ƏbdülXaliq Hüseynovun ana laylası - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
1443 | 2024-10-29 14:39

Müddətli hərbi xidmətdə olan övladlarına baş çəkmək bizim ailələrdə adət halını alıb. 2020-ci il pandemiya olduğundan ata-anaların çoxu oğullarının yanına gedə bilmədi,bu da bir nisgil oldu onlara. Müharibədən sonra görüşdülər övladları ilə: kimi sağ-salamat, kimi yaralı qayıtdı evinə-obasına. Kimi şəhid oldu.“ 9 ayın əsgəri oldu balam. Atası andiçmə mərasiminə getsə də, mənpandemiyaya görə 9 ayda yanına da gedə bilmədim.Bir də öyrəndim ki, döyüşür uşağım.Telefonla danışanda güllə səsləri, partlayış eşidirdim arada. “Bu nə səsdi?” soruşanda “Ana laylasıdı, ana” deyirdi balaca balam”- hələ də “balaca balam” deyir düşmən gözü tökən oğluna göz yaşlarını saxlaya bilməyən Xubzər Hüseynova.

Niyə belə deyirdi qəhrəmanım? Bəlkə hələ ana laylasına ehtiyacı vardı? Bəlkə sevdiyi torpağın azadlığı, rahat nəfəs alması üçün bu səslərə ehtiyacı olduğunu bilirdi? Bəlkə bu  səslərin altında yuxuya gedənləri düşünürdü? Bəlkə yurduna azadlıq verən hər səs onun üçün ana laylası qədər doğma, şirin idi? Heş kim bilmədi bunu...

Bir özü bildi ki, qələbədi, torpağa “sən azadsan” deyə layla çalmaqdı bu.

Hamının Xaliq dediyiƏbdülxaliq Kamil oğlu Hüseynov 20 sentyabr 20001-ci ildə Bakının Nardaran kəndində anadan olub. Bilgəhdə indi İnteqrasiya təlimli internat məktəb adlanan 11 nömrəli məktəbdə ibtidai təhsil alıb. Məktəb internat tipli olduğundan burda valideyn qayğısından məhrum uşaqlar üçün ayrıca siniflər də olub. ƏbdülXaliq orta təhsilinə 295 nömrəli məktəbdə davam etsə də, valideyn qayğısından məhrum uşaqları unuda bilməyib. Tez böyümək,pul qazanıb internat uşaqlarına yardım etmək arzusu daşıyıb ürəyində. 9-10 yaşından bu dərdli arzunu daşıyanlar nə qədərdi görən?..

Orta təhsilini başa vurandan sonra çilingər ixtisasına yiyələnib, maşın ustası işləyib

-Xeyirxah idi qardaşım. Zəhmətsevərdi. Məktəbdə oxuyanda tətil günlərində işləyərdi. İstəyirdi özü pul qazansın. Yardım etməyi,hədiyyə verməyi çox sevirdi, hədiyyə verəndə özü də sevinərdi. İnternat uşaqlarına yardım etmək üçün də pul qazanmağa çalışırdı. Birinci sinfə onunla getmişəm. Mənim üçün də, müəllimim üçün də çiçəklər almışdı.Məktəbdən də birlikdə gələrdik. Bir gün dərsdən çıxanda onu görmədim, ağladım, elə bildim məni qoyub gedib.Tez yaxınlaşdı “heç səni qoyub gedərəm” deyib qucaqladı məni. Amma getdi...-Susur Günel. Gözləri uzaqlara yollanır. Yəqin məktəb yollarında bir vaxt əl-ələ gəldiyi qardaşını axtarır. –Çox istəyirdi mən ali təhsil alım. Deyərdi ki, mən oğlanam, fəhlə də işləyərəm, usta da, çilingər də, amma sən oxumalısan. Bu il imtahan verdim. Qardaşımın arzusunu yerinə yetirdim. Tələbə oldum.

Müəlliməsi Zülfiyyə xanım Rəşidova da ƏbdülXaliqin vətən sevgisindən, anım günlərində, vətənpərvərlik mövzusunda olan tədbirlərdə həmişə fərqləndiyindən danışdı.

Hüseynovlar ailəsində dörd övlad böyüyüb: İsmayıl, ƏbdülXaliq, Günel və Xədicə. Oxşarlıqları olsa da hərəsinin öz aləmi, öz xüsusiyyətləri olub.

  • Xaliq fərqliydi. Oğlum dəcəl idi. Enerjili idi. Onu elə buna görə daha çox sevirdim. Elə bil həmişə axtarışda idi. Yaxşı oxuyurdu, hər şeylə maraqlanırdı. Hərbiyə də marağı vardı. İdmançı idi. Cüdo ilə məşğul olurdu. Yarışlarda həmişə fərqlənirdi. Yorulmaq bilmirdi. Çox qoçaq idi. Nəvəm onun adını daşıyır, o da əmisi kimi qorxmaz olacaq.- deyir Kamil Hüseynov.

Respublika və Bakı yarışlarında iştirak edən, dəfələrlə yaşıdları arasında birinci, ikinci, üçüncü yerlərin qalibi olan ƏbdülXaliq

2020-ci ilin yanvarında müddətli hərbi xidmətə çağrılır. İdman bacarıqları, cəldliyi, məsuliyyəti ilə fərqlənir, xidmət zamanı da bir çox yarışlarda qalib olur. Atıcılığın sirrlərini öyrənərək baş atıcı adını alır. Hələ xidmət zamanı hər telefon zəngində “torpaqlarımızı azad edəndən sonra qayıdacam” deyir doğmalarına.

2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşında ƏbdülXaliqin döyüş yolu Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərlə başlayır.

Baş atıcı olan qəhrəmanımız düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır.Talış və Suqovuşanın azad olunmasında xüsusi igidlik göstərir. Döyüş yoldaşları indi də Xaliqin  5 əsgərlə birlikdə 50 ermənini məhv edərək döyüş əhəmiyyətli postu ələ keçirməsini, onun igidliklərini yaxşı xatırlayır.

Fəqan Əliyevin sözlərindən: Can dostumdu, sirdaşımdı. Silahlardan bacarıqla istifadə edirdi. Sərrast atıcıydı. Onunla özümü güvənli hiss edirdim. Bizi düşmən gülləsindən qoruyurdu. Amma özünü qəlpələrdən qoruya bilmədi. Bütün döyüş yoldaşlarımız üçün itgi oldu, amma hamıya nəsib olmayan ali məqama ucaldı.

Şəxsi şücaətinə, döyüşlərdə fərqləndiyinə, ərazi bütövlüyümüz üçün göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub 19 yaşlı qəhrəmanım.

.- Bütün davranışı ilə yaşından böyük kimiydi. 10-11 yaşında elə bilirdin 15 yaşı var. Demə çox böyük imiş oğlum.

Doğru dedi ana. Hələ uşaq sandığımız oğullar 27 sentyabr gecəsində böyüdülər. Cəmi 44 günə böyüklüyü bizə həm anlatdılar, həm yaşatdılar.

ƏbdülXaliq Hüseynov 16 oktyabrda Suqovuşan döyüşlərində şəhid olur. Onu hərbi xidmətə bir ailənin oğlu kimi ailə üzvləri, yaxınları yola salmışdı. Dönərkənbütün kənd əhalisi, yüzlərlə insan qarşıladı. Böyüdüyü evdən Rəhiməxanım ziyarətgahına  izdiham yola saldı.O, hər birimizin oğlu oldu.

Dəfnindən bir-neçə gün sonra Xaliq böyük qardaşı İsmayılın yuxusuna gəlir, “bu sənədi sənə gətirmişəm, burda mənim adım yazılıb, oğluna verərsən”- deyir.

ƏbdülXaliqin şəhid xəbərindən bir-neçə gün sonra kiçik Əbdül Xaliq dünyaya gəlir. Sevgiylə böyüyür, sevinir, gülür. “Əmisinə oxşayır” deyirlər. Tanıyanlar hamısı Xaliqin gülərüzlü olduğunu vurğulayır. Bütün görüntülərdə, şəkillərdə onun üzündə nurlu gülüş var. Açılan sabahlara Günəş kimi işıq saçır ƏbdülXaliq Kamil oğlu Hüseynov.

 

TƏQVİM / ARXİV