Mirey Matyö: "Şəxsi həyatım qadağan olunmuş bağçamdı"

SAMİRƏ ƏŞRƏF
24860 | 2015-01-16 10:10
Mirey Matyö 1946-cı il iyulun 22-də Fransanın Avinyon şəhərində kasıb bir ailədə doğulub. O, ailənin ilk övladı olsa da ondan sonra onun on dörd bacı və qardaşları da dünyaya gəlmişdi. Ailənin başçısı Rocer Matyö qəbir daşları düzəldən sexdə oymaçı işləyirdi. Anası isə evdar qadındı. Mirey doğulduğu gündən ailəsi kasıblıq və ehtiyac içərisində olmuşdu. Onlar çox yoxsul, uçuq sökük bir daxmada yaşasalar da sonradan dövlət bu çoxuşaqlı ailəni dördotaqlı mənzillə təmin edir. Mirey sonrakı xatirələrində qeyd edirdi ki, o, hamamın nə olduğunu məhz yeni evlərinə köçdükdən sonra anlamış və hədsiz dərəcədə sevinmişdi. Orta məktəbə getdiyi zaman Mirey o qədər də çalışqan şagird deyildi. Üstəlik o, solaxay olduğu üçün çox vaxt müəllimləri ilə problemlər yaşayırdı. On üç yaşı tamam olandan sonra Mirey ailəsinə maddi köməklik edə bilmək üçün orta məktəbi yarımçıq qoyub konvert fabrikində işləməyə başlayır.
Mahnı oxumağı hələ uşaq yaşlarından çox sevən Matyö həm də gözəl səsə malik idi. Bu səs isə ona irsən keçmişdi. Belə ki, onun atasının çox gözəl səsi vardı. Və o, evdə, işdə mahnı oxumağı çox sevərdi. Lakin kasıblıq ucbatından müğənni ola bilməyən atasının arzusunu bir müddət sonra Mirey həyata keçirəcəkdi.
Beləliklə, Mirey ilk olaraq kilsə xorunda oxumağa başlayır. Onun on altı yaşı olanda iştirak etdiyi musiqi konkurslarının birində ikinci yer qazanır. Bundan sonra isə onu "Tele-Dimanş" kanalında yayımlanan şou verilişinə dəvət edirlər. Həmin veriliş bazar günü efirə getdiyindən və xeyli sayda izləyicisi olduğundan Mireyin ifasını çoxlu sayda tamaşaçı izləyib bəyənir.

Musiqi karyerasının başlanğıcı...

21 noyabr 1966-cı ildə Mirey ilk dəfə böyük səhnəyə "Jezebel" mahnısı ilə çıxır. Və bu mahnı onun həyatına böyük uğur gətirir. Bir çox tamaşaçı elə hesab edir ki, Edit Piaf yenidən səhnələrdədi... Əslində Mireyin də ən böyük arzusu məhz Edit Piaf kimi zirvəyə çatmaq idi. Piafın ölümündən üç il sonra onun səhnələrdə görünməsi, üstəlik səs tonlarının bir-birinə bu qədər bənzəməsi Mireyi böyük tamaşaçı kütləsinə sevdirir.
Bir müddət sonra isə Mirey atasının məsləhəti ilıə professional prodüsser Conni Starkla müqavilə bağlayır. Həmin gündən sonra müğənni kimi fəaliyyətə başlayır. O, uşaq yaşlarında öyrənə bilmədiklərini də həmin dönəmlərdə öyrənir. Tezliklə o, vokal dərslərinə gedir, səhnədə yeriməyi, səlis danışıq qaydasını və bir çox etiket qaydalarını da mənimsəyir.
1966-cı ilin Yeni il gecəsində Mirey Fransanın ən yaxşı konsert salonlarından biri olan "Olimpiya"da səhnəyə çıxır. Onun ilk çıxışını izləmək üçün Fransanın bir çox estrada müğənnisi həmin salona gəlir. "Olimpiya"dakı çıxışdan sonra Mirey yaddaşlarda daha dərin iz salır. Lakin, onun Edit Piafa olan bənzərliyi yenə də heç kimin nəzərindən yayınmır. Bu səbəbdən Conni Stark Mireyin öz stilini yarada bilmək üçün musiqi stili axtarmağa başlayırlar. Tale elə gətirir ki, Mirey Fransa musiqisinin böyük səslərindən biri Moris Şevalye ilə tanış olur. Şevalye onunla ilk dəfə tanış olarkən bu sözləri deyir: "Əziz körpəcik mən sizin Edit Piafa bənzərliyinizi vurğulamaq istəmirəm. Çünki sizin aranızda müxtəliflik var. Piaf həyatın qaranlıq tərəfi ilə addımladı, lakin siz günəş şüaları saçan istiqamətə doğru addımlayacaqsınız". Bu sitat Mireyin gələcək həyatında uğur qazanması üçün çox mühüm rol oynayır.

Beynəlxalq uğurlar

Mirey Matye çox tez bir zamanda Fransanı layiqincə təmsil edəcək müğənni səviyyəsinə yüksəlir. O, bir çox ölkələrdə müxtəlif publika qarşısında çıxış edir, müxtəlif dillərdə mahnılar ifa edir. Onun mahnılarından ibarət musiqi valları milyonlarla satış edir. 70-ci illərin əvvəllərindən başlayaraq Matye Fransa səhnələrində görünmür. Fransız tamaşaçısı ilə görüş ona bir də 1985-ci ildə ilk dəfə çıxdığı "Olimpiya" salonunda qismət olur. Həmin görüşün üstündən beş il ötəndən sonra Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə Mirey Konqress Sarayında konsert verir.
Müğənniliklə yanaşı Mirey bir sıra filmlərə də çəkilir. Rus rejissoru Sergey Gerasimovun ekranlaşdırdığı "Jurnalist" filmində Mirey Matye elə müğənni obrazında iştirak edir.
1972-ci ildə isə o, Klod Leluşun ekranlaşdırdığı "Yeni il şənliyi" kinokomediyasında epizodik rolda görünür.

Şəxsi həyatın
açılmayan tərəfləri

Mirey Matye öz görünüşünə xüsusi diqqət yetirən səhnə qadınlarından biri olub. O, daima düzgün həyat şəraiti yaşayıb. Hər zaman təbii kosmetik vasitələrdən və kremlərdən istifadə edib. Və heç bir zaman siqaret çəkməyib.
Balıq və dəniz məhsulları ilə qidalanmağı üstün tutan müğənni qızartma və yağlı xörəklərdən heç bir vaxt istifadə etməyib. Gündəlik yuxu rejiminin on saatdan az və ya çox olmamasına isə ciddi diqqət göstərir.
Matye şəxsi həyatını gündəmə gətirməyi sevməyib. O, qanuni nikahda heç bir zaman olmayıb. Buna baxmayaraq mətbuat və pərəstişkarlar belə gözəl qadının bütün ömrü boyu tənha qalmasına da inanmayıb. Lakin bütün bunlarla yanaşı o, heç kəslə sevgili kimi gündəmə gəlməyib. Bir vaxtlar Fransa mətbuatı onun prodüsseri Conni Stark ilə sevgi münasibətinin olmasını, hətta bu münasibətdən onların bir uşaqlarının peyda olma xəbərini yaysa da Matyö bunları şayə adlandırıb. Və onunla prodüsseri arasında yalnız iş birliyi və dostluq olduğunu vurğulayıb. Bir sözlə, müğənni bir çox insanların izlənimində olsa belə heç kim onun şəxsi həyatına dair heç nə öyrənməyə nail olmayıb. Bu barədə ona sual verən jurnalistlərə isə müğənninin cavabı belə olur: "Şəxsi həyatım qadağan olunmuş bağçamdı".
Mirey bir çox dillərdə mahnılar oxuduğu üçün o, on dili mükəmməl bilməsə də qismən öyrənməyə nail olub. Onun ən xoş məşğuliyyətindən biri də xarici ölkələrdən alıb gətirdiyi ev güllərini yetişdirmək olub. Allaha inanan və dindar insan olan Mirey hər zaman getdiyi ölkələrin kilsələrinə baş çəkməyi xoşlayarmış. Və bir qayda olaraq bütün qastrol səfərlərinə gedərkən anasını da özü ilə aparmağı unutmayıb.
Ən çox səfər etdiyi ölkələrdən biri də keçmiş SSRi olmuşdur. 1987-ci ildə rus rəssamı İley Qlazunov müğənninin böyük portretini kətan üzərinə köçürməyə nail olmuşdu.
1989-cu ildə Eyfel qülləsinin inşa olunmasının 100 illiyinə həsr olunmuş konsertdə Matyö Fransa respublikasının hərbi xorunun müşayiəti ilə Fransanın dövlət himni "Marselyeza"nı ifa edir. Bu ifadan sonra isə o, Fransanın rəsmi səsi adını və Fəxri ordenini qazanır.


TƏQVİM / ARXİV