adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MiRZƏ VƏ GüLÖYZƏ

VAHİD ƏLİFOĞLU
24969 | 2010-04-17 01:16
... Keçən il bu dastanın birinci hissəsi hörmətli oxuculara təqdim olunub. Belə qərara gəldim ki, iki haqq aşığının məhəbbət dastanını yarımçıq qoymaq ədalətsizlik olar. Ona görə də ilham atını yəhərləyib dəhmərlədim...
   
   
   
   II hissə
   
   
   
   ... Sizə hardan deyim, kimdən söz açım, Gülöyzədən. Gülöyzə bibisinin məskunldaşdığı Dərnəgüldəki tələbə yataqxanasının balkonunda dayanıb şəhəri seyr edirdi. Olduqca pərişan və kədərli idi. Bütün geçəni gözlərini yummamışdı. Elə ki, bircə anlığa kipriklərini endirib qapayırdı bir-birinə, dərhal Mirzə gəlib dururdu qarşısında. Nə sirr idisə bu üç gün ərzində onun Mirzəyə olan münasibəti yerli-dibli dəyişmişdi. Tamami ilə əmin olmuşdu ki, Mirzəsiz bu dünyada ona xoşbəxtlik, səadət nəsib olmayacaq...
   
   ... Bu vaxt düz balkonun altında bir "Qazel" dayandı. İki yekəpər oğlan nataraz bir cöngəni maşından düşürüb bağladılar ağaca və başladılar onu kəsmək üçün hazırlıq görməyə. Oğlanların sir-sifəti, danışığı Gülöyzəyə o qədər doğma, o qədər şirin gəlirdi ki, onlardan gözünü çəkə bilmirdi. Gülöyzə nə edəcəyini götür-qoy edirdi ki, qeybdən bir səs gəldi:
   
   - Ey gözəllər gözəli! Bu oğlanlar çadır şəhərciyindən gəliblər. Mirzədən xəbər bilmək istəyirsənsə tələs...
   
   ...Gülöyzə eşitdiklərindən bir az da pəjmürdə olub gözlərinin yaşını yaz yağışı kimi ələdi. Ustadlar deyir ki, bu göz yaşlarının hər damcısı bir bənövşə gülünə çevriləsiydi, heyif ki, hadisə baş verdiyi ərazi tamami ilə asfalt örtüklə örtülmüşdü, əl boyda torpaq yox idi ki, göz yaşları da cücərib boy atsın... Xülasə, Gülöyzə doyunca ağlayıb sakitləşdi. Sonra saçlarından üç tel ayırıb sıxdı mərmər sinəsinə, aldı görək qəssablardan nəyi soruşdu:
   
   
   
   Baxt ömrümə qar ələdi,
   
   Butamı verərmi ola?
   
   Eşq məni bülbül elədi,
   
   Mirzəni görərmi ola?
   
   
   
   Duydum yarın nəfəsini,
   
   Eşitdim qeybdən səsini.
   
   Fələk vüsal süfrəsini,
   
   Qarşımda sərərmi ola?
   
   
   
   Gülöyzə haqdan əyməmiş,
   
   Kəmər taxıb, al geyməmiş.
   
   Qönçəmə xəzan dəyməmiş,
   
   Bir kimsə dərərmi ola?..
   
   
   
   ...Qəssablar mati-məəttəl baxırdılar altdan yuxarı. Nəhayət, onlardan biri əl atıb yerdən baltanı götürdü, Koroğlufason bir-neçə dəfə başının üstündə oynadıb aldı görək Gülöyzəyə nə dedi:
   
   
   
   Ay bivəfa, can dediyin,
   
   Əriyir zindan içində.
   
   Çadırda quş olan aşiq
   
   Yeriyir zindan içində.
   
   
   
   İntizarda qalan gözlər,
   
   Dərdi satın alan gözlər.
   
   Bulud kimi dolan gözlər,
   
   Kiriyir zindan içində.
   
   
   
   Qəssəbəm, çırağım söndü,
   
   Ciyərim düyün-düyündü.
   
   Sənin Mirzən neçə gündü,
   
   Çürüyür zindan içində...
   
   
   
   Gülöyzə bu xəbəri eşidib bir ah çəkdi. Ahı ildırım kimi şaqqıldayıb ətrafı bir anlığa gözqamaşdırıcı işığa qərq etdi. Cöngə ipi qırıb küçə aşağı götürüldü, qəssablar da düşdülər arxasınca... Gülöyzə ikinci daha möhtəşəm ah çəkib qəşş etdi...
   
   ...İndi sizə kimdən deyim Gülöyzənin bibisindən. Bibi soraqlaya-soraqlaya gəlib çıxdı 8-ci mikrorayona. Baxıcı Yeganəni tapıb Gülöyzənin başına gələnləri danışdı ona. Yeganə xanım kasaya su tökdü, suya pambıq saldı, pambığa iynə sancdı... Qərəz uzun çək-çevirdən sonra dedi:
   
   - Bacı, sənin qardaşın qızının dərdinin çarəsi Biləsuvarda çadır şəhərciyində yaşayan Mirzədədi. Ya onlar qovuşacaqlar, ya da hər ikisi ahu-zar içində tələf olacaqlar...
   
   ... Yeganə xanım söznən dediyini saznan da möhürlədi:
   
   
   
   Eşqə düşüb solanların,
   
   Əzabını bol görürəm.
   
   Haqq aşığı olanların,
   
   Dillərini lal görürəm.
   
   
   
   And içirəm bərəkətə,
   
   Gəldi cinlər hərəkətə.
   
   Çadır adlı məmləkətə
   
   Bir uzanan yol görürəm.
   
   
   
   Yeganəyəm, yuxu qaçıb,
   
   Gölüm enib, sonam uçub...
   
   İki könül çiçək açıb,
   
   Arasında kol görürəm...
   
   
   
   ... Bunlar burda qalsın sizə Mirzədən deyim. Səhər saat 5-də serjant Qulamov kameranın qapısını açıb dedi:
   
   - Mirzə, çıx. Rəis gələnəcən həyət-bacaya əl gəzdir...
   
   Mirzə kötüyü qalmış süpürgə ilə şöbənin həyətini süpürdü, Qulamov da bir az kənara çəkilib siqaretini tüstülədirdi... Bu vaxt bir quş uçub gəldi, qondu ağacın budağına. Quş o tərəfə atıldı, bu tərəfə atıldı bəni-adəm dilində dedi:
   
   - Ey Mirzə! Bil və agah ol ki, sənin sevgilin Gülöyzə bu saat Dərnəgüldə, tələbə yataqxanasının balkonunda huşsuz halda uzanıb. Nə sözün var de, çatdırım ona...
   
   Mirzə süpürgənin kötüyünü basdı köksünə aldı görək quşa nələri dedi:
   
   
   
   Gəl eyləmə fəryad, quşum,
   
   Qəfəsdədi Xəstə Mirzə.
   
   Xoşbəxt quşum, azad quşum,
   
   Qəfəsdədi Xəstə Mirzə.
   
   
   
   Uçdu huşu, itdi ağlı,
   
   Ölür aşıq qolu bağlı.
   
   Gözü yaşlı, qəlbi dağlı,
   
   Qəfəsdədi Xəstə Mirzə.
   
   
   
   Necə çəkim bu dərd-səri,
   
   Gəlir hicranın əsəri.
   
   Gülöyzəmə ver xəbəri,
   
   Qəfəsdədi Xəstə Mirzə.
   
   (ardı var)

TƏQVİM / ARXİV