazısı, bütün yaradıcılığı ilə geriliklə, savadsızlıqla, cəhalətlə vuruşub. Onun silahı istedadı, zəhməti və vətən sevgisi olub. Xalqının, xüsusilə də qızlarımızın savadlanmasına çalışıb. "Leyli və Məcnun” operasının ilk tamaşasında Məcnun rolunda, təkcə səhnəmizin deyil, öz sənətinin də Məcnunu olan aktyor, rejissor, pedaqoq , Azərbaycanın xalq artisti Hüseynqulu Sarabcki çıxış edir. O illərdə yazılan operaların əsas ifaçısı olacaq Hüseyqulu Sarabskiyə Koroğlu rolu böyük şöhrət gətirir.

Qızlarımız səhnəyə çıxmadığından Leyli rolunun ilk ifaçısı da kişi – çayçı şagirdi Əbdürrəhim Fərəcov olur. Arzuları ürəklərində boğulan, qınaq obyektinə çevrilmək qorxusu ilə əzilən qadınlarımız nəinki səhnəyə çıxmırdılar, ictimai, mədəni həyatdan bixəbər yaşayırdılar. Qadınlarımızın səhnəyə çıxmaması təkcə əsərlərin tamaşaya qoyulmasında böyük çətinlik yaratmırdı, həm də dövrün ziyalılarını, eləcə də Üzeyir bəyi çox narahat edirdi. Xalqın dünyagörüşündə inqilab etməyə - qızlarımızı səhnəyə gətirməyə çalışırdı. Bu görkəmli şəxsiyyətin qızların müsiqi təhsili almasında xüsusi xidmətləri olub. Təhlükələrə, təhdidlərə baxmayaraq yolundan dönməyib.

1923-cü ildə Bakıda Mirzə Fətəli Axundzadə adına Türk Dövlət Teatrının açılmasının təşəbbüskarı olan ilk opera müğənnisi möcüzəli səs sahibi Şövkət Məmmədovanın səhnəyə çıxmasında, təhsil almasında da Üzeyir bəyin zəhməti olub. Klassik Avropa üslubunda oxuyan, opera partiyalarını ifa edən Şövkət xanım qadın peşəkar vokal sənətinin bünövrəsini qoyub, formalaşdırıb. Ondan sonra Fatma Muxtarova, Sona Axundova, Həqiqət Rzayeva, Gülxar Həsənova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova və neçə-neçə səhnə ulduzlarımız parladı. Bu bir-birindən dəyərli ifaçılar məhz Şövkət Məmmədova sənətindən bəhrələnmişlər.

Üzeyir bəyin həyatını, yaradıcılığını öyrəndikcə insanın böyüklüyünə, istedadın nəhəngliyinə heyran olursan. İstedadları axtarıb tapması, dayaq olması, musiqi təhsili alması üçün, xüsusilə də qadınların səhnəyə çıxması üçün göstərdiyi çabalara heyrət edirsən.

Onun haqqında nə desən, nə yazsan kiçik görünür. Onun möhtəşəmliyi yalnız heyrət doğurur. Bu möhtəşəmliyin 135 yaşı tamam olur.

Üzeyir bəy 18 sentyabr 1885 – ci ildə dünyamıza gəlib.

Möhtəşəm gününüz mübarək!

TƏQVİM / ARXİV