adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Məni göylərə qaldıranlar : Əllərindən öpdüklərim! - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3001 | 2021-10-05 11:59

Bir dəfə 2-ci sinifdə oxuyanda 5 almışdım. Evə gələn kimi çantamı atıb, qacdım tay-tuşlarımla evcik-evçik oynamağa. Anam  ən azı 10 dəfə dedi ki, gəl dərsini oxu. Vecimədə almadım, onsuzda bu gün 5 almışdım, müəllimə sabah məni dərsə durğuzmayacaqdı!


Oynamaqdan yorğun düşdüm. Şeirimi əzbərləməmiş yatdım. Səhər sinfə kefi kök girdim. Hər necə olsa da,  dərsə durmayacaqdım. Dünən 5 almışam axı!
Sinif rəhbərimiz Səlbinaz müəllim sinfə girib salamlaşan kimi dedi: Əntiqə,dur dərsini danış!
 İlahi insan 1 anın icində necə ölüb -dirilərmiş...Nitqim tutuldu, gözüm bərəldi, Kitab arasımı açmışdım, dərs oxumuşdummu, şeirmi bilirdim!? 


Şappıltı sinifdə "exo" verdi. Qadasın aldığım Səlbinaz müəllim, əvvəl üzümə tərs bir şillə, sonra da dodağımdan tutub başımı partaya vurdu..  Ağlaya –ağlaya düşünürdüm ki, xəbəri müəlliməmə faşist anam yetişdirib. Yoxsa müəllim nə bilir mən dərsimi bilmirəm. Gözlərimdən yaş axa-axa, müəllimənin suallarına cavab verirəm:

-Bir də dərs oxumamış məktəbə gələssən?

-Yoooxx!

- Bir də , dərs oxumamış, oynamağa gedəssən?

 - Yoooxxx!

- Bir də anana cavab qaytaracaqsan?

- Yooxxxxx!...

 Zatən, ayrı cür  cavab verməyə nə cəsarətim çatardı, nə də  "müdafiə" üçün başqa söz də yox idi...

Aradan 40 il keçib Səlbinaz müəlliməni indi də görəndə ayaqlarım altımda əsir.

Bax , dərs oxumadan, boynuma düşən vəzifəni yerinə yetirmədən əyləncəyə qoşulmağa, başqa işlərlə məşgul olmağa elə o dəqiqələrdə tövbə elədim. Həmin o “şarta-part”lı gündən düz   10-cu sinfi bitirənə qədər dərslərimi hazırlamamış çantamı yığmadım. Şəklim 10 il məktəbimizin “Şərəf lövhəsi”ndən düşmədi. Əlacı oldum, “Sinifkom” oldum. Əlini sevdiyimin əlində nə hikmət vardısa, sonra texnikumda oxuyanda da, universitetdə təhsil alanda da o gözəl vərdişi unutmadım. Universitetdə  "starosta" oldum. Müəllimə, rektora, prorektora pul xərcləmədən  “Fərqlənmə” diplomuna layiq görüldüm. (Əslində pulum yox idi ki, heç universitetə gedən marşruta verim. Piyada gedirdim dərsə. Pulum nə gəzirdi.  Məcburiyyət! Oxumalıydım dərslərimi)


Uzun sözün qısası, Səlbinaz müəlliməm 2-ci sinifdə oxuyan zaman mənə verdiyi “dərsi” bu gün də unutmuram. Yadıma düşür, o şillədən sonra,  dərslərə necə sarıldımsa, məktəbin   “göz”ü oldum.  Tarix müəllimi həm də məktəbimizin drektoru Məmmədov Vaqif müəllim, demək olar ki, bütün yığıncaq və tədbirlərdə məni nümunə göstərirdi. 7-ci sinifdə oxuyanda  “Təbliğa və təşviqat” şöbəsinin müdiri mərhum Qarayev İnqilab müəllim,  hər səhər  20 dəqiqə məktəb radio qovşağında günün xəbərlərini  mənə oxutdururdu. (Elə o vaxtdan vuruldum jurnalistikaya, mikrofonun  arxasına keçəndə elə bilirdim Ofelya Sənaniyəm)))  Bir şillədəki qüdrətə baxın də!


Platon deyirdi: "Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədird.
Bu gün məni tanıyanlar məni ADAM hesab edir! Mənim ADAM olmağımda böyük rolu olan Səlbinaz müəlliməni, onun simasında şagirdlərinin gələcəyinin qarantı olan bütün vicdanlı, tələbkar, ləyaqətli müəllimlərin hamısını urəkdən təbrik edirəm, Allah sizi qorusun deyirəm!
Yeri gəlmişkən, Səlbinaz müəllimə ali təhsilli övladlarıı ilə nə qədər fəxr edirsə, mənimlədə bir o qədər fəxr edir! Məni balalarından ayırmır!

  Son olaraq: Mənə bir hərf , bir məlumat öyrədən bütün müəllimlərimə: orta məkrtəb, texnikum, universitet müəllimlərimin əllərindən öpürəm və fikrimi dahi sokratın sözləri ilə yekunlaşdırıram Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz!
 Dünyasını dəyişmiş müəllimlərimə Allahdan rəhmət diləyirəm! 

TƏQVİM / ARXİV